• cümə, 19 Aprel, 20:49
  • Baku Bakı 24°C

Romanımın hər sətrində varam

11.04.16 11:04 1366
Romanımın hər sətrində varam
Beynəlxalq nüfuzlu bestseller yazar Meri Lauson Kinqstonda yaşayır. Lausonun Kinqstonun bəlkə də ən sakit bölgəsində yerləşən Viktorian tərzində tikilmiş olduqca qəşəng evi şəhəri bir neçə yerdən kəsən çaya baxır. Buralar o qədər sakit yerlərdir ki, mənə elə gəlir, Merinin qonşuları burada özünü saatlarla, günlərlə hər şeydən, hamıdan təcrid edib, ancaq yazmaqla məşğul olan bir ədiblə qonşu olduqlarını belə bilmir. Kanadada keçən zamanlarda yazılmış – “Gölün sahilində” (“Crow lake”) və “Körpünün digər tərəfi” (“The other side of the bridge”) - və böyük uğur gətirmiş iki roman müəllifi olan Lauson üçüncü romanını hələ yeni tamamlayıb. “Yol qurtarır” (“Road ends”) əsərini yeni bitirmiş müəllif bu aralar istirahətlə məşğuldur.
Olduqca səmimi və dostyana bir insan tərəfindən qarşılandım. Xüsusi dizayn edilmiş böyük otaqda ədibin iş masası ətrafında əyləşdik. Masa hər tərəfdən kitab rəfləri ilə əhatələnib. Tərtəmiz və olduqca səliqəli geyinmiş bu xanıma 70 yaş vermək mümkün deyil. Meri 1946-cı ildə Kanadanın, Ontario əyalətində doğulmuş olsa da, artıq 46 ildir ki, Birləşmiş Krallıqlarda yaşayır. Onun kanadalı olduğu 46 ildə heç dəyişməmiş kəskin Kanada ləhcəsindən və bağının bir küncünə yerləşdirdiyi, yaxşı qulluq edildiyi o dəqiqə seçilən iki qayığından bilinir. Deyəsən, yoldaşı Riçardla Temzaya bu qədər yaxın bir ərazidə ev almaqlarının əsas səbəblərindən biri də budur.

Meri söhbətə ailəsindən danışmaqla başlayır: “Ontarionun cənubunda yaşayırdıq. Atam kimyagər idi. İctimai nəqliyyat məsələsi problem idi. Hər gün işə - başqa bir şəhərə maşınla getməli olurdu. Ailəmin yay tətilləri ənənəvi olaraq, Şimali Ontarioda yerləşən əvəzsiz mənzərəli göllərin kənarında keçirdi”.
Yazar həmin illərdən xatirə qalmış ağ-qara fotolardan mənə göstərir: “Bizim bu yay evimiz məndən əvvəl altı nəsil yola verib. Hələ də durur. Hər yay bir neçə gün də olsa, orada istirahət etmək adətimiz qalır. Evin ancaq divarları, tavanı var – düzdür, təmirlidir, amma elektrik, internet kimi şeylərdən əsər-əlamət yoxdur. Ora maşın yolu yoxdur, ancaq limandan su yolu var”. Ədib kitaba olan marağının necə yaranmasından danışır: “Kanadada hamı oxuyandır. Böyük əksəriyyət isə çox oxuyandır. Mənim kitab aludəçiliyim hələ lap kiçik yaşlarımdan başlayıb. Kəskin soyuqların olduğu bir ölkədə insanlar üçün əyləncə anlayışında çox da geniş seçimlər yoxdur”.
Monrealda MakGil Universitetinin psixologiya fakültəsini bitirdikdən sonra altı aylıq istirahət üçün Londonda yaşayan qardaşının yanına gəlir. Bir qədər də yuxarıda sadaladığı səbəblərdən pulu qurtarsa da, Kanadaya qayıtmaq istəmir. Tezliklə iş axtarmağa başlayır və tapır, bundan sonra isə Kanada haqqında tamamilə unudur, çünki: “İşdə çox yaraşıqlı bir oğlanla tanış olmuşdum, bizim otaqla üzbəüz otaqda otururdu”.
İki gənc psixoloq evlənir. Tezliklə Riçard və Marinin iki oğlu dünyaya gəlir. Gənc ailə əvvəl Nyu-Maldenə, sonra isə Suttona köçür. Uşaqlar məktəbə başlayanda Meri evdə təkbaşına keçirdiyi saatları qadın jurnallarına qısa hekayələr yazmaqla dəyərləndirir. Getdikcə daha peşəkar yazarlardan hekayələrinin həm üslub, həm texnika, həm də mövzu baxımından çox inkişaf etdiyini eşidən gənc ana, roman yazmağa qərar verir: “İlk roman beş ilimi aldı. Amma ağlıma da gəlməzdi ki, onun nəşrindən belə asanlıqla imtina edəcəklər”.
