ABŞ-ın xarici siyasətini dəyişməyinin zamanı yetişib
Nüfuzlu "The American Conservative” jurnalı Birləşmiş Ştatların son
illər ərzində yürütdüyü xarici siyasət doktrinası, onun prioritetləri barədə
diqqət çəkən məqamları araşdırmağa çalışıb. Məqalənin müəllifi Deniel Devis
fikirlərini ritorik bir sualla başlayır: "Maraqlıdır, Amerika xalqı Birləşmiş
Ştatların xarici siyasətinin mütəmadi olaraq həm nəzəri, həm də praktiki
baxımdan iflasla nəticələnməsinə hələ nə qədər dözəcək?” Ardınca da müəllif bu
siyasətin uğursuzluğunun ağırlıq miqyasını araşdırmağa çalışıb. O, milli
təhlükəsizlik və iqtisadi çiçəklənmənin təminatı üçün ABŞ-a dəyişikliklərin
gərək olduğunu vurğulayaraq, mətbuat başlıqlarının bu iflası dolğun əks
etdirdiyini göstərib. "Əfqanıstana müdaxilədən 15 il sonra Əfqanıstanın yenidən
qurulması üzrə Xüsusi baş inspektorun ofisi – SİGAR bəyan edib ki, korrupsiya
bu ölkədə Amerika missiyasının uğuruna, onun başlatdığı sülhyaratma
əməliyyatına kölgə salmış oldu. Biz hesab edirik ki, proqramın effektiv başa
çatdırmamağımız ən yaxşı halda o deməkdir ki, bərpa yenidənqurma işləri bundan
sonra da korrupsiya burulğanına düçar olacaq. Ən pis halda isə tam iflasla
nəticələnəcək”, - deyə müəllif vurğulayıb. Onun sözlərinə görə, bu ay Böyük
Britaniya parlamentində hazırlanan hesabat göstərdi ki, Liviyaya Qərb
müdaxiləsi siyasi və iqtisadi kollapsa, qəbilə və tayfalararası qarşıdurmalara,
insan hüquq və azadlıqlarının pozulmasına miqrant və humanitar böhrana, Qəddafi
rejiminin silahlarının bütün region üzrə yayılmasına, ən əsası İŞİD-in
güclənməsinə gətirib çıxardı. "Pilotsuz təyyarələr tərəfindən bombardmanlar və
zərbələr minlərlə dinc insanın ölümünə səbəb olub. Hətta döyüşmədiyimiz
ölkələrin hərbçiləri, humanitar təşkilatların işçiləri də bu hücumların
qurbanlarına çevrildilər. Bu səhvlər son 15 il ərzində yüz dəfələrlə təkrar
olundu və bu da öz növbəsində ABŞ-a qarşı nifrət və düşmənçilik hisslərini
gücləndirmiş oldu. Bu zərbələr nə qədər taktiki mənfəətlər versə də, strateji
mənada onların nəticələri yalnız ziyan gətirdi”, - deyə müəllif yazıb. Ən əsası,
2001-ci ildən bəri hərbi gücün tətbiqi aşağıdakı nəticələrə səbəb oldu:
1) Regional planda bir vaxtlar İranla eyni çəkiyə malik olan bütöv İraq
terrorçu istehsal edən dövlətə çevrildi.
2) İki tərəfin öz sərhədləri çərçivəsində öz aralarında döyüşdüyü
Əfqanıstan terrorçuların cəm olduğu qeyri-funksional dövlətə çevrildi
3) Daxili sabitsizlik halları olsa da, qonşuları üçün təhlükə mənbəyi
olmayan və terrorçulara sığınacaq verməyən Liviya fəlakət zonasına, sonsuz
davam edən vətəndaş müharibəsi, terrorçuların yetişməsi üçün məhsuldar yerə,
eləcə də İŞİD üçün meydana çevrildi.
4) "Əl-Qaidə”nin yeni forma və markada - İŞİD şəklində yaranmasına
səbəb oldu. Bundan sonra dünya boyu terror təhlükəsinin sürətlə artmasına səbəb
oldu.
Bundan əlavə, müəllif yazır ki, yarıtmaz siyasət ABŞ-ın Pakistan,
Yəmən, Somali və Afrikanın digər ölkələrində qarşıdurmalara cəlb olunmasına gətirib
çıxardı. "Bu uğursuz siyasət hər il sayı bilinməyən insan itkisinə, insanların
ABŞ-a qarşı nifrət və kininin artmasına, eləcə də, bizim milli
təhlükəsizliyimizin zəifləməsinə səbəb olur”, - deyən müəllif ardınca əlavə
edir ki, hərbi uğursuzluqların bir aspekti var. Və bu aspekt diqqəti cəlb
etməsə də, ciddi təhlükədir: "Sonsuz müharibələr Silahlı Qüvvələrimizin döyüş
qabiliyyətini zəiflədir. Fasiləsiz hava uçuşları, bombardmanlar 15 il bundan
əvvəllə müqayisədə daha çox həyata keçirilir. Nəticədə, təyyarələrin istismar
müddətinin vaxtı azalır, eləcə də, raket və mərmi ehtiyatı azalır. ABŞ ordusu,
dəniz piyadaları öz döyüş maşınlarında min kilometrlərlə məsafə qət edir, xeyli
döyüş sursatı sərf edir - onlara həddən artıq çox vəsait xərclənir”. Müəllif
yazır ki, hərbi xərclərlə yanaşı, şəxsi heyətin təlimi, öyrənilməsinə həddən
artıq çox vəsait sərf olunur. "Bütün bunlar müəyyən ehtiyatlanmalara səbəb
olmalıdır. Ordunun əvvəlki tempinə qaytarılması üçün həddən artıq vaxt
gərəkdir. Ağır texnikanın iştirakı ilə aparılan irimiqyaslı və məhdud
əməliyyatlarda iştirak edən biri kimi qeyd etməliyəm ki, ənənəvi döyüşlərin
effektiv şəkildə aparılması üçün ordunun hazırlanması xeyli vaxt və səy tələb
edir. Bizim Hərbi Hava Qüvvələri müasir aviasiya döyüşlərində effektiv
qırıcılar, Hava Hücumundan Müdafiə Sistemlərinin iştirakı ilə keçirilən hərbi
əməliyyatlara qatılmayıblar. Belə hava döyüşləri yerdə yaraqlılara endirilən
zərbələrdən daha mürəkkəbdir. Anlamaq gərəkdir ki, heç bir üsyançı və yaxud
terrorçu qruplaşma Birləşmiş Ştatların mövcudluğuna təhlükə yaratmır. Lakin hər
hansı bir fövqəldövlətlə ənənəvi hərbi toqquşma ölkəni dağıda bilər. Ağ ev
administrasiyası, Konqres və Müdafiə Nazirliyinin kiçik hədəflərə israrla zərbə
endirmələrini görmək acı təsir bağışlayır. Terrorizm əlbəttə Birləşmiş Ştatlar
üçün təhlükə yaradır və biz ondan müdafiə olunmalıyıq. Lakin belə kiçik təhlükə
mənbələrinə qarşı böyük hərbi resursların cəlb edilməsi, nəinki təhlükələrin
qarşısını aldı, əksinə onların miqyasının artmasına səbəb olur. Bundan əlavə,
kiçik təhlükələrə qarşı qeyri-sağlam mübarizə bizi zəiflədir. Mövcudluğumuza
qarşı təhlükə olan qüvvələri daha da gücləndirir. Əgər yeni administrasiya
bizim hərbi qüvvənin zəiflədiyini başa düşmürsə və onun bərpası üçün zəruri
addımlar atmırsa - onda bizim zəifliyimiz iri hərbi qarşıdurmada məğlub olmaq
təhlükəsi ilə üzləşəcək. Halbuki, əvvəlki hal olsaydı, biz qalib gələrdik.
Bundan yüksək nəticəni təsəvvür etmək mümkün deyil”.
D.Devis sonda maraqlı bir nəticəyə gəlib. O, hesab edir ki, xarici siyasəti dəyişməyin
zamanı yetişib: "Ya biz bu dəyişikliyi öz seçimimiz üzrə, ya da ki, fəlakətli
hərbi məğlubiyyətlə müəyyən etməliyik. Mən ümid edirəm ki, birinci variant
üzərində dayanacağıq”.
Xatırladaq ki, Deniel Devis ABŞ ordusunda 21 il xidmət edib. Defense
Priorities-də xarici siyasət sahəsində hərbi ekspert kimi çalışıb. Dörd dəfə
münaqişə zonalarında - 1991-ci il və 2009-cu ildə İraqda, iki dəfə isə
Əfqanıstanda (2005-2011) olub.
Azər