• çərşənbə, 17 Aprel, 02:24
  • Baku Bakı 14°C

Leyli və Məcnun

18.04.16 11:33 2947
Leyli və Məcnun
Dostları Zeyddən üz döndərir. Zeyd Məcnunla dostlaşır. Bir gün o, Məcnuna deyir ki, belə gözəl şeirlərin ola-ola niyə özünü belə zəlil günə salmısan. Mən də sənin kimi qəm yedim, göz yaşı axıtdım.
Nəhayət, dərdə dözdüm,
Şərbət içib xörək də yedim.
Bu divanəlikdən gəl əl çək (210).

Məcnun Zeydin sözlərindən hirslənib onu qovur:
Məni nə üçün divanə adlandırırsan,
Divanə o adamdır ki, öz xeyrini güdür.
Divanə o adamdır ki, bu dünyada
Öz hasarının bəndini möhkəmləndirir (211).

Burada iki əks nöqteyi-nəzər qarşı-qarşıya qoyulur: Zeydin ifadə etdiyi mühitin nöqteyi-nəzəri və Məcnunun ifadə etdiyi ideal aşiqin, ruh əhlinin nöqteyi-nəzəri. Ənənəvi baxımdan “öz xeyrini güdmək” ağıllılıqdır, Məcnun mövqeyindən isə dəlilikdir. Mühit əhli var-dövləti, neməti, dünya malını sevdi və bununla da dünyanın əsiri oldu. Hər şeyi olan insanın bir şeyi olmadı – ruhi azadlığı. Məcnun isə dünya malından gözünü çəkdi, ruhi azadlıq qazandı. Ona görə də mühit Məcnunu, Məcnun da mühiti dəli adlandırır. Məcnun Zeydə öz “dəliliyini” belə izah edir:

Mən bu xarabata gəlmişəm,
Yaxın adamlarımdan əlaqəni kəsmişəm.
Qeybət etmirəm, hiylə qurmuram,
Qafil yaşamıram, səhvə yol vermirəm.
Əcəl mənə “qaç” deməzdən,
Zorla qalxmışam və bu güclə
Bu gordan (dünyadan) o gora tərəf yol almışam,
Məcnunluğumu (dəliliyimi) bundan başqa heç nədə görmürəm.
Dəli əgər belə edərsə, bəli, mən buyam (213).

Həyatdan və onun ucuz nəşələrindən dördəlli yapışanlar əlini dünyadan üzmüş Məcnunu dəli adlandırırlar. Nadanlar aqillərə ağıl öyrədirlər. Ot yeyənlər eşq deyənləri dərk edə bilmirlər. Çox əcaib bir paradoks yaranır: korlar gözlülərə yedəkçilik edirlər, qafillər oyaqlara yol göstərirlər. Hər şeyin yerdəyişik düşdüyü bu dünyada “ağıllı” Zeyd “dəli” Qeysə nəsihət verir. Nadan aqilə güləndə əsrin faciəsi baş verir. Əsrin faciəsi baş verəndə bəşəriyyət qəflət yuxusundan ayılır. Ona görə də Məcnun faciəsi həm də bəşəriyyətin nicatıdır. Dünya öz dahilərini, müqəddəslərini, sayseçmələrini əvvəlcə məhv edir, sonra da onların qəbirlərini ziyarətgaha çevirir. Görünür, haqqa çatmağın başqa yolu yoxdur. Məcnun da haqqı öz faciəsi bahasına qazandı. Ona görə də cəmiyyətin gözündə zəlil və zavallı görünən Məcnun əslində bir şəxsiyyət kimi çox möhtəşəmdir.
Ruhi vəziyyət kimi Məcnun eşqi şəhvani ehtirasın tam əksidir. Şəhvət cismani və real əbədiyyətə xidmət edir. İnsan nəsli bu yolla öz varlığını qoruyur. Cinsiyyətin gücü və ümumbəşəri mənası da elə bundadır. Bu, əbədiyyətin bəsit və bütün canlılara xas olan formasıdır. Burada fərd əbədiyyəti öz nəslinin davamında tapır. Fərdin özü isə heç cür fanilikdən yaxa qurtara bilmir.
Eşq və ruhani həyat ideal və ruhi əbədiyyətə xidmət edir. Ruh fərdin əbədiyyətə qovuşmaq vasitəsidir. Eşqdə fərd öz nəslini yox, öz ruhunu əbədiləşdirir.
O eşq sərsəri xəyal sayıla bilməz ki,
Onun sonu sonsuz əbədiyyətdir.

Məcnun iztirabı cisimdən yaxa qurtarmağa çalışan canın iztirabıdır.
Eşq Məcnunu həm zəlil edir, həm də möhtəşəm. Məcnun möhtəşəmliyinin mahiyyəti ondadır ki, o, eşq yolunda bütün tənələrə və təhqirlərə mətanətlə dözür, ad-sanından, mənliyindən keçir, elin gözündə alçalır və alçaldıqca da ucalır, öz idealına sadiq qalır. Məcnun məzlumluğunun dərəcəsi Məcnun fədakarlığının həddini göstərir. Məcnun şöhrəti nəbilik şöhrətinə bənzəyir, qeysərlik şöhrətinə yox. Məcnun öz eşqi ilə göstərdi ki, insan yüksək ruhi kamillik dərəcəsinə çata bilər. Məcnun eşqində ruhun saflığı və əzəməti təsdiq olunur. Aşiq ruhi cəhətdən kamil insan səviyyəsinə yüksəlir. Sonralar çoxları özünü Məcnun adlandıracaqlar, amma heç kəs eşqdə Məcnun səviyyəsinə yüksələ bilməyəcək. Məcnunluq mütləq eşqin rəmzidir. Məcnun eşqi əlçatmaz bir ideal kimi, bir günəş kimi həmişə aşiqlərin yoluna işıq saçacaq. Məcnunluq bəşəriyyətin can atdığı, lakin heç vaxt çata bilmədiyi ən yüksək idealdır. Məcnunluq, tarixi insanın ruhi kamilləşmə yolunda irəliyə doğru atdığı ən vacib addımlardan biridir.
Nizaminin eşq fəlsəfəsi onun ruh fəlsəfəsidir. Eşqin təntənəsi ruhun təntənəsidir, eşqin faciəsi ruhun faciəsidir. İnsan ruhla vücudun əbədi mübarizə meydanı kimi təsvir olunur. Ruhun qidası eşq, vücudun qidası çörəkdir. Burada eşq və çörək rəmzlər kimi başa düşülməlidir. Məcnun bütün azuqələrdən imtina edir. Ruhi varlıq kimi o, yalnız eşqlə qidalanır. Bağdadlı Salam və ya Zeyd isə həmişə yeməkdən danışır və həyatın əsasını da yeməkdə görürlər. Onlardan heç biri sırf ruhi mövcudluq səviyyəsinə yüksələ bilməmişlər. İnsanın tarixi təkamülünü və onun kamilləşmə yolunu Nizami ruhun tədricən vücud üzərində qələbəsi kimi təsvir edir. Onun fikrincə, ruhi kamilləşmə prosesi özünün ən yüksək zirvəsinə və ideal vəziyyətə onda çatır ki, insan bütün həvəslərdən azad olub Allahı sevsin və ona tapınsın. İnsanlara bu ali kamillik az-az qismət olur. Yalnız peyğəmbərlər tam ruhi kamillik dərəcəsinə çatır və ruhən Allaha qovuşurlar. Ona görə də peyğəmbərlik Nizaminin insan fəlsəfəsinin yekunu və həlli kimi qiymətləndirilə bilər. Peyğəmbərlik insanın çata biləcəyi ifrat ruhi kamillik səviyyəsidir. Nizaminin insan idealı öz ifadəsini məhz peyğəmbər obrazında tapır. Məcnun isə adi insanlarla peyğəmbər arasında bir keçid mərhələsidir. Məcnunu Nizaminin insan idealı hesab etmək olmaz. Ruhi kamillik nöqteyi-nəzərindən onda peyğəmbərlikdən bir nişanə var. Lakin o, Allahı görə bilmədi, bütpərəst olaraq qaldı.
M.İbrahimov qeyd edir ki, Nizami ”insanı ruhlandıran sənəti sevir”, “Leyli və Məcnun” isə “qüssə ilə dolu olan mövzudur”. Bu fikri bir qədər dəqiqləşdirmək lazımdır. Doğrudan da, Nizami Şirvanşah Birinci Asxitandan sifariş alanda çox da sevinmədi. İşin çətinliyini Leyli-Məcnun əhvalatının bədbin bir əhvalat olmasında gördü. Lakin bu heç də o demək deyil ki, şəxsən Nizami özü nəşəli mövzuları ələmli mövzulardan daha çox xoşlayırdı. Sadəcə olaraq, o, başa düşürdü ki, məhz saray əhli “insanı ruhlandıran” əsərləri daha çox sevir. Nizaminin özünə gəlincə, demək lazımdır ki, şair qəmli mövzulara üstünlük verir. Məhz qəm və ələm insan ruhunun dərinliklərinə baş vurmağa daha çox imkan yaradır. Təsadüfi deyil ki, Nizami poemalarının hamısı kədərli sonluqla bitir. Nəşə vücudun, kədər isə ruhun təzahürüdür. Nizami əsasən ruhun incəliklərini təsvir edən şairdir. Ona görə də o, qəmdən və qəmli mövzudan qorxan şair deyil.
Eşq Məcnun qəlbinə sevinc əvəzinə iztirab gətirir. Bunun səbəbi nədədir? Eşq insan ruhunun insan ehtirasları ilə mübarizəsidir. Eşq insanı ruhi kamilliyə aparan qüvvədir. Eşqdə insan özünə qalib gəlir və bu yolla da kamilləşir. Bu, ruhun cərrahiyyəsi kimi bir şeydir – yəni lazımsız və xəstə hisslərdən azad olmaq yolu ilə ruhun saflaşmasıdır. Sevmək öz qürurunu, öz mənliyini, nəhayət, öz mövcudluğunu qurban verməklə özündən yaxa qurtarmaq və başqa, ali bir mahiyyət kəsb etmək deməkdir. Aşiqlik insanın özünə qəsdidir. Bu isə insan üçün acılı və ağrılı bir haldır. Eşq həm də mənəvi saflaşma, ruhi sağalma, kamilləşmə vəziyyətidir. O, insanın mənəvi və ruhi mərəzlərdən və qüsurlardan azad olub ruhən sağalmasına xidmət edir ki, bu da insana şirin və nəşəli bir duyğu bəxş edir. Acılıq içərisində bir şirinlik, ağrı içərisində bir rahatlıq yaranır. Cərrah bıçağının verdiyi ağrıdan sonra yaranan rahatlıq xəstə vücud üçün nə deməkdirsə, eşqin bəxş etdiyi qüssə içərisindəki nəşə də ruh üçün o deməkdir.
Eşqsiz insan ya bəsit canlı səviyyəsində bir məxluq, ya da allahlıq iddiasında olan bir iblisdir. Eşqsizlik özünə qane olmaq deməkdir. Eşq isə insanın özü ilə mübarizəsidir, özünü özündən alıb başqasına qurban vermək bacarığıdır. Məcnun eşqinin zirvəsi onun özünü tam unutmasında və özünü Leyli şəxsiyyətində görməsindədir. Məcnunun nəzərində Leyli və Qeys ayrı-ayrı adamlar deyillər, onlar birdir. Məcnun kağızdan Leylinin adını pozub öz adını saxlayır və bunu belə izah edir: Məcnunda elə Leyli də var. Bu, iki varlığın birləşməsi, iki ruhun bir olması deməkdir. Bu vəhdət Məcnunun öz mənliyindən imtina edib, Leyli varlığını özünə mənlik kimi qəbul etməsi nəticəsində baş verir.
Mən mən deyiləm, mən sənəm.
Mən yoxam, sən varsan.

Yuxarıda Məcnun aqibətinin faciəviliyindən qısaca söz açmışdıq. Bu haqda bir qədər geniş danışmağı lazım bilirik. Məcnunun faciəvi bir qəhrəman olmasını şərtləndirən amillər var. Hər şeydən əvvəl Məcnun güclü şəxsiyyətdir, möhtəşəmdir. Yalnız əzəmətli şəxsiyyətlərin faciəsindən danışmaq olar. Zəif şəxsiyyətlər olsa-olsa komik planda əks oluna bilərlər. Güclü ehtirasa malik şəxsiyyət istər-istəməz mühitlə, zəmanəylə və ənənəvi normalarla ziddiyyət təşkil edir və onlarla münaqişəyə girir. Məcnunun faciəsini yaradan da onun düşdüyü vəziyyət və düçar olduğu münaqişədir. Məcnun elə bir vəziyyətə düşür ki, o vəziyyətdən çıxış yolu yoxdur, daha doğrusu, o vəziyyətdən mümkün olan iki çıxış yolundan heç biri qəhrəmanı faciədən xilas edə bilmir. Məcnun ya eşqinə sadiq qalıb mühitlə əlaqəni kəsməli, boya-başa çatdığı ailəni, ata-ananı və s. qurban verməli, ya da sevdiyi Leylini və öz eşqini qurban verməli idi. Hər iki halda faciə qaçılmaz bir labüdlük kimi Məcnunu izləyəcəkdi. Bu vəziyyətin özü faciəvi vəziyyətdir. Üz-üzə dayanan iki qüvvə, iki dəyər – şəxsiyyət və mühit, eşq və adət-ənənə eyni dərəcədə güclü, inkaredilməz, fərdin iradəsindən kənarda olan amillərdir. Məcnunun faciəsi onun Leylini sevdiyi gündən başlanır. Çünki bu eşq onu çıxılmaz vəziyyətə salır. Bir tərəfdən eşq Məcnun həyatının mənasına çevrilir, digər tərəfdən isə bu eşq başqalarının nəzərində dəlilik kimi qiymətləndirilir. Məcnun nə Leylidən əl üzə bilir, nə də ona çata bilir. Məcnun özü istəmədən doğulub boya-başa çatdığı mühitdən ayrılmalı olur. Fərd üçün bu, çox böyük qurbandır. Məcnun öz eşqi ilə təkbətək qalır. Hər şey tək eşqə qurban verilir. Bütün bunlar Məcnun faciəsinin obyektiv səbəbləridir.
Lakin Məcnun faciəsinin əsl səbəbkarı təkcə mühit deyil, həm də aşiqin özüdür. Zəmanəylə münaqişəyə girən qəhrəman öz üzərinə çox böyük məsuliyyət götürmüş olur və bununla da böyük günah işlətmiş olur. Günahsız faciə olmur. Şəxsiyyətin onu ölümə aparan günahına faciəvi günah deyilir. Məcnunun faciəvi günahı nədədir? Faciəvi günah öz mahiyyəti etibarı ilə qəhrəmanın hər hansı məziyyətinin nəticəsi və ifadəsidir. Burada qüsur məziyyətdən törəyir. Məcnunun günahı və ya qüsuru onun Leylini qeyri-adi bir məhəbbətlə sevməsindədir. Sevmək günah deyil. Lakin qadını ilahi qədər sevmək günahdır. Məcnun Leylini ilahi qədər sevir. Bu, məziyyətdən doğan qüsurdur. Məcnunun faciəsini şərtləndirən günah da elə bundan ibarətdir. Məcnun eşqi adi bir məhəbbət olsaydı, heç bir faciə baş verməzdi. Məcnun isə başqa cür sevə bilmir. Vəziyyətin çıxılmazlığı da elə bu səbəbdən yaranır. Məcnun öz eşqilə zəmanəyə və mühitə sığmır, günahkar olur – günahsız günahkar.
Beləliklə, Məcnunun günahı onun Leylini ilahi qədər sevməsidir. Məcnunun qəlbindəki ali eşq öz obyektini düzgün tapa bilmədi. Bu eşq yalnız Allaha sarı yönəldiyi halda aşiqə səadət gətirə bilərdi. İnsanın belə bir eşqə qadir olması ona böyük şərəf gətirir. Lakin bu eşqin öz ünvanını düzgün tapa bilməməsi aşiqi çıxılmaz və sonsuz zillətlərə düçar edir. Bu eşq Məcnunu həm ucaldır, həm də məhv edir. Leyli İbn Salamdan azad olub öz sevgilisinə qovuşmağa hazır olanda Məcnun ondan imtina edir. Həmişə Leyli həsrətində olan Məcnun ondan qaçır. Vüsal Məcnun eşqini qane etmir. Vüsal eşqdən aşağıdır. Eşqin ilahi nəşəsini vüsalın bəsit nəşəsilə əvəz etmək qorxusu yaranır və ona görə də Məcnun vüsaldan imtina edir. Məcnun eşqi elə bir vəziyyətə çatmışdı ki, vüsal onu məhv edə bilərdi. Məcnun öz ilahi eşqini adi bir qadına sarı yönəltdiyindən bu eşqin odunda həm özünü, həm də məşuqəsini məhv etdi. Məcnunun günahı bundan ibarətdir. O, özü ilə Leyli arasında insan-ilahi münasibətləri yaratmışdı. M.Ə.Rəsulzadə bu haqda yazırdı: “Nizaminin təsvir etdiyi Məcnun bütünlüklə özünü idealına bağlamış fədakar və səmimi bir idealist simvoludur. Aşiq – mömin və ya mücahidin, məşuq Allah və ya idealın timsalıdır”. Yəni Məcnun mömin mövqeyində, Leyli isə Allah məqamında dayanmışdır.
Məcnunun faciəsi başqa faciələrdən fərqli olaraq kəskin, münaqişəsiz və mübarizəsiz baş verir. Daha doğrusu, münaqişə və mübarizə qəhrəmanların daxilində, onların ruhunda cərəyan edir. Zahirən isə onlar çox süst və passiv görünürlər.
Poemada vacib məsələlərdən biri də qəhrəmanın xarakterinin təkamülü məsələsidir. Məcnunun həyat yolu və daxili təkamülü əsasən iki vacib amil ilə bağlıdır. Onlardan biri ruhi saflaşma prosesi, ruhun tədricən vücud üzərində qələbəsi, digəri isə Məcnunun dünyayla, insanlarla real əlaqələrinin kəsilməsi amilidir.

Məmməd QOCAYEV
banner

Oxşar Xəbərlər