• cümə axşamı, 28 mart, 17:19
  • Baku Bakı 16°C

Cinayətin cəzası

07.11.16 11:12 2592
Cinayətin cəzası
Raskolnikovun birinci cavabı bütün səviyyələrdə: həm onun üslubunda, həm Sonyanın reaksiyasında, həm də qəhrəmanın son etirafında rədd edilir. Və burada Raskolnikov ikinci cavaba, yəni ikinci bəhanəyə əl atır. O, deyir ki, bəs Napoleon olmaq istəyirmiş və bax elə bu səbəbdən də qarını öldürüb. Burada sonradan ağla gələn dəlil ilkin dəlil kimi qələmə verilir. Raskolnikov, doğrudan da, Napoleon və onun kimi qeyri-adi şəxsiyyətlər barəsində düşünür, onların öz ideyaları yolunda bütün maneələri dəf etdiklərini yada salır. Amma bu bəhanə qətlin əsas səbəbi deyildi. Bununla belə bəzi tədqiqatçılar, hətta kifayət qədər adlı-sanlı və səriştəli rus tədqiqatçılarından bəziləri Raskolnikovun Napoleon olmaq barəsindəki sözlərini iqtibas kimi gətirərək, elə buradaca nöqtə qoyur və mübahisəni bitirirlər. Amma biz burada üç nöqtə qoyub, mətnin davamını oxumağı təklif edirik. Raskolnikov bu sözləri dedi, amma necə dedi: inamlamı, qətiyyət­ləmi, yoxsa şübhə içindəmi və inamsız haldamı? Nəhayət, Sonya Raskolnikovun bu dəlilini necə qəbul etdi və qəhrəmanın son sözü nə oldu? Yazıçı remarkada qeyd edir ki, Raskolnikov sanki düşünməkdən təngə gələrək bu sözləri dedi. Sonya isə inanmadı və cavabında dedi ki, yaxşısı budur, qoy o, misalsız-filansız danışsın, yəni sadəcə olaraq birbaşa həqiqəti desin. Raskolnikov isə Napoleon barəsində öz düşüncələrini söyləyir və qeyd edir ki, o, bir anlığına öz yerində Napoleonu təsəvvür etdi və düşündü, görəsən, o məşhur imperator öz karyerasının başlanğıcında, əgər onun başqa çıxış yolu olmasaydı, belə cılız, bayağı, ona yaraşmayan bir addıma əl atardımı? Və elə o saatdaca anladı ki, nəinki tərəddüd edərdi, heç düşünmədən və əzab çəkmədən qarını elə o andaca qətlə yetirərdi. Bəs onda Raskolnikov niyə düşünür, niyə tərəddüd edir? Əlbəttə, ona görə yox ki, o zəif şəxsiyyətdir, ona görə ki, onun qəlbinin dərinliklərində başqa bir duyğu bu şər əmələ qarşı etiraz edir. Napoleon kimilərində isə bu ikinci səs, ikinci duyğu yoxdur. Amma Raskolnikov bunu bilmirdi, çünki o hələ özünün qəlbindəki o ikinci səsi əməlli-başlı dərk etməmişdi. Beləliklə, Napoleon barəsindəki etüdü o çox inamla, üslubi cəhətdən sərrast şəkildə tamamlayaraq özü barədə deyir və qeyd edir ki, o da bu nüfuz sahibinin nümunəsini əsas götürərək gedib qarını öldürüb. Hələ ki Napoleon barəsində danışırdı, Raskolnikovun üslubu səlis və aydın idi. Elə ki özü barədə danışmağa başlayır, öz hərəkətini əsaslandırmaq istəyir, elə o saatdaca onun cümlələri qırıq-qırıq olur, yersiz pauzalar yaranır ki, bu da üç nöqtələrlə qeyd olunur. Deməli, özü haqda dediklərinə tam, ürəkdən əmin deyil, ona görə də sözdəki səhvlər, yalanlar öz əks-sədasını səsdə tapır. Sonya da bu dəlili qəbul etməyəndə Raskolnikov deyir: "Sonya, sən yenə də haqlısan. Axı bu cəfəngiyatdır, demək olar ki, yalnız boş-boşuna çərənləmədir”. Raskolnikov özünün Napoleon olmaq iddiasını elə buradaca cəfəngiyat adlandırır. Bundan sonra təəccüb edirsən ki, mətni necə səthi oxumaq lazımdır ki, bu dəlili cinayətin əsas səbəbi kimi qəbul edəsən. Dostoyevski mətnlərinin həqiqəti sözdə, cümlədə, ayrıca bir mətn parçasında deyil, əsərin bütövlüyündə, sistemin özündə ehtiva olunur. Ona görə də bu həqiqətlərə çatmaq təkcə oxucular üçün deyil, tədqiqatçılar üçün də problemə çevrilir. Deməli, ikinci dəlil də bütün səviyyələrdə rədd edilir. Onda Raskolnikov üçüncü dəlilə əl atır.