Rədd olunmuşluq duyğusundan yaranan incikliklə müəllif yenidən qısa hekayə yazmağa qayıdır. Elə ona beynəlxalq nüfuz gətirən “Gölün sahilində” romanı da həmin qısa hekayələrdən birinin üzərində yaranıb: “Mən yazı prosesinin vurğunu idim. Mən durmadan insanların danışıq və həyat tərzlərini, düşüncələrini, davranışlarını müşahidə edir, özləri üçün tətbiq etdikləri həyat qanunlarını götür-qoy edirdim – bütün bunlar mənə çox tanış idi. Mən gördüyüm hər şeyi beynimdə işləyirdim”.
Bu əsər də Merinin beş ilini alır. Lakin nəticə dəyişmir, naşirlər onun əsərinin nəşrindən imtina edirlər. Lakin bu dəfə müəllif qısa hekayəyə qayıtmır, ikinci romanını yazmağa başlayır: “Bir də oyandıq ki, nəşriyyatlar arasında gərgin mübarizə başlayıb, hamı yeni imzalar axtarır. Elə həmin dövrdə paralel olaraq, üç nəşriyyatdan “Gölün sahilində” romanının nəşri üçün təklif gəldi”. Beləliklə, 55 yaşında müəllifin ilk romanı işıq üzü görür. Bu romanlar Lausonun bütün yaradıcılığı gün işığına çıxır. Debüt roman elə həmin il – 2002 – dünyanın 23 dilinə tərcümə edilir. 25 ölkədə dəfələrlə nəşr edilən əsər “Nyu-York Taymz” bestselleri olur. İan MakEvanın “Borc” əsərindən sonra ilk romandır ki, Kanadada 75 həftə “həftənin ən çox satılan” kitabı olub.
İkinci romanla Lauson “Man Booker” ədəbi mükafatına layiq görülür. Nüfuzu birə-beş güclənir. Bu əsərdə də hadisələr Merinin doğulub böyüdüyü yerlərdə baş verir. İlk iki romanın uğurlu çıxışından sonra ədib yazıdan uzaqlaşmağa qərar verir: “Bir romanı beş ilə yazırdım. Bu çox əziyyətli, vaxt aparan, insanın səbrini tükəndirən işdir. İkinci romandan sonra düşündüm ki, bura qədər. Artıq dayanıram. Lakin cəmi altı ay sonra özümü yenə əlimdə qələm bu masanın arxasında tapdım”.
-Sizi “Gölün sahilində”ni yazmağa nə həvəsləndirdi?
-Vicdanla cavab versəm, bilmirəm. Qısa bir hekayətdən yarana roman idi, o qısa hekayə isə bir cümlədən yaranmışdı, o cümlə isə beynimə çox erkən oyandığım səhərlərdən birində və səbəbsizcə gəlmişdi. “Nənəm ip əyirənini təmir etdirəndə eyni zamanda kitab da oxuya bilsin deyə, kitab tutacağı düzəltdirmişdi”. Həqiqətən də, belə yarandı. Faktdan, təxəyyüldən yox. Amma hələ də bu fikrin, o xatirənin beynimdə niyə və necə canlandığı ilə bağlı bir fikrim yoxdur. Mən heç nənəmi xatırlamıram, anam uşaq vaxtımızda nənəmi tez-tez yad edərdi və nədənsə onu həmişə ip əyirən vəziyyətdə təsvir edirdi. Hekayə yazıldı və üzərində uzun zaman keçdi. Həmin zaman kəsimində mən valideynlərimi itirdim, uşaqlarım bizdən ayrı yaşamağa başladılar. Artıq həmişəkindən daha çox tək zaman keçirirdim və tez-tez keçmişi, ailəmi, xatirələrimi yada salırdım. Heç bir şübhəm yoxdur ki, bu romanın yazılmasında bunların böyük rolu olub.
-Müəyyən mənada romanın qəhrəmanı Keyti avtobioqrafik surət hesab edə bilərikmi?
-Əgər romanın avtobioqrafik olub-olmadığını nəzərdə tutursunuzsa, xeyr. Roman avtobioqrafik deyil, orada virtual olaraq baş verən hadisələrin heç biri mənim həyatımda yaşanmayıb. Eləcə də, Keyt. Mən orada özümdən tamamilə fərqli qəhrəman yaratmışam. O, olduqca ciddi və sərt təbiətlidir, onu yaşadığı hadisələr bu cür edib. Həyatı itkilərlə, başına gələn haqsızlıqlarla zədələnib, inancı korlanıb. Ona görə də, Keyt özünü qorumaq üçün insanlarla arasına aşılmaz çəpərlər şəkib. Həyat mənə qarşı Keytə davrandığından çox-çox mərhəmətli davranıb.
