• cümə, 29 Mart, 13:28
  • Baku Bakı 14°C

Texnologiyadan asılı olaq, ya yox? - Diskussiya

10.05.16 13:48 2752
Texnologiyadan asılı olaq, ya yox? - Diskussiya


Dünya tarixində sənaye inqilabı məhz texnoloji innovasiyalar sayəsində gerçəkləşib. 18-ci əsrdə baş verən sənaye inqilabı ilk öncə Qərbi Avropa, daha sonra isə Amerika və bütün dünyanın mənzərəsini köklü şəkildə dəyişdi. Bu gün texnologiya, demək olar ki, həyatımızın ayrılmaz parçasına çevrilib. Hətta bu, getdikcə ifrat dərəcəyə varmağa başlayıb. Bəs gənclərimiz bu haqda nə fikirləşir? Onlar texnologiyadan olan asılılığı necə dəyərləndirir?

Amar Həmidzadə, Dövlət İdarəçilik Akademiyası, iqtisadiyyat fakültəsinin tələbəsi:

- Texnikanın inkişafının həyatımıza təsiri artıq ifrat dərəcədədir. Bunu heç kim inkar etmir. Hətta alimlər texnoloji yeniliklərdə daha bir səviyyə adlayaraq, bundan sonra robotlara süni intellekt verməyi fikirləşirlər. Bu, artıq robotlarla insanlar arasında müharibəyə gətirib çıxara bilər. Bu haqda bir neçə film də çəkilib. Rejissorlar artıq yaxın gələcəkdə baş verə biləcək, gözlənilən təhlükələri öz filmlərində lentə alıblar. Sətiraltı mənalara baxanda texnologiyanın ifrat həddə inkişafının təhlükəli olduğunu anlamaq heç də çətin deyil.

Gülnar Həsənova, Dövlət İdarəçilik Akademiyası, ekologiya fakültəsinin tələbəsi:

- Texnologiyanın inkişafı yaxşıdır. Lakin ifrat dərəcədə inkişafın gətirib çıxardığı nəticələr göz qabağındadır. Yeni texnologiyalar nə qədər inkişaf etsə, insanlar arasındakı əlaqə və ünsiyyət bir o qədər azalır. Əvvəllər hər kəs canlı ünsiyyətdə olurdu. Günümüzdə hər kəs Feysbuk, Votsap vasitəsi ilə ünsiyyət qurur. Bu isə insanları bir növ passivliyə doğru sürükləyir. Bu, özünü istər məişətdə, istərsə də təhsildə ciddi şəkildə büruzə verir. Əvvəllər dərslərimizi kitablardan oxuyurduqsa, indi mobil telefonlar bu funksiyanı yerinə yetirir.

Leyla Əfqan, Bakı Dövlət Universiteti, jurnalistika fakültəsinin tələbəsi:

- Hesab edirəm ki, texnologiyaları idarə etmək bizim özümüzdən asılıdır. Texnologiyanın həm müsbət, həm də mənfi cəhətləri var. Əvvəlki dövrlərdə paltaryuyan, qabyuyan maşınlar yox idi. İnsanlar bu avadanlıqların gördüyü işin öhdəsindən özləri gəlirdi. Həmin dövrdə yaşayan insanların işi və əyləncəsi sırf bundan ibarət idi və bu işlər onların vaxtını almırdı. Həmin dövrlə müqayisə etdikdə görürük ki, insanların indiki dövrdə işləri artıb, vaxtları isə azalıb. Biz məişət işlərinə əlavə vaxt sərfi kimi baxırıq. Eyni vaxtda həm paltar, həm yemək, həm də digər bu kimi məsələlərə vaxt çatdırmağa çalışırıq ki, vaxta qənaət edək. Amma texnikanın inkişafı insanlarda həm də tənbəllik yaradıb. Təsəvvür edin ki, yaxın gələcəkdə insanların bütün işini robotlar görməyə başlayacaq. Artıq insanlar heç nəyə cəhd etmək istəməyəcəklər. Velosiped kəşf olunubsa, artıq sən bunu yenidən kəşf etmək üçün özünü yormursan. Sadəcə, buna bir-iki funksiya əlavə edirsən. Hər şey əlimizin altında olduğuna görə artıq heç nə etmək istəmirik.

Nəzrin Həsənova, Bakı Dövlət Universiteti, jurnalistika fakültəsinin tələbəsi:
- Mən texnoloji inkişafın bizə ciddi ziyan verəcəyini düşünmürəm. Çünki istehsal olunan yeni texnoloji məhsulların təyinatı sırf bizim həyatımızı asanlaşdırmaq üçündür. İnsanlar texnologiyadan istifadəni özləri yönləndirə bilərlər. Əgər texnologiyanı insan özü yaradırsa, yerdə qalan bütün problemlər də insanın öz əlindədir. Əgər mobil telefona yaza biliriksə, burada artıq vərəq istifadə etməyə ehtiyac yoxdur.

