HAYKUNUN OXUNMA VƏ ANLAMA QAYDASI

HAYKUNUN OXUNMA VƏ ANLAMA QAYDASI

25 Aprel 2016, 09:53 2889
Hayku janrı VIII əsrdən məşhur olan digər klassik janr - 31 hecalı tankadan əmələ gəlib. Tankada sezura (şeirdə sözlər arasında fasilə) vardı. Və o, həmin hissədən iki yerə "parçalandı". 17 hecalı üç misralıq və 14 hecalı iki misralıq şeir, adətən iki müəllif tərəfindən deyilən özünməxsus bir dialoq formasını aldı. Bu üç misralıq şeirin ilk forması "ilk misralar" mənasını verən “hokku” adlanırdı. Üç misralıq şeir müstəqil əhəmiyyət kəsb edəndə öz mürəkkəb xüsusiyyətləri olan janra çevrilərək “hayku” adlandı.

Yapon dahisi özünü ancaq müxtəsərlikdə tapır. Üç misralıq hayku, yapon poeziyasının ən lakonik janrıdır: üç misrası 5-7-5 hecalara bölünməklə, cəmi 17 hecadan ibarət şeirdə əsas üç-dörd dəyərli söz var. Yapon dilində hayku yuxarıdan aşağıya bir misrada yazılır. Avropa dillərində isə hayku üç misrada yazılır. Yapon poeziyasında qafiyə yoxdur. IX əsrdə yapon dilinin fonetikası yaranıb. Ora cəmi 5 sait (a, i, u, e, o) və 10 samit səs (cingiltili səslərdən başqa) daxildir. Bu cür fonetik kasıblıqda heç bir maraqlı qafiyə qurmaq mümkün deyil. Formal olaraq şeirlər hecaların hesabına yaranır.
XVII əsrə qədər hayku deyilməyinə oyun kimi baxırdılar. Hayku ədəbi səhnədə şair Matsuo Basyonun görünməsi ilə ciddi janr fomrasını aldı. 1681-ci ildə o, qarğa haqqında məşhur haykusunu yazdı və hayku dünyasını tamamilə dəyişdi:

Ölü budaqda
Qarğa görünür.
Payız axşamı.


Qeyd edim ki, yaşlı nəslin rus simvolisti Konstantin Balmont bu tərcümədə “quru” budaq ifadəsini “ölü” ilə əvəzləşdirməklə, şeiri yapon poeziyasının qanunlarındakından daha da çox dramatikləşdirmişdir. Sən demə tərcümədə “dəyərli sözlərdən" qaçmaq qanunu pozulmuşdur. “Haykunun sözləri” (hayqo) qəsdən sadə verilmiş, çətin qavranılan, lakin aydın duyulan şirinliyi ilə seçilməlidir. Buna baxmayaraq, bu tərcümə Basyonun yaratdığı, klassikaya çevrilmiş, özündə kədəri, həsrəti əks etdirən haykuda əhval-ruhiyyəsi dəqiq ötürür. Bu şeirin daha bir tərcüməsinə nəzər salaq:

Boş budaqda
Qarğa tənha oturub
Bir payız axşamında...