-Bəs, qəhrəmanlar necə?
-Qəhrəmanlar bəli. Onların çoxu mənim real həyatda tanıdığım insanlardır. Çoxu bir yerdə böyüdüyüm, xarakteri mənə həmişə fərqli görünmüş dostlarım, yaxınlarımdır. Birinci romanda qəhrəmanlardan biri bacımdır. Çünki bacım da olduqca höcət və çətin xasiyyətli idi. Romanda obrazını yaratmaq üçün ondan icazə aldım, o da razılaşdı. O zaman heç kim mənim hansısa romanımın işıq üzü görə biləcəyinə inanmadığı üçün hamı dərhal razılaşırdı. Bu sonu görsə, əminəm ki, onu yola gətirmək mümkün olmazdı.
-Bu romanın arxa fonu üçün niyə məhz Şimali Ontarionu seçdiniz? Uşaqlıq yaddaşınızdakı yerləri nə qədər dəqiq təsvir edə bilmisiniz?
-Düzdür, mən Cənubi Ontarioda doğulmuşam. Amma ailəm ilin böyük əksəriyyətini Şimalda keçirirdi. Ora mənim böyüdüyüm yerdir, ev, vətən haqqında düşünəndə, birinci oranı xatırlayıram. O gölün kənarında yaşayan heç kim yad deyildi. Oralar ölkənin digər yerlərindən o qədər təcrid olunmuşdu ki, hamı heç bir qarşılıq və mənfəət güdmədən bir-birinin qayğısına qalırdı.
-İlk başlarda roman yazmaq necə idi?
-Dostlar harda görsə, romanı soruşur, işin necə getdiyi ilə maraqlanırdılar. Bundan əvvəl isə bir dəfə romanım bir neçə yerdən çapından imtina edildiyinə və iş də uzandıqca-uzandığına görə özümü axmaq kimi hiss edirdim. Roman hazır oldu və nəşriyyatlar onun çapından imtina etdikdən sonra düşünürdüm ki, mən, həqiqətən də, axmağam. Hamının gördüyü həqiqəti dərk etmək istəmirəm. Həmin o sərsəm duyğunu ilk kitabın nəşri ilə də tamamilə unutdum.
-Bu romanın yazılması prosesi necə getdi? Sonda qarşınızda canlanan mənzərə, aynadakı şəkil romana başlamadan əvvəl beyninizdə canlandırdığınızla uyğun gəlirdimi?
-Bu romanı sevirəm, çünki mən onu əylənərək, zövq ala-ala, böyük həvəs və qayğı ilə yazmışam. Daha da dərinliklə cavab verəsi olsam, bu roman üçün sərf etdiyim hər dəqiqəni həyatımın ən mənalı, dəyərli anları hesab edirəm. Həyat yoldaşım birinci dəfə bunu oxuyanda dedi ki, burada bir əjdahanın yükü var, amma sən yoxsan. Əslində, isə mən romanımın hər sətrində varam. Bu bütün yazıçılar üçün belədir. Mənə elə gəlir ki, düzəliş mərhələsində və redaktə zamanı silinən hər söz, hər səhnə, təsvir yazarın həyatından silinən anlardır. Baxmayaraq ki, yekunlaşması uzun çəkdi, amma mən bu gün də onun vərəqbəvərəq necə yazıldığını xatırlayıram.
-Uzaqdan da olsa, Kanadalı yazar Montqomoeri ilə qohumluğunuz var. Ailənizdə başqa yazar varmı?
-Montqomeri mənim babamın əmisi uşağıdır. İnanmıram ki, mənim yazmağa olan həvəsimin onunla bir əlaqəsi olsun. Mən onu heç vaxt görməmişəm. Məsələn, anam çox gözəlk məktublar yazardı sevdiklərinə sonralar bu ənənəni unutdu.
-Ən sevimli yazarlarınız kimlərdir?
- Cek London.
-“Yol bitir”də də hadisələr yenə eyni yerdə baş verir. Niyə dönüb-dönüb Ontarioya qayıdırsınız?
-Mən heç kimi inandıra bilmirəm ki, bu mənim əlimdə deyil. Roman yazarkən nəyi harada yazacağımı planlaşdırmıram, bu heç də belə detalları planlayacaq qədər şüurlu davam edən proses deyil.
P.S. Yazıda “essentialsurrey” və “penguinrandomhouse” internet dərgilərində yer almış müsahibələrdən istifadə olunub.
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər