• cümə, 29 Mart, 09:58
  • Baku Bakı 5°C

GEDƏK QARABAĞA

11.04.16 11:07 3177
GEDƏK QARABAĞA
GEDƏK QARABAĞA
Boyluyam bir nisgilə, yükümü yerə qoymalıyam,
yağının gözlərini oymalıyam,
dilini qopardıb, dərisini soymalıyam,
şirlər oylağında çaqqallar ağa,
GEDƏK QARABAĞA!
Tanrıyla yaxın, xaxan deyiləm,
tutası yaxan deyiləm,
arxacın, arxan deyiləm,
yaprımış biçənəklər gəlməyir kərəntiyə, orağa,
GEDƏK QARABAĞA!
Başqa bir yolum yoxumdu,
ölüm hökmümdü – üzümə oxundu,
bu sükut qəlbimə toxundu,
ümidim bükülüb bir arşın ağa,
GEDƏK QARABAĞA!
Ölmüşəm, ölümü yerdən qaldırmayın,
üstümdə “Cəngi” çaldırmayın,
bu dəfə ürəyimi qırmayın,
qorxaqdı çəkilən qırağa,
GEDƏK QARABAĞA!
Arzumdu, andımdı, ahımdı,
bilmirəm hansı günahımdı,
əl uzatsam çatar – yaxındı,
düymələr qırılıb, açılıb yaxa,
GEDƏK QARABAĞA!
Qaldırın o bayrağı, qaldırın,
Bayquşu zirvədən saldırın,
Qanıma susayıb, düşməndi,
Qırın ermənini, qırın –
bürünək namusa, yarağa,
sarınaq üçrəng bayrağa,
GEDƏK QARABAĞA!
DAHA DÖNMÜŞƏM
Öldürə bilmirəm quldur Məliyi,
Gərdənsiz dəryadı, dolmur dənliyi,
O vəl dabanına keçirib iyi,
Əlimdə nəslinə soyxa dönmüşəm.
Allahın evinə çatmayır duam,
Qarğalar qəsb edib, dağılıb yuvam,
Mən dağlar qızıyam, çatışmır havam,
Şəhərdə şaxıyıb şaxa dönmüşəm.
Sındıra-sındıra oynayan gəlin,
Bir cüt qanad kimi titrəyir əlin,
Tale qarşısında batıbdı dilim,
Bir nəfəs udumu aha dönmüşəm.
Bilirəm bu sonluq çoxdan çözüldü,
“Qarabağ” deməkdən canım üzüldü,
Kəndirimi kəsən şeytan özüdü,
Zəmanə fırladan çarxa dönmüşəm.
Qaldıra bilmədim sinə daşımı,
Oxşaya bilmədim binə daşını,
Tapsam Qarabağda can sirdaşımı,
Deyərəm cənnətə yaxa dönmüşəm.
Vətən həsrətidi dərdin dədəsi,
Yaylaqlar sovulub, Allah bəndəsi,
Mənim göz yaşıma yerikləyirsən,
Bu xəzan vaxtıdı, qışlaq vədəsi –
Suları çəkilən arxa dönmüşəm.
Canıma məlhəmdi əmin-amanlıq,
Yenə erməniyə qalar yamanlıq,
Çoxdandı boş qalıb ağıl, samanlıq –
Əlimdə çomağım daha dönmüşəm.
BATİL YUXULAR
Kərəm sızlayandan başımız şişdi,
elə Qara keşiş həmin keşişdi¬ –
hələ Əsli-Kərəm dastanı bitmir.
Lələnin yuxusu batil olubdu.
Rəngi dəyişibdi boz yapalağın,
üzümə vurulan ağ şapalağın
lalə qızartısı üzümdən getmir –
payımı verdiyim qatil olubdu.
Hanı o musiqi, sənət Qarabağ,
boynuma qoyubdu minnət Qarabağ,
cəllad kötüyüdü cənnət Qarabağ,
xainin boynunda baltası bitmir,
başkəsən cəlladlar adil olubdu.
TƏTİK VAXTIDI
Gül xoşlanır məni görcək,
dağ yaşmanır çəni görcək,
eymənir erməni görcək,
düşmənin güdük vaxtıdı.
boz selatlar diş çıxarıb,
qıjıldayıb qış çıxarıb,
bulud gözünü sıvxarıb,
yamacın kəklik vaxtıdı.
kürəyində alası var,
sinəsində yarası var,
yuvada cüt balası var,
döyükür, təntik vaxtıdı.
ot-ələf yabanı basdı,
haramı obanı basdı,
başında papaq – qapazdı,
tüfəngin tətik vaxtıdı.
MƏNİM SİNƏ DAŞIM VƏTƏN
Gəzdim Qarabağ düzünü.
O dəyirman, dibək dağlar,
o tağalaq göbək dağlar,
qırçıntuman, ipək dağlar
gülünü başıma tökdü.
sonra yantardım sözünü,
sonra yandırdı özümü,
külümü başıma tökdü.
yamacına qar qarlayıb,
dibə dirənib, xarlayıb,
süzüb, başıma carlayıb,
lillənib sinəmə çökdü.
əyan olmur, daşı yatıb,
arxa laldı, qarşı yatıb,
atası-anası ölüb,
bacısı, qardaşı yatıb.
yatıb, bala, baxtım yatıb,
ala-bula vaxtım yatıb,
kim deyir sərvaxtam, yatıb,
qəmi – qəlbimin körüyü,
köçünü könlümdən çəkdi.
Mənim sinə daşım –Vətən,
başımı kəs, qanı çıxmaz.
oğlu didərgin olanı
öldürsən də, canı çıxmaz.
***
Qarabağda bənövşə
tikan kolunun dibində bitir…
Bilib yaşıl çəmənlərin xəracını
görmək istəməyib gözəllik hərracını.
QARA KÖTÜK
Qara bataqlıqda yosun qurdlayıb,
yurd həsrəti ürəyimə hörüklənib,
qara ayrılığın nazını çəkib, qormutlayıb.
Yolum naltökəndi, daşlar diltökən,
qartal qanadında sıyrıntılar var,
bəlkə bu yuxuya yozum deməkdi,
acı ayrılığa çözüm deməkdi .
Üç gün gələcəyəm bu qapıya...
Qaldır papağımı, ocaq payıdı,
bir isti, şəfqətli qucaq payıdı.
***
Qaratikan kölgəsi yurd olsun,
təsəllim ürəyinə qut olsun.
Tirtap düşdü palıd yarmaçaları,
qəzəbi ac-löyün,
şükürlər, bu dəfə ölmədim,
ölümünü gördüm erməni kötüyün.
ÇİYNİMİZDƏKİ DAŞLAR
Daşı daşlamazlar, deyib atalar.
O daşlar çiynimizdə Bakıya gəldi.
Külək başsız zirvələri yalayar,
gözünə torpaq atar ayrılığın,
gedilməyən yollar yenə yatar,
gözündən vurulan dizindən batar.
Bizim bir yolumuz da var –
qaysaq cığırların dərisini soyaq,
gedək Qarabağa –
çiynimizdəki daşları yerə qoyaq.
MAHİRƏ ABDULLA
banner

Oxşar Xəbərlər