Bu dəfə o humanizm dəlilinə müraciət edir. Öz anasının və bacısının acınacaqlı vəziyyətindən ətraflı şəkildə söhbət açaraq sözünü belə tamamlayır ki, o, istəyirdi ki, qarının pullarını ələ keçirib, onları anasına əzab vermədən, öz ilk addımlarına xərcləsin, universiteti bitirsin, universitetdən sonra özü üçün yeni karyera düzəltsin, müstəqil olsun və s. Burada da Raskolnikovun karyera, universitet barədəki mücərrəd düşüncələri inamlı təsir bağışlayır. Amma özü haqqında, yəni qarını öldürməsinin səbəbi barədə danışanda onun nitqi yenə də hər kəlmədə büdrəyir, öz axıcılığını itirir: !Hə… hə, vəssəlam… Hə, aydındır ki, mən qarını öldürdüm, - mən bunu pis elədim… hə, kifayətdir!!. Bu üslub kələ-kötürlülüyü sözlərin arxasında gizlədilən yalandan xəbər verir və müəllif bu yalanı çox incə şəkildə, böyük ustalıqla, əsl bədii məharətlə oxucunun diqqətinə çatdırır. Oxu­cu­dan isə, sadəcə olaraq, səriştə və fəhm tələb olunur. O, bilməlidir ki, Dosto­yev­s­kidə hər bir kəlmənin, hər bir durğu işarəsinin, hətta kursivin belə öz mənası var və bu incə mənaların üstündən ötüb keçmək olmaz. Sonya Raskol­ni­kovun bu dəlilini qəti şəkildə rədd edir və Raskolnikov yenə də etiraf edir; Sonyanın etirazına cavab olaraq deyir: "Bununla belə, Sonya, mən yalan danışıram… artıq çoxdandır ki, yalan danışıram… Sən haqlısan. Burda tamam, tamam, tamam başqa səbəblər var!..”
Burada haqlı olaraq sual ortaya çıxır: ağlı başında, savadlı adam olan Raskolnikov niyə daim "yalan danışır”? Nədir, Sonyadan qorxurmu? Axı o, qanun keşikçisi-filan deyil. Bu üç dəlil belə asanlıqla rədd ediləcəkdisə, onları gətirməyə nə hacət vardı? Yəni onlar doğurdandamı bu qədər yalan idi? Bu üç dəlili rədd edərək, müəllif hər halda onlardan qəhrəmanın qəlbində bir iz qaldığını söyləyir. Bu dəlillərin öz həqiqəti var. Onların hər biri Raskolnikovun yuxusuz gecələrdəki o əzablı düşüncələrinə daxil idi, amma ilkin səbəb kimi deyil, əzəli ideyanı əsaslandırmaq üçün əlavə bir vasitə kimi. "Gizlindən qeydlər” əsərinin qəhrəmanı deyirdi ki, bütün o xadimlər ona görə fəaldırlar ki, küt və məhduddurlar, dərinə getmədən, düşünmədən qarşılarına çıxan maneələri elə o saatdaca nəyin bahasına olursa olsun dəf edir və məqsədə can atırlar. Raskolnikov isə bu cür düşünüb-daşınmadan, işin məğzinə varmadan hərəkət edə bilmir. Ona görə də onun qarşısında işin lehinə və əleyhinə çoxlu sayda dəlillər peyda olur ki, bu da ona birmənalı şəkildə və qətiyyətlə, tərəddüdsüz-filansız hərəkət etməyə mane olur. Raskolnikov Sonyanın qarşısında etiraf edir ki, o, bütün bu məsələləri gecələr, qaranlıqda çək-çevir etmiş, onların axırına çıxa bilməmişdi. (Burada, mötərizədə qeyd edək ki, bu suallar və məsələlər axıra çıxılası məsələlər deyildi, çünki onları insan ağlı, insan qəlbi həll etməyə qadir deyildi). Raskolnikov da bu məsələlərin həlli üçün əzab çəkərək, onları bir yana çıxara bilməyərək, birdəfəlik bu iztirabdan qurtarmaqçün hərəkətə başlayır. Həqiqəti və haqqı tapdığına görə deyil, onları heç vaxt tapa bilməyəcəyinə görə hərəkətə başlayır, bir növ gözlərini yumub iztirab içində kənarında durduğu o uçuruma atılır. Özü də bilir ki, bu uçurum məsələnin həlli deyil, amma daim o uçurumun qaşında dayanmaq da əzablı və dözülməz bir işdir. Bu, həlli olmayan məsələ, daha doğrusu, iki həlli olan məsələ: ağıl səviyyəsində bir həlli, qəlb səviyyəsində tamam başqa həlli olan məsələ Raskolnikovun həyatını cəhənnəm əzabına çevirir və o, bu əzabdan tezliklə qurtulmaq istəyir. Elə burada da o, dördüncü, əsl səbəbi söyləyir. İnamla, tərəddüdsüz-filansız söyləyir və Sonya da ona etiraz etmir, onunla mübahisəyə girmir, səssizcə dinləyir və ürəkdən onun halına acıyır. Çünki görür ki, o, Allahın yolundan çıxıb, şeytan onu aldadıb, amma şeytan barəsində bir qədər sonra. İndi isə Raskolnikovun sonuncu, dördüncü dəlili: o, yenidən özünün nə vaxtsa yazmış olduğu məqaləsinin ideyasına qayıdaraq