Burada isə tərcüməçi “tənha” sözünü əlavə edib. Həmin söz yapon mətninə yaddır. Lakin buna baxmayaraq, onun əlavə edilməsinə də haqq qazandırmaq olar. Belə ki, “payız axşamında kədərli tənhalıq” bu haykunun əsas mövzusudur. Hər iki tərcümə tənqidçilər tərəfindən yüksək qiymətləndirilir.
Lakin məlumdur ki, şeir tərcümə olunmuş variyantlardan daha sadə qurulub. Əgər onu hərfi tərcümə edib, yaponlar kimi bir misraya düzsək, bu cür qısa deyim ortaya çıxar:
Quru budaqda / qarğa oturub / payız alatoranlığında
Gördüyümüz kimi orijinal versiyada “qara” sözü yoxdur, o, ancaq nəzərdə tutulur. “Soyunmuş budaqda üşüyən qarğa” obrazı mənşəyinə görə Çinə məxsusdur. “Payız alatoranlığı” (aki-nokure) ifadəsini “son bahar” kimi də izah etmək olar. Monoxromluq (eynirənglilik) – hayku sənətində yüksək dəyərləndirilən keyfiyyətdir; bütün rəngləri silib aparan, ilin və günün vaxtı əks olunub.
Hayku hər şeydən az təsvirdir. Yəni ki, haykularda təsvirlərdən çox az istifadə olunur. Klassiklər deyirdilər ki, təsvir etmək yox, əşyaları ən sadə sözlərlə (“əşyalara ad qoymaq” – na-o noru) adlandırmaq lazımdır.
Hayku – Avropada üzün müddət “miniatür” adlandırılsa da, heç də miniatür deyil. XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış dahi hayku şairi Masaoka Siki yazırdı ki, hayku özündə bütün dünyanı - çağlayan okean, zəlzələ, qasırğa, səma və ulduzlar, ən yüksək zirvlərdən tutmuş, dənizlərin ən dərinliklərinə qədər bütün dünyanı cəmləşdirir. Hayku sahəsi ölçüsüzdür, sonsuzdur. Bəzən haykuların uzunluğu sanki bir ömrə bərabər olur. Öz qısa formasının əksi olaraq, üzün əsərə - şeir toplusuna çevrilir.
Lakin vaxt axınını, keçmişi və gələcəyi hayku təsvir etmir, hayku yalnız indiki zamanın ən qısa təzahürüdür. Yaponiyanın ən sevimli şairi - Kobayasi İssanın haykusunu misal göstərir:

Gör necə albalı çiçəkləyib!
O, atdan saldı
Məğrur knyazı belə!


Anilik (sürəksizlik) – yaponların fikrincə həyatın immanent (həyata xas olan) xüsusiyyətidir. Onsuz həyatın nə dəyəri, nə də mənası var. Anilik təbiətinin dəyişkən və stabil olmamağı ilə həm gözəl və həm də kədərlidir.
Haykunu mənzərə lirikasıyla oxumaq lazım deyil. Yaponlar haykunun əsas mövzusunun “şair və mənzərə” olduğunu qeyd etsələr də, özləri heç vaxt haykunu bu ruhda yazmırdılar.
Hayku poeziyasında əsas yeri ilin dörd fəsli – payız, qış, yaz, yay arasındakı əlaqə tutur. Müdriklər deyirdi: “İlin fəsillərini görən adam, hər şeyi görüb!” Yəni doğuluşu, böyüməni, sevgini, yeni doğuluşu və ölümü görüb. Buna görə də klassik haykuda əsas element “mövsümi sözdür” (kiqo). O, şeiri ilin fəsilləri ilə əlaqələndirir. Bu sözlər yaponlara yaxşı məlum olsa da, əcnəbilərə çətin anlaşılır. İndi yapon şəbəkələrində kiqonun məlumatlar bazası axtarılır, bəziləri artıq minlərlə söz sayıb.
Yuxarıda qeyd olunan qarğa haqqındakı haykuda mövsümi söz “payız”dır. Bu şeirin koloriti payız axşamına uyğun abı-havada, “payız alatoranı” kimi, daha doğrusu bulanmaqda olan alatoran kimi qaradır.
Bir görün Basyo mövsümi vacib əlaməti ayrılıq haqqında şeirə necə gözəl gətirib:

Aroanın hörüyündən
Yapışdım, dayaq kimi...
Ah necə də ağırdır ayrılıq anı!


“Arpa hörüyü” birbaşa dünyanın sonuna işarədir.
Və ya şairə Fukuda Tiyo-ninin balaca oğlunun ölümünə həsr etdiyi şeir:

Mənim iynəcə tutan oğlum!
Hara, hansı naməlum ölkəyə,
İndi sən uçub getdin?


"İynəcə" (cücülər sinfinə aid heyvan) - yay üçün mövsümü sözdür.

Basyonun daha bir yay fəslinə aid şeiri:

Yay otları!
Budur onlar, həlak olmuş döyüşçülər
Şöhrət xəyalları...


Basyonu səyahət şairi adlandırırlar: o, əsl hayku axtarışında bütün Yaponiya boyunca yemək və gecələməkçün yer haqqında düşünmədən, ucqar dağlarda, insan ayağı dəyməyən yerlərdə çox gəzib dolaşmışdır. Yol boyu ona ölüm qorxusu yoldaşlıq etmişdir. Həmin qorxunun işarəsi "Sahədə ağaran sümüklər" olmuşdur. Bu, onun haybun (hayku stilində proza) janrında yazdığı poetik gündəliyinin - ilk kitabının adı olmuşdur:

Ola bilər ki, sümüklərimi
Külək ağaradacaq... O ürəyində
Soyuq nəfəs verdi mənə.


Basyodan sonra "yolda ölüm" mövzusu yeni üsul, yeni yol tapdı. Bu - "Ölümqabağı nəğmə" onun sonuncu şeiridir:

Yolda halım pisləşdi,
Elə hey fırfıra kimi qaçır yuxum
Yandırılmış tarlalarda.


Basyonu yamsılayaraq hayku şairləri ölümqabağı "son misralarını" yazırdılar.

Basyonun, Busonanın, İssanın "əsl" (makoto-no) şeirləri bizim çağdaşlarımıza yaxındır. Onlar arasındakı tarixi distansiya sanki XV əsrdən bu günümüzə kimi hayku dilinin dəyişilməzliyi, təbiətdən formullaşması sayəsində götürülmüşdür. Haykuçunun dünya görüşündə ən başlıcası əşyaların formasına, onların məğzinə və aralarındakı əlaqəyə olan şəxsi marağıdır. Basyonun sözlərini yada salaq: "Şam ağacının nə olduğunu şam ağacından, bambukun nə olduğunu bambukdan öyrən". Yapon şairləri tərəfindən təbiətin meditativ müşahidəsi, insanı əhatə edən dünya, təbiətdə əşyaların və hadisələrin sonsuz dövr etməsi və s. tətbiq olunurdu. Şairin məqsədi təbiəti müşahidə etmək və insanın dünyayla əlaqələrini intuitiv şəkildə qavramaqdır; haykuçular çirkinliyi, dağınıqlığı inkar edirlər, sevmirlər.
Basyo nəyinki hayku şeirlərini və haybun prozasını yaratmışdı, o, həmçinin şair-səyyah obrazını - nəcib ər, zahirən asketik (zahid, tərki-dünya), dilənçi paltarında, dünyəvi olan hər şeydən uzaq bir şair obrazını gətirdi. Hayku şairinə səyahət etməyə mübtəlalıq, böyüyü kiçik bir şeyə yansıtmak kimi dzen-buddist bacarığı, dünyanın faniliyinin dərki, həyatın kövrəkliyi və qeyri-sabitliyi, insanla təbiətin ayrılmaz vəhdətdə olmasını, bütün təbiət hadisələrinə və fəsillərin bir-birini əvəz etməsinə qarşı həssaslıq xarakterikdir.
Bu cür insanın idealı kasıbçılıq, sadəlik, səmimilik, mənəvi konsentrasiya durumu, əşyaların dərki üçün zərurət, həm də şeirin aydınlığı, yüngüllüyü, əbədi olanı cari olanla ifadə etməyi bacarmaqdır. Qeydlərin sonunda İssanın 2 şeirini misal çəkək. İssa sahib olduğu hər bir balaca, zərif, müdafiəsiz hər bir şeyinə qarşı xüsusi həssaslıqla yanaşan şair idi.

Asta-asta sürün ilbiz,
Fudzi yamacı boyu.
Ən yüksək zirvələrə doğru!

Körpü altında gizlənib,
Soyuq qış yuxusunda
Yatır evsiz uşaqlar.


Yelena Dyankova
Rus dilindən tərcümə edən:Xanım AYDIN