• cümə, 19 Aprel, 19:55
  • Baku Bakı 24°C

Gənc Azərbaycan postmodernistləri

31.10.16 09:50 2181
Gənc Azərbaycan postmodernistləri
Fikrimizcə, sənət, elm, fəlsəfi təfəkkür heç zaman mənəmliyi, təkəbbürü qəbul etmir, sevmir, əksinə, rədd edir. Üstəlik nəzərə alsaq ki, postmo­dernizm Azərbaycan üçün yetərincə yetişməmiş "məhsul”, doğulmaqda, dünyaya gəlməkdə olan "uşaqdır”, bu zaman onda bu sahədə görülən işlərlə, axtarışlarla öyünmək də hələ ki tezdir. Bizə belə gəlir ki, iddialarımızı imkanlarımızla müqayisə edib təmkinlilik nümayiş etdirməliyik.
Baxın, Anar "Ağ qoç, qara qoç” (2003), Kamal Abdulla "Yarımçıq əlyazma” (2004, "Sehrbazlar dərəsi” (2006), İlqar Fəhmi "Qarğa yuvası” (2008), "Akvarium” (2012), Sabir Rüstəmxanlı "Göy Tanrı” (2005), Elçin Hüseynbəyli "Yovşan qayaları” (2006), Nərmin Kamal "Aç, mənəm” (2010), Elçin "Baş” (2015) romanlarını qələmə aldılar. Onlardan heç biri özünün hansı ədəbi-estetik cərəyana aid olduğunu dilə gətirmədi. Hər şeyin öz əndazəsi olduğundan bizim Anar, Elçin, Sabir Rüstəmxanlı, Kamal Abdulla, İlqar Fəhmi kimi yazıçılarımız özlərindən müştəbeh olmadılar. Onlar sənət qanunlarını və yaradıcılığın xüsusiyyətlərini yaxşı bildiklərindən bunu etmədilər. Özünü gənc postmodernist adlandıran yazarlarımızın nümunələri isə yarandığı vaxtdan daim mübahisələr ortaya çıxardı. Məsələn, H.Herisçinin özünün roman adlandırdığı "Nekroloq”un xaraktersiz və süjetsiz olduğu, obrazların primitivliyi, epizodların zəifliyi tənqidin diqqətindən yayınmamışdı (T.Əlişanoğlu), bəziləri postmo­dernizmin ədəbiyyata heç nə vermədiyinə görə onu Qərbin tullantısı hesab edirdilər (B.Əlibəyli), digərləri isə ona hoqqabazlıq (Hüseynbala Mirələmov) kimi baxmışdılar, Nərmin Kamal isə "Umberto Eko və postmodernizm fəlsəfəsi” kitabında Postmodernizmin öldüyünü söyləmişdi. Tədqiqatçı Salidə Şərifova Ş.Ağayarın "Haramı” (2011), Ə.Əkbərin "Amneziya” (2010), P.Cəbrayılın "Yad dildə” (2009) Ş.Sadiqin "OdƏrlər” (2013) və başqalarının əsərlərini postmodernizmə aid etmişdir. Fikrimizcə, buraya Aydın Talıbzadənin "Kəpənək modeli: 102” romanını da əlavə etməyə ehtiyac duyulur. Əlbəttə, postmodernist təsir klassik yanaşmanı rədd edib süjetin fərqli quruluşda təqdim olunmasında israrlıdır. Lakin Umberto Ekoya görə hər bir dövrün özünəməxsus postmodernist ovqatı olur. Bunu biz antik, qədim dövr, orta əsrlər, yeni dövr, XIX əsr, XX əsr və müasir dövrdə yaranmış əsərlərin dil, üslub, struktur, məzmun, hadisələrin təqdim edilmə ustalığı, əsərin obrazlar sistemi və s. görə bilərik.
Bəs gənc Azərbaycan postmodernistləri sonrakı mərhələdə "bu cəbhədə” nəyə nail ola biliblər?! Tərəfimizdən buna da təsdiqləyici cavab verilməyəcək. Çünki bizim postmodernistlər indiyə qədər deyilməmiş, istifadə edilməmiş fikir qiyfalərindən yararlanmağa çalışsalar da, ortaya qoyduqları mətnlərdə daim yarımçıqlıq, natamamlıq, fikir, ideya kasadlığı, cılızlığı, estetik zövqün korşaldıldığı (daha doğrusu estetiksizlik) görünməkdədir. Bizdə belə bir təəssürat yaranır ki, onlar bəlkə də yazmaq istədikləri fikri vərəq üzərinə lazımı şəkildə köçürə bilmirlər. Oxucu belə mətnlərdən bezir. Düzdür, belə olduqda deyə bilərlər ki, postmodernist mətnlər də məhz pastiş, parodiya, ironiya və kollaj kimi ünsürlər üzərində qurulmalıdır. Lakin onlar elə edirlər ki, bu elementlərdən uğurla yararlanmağı bacarmırlar. Bizim postmodernistlər bilmirlər ki, pastiş, parodiya, ironiya və kollaj sənətkar üçün metadil faktorundan gərəkli şəkildə yararlanma bacarığıdır. Başqa sözlə desək, əgər dairənin içinə, dəryaya girmisinsə, deməli, onun içində hərəkət etməyi, üzməyi də bacarmalısan. Daha doğrusu, postmo­dernizm oyununun qaydalarını yaxşı bilməlisən. Eyni zamanda burada oyunçu kimi iştirak etmək də mümkünsüzdür. Buna görə də dibini görmədiyin suya atıldıqda boğulma qaçılmazdır. Bizə belə gəlir ki, realist ədəbiyyat hələ də yaşamağa həm borcludur, həm də bu müstəvidə israrlıdır. Çünki bu borc onun ictimai fikir, siyasət, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat və s. sahələri daha uğurlu çevrələməyi bacarması ilə bağlıdır. Onu danmaq bu gün də, elə sabah da insafsızlıq olardı. Umberto Ekoya görə postmodernist yazıçı orijinal fikir sahibi olmalı, heç kimi təkrarlamamalıdır. Eyni zamanda postmodernistlik sənətdə əvvəl olmuşların inkarı da deyil. O özünəməxsus sənət yaratma modeli, dünyasıdır.
Bizim postmodernistlərin mətni dekonstruksiya etmələri, fikrimizcə, alınmır. Dekonstruksiyanın mahiyyətini anlamadan mətnlə oyun da alınmayacaqdır. J.Derrida hələ 1970-ci illərdə ABŞ-nın Yel Universitetində təcrübə keçib Avropa dini-fəlsəfi ənənələri ilə uyğunlaşan metafizik təfəkkür tərzini tənqid edərkən "dekonstruksiya” anlayışından uğurla istifadə etmişdi. Daha doğrusu, J.Derrida işarənin ənənəvi strukturunu dekonstruksiya edə bilmişdi. Belə olduqda işarənin dekonstruksiyası nəticəsində dilin funksiyası sıxılır, daralır, işarə öz ilkin dayağını itirdikdə, ikincinin orijinallıq əldə etmək imkanı ortaya çıxır. Beləliklə də mənaların hüdudsuz konnotativ (ikinci) imkanları denotativə ("kanonik”), birbaşa olana nisbətdə variativ, plüralistik imkanlar açılıb genişlənir. Bax, bu dekonstruksiyaya uğramış işarə də simulyakr (yalan, kopiya) adını almışdır ki, o burada hər hansı bir əşya, yaxud xülya ilə yox, mətn dünyası ilə qarşılıqlı əlaqə prosesinə girib mətn konstruksiyası yaradır. Simulyakr - işarələrin hərəkəti mətn labirintində qeyri-xətti xarakter almaqla zahiri metonimiya prinsipi zənciri ilə həyata keçirilir. İşarənin belə vəziyyəti J.Delyozun fikrincə, xaotik sərgərdanlığa, daimi özünə qayıtmalara, təmiz oyun sisteminə, R.Bartın fikrincə isə qaydalara uyğunluqdan savayı hər şey kimi müəyyənləşə bilir. Beləliklə, postmodernist mərkəzdən kənarlaşdırılmış, xaosla zənginləşdirilmiş mətnlə bağlı tədqiqatçıların fikrini ümumiləşdirsək, onda biz fərdi müəllif həllini, hiper-personaj maskasını və müəllif maskasını müəyyənləşdirmiş olarıq.
Bunu da bilirik ki, postmodernist düşüncədə mərkəzləşmiş qəhrəman yoxdur. Bəlkə bu tipli mətnlərdə qəhrəmanın yoxluğu daha məqbuldur?! Yazıçının ortaya qoyduğu xarakterlərlə hadisələr arasında fərqlər mövcuddur. Tarixi qəhrəmanlar məlum rolların xaricində özlərini əks etdirirlər. Postmodernist yazı tərzində hadisələrin müəyyən yerində qəhrəmanın yox olduğunu gördüyümüz halda, mətnin başqa bir yerində müəllif geriyə dönüb onu ortaya çəkir. Bəzən əsərdə qəhrəmanın birdən daha çox eyni tipli hadisələrlə rastlaşması və birdən çoxsaylı hadisələri eyni anda yaşaya bilməsini yaratmaq daha maraqlıdır. Eyni zamanda, bizim gənc postmodernistlər bunu da bilməlidirlər ki, bu tipli mətnlərdə məkan qavramanın içi tamamilə boşaldılır. Burada hər şey coğrafi bir axın içində olduğu halda, məkan da sürəkli olaraq əvvəlcədən görünüb bilinməyən biçimlərdə hərəkət etməkdədir.
Məlum olduğu kimi, elm əqlin, təfəkkürün gücünə söykənərək bu və ya digər metodların imkanlarından istifadə edərək inkişaf edir. Postmodernizm isə əslində buna qarşı çıxış edir. Onun üçün sərhəd, sınır anlayışı, demək olar ki, mövcud deyildir. Elm təkamülə və sosial inkişafa söykənirsə, postmodernizm təfəkkürün və texnikanın hər cür müdaxiləsini rədd edir. Görəsən, bizim gənc postmodernistlər bütün bunlar haqqında əsaslı bilgilərə malikdirlərmi?!
Azərbaycanda postmodernizmin hələ də ədəbi-estetik cərəyan kimi yetişməsini milli tədqiqatçıların bu məsələyə yetərincə diqqət yetirə bilməməsi də sübut edir. Məsələn, Leyla Hacızadə, Quba Məcidova, Minəxanım Gözəlova, Çinarə İbrahimova və başqa bu kimilərı öz araşdırmalarında rus, türk, Avropa, amerikan postmodernist ədəbiyyatının özəl xüsusiyyətlərini nəzərdən keçirirlər. Postmodernizm tədqiqatçılarından Almaz Ələkbərzadə mövzunu müasir ədəbi prosesdə nəzərdən keçirərkən problemi rus postmodernisti B.Yevseyevlə K.Abdullanın əsərlərinin təhlili üzərində qurur. Lakin bu əsərdə də (dissertasiyada) Azərbaycan konteksti səthi şəkildə işıqlandırılır. Bu da onu göstərir ki, bizdə hələ də bu müstəvidə təqdir və tədqiq olunası nə orijinal yaradıcı, əsərlər, nə tədqiqatlar mövcud deyildir.
Eyni zamanda bütün bu dediklərimiz heç də o anlama gəlməməlidir ki, gənc yazarlarımız əllərini qaldırıb təslim olmalı, bu istiqamətdə hərəkətə gəlməmə­lidirlər. Onlar "astarı üzə geyilmiş paltar”ın öz fərdi görüntülərini göstərməkdə israrlı olmalıdırlar. Çünki postmodernist mətnlərdə başlıca məqsəd ideyanı anlatmaqdan daha çox axırı əvvələ, əvvəli axıra, düzü əyriyə, əyrini düzə, üzü astara, astarı üzə çevirmək, sakralı aşağılamaq, yaxşını pis qiyafəsində göstərmək, ağıllını dəli, dəlini ağıllı, dəyərliləri dəyərsiz, dəyərsizləri dəyərli kimi göstərmək istəyi ortadadır. Bütün bu çatışmazlıqlarına baxmayaraq, postmodernizm çağdaş dövrün ədəbi-estetik hadisəsi olmaqla bizim ədəbiyyatdan və sənətdən də yan keçməməlidir.

Nizami Tağısoy
banner

Oxşar Xəbərlər