qeyd edir ki, kim ki əqli və ruhi cəhətdən mətindir, o da insanlar üzərində hakimdir. Kim ki daha cəsarətlidir, o da hamının nəzərlərində haqlıdır. Kim ki hər şeyə tüpürə bilir, o da qanunverəndir. Yəni Raskolnikov burada həqiqətdən deyil, reallıqdan danışır. Həyat özü belədir. Bax bu gerçəkliyi seyr edərək o, belə bir nəticəyə gəlir ki, axı niyə bu ədalətsizliyə, bu cəfəngiyata qarşı heç kəs etiraz eləmir, etiraz eləməyə cəsarət etmir? Raskolnikov bu cəfəngiyata etiraz edir. Amma bir şey var ki, onun bu cəfəngiyat dediyi həyatı Allah yaradıb. Raskolnikov burada Allaha toxunmur, ona qarşı çıxmır, onun yaratmış olduğu dünyaya qarşı da çıxmır. Bunu sonralar İvan Karamazov edəcək və Allahın dünyasına qarşı müharibə elan edəcək. Raskolnikov isə sanki bu adsız dünyaya, heç kəsin dünyasına, ya da insanların dünyasına qarşı çıxır və özünün də xəbəri olmur ki, o, əslində, Allahın dünyasına qarşı çıxır – elə ona görə də məğlub olur. Raskolnikov cəsarət edib cəfəngiyat hesab etdiyi dünyaya, həyata qarşı üsyan edir. Bu qlobal cəfəngiyatın, cinayət üzərində qurulmuş bu haqsızlığın (Raskolnikovun nəzərlərində) qarşısında Raskolnikovun cinayəti ona çox cüzi bir şey kimi görünür. O, bunu heç cinayət də hesab etmir. O, tezliklə bilmək istəyir ki, bu cəfəngiyata qarşı çıxmağa onun qüdrəti çatacaqmı? Bax elə burda da o Napoleonun nümunəsini köməyə çağırır. Napoleon öz məqsədləri naminə milyonları qurban verdi, mən Raskolnikov yaramaz bir qarını qurban verə bilmərəmmi? Ümumiyyətlə, belə bir təşəbbüs insana rəvadırmı? Onun buna haqqı varmı? Raskolnikov bunu bilmək istəyirdi. O, insanın səlahiyyətlərinin hüdudlarını və miqyasını təyin etmək istəyirdi, hər şeyə mütiliklə boyun əymək istəmirdi. Hərçənd bilirdi ki, dində də, Allahda da belə tələb olunur: öz aqibətinə mütiliklə boyun əymək, dözmək. Buna fatalizm deyirlər və fatalizm xristian dininin təməl daşıdır. Amma özünü bir şəxsiyyət kimi dərk etmiş insan öz iradəsindən imtina edə bilmir. Lermontovun Peçorini demişkən, bəs onda insana ağıl və iradə nə üçün verilib? Raskolnikov da deyir ki, mən həyatda bircə dəfə yaşayıram və haqqı özüm, burda, bu dünyada görmək istəyirəm. Haqqı deyəndə, əlbəttə, insani haqq, ilahi haqq deyil, məhz insani haqq nəzərdə tutulur. Raskolnikov etiraf edir ki, o anasına kömək etmək xatirinə deyil, bəşəriyyətin xilaskarı olmaq xatirinə də deyil, şəxsən özü üçün və öz naminə öldürüb. Yəni öz haqqını bilmək, onu təsdiq etmək üçün öldürüb. Bu da onu istər-istəməz Allaha qarşı qoyub. Sonya bu müdhiş katexizisi dərindən-dərinə anladı, Raskolnikovun bu etirafına inandı, onun Allahın yolundan çıxdığını görərək dedi: "Siz Allahdan ayrı düşmüsünüz, Allah da sizi məhv edib, şeytanın ixtiyarına verib”. Burda Raskolnikov özünün sonuncu etirafını edir: "məgər mən təkcə qarınımı öldürmüşəm? Mən qarını deyil, özümü öldürmüşəm. Bax beləcə əbədi olaraq məhv etmişəm!.. Bu qarını isə mən öldürməmişəm, onu şeytan öldürüb…” Əlbəttə, burada Raskolnikovun adını çəkdiyi o şeytan mistika deyil, xəstə təxəyyülün sayaqlaması da deyil. Burada şeytan xalq inamının rəmzlərindən biridir. Şeytan Raskolnikovun ağlında olan, sonra da onun qəlbinə girən ideyadır. İndi bu ideya həyata keçərək şeytana çevrilir. İdeyayla şeytan eyni semantik kökə bağlıdır. Şeytan Raskolnikovun qəlbinə ideya libasında daxil olur, onu cinayətə sövq edir və sonra da ona anladır ki, onun bu cinayəti törətməyə haqqı yox idi. Bəs nə üçün yox idi? Ona görə yox ki, o güclü deyildi, Napoleon deyildi, ona görə ki, onun qəlbində Allah hələ diri idi, öz qəlbindəki Allahı o hələ öldürməmişdi. Dostoyevskinin belə bir kəlamı var: "Diri Allahın əlinə düşmək dəhşətdir”. Raskolnikov öz qəlbindəki diri Allahın əlinə düşür. Ona görə də onu böyük işgəncələr gözləyir. Napoleon və onun kimiləri ona görə güclüdürlər ki, onlar öz qəlblərindəki Allahı çoxdan məhv etmişlər, ya da onlara elə gəlir ki, məhv etmişlər.
Beləliklə, Raskolnikov fövqəlinsan, Napoleon olmaq istəmirdi. O, sadəcə olaraq şəxsiyyət olmaq və öz şəxsi hüquqlarından sonacan istifadə etmək istəyirdi. Amma Raskolnikov hələ başa düşə bilmirdi ki, şəxsiyyətin ən geniş azadlığı, ən böyük haqqı və iradəsi onun ilahi həqiqətlərə tapınmasındadır.
Raskolnikovun həyatını mürəkkəbləşdirən, çətin axtarışlarında ona kömək, ya da mane olan amillər və xarakterlər vardır. Onlardan birincisi Sonya Marmeladovadır. Onu Raskolnikova aqibətin özü göndərmişdi. Eyni zamanda Sonyayla Raskolnikovun yaxınlaşması məntiqi hadisədir. Hər ikisi yoxsul və kimsəsizdirlər. Onlardan biri (Sonya) bütün ümidini Allaha bağlayır, digəri isə özünə, öz gücünə arxalanmaq istəyir. Ona görə də Sonya özünə, öz həyatına başqalarına xidmət etmək üçün bir vasitə kimi baxır, tərəddüd etmədən özünü qurban verməyə hazırdır. Raskolnikov isə özünə, öz şəxsiyyətinə bir məqsəd kimi yanaşır, özü üçün yaşamaq istəyir, qarını özü üçün, öz ideya məqsədləri üçün qurban verir. Yəni başqasını özünə qurban verir, Sonya isə özünü başqasına qurban verir. Bunlar iki əks mənəviyyat, iki əks məntiq, iki əks həyat fəlsəfəsidir ki, onlardan biri dinə və xalq mənəviyyatına (Sonya), digəri isə (Raskolnikov) ideyaya və cəmiyyətin prinsiplərinə arxalanır və ondan çıxış edir. Dostoyevski hesab edir ki, Sonya Marmeladova kimi xarakterlər istisna və uydurma deyil, ən dərin reallıqdır – insan ruhunun ənginliklərindən gələn arxetipin reallığıdır. Raskolni­kovun xarakteri, onun ideyası, həyat prinsipləri və etikası olsa-olsa cəmiyyətin törəmələridir. Şüur, şəxsi iradə və istək səviyyəsində Raskolnikov cəmiyyətin övladıdır, onun məhsuludur. Mənəviyyat səviyyəsində, ruhun dərinliyində o da Sonya kimi humanistdir və xalq mənəviyyatına bağlıdır. Ona görə də Raskol­nikovun həyat yolu onun ideyadan, cəmiyyət etikasından, eqoizm fəlsəfəsindən tədricən, ağrılı şəkildə, dolanbac yollarla qurtularaq haqqa tapınmasındadır. Cəmiyyət öz təcrübəsi vasitəsilə şəxsiyyətin xarakteri, ağlı və mənəviy­yatının üstünə çoxlu sayda yad, şər məzmunlu dəyərlər qalaqlayır və insanın ilkin mahiyyəti bu süni dəyərlər altında görünməz olur. Lakin həyat təcrübəsi, qəlbin təcrübəsi, mənəvi iztirablar təcrübəsi yavaş-yavaş insana bu yükdən azad olmağa kömək edir, o, tədricən saflaşır, öz mahiyyətinə qayıdır. Raskolnikovun dəyişməsi, tədricən başqalaşması onda olmayan yeni xüsusiyyətlərin yaranması demək deyildir, əksinə, onda olan gərəksiz dəyərlərdən azad olaraq, eynən onda olan, lakin zaman-zaman gizli qalan digər, gərəkli və insani dəyərlərin üzə çıxması deməkdir. Bu, çox maraqlı və dərin bir insan fəlsəfəsidir. İnsanı dəyişdirmək ona yeni dəyərlər təlqin etmək demək deyil, ondakı əzəli dəyərləri üzə çıxarmaq deməkdir.
Bu mənada Dostoyevski üçün insan dünyaya gələndə ağ vərəq kimi deyil, bütün insani dəyərlərin daşıyıcısı kimi gəlir. Ona görə də Dostoyevskinin özünəməxsus tərbiyə konsepsiyası, pedaqoji sistemi vardır: insanı tərbiyə vasitəsilə dəyişdirmək deyil, sadəcə olaraq onda olan və gizli qalan dəyərləri üzə çıxarmaq lazımdır. Bu mənada Dostoyevski insan üçün onun uşaqlıq təəssüratlarının (müsbət və mənfi) çox böyük təsiri olduğunu qeyd edir. O, hesab edir ki, əgər uşaq ilk yaşlarında, məsələn, bir dəfə Miloslu Veneranın, ya da Belvederli Apollonun heykəlinə tamaşa edibsə və o ilahi gözəllik onun qəlbində həkk olunubsa, ola bilməz ki, sonralar bu təəssürat, bu ilahi dəyər onun aqibətində öz sözünü deməsin, öz rolunu oynamasın.
Raskolnikov uçurumun qaşında xilas olur. Onu o daxili, gizli, ilkin insani dəyərlər xilas edir. Sonra görəcəyik ki, Dostoyevskinin bəzi qəhrəmanları bu uçurumun dibinə yuvarlanacaqlar, çünki onlarda geriyə qayıtmaq, özünə tapınmaq imkanı olmayacaq (məsələn, Stavrogin, "Şeytanlar” romanının qəhrəmanı). Raskolni­kovu Sonya xilas etdi desək dəqiq alınmaz. Amma Sonyanın rolunu da inkar etmək olmaz. Cinayətə qədər olduğu kimi, cinayətdən sonra da Raskol­nikov, əgər belə demək mümkünsə, iki əks gücün kəsişmə nöqtəsinə düşür. Onlardan biri Sonya və onun etiraf tələbi, digəri Arkadi Svidriqaylov, onun mübarizə və mü­qa­vimət məsləhəti. Raskolnikovun Sonyaya etirafı zamanı Svidriqaylov qonşu otaqdan, qapının arxasından onun dediklərinin hamısını eşidirdi. İndi o, Raskolnikovu izləyir, onu öz tərəfinə çəkmək istəyir, Amerikaya qaçmağı məsləhət görür. Raskolnikov üçün bu yol da məqbuldur, o, bu yolla da gedə bilərdi. Amma necə ki qətlə qədər onun qəlbində ideya mənəviyyata üstün gəlmişdi və nəticədə qətl törədilmişdi, indi də onun qəlbində mənəviyyat ideyaya üstün gəlir və nəticədə onun aqibətində əks bir tendensiya başlanır. Roman çərçivəsində qəhrəman daim ziddiyyətlər və tərəddüdlər girdabında qalır. Onun bu girdabdan azad olub haqq yoluna çıxması romanın süjet hadisələrindən kənarda qalır. Burada Sonya Marmeladovanın bir insani xüsusiyyətini də qeyd edək. Raskolnikovun aqibəti yolundakı mübarizədə bu cılız, fağır və zavallı qız qalib gəlir. Sonya güclü çıxdı. O, güclü şəxsiyyətdir, amma eyni zamanda son dərəcə zəifdir. Bir fərd olaraq zəifdir, amma əsaslı bir dayaq üzərində durduğuna görə güclüdür. Bu dayaq imandır, dindir, Allaha olan etiqaddır. Bu da Sonyanı güclü edir. Svidriqaylov isə iradəli və varlı bir kişi də olsa, səhv dayaqlar üzərində bərqərar olmuşdu, ona görə də məhv oldu, intihar etdi. Onun intiharı Raskol­ni­kovun Sonya göstərən yola qayıtması üçün güclü bir təkan oldu.
Pyotr Petroviç Lujin ikiqat Pyotrdur. Pyotr sözünün mənası daş deməkdir. Dostoyevski əsərlərində Pyotr adlı, Petrov soyadlı müsbət qəhrəman yoxdur. Rus çarı Pyotra da Dostoyevskinin münasibəti mənfi idi, onu antixrist kimi qəbul edirdi. O, Rusiyanı öz milli məhvərindən çıxarıb, yad bir məhvərə, Avropa məhvərinə salmışdı. Dostoyevski bunu ona bağışlaya bilmirdi. Əgər Puşkinin Birinci Pyotra olan münasibəti ikili idisə, Dostoyevskinin münasibəti birmənalı şəkildə mənfi idi.
Pyotr Lujin də elə çar Pyotrun yaratmış olduğu cəmiyyətin nümayəndəsidir, onun müasir nəticəsidir. Lujinin obrazına fikir versək, yazıçı öz diqqətini onun zahiri əlamətlərində, paltarında, əlcəklərində, şlyapasında və s. cəmləşdirir və bir dəfə də olsun onun daxili aləminə nüfuz etmir, ona görə ki, bu daxili aləm deyilən şey onda yoxdur. O, sırf formanın, formal məğzin təcəssümüdür. Onun həyat prinsipləri və həyat fəlsəfəsi belədir ki, hər bir fərd yalnız və yalnız özü üçün, öz firavanlığı naminə yaşamalı və başqasını düşünməməlidir. Raskolnikov ona deyir ki, qarının qətli onun fəlsəfəsinə əsasən baş verib. Cəmiyyətdə bu cür şəxslərdən nə qədər çox olarsa, bir o qədər də cəmiyyət güclü və zəngin olar. Bu fikri Pyotr Lujin söyləyir. Pyotr Lujin kimi şəxslərdən ibarət olan cəmiyyəti Dostoyevski kimyəvi parçalanmaya məruz qalmış cəmiyyət hesab edir. Burada insanları birləşdirən heç bir mənəvi əlaqə yoxdur. Onları bir yerdə yaşamağa vadar edən şey rəqabət və mübarizədir, yəni mərkəzdənqaçma qüvvəsidir. Budur cəmiyyət deyilən bütövlüyün mahiyyəti. Dostoyevski cəmiyyətə qarşı xalqı, milli ruhu qoyur və hesab edir ki, bu zəmində insanları birləşdirən vahid bir qüvvə vardır – İsa məzhəbi. Bu inam bütün insanların qəlbinə hakim olaraq onları bir vəhdət halında, bir ailə kimi birləşdirir. Odur ki, lujinlər dünyasının, yəni cəmiyyətin axırı yoxdur. Nicat yolu dindədir. Rusiyanı İsa məzhəbi xilas edəcəkdir.
Romanda ana simvolikası
"Cinayət və cəza” romanında qadın obrazlarının çoxluğu elə o saatdaca diqqəti cəlb edir. Əsərdə baş verən cinayət işi də məhz qadınlara qarşı törədilir. Raskolnikov sələmçi qarını və onun bacısını qətlə yetirir. Romanın digər personajı Svidriqaylov da qadına qarşı cinayət işlətmişdir.
Əsərdəki kişi personajları isə ya subaydırlar, ya da sadəcə olaraq ata deyillər. Ailə kasadlığı elə o saatdaca gözə dəyir. Əsərin qaralama variantında belə bir cümlə var: "Piterdə hər şey var, yalnız ata-ana yoxdur”. Əsərdə bir dənə də olsun firavan həyat sürən ailə yoxdur. Məsələn, atanın da, ananın da olduğu Marmela­dovlar ailəsində əslində ailə üzvlərinin qohumluq əlaqələri yoxdur: Marmela­dovun qızı Sonya onun birinci arvadındandır, Katerina İvanovnanın uşaqları isə onun əvvəlki ərindəndirlər, yəni ailədəki uşaqlar əslində ögey bacı-qardaşlardır. Marmeladovlar ailəsi, həqiqətən də, "təsadüfi ailə”dir. Ya da başqa bir ailəyə – Kapernaumovlar ailəsinə (Sonyanın ev sahibləri) fikir verək. Onların yeddi uşaqları var. Böyükləri pəltəkdir, digərləri "sadəcə olaraq xəstədirlər”. Ata da "pəltəkdir və çolaqdır… Arvadı da…!. Romanda təsvir olunan ailələr bu və ya digər şəkildə eybəcər hala düşüblər. Sanki bu ailələrə hansısa bir fəlakət üz vermişdir. Bu yarımçıq, qeyri-normal ailələrin təsviri təsadüfü hal deyil. Bütün bunlar romandakı qadın, ana və ailə obrazlarının konseptuallığını, xüsusi məna daşıdığını söyləməyə imkan verir.
Əsərin qəhrəmanı Raskolnikovun diqqətini çəkən hadisələrdən biri də qadın iztirablarıdır. Sonya Marmeladovanın müsibətləri, doğma bacısı Dünyanın təhqir olunması, bulvarda rast gəldiyi gənc qızın alçaldılması – bütün bu qadın fəlakətləri Raskolnikovun səbir kasasını doldurur və onu qətl törətməyə sövq edir. Əsərdə təsvir olunan qadın iztirabları nəhəng bədii ümumiləşdirmə yolu ilə müəyyən bir rəmzi məna kəsb edir. Raskolnikovun yuxuda gördüyü o məhv edilmiş at obrazı da sanki bu simvolik sıraya daxil olur. Bu səhnə məhz Sonya, Dunya, naməlum qız əhvalatlarından sonra gəlir. Əvvəlcə – cınqırını çıxarmadan küçəyə gedən Sonya, sonra – sevmədiyi bir kişiyə ərə getməyə razılıq verən Dunya, bunun ardınca – kim tərəfindənsə təhqir edilmiş və küçəyə atılmış bulvardakı o zavallı qız, nəhayət – Mikolka tərəfindən öldürülən o arıq səmənd atcığaz. Onların hamısı müti halda öz aqibətlərinə tabe olurlar. Bu iztirablar və haqsızlıqlar fonunda Raskolnikovun ideyası ədalətli görünür. Bütün bu hadisələrin qadınlarla əlaqədar baş verməsi həyatdakı haqsızlıqları daha bariz şəkildə gözə çarpdırmağa xidmət edir. Raskolnikovun ideyasının doğruluğu bu qadın iztirabları vasitəsilə əsaslandırılır.
Qəhrəmanın paradoksu da məhz ondadır ki, iztirablar içində qıvrılan qadınlar barəsində düşünən Raskolnikov öz qurbanı qismində də qadını seçir. Onun qay­ğı­la­rının da, qəzəbinin də obyekti qadındır. Onun təsəvvüründə qadınlar iki yerə: "əbədi Son­ya”ya və "parazit” qarıya bölünürlər.
Qadın obrazı, ümumiyyətlə, ana obrazı ilə assosiasiya yaradır. Təbiət və Allah qadını ana olmaq üçün yaratmışdır. Hər bir qadın potensial anadır. Ana yer üzündə həyatın əbədi olaraq davam etməsinə xidmət edən bir məxluqdur. Ana həyatın əbədi olaraq davam etməsində keçmişlə gələcəyi bir-birinə bağlayan vacib bir həlqədir və beləliklə də, ölməzliyin və əbədiyyətin rəmzidir. Ona görə də analıq müqəddəsdir. Amma bu müqəddəslik həyatda təhqirlərə, alçaldılmaya məruz qalır və divanəliyə çevrilir. Hər bir iztirab çəkən ana artıq divanədir. Müqəddəsliyi divanəliyə çevirən həyat məhz Raskolnikov kimi paradoksçunu yaradır. Dostoyevski romanda təkcə Lizavetanı deyil, Sonyanı da, Katerina İvanovnanı da, Raskolnikovun anası Pulxeriya Aleksandrovnanı da, o sonsuz saydakı bədbəxt qadınları da divanələr kimi təsvir edir. Hətta Rafaelin Madonnasının sifəti də yazıçıda "ələmli divanə” sifəti təəssüratı oyadır. Yeri gəlmişkən, Rafaelin bu əsəri Dostoyevskinin otağında divanın üstündən asılmışdı. Qadınlığın təhrifi Raskolnikov tərəfindən həyatın ilkin simasının cəmiyyət tərəfindən dəyişdirilməsi və təhrif edilməsi kimi başa düşülür. Bunun də nəticəsində təbiətin və Allahın ana olmaq üçün yaratdığı qadın bu dünyada küçə qadınına çevrilməyə məhkumdur. Həyatın təbii və ilahi simasında küçə qadını və divanə qadın deyilən kateqoriyalar yoxdur. Bunları sosial həyat yaratmışdır. Ona görə də hər bir alçaldılmış və təhqir olunmuş qadında yazıçı məhv olmuş ananı görür. Qadın əzablarını müşahidə edən Raskolnikovun qəlbində bir qiyam baş qaldırır və onun ideyasının həyata keçirilməsinə təkan verir. "Soneçka, Soneçka Marmeladova, dünya durduqca əbədi olan Soneçka!”. Raskolnikov iztirab çəkən anaların və təhqir edilmiş bacıların müdafiəçisi olmaq istəyir. O, əvvəlcə nəzəriyyəylə, yəni güclü şəxsiyyətin haqqı ideyası ilə, sonra isə baltayla silahlanaraq onları müdafiə etmək istəyir. Raskolnikovun mübarizəsi sosial istiqamətli və praktiki cəhətdən məqsədəuyğundur, ona görə də onun nəzəriyyəsi məntiqi cəhətdən (mənəvi cəhətdən deyil) ardıcıl və inandırıcıdır.
Amma Dostoyevski bütün hadisələrin inkişafı vasitəsilə bu ideyanın səhv olduğunu və onun qəbuledilməzliyini təsdiq edir. Səhv ideya nəzəri cəhətdən doğru görünə bilər və onu doğru ideya kimi əsaslandırmaq olar. Amma praktiki işdə ideya öz mənəvi naqisliyini hökmən büruzə verir. Ona görə də məntiqi cəhətdən doğru görünən ideya işdə səhv nəticələrə gətirib çıxarır: qəhrəmanın qaldırdığı balta təkcə rəzil qarının deyil, onun xeyirxah və zavallı bacısının da başına endirilir. Qarını (ana olmayan qadını) öldürməklə Raskolnikov anaları və bacıları xilas etmək istəyirdi. Amma başqa cür alındı: sonsuz qarı Alyona İvanovnayla birlikdə hamilə Lizaveta (gələcək ana) da qətlə yetirildi. Bu da son deyil. Raskolnikovun doğma anasının əvvəlcə divanəliyi, sonra da ölümü onun cinayətinin, daha dərinə getsək, ideyasının birbaşa nəticəsi kimi təzahür tapır. İdeya tərəfindən əsaslandırılmış bir cinayət öz ardınca digər, nəzərdə tutulmayan cinayətləri aparır. Nəticədə məhv olanlar: Alyona İvanovna (sonsuz qarı), Lizaveta (gələcək ana), Pulxeriya Aleksandrovna (həqiqi ana). Beləliklə, öz ideyasını həyata keçirməyə yaramaz bir qarının qətlindən başlayan Raskolnikov bu qətllər silsiləsini doğma anasının qətli ilə tamamlayır. Ona görə də Dostoyevskinin romanının görkəmli tədqiqatçılarından biri olan Y.Karyakin haqlı olaraq qeyd edir ki, "Cinayət və cəza” yalnız sələmçi qarının qətli barəsində roman deyil, həm də ana qətli haqqında romandır.
Bununla da hər şey bitmir. Raskolnikovun cinayəti zəncirvari şəkildə davam edir. Bir anaya qarşı da qəsd törədilir – torpağa qarşı qəsd. Raskolnikov öz cinayəti vasitəsilə ana torpağı «murdarlamışdı». Torpaq bütün anaların anasıdır, bəşəriyyətin ulu anasıdır. İnsan ana torpağın övladıdır. Dostoyevski yaradıcılı­ğında torpaq kultu çox vacib yer tutur. Yazıçı göstərmək istəyir ki, Raskolnikov təkcə qarının və cəmiyyətin qarşısında günahkar deyil o, ananın, xalqın və nəhayət, torpağın qarşısında günahkardır. Raskolnikov təkcə göylərin qarşısında deyil, yerlərin də qarşısında günahkardır. Heç də təsadüfi deyil ki, Sonya Marmeladova Raskolnikovu tövbə üçün kilsəyə deyil, meydana göndərir, ona xaç və ikona qarşısında deyil, ana torpağın və xalqın qarşısında öz cinayətini etiraf etməyi məsləhət görür. Cinayət, qəhrəman tərəfindən hansı ali məqsədlərlə əsaslandırılsa belə, cinayət olaraq qalır. Cinayət qatili anadan, xalqdan və torpaqdan təcrid edir. Cinayətkar öz hərəkətilə onu dünyaya gətirmiş və ona süd vermiş ananı təhqir edir, üzərində gəzdiyi torpağı murdarlayır. Ona görə də elə cinayətdən o saat sonra Raskolnikov anasından ayrı düşür, onunla görüş bu gənc qatili sarsıdır, ana nəvazişi ona ağır gəlir. Anadan, insanlardan, torpaqdan ayrı düşmək onu əldən salır və o, günahını etiraf etməyə məcbur olur.
Beləliklə, Raskolnikovun cinayətləri məntiqi bir ardıcıllıq təşkil edir, biri digərinin nəticəsi kimi ortaya çıxır: qarının qətli – Lizavetanın qətli – ananın ölümü – torpağın murdarlanması. Həyatın qələbəsinə mane olan şər qüvvələri məhv etmək istəyən Raskolnikov həyatın simvollarına da – anaya və torpağa da qəsd etmiş olur. Raskolnikovun günahı çox böyükdür. Amma Dostoyevski onun vəziyyətini çıxılmaz hesab etmir. Raskolnikov vicdan əzabı çəkir və onun daxili işgəncələri onu deməyə əsas verir ki, qəhrəman hələ həyat duyğusunu itirməyib, ona görə də yazıçı onun mənəvi cəhətdən diriləcəyinə ümid edir.
Cinayətdən sonra Raskolnikovun qəlbində əks proses başlanır – iztirablı yollarla xalqa, anaya və torpağa tapınmaq. Qanun qarşısında öz cinayətini etiraf etməzdən əvvəl Raskolnikov anasının yanına gəlir, onun qarşısında diz çöküb ayaqlarından öpür. Sonra bacısı və Sonyayla vidalaşır. Nəhayət, torpağın qarşısında tövbə edir. Burada Sonyanın olması və Raskolnikovun onunla vidalaşması təsadüfi deyil. Sonya ana olmasa da, onun mənəvi-ruhi mahiyyətini analıq təşkil edir. Bu mənada o, Alyona İvanovnanın tam əksidir. Sibirdə Sonya məhbuslara, o zavallı səfillərə sanki ana oldu. Məhbuslar onu görəndə papaqlarını çıxarıb ona təzim edir və deyirdilər: "Anamız Sofya Semyonovna, bizim mehriban, rəhmdil anamız”. Bu yetim qalmış səfillərə də ana lazım idi və Sonya bu dustaqlar kimi bütün ümidsizlərin və yetimlərin hamısının anası idi.
Yekun olaraq: Dostoyevskinin təsvir etdiyi dünya anasızların dünyasıdır. Bu dünyada Raskolnikov anasız qaldı, özü onun ölümünə səbəb oldu. Sibirdə o, Sonyayla yaxınlaşır və onun simasında özünə "mehriban və rəhmdil” bir ana tapır.
Raskolnikovun bütün iztirabları və cinayəti Peterburqda baş verir. Əgər Dostoyevskinin simvolları sistemində torpaq ananı təmsil edirsə, şəhər atanı təmsil edir. Görkəmli ədəbiyyatşünas Qaçev yazırdı: "Şəhər – kişi başlanğıcıdır, atadır. Təbiət – qadın başlanğıcıdır, anadır”. Peterburq inzibati mərkəzdir. Orada hökmdar əyləşmişdir. Rus xalqı öz çarlarını həmişə ata hesab etmişdi. Yazıçı eyham vurur ki, xalqın çarın himayəsinə ümid etməsi kobud bir səhvdir. Dostoyevskinin sonrakı romanlarında – "İdiot” və "Şeytanlar”da – ana mövzusu davam etdiriləcək. Sonuncu iki romanda – «”Yeniyetmə” və "Karamazov qardaşları”nda ata mövzusu qoyulacaqdır. Nə Raskolnikovun, nə Mışkinin, nə də Stavroginin ataları vardı, Arkadi Dolqorukinin isə iki həqiqi və hüquqi atası vardı. Alyoşa Karamazovun da anası yoxdur, amma onun da iki atası var: həqiqi atası Fyodr Karamazov və mənəvi atası Zosima. Ana simvolikasından ata simvolikasına keçid Dostoyevski dünyagörüşündə və yaradıcılığında əsaslı dəyişmə deməkdir. 70-ci illərdə yazıçı zəminçilik dünyagörüşündən dini-fəlsəfi dünyagörüşə adlayır. Yazıçının fikrincə, rus insanının mənəvi cəhətdən həm ana torpağa, həm də Allah ataya ehtiyacı var. Dahi yazıçı sanki yerlə göyün mifologemasını yaradır, Allahın və torpağın himayəsi altında insanların bir ailədə birləşməsini arzulayır. İnsanların yer üzündə səadəti, Dostoyevskinin fikrincə, o vaxt baş tutacaq ki, onda bütün bəşəriyyət bir ailə halına gəlmiş olsun. Bu da dahi yazıçının dahi utopiyası idi. Dahilərin xəyalları da dahiyanə olur.
Məmməd Qocayev
banner

Oxşar Xəbərlər