- Sizcə, yeni texnologiyalara hədsiz dərəcədə aludə olmaq sağlamlığımıza ziyan deyilmi?
Leyla:
- Rayon yerində, elə şəhərdə də yaşayan yaşlı nənə-babalarımız var ki, görmə problemləri yoxdur. Amma bizdə son illər çox gənc yaşlarımızda görmə ilə bağlı ciddi problemlərimiz meydana çıxır. Bu isə texnologiyanın sağlamlığımıza olan pis təsiridir. Bir yaşından başlayaraq uşaqlarımız planşetlə, smart telefonlarla böyüyür, cizgi filmlərinə belə televizorda deyil, telefonlarda baxır. Nənələrimiz, babalarımız internet, Feysbuk olmadan daha sağlam yaşayayırdılar. İndi xəstəliklərin də sayı artıb. Düzdür, bunun səbəbləri arasında çirkli hava, geni dəyişdirilmiş qidalar da varsa, texnologiyalrın da rolu az deyil. İnsana ən vacib olan sağlam əsəb sistemidirsə, texnika onu da bizim əlimizdən alır. Konkret olaraq internetlə ünsiyyət insanda özünə qapanma yaradır.
Yaxud əvvəllər qadınlarımızın əl əməyi ilə etdiyi işləri indi şirəçəkən, paltaryuyan, ətçəkən, tozsoran maşınlar edir. Düzdür, bu, bir tərəfdən vaxta qənaətdir, xanımlara daha rahat yaşamaqda kömək edir, amma digər tərəfdən, xanımların hərəkətliliyi azalır, seriala baxmaq üçün daha çox vaxt qazanırlar.
Maşınların sayı artdıqca baş verən məişət qəzalarının sayı da artır. Avtomobil kəşf olunanda hər kəs fikirləşirdi ki, artıq yol getmək asanlaşıb. Lakin bununla paralel olaraq qəzalar, insan ölümü faktı da artdı.
Artıq insanlarda səbirsizlik yaranıb. Səbrimiz çatmır ki, hər hansısa bir kitabı sonadək oxuyub bitirək. Filmlərdən, internetdən qısa məlumatlarla kitabda olan süjeti tamamlamağa çalışırıq.

Amar:
- İnkişaf etmiş ölkələrdə avtomobillərdən az istifadə edilir. Çünki sağlamlıq faktoru var. Təbii ki, bu, insanın düşüncəsi ilə bağlı olan bir şeydir. Texnologiyadan necə istifadə etmək çox vacibdir. Bütün vaxtını boş-boşuna sosial şəbəkələrdə itirənlər də, kommersiya məqsədi ilə istifadə edib gəlir əldə edənlər də var. Burada bir ümumiləşdirmə aparmaq çox çətindir. Texnologiyanı yaradan insandırsa, onu idarə etmək də insanın əlindədir. Mən universitetə qəbul olan zaman çəkim 78 kq idi. Rayonda yaşadığımıza görə internet və texnoloji yeniliklərlə bir o qədər də tanış deyildim. Lakin Bakıya gələndən sonra 3 ay ərzində 16 kq çəki itirdim. Çünki bütün günü kompyuterin arxasında internetdə idim. Nəticədə aclıq hissini çox vaxt yaddan çıxarırdım. İnternetə aludə olanda insan acdığını, susadığını, nə istədiyini xatırlamır. Təbii ki, bu. gələcəkdə böyük problemlərə səbəb olacaq. Həmçinin gecə çox gec yatdığımıza görə səhər də gec oyanırıq. Yuxu pozğunluğu sağlamlığımıza ciddi ziyan vurur”.

Gülnar:
- Texnologiya bizdə ən çox radiasiyadan olan şüalanma xəstəliyi yaradır. Bacımın gözündə zəiflik var. Həkim ona kompyuterə və mobil telefona yaxın durmağa icazə vermir. Lakin o bunu dərk etmir. Bütün günü kompyuter və telefonla məşğul olmaq bizim sağlamlığımızı hər zaman təhlükə altında qoyur. Bu, əslində bizdən asılı olmayan bir şeydir. Çünki dövr elə bir dövrdür ki, insan istər-istəməz onlardan asılı vəziyyətdədir. Buna görə də biz sağlamlığımızı texnologiyaya qurban veririk. Məncə, düşünüb-daşınmalı və müasir texnologiyaya çox da bel bağlamalı deyilik.

Lalə Musaqızı
Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər