• cümə, 19 Aprel, 23:15
  • Baku Bakı 24°C

Firuz Mustafa: “Yazıçı da öz əsəri ilə əsgərin yanında olmalıdır”

18.04.16 11:40 3356
Firuz Mustafa: “Yazıçı da öz əsəri ilə əsgərin yanında olmalıdır”
Adətən müsahiblərimi oxuculara təqdim edərkən onların tutduqları vəzifələri, qazandıqları uğurları sadalamaqdan bir qədər çəkinirəm. Ancaq bu dəfəki müsahibimin indiyə kimi əldə etdiyi uğurları haqqında bəhs etməsəm elə bilirəm ki, qəbahət olar. Qonağımız tanınmış nasir dramaturq, filosof və esseist Firuz Mustаfаdır. Onun onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəkilmiş, pyesləri tamaşaya qoyulmuşdur. Əsərləri хаrici dillərə tərcümə еdilib. Firuz Mustafa bir sıra xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еdib. Müsahibim 40-dan çox kitabın müəllifidir. Uzun illər Azərbaycan Dövlət Televizyasında “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olub. Firuz Mustаfаnın yazdığı mətnlərə tanınmış bəstəkarlar - Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələyiblər. Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür. Аzərbаycаn Yаzıçılаr Birliyi drаmаturgiyа bölməsinin rəhbəri, “Tаc” qəzеtinin və “Tеаtr” jurnаlının təsisçidir.
Qonağımın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulub. Onun yazdığı dram əsərləri sərhədləri aşaraq xarici teatrların səhnələrinə də yol tapıb.
Beləliklə, müsahibimiz Firuz Mustafadır:
- Firuz müəllim, cəbhə xəttində davamlı olaraq 4 gün müharibə getdi. Sizcə baş verən bu hadisələrdən böyük bir ssenari və ya hər hansı dram əsəri yazmaq mümkündürmü?
- Niyə olmasın ki? Mənim müharibə mövzusunda yazdığım bir çox əsərlərim müxtəlif teatrlarda səhnəyə qoyulub. Bu işlə məşğul ola biləcək əlaqədar təşkilatlar, rejissorlar, teatrlar sifariş versə, istənilən yazıçı, dramaturq son dönəmlərdə xalqımızın göstərdiyi qəhrəmanlıq barədə əsərlər yaza bilər. Aidiyyəti orqanlar sifariş verirlər, yazarlar da onu qələmə alırlar. Yoxsa mən yazım, O da nəşr olunmasın, oxunmasın və ya efirə, səhnəyə yol tapmasın. Bu kimə lazımdır ki?
- Sizcə Qarabağ hadisələri Azərbaycan ədəbiyyatında necə əks olunub?
- Qarabağ hadisələri Azərbaycan ədəbiyyatında çox yaxşı əks olunub, sadəcə olaraq bu işin təbliğatı yoxdur. Qarabağ mövzusunda romanlar, hekayələr, əsərlər kifayət qədərdir. Biri var qalib tərəfin əsərlərini yazasan, biri var məğlub tərəfin. Bəzən deyirlər ki, torpağı almaq yazıçının deyil, əsgərin işidir. Hesab edirəm ki, yazıçı da öz əsəri ilə əsgərin yanında olmalıdır. Yazıçı öz əsərləri ilə əsgərlərimizi ruhlandırmalı, döyüşə səsləməlidir. Bu, bizim torpağımızdır. Biz onun haqqında düşünməli, əsərlər yazmalı, tamaşalar hazırlamalı, filmlər çəkilməliyik. Bunu bizim əvəzimizə heç kim etməyəcək.
- Eşitdik ki, sizin “Müqəvva” pyesiniz İstanbulda səhnələşdirilib. Necə oldu ki, əsəriniz İstanbulda “Oda” teatrına qədər gedib çıxdı?
- Monodram janrında yazılmış əsər indiyədək ölkəmizin bir çox teatrlarında öz uğurlu səhnə həyatını yaşayıb. İndi isə İstanbulda “Oda” teatrında həmin əsərim tamaşaya qoyulub. “Müqəvva”nı qardaş Türkiyədə səhnəyə Kəmalə Kamalqızı (Nəbibəyova) qoyub. O, tamaşanın rejissoru və baş rolun ifaçısıdır. Məlumat üçün bildirim ki, “Oda” teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi Gezer və Beste Hoşses kimi tanınmış sənətkarlar çalışır. Məndə olan məlumata görə, tamaşa artıq hazırdır.
- Rejissorlarla söhbət etdikdə bildirirlər ki, onlar teatrda dram əsər baxımından qıtlıq çəkirlər.
- Teatr rəhbərləri, rejissorlar deyirlər ki, bizim yaxşı əsərlərimiz olmadığı üçün daha çox klassik və xarici əsərlərə müraciət edirik. Bunlara bir cavab vermək istəyirəm. Siz “Şekspiri”, “Otellonu”, dünya şöhrətli dramaturqların əsərlərini səhnələşdirəndə guya həmin tamaşalar anşlaqlamı keçir? O, tamaşaların heç birinin böyük səs-səda yaratdığını eşitməmişəm. Bu işdə mən günahı rejissorlarda görürəm. Əsəri yaxşı şəkildə qoyun. Onlar hər zaman bəhanə edirlər ki, bizim tamaşalara tamaşaçı gəlmir. Dünyanın o qədər nəhəng dramaturqları var ki, onların əsərlərini səhnələşdirin görək anşlaqla keçəcəkmi? Demirəm Azərbaycanda rejissorlar qeyri-peşəkardır, yox. Yaxşı rejissorlarımız da çoxdur. Görünür onlar öz işlərini düzgün şəkildə qura bilmirlər. Bizdə istedadlı rejissorlar çoxdur. Amma təəssüf ki, məhz ən yaxşı əsəri belə “hadisəyə” çevirənlər azdır. Mən yazılarımın bir çoxunda “rejissor şəxsiyyəti” barədə söhbət açıram. Bəziləri bu anlayışı “şəxsiyyətli rejissor” anlayışı ilə qarışdırırlar. Düzünü deyim ki, mənim əksər yazılarım dərc olunduqdan sonra ünvanıma çoxlu sayda mülahizə, fikir və rəylər gəlib. Hətta, mənimlə bir qədər “soyuq münasibəti” olan teatr direktorları və rejissorların da müsbət mülahizələrini eşitmişəm.
- Firuz müəllim, hazırda teatrların çoxu komediya və realist dramlara müraciət edirlər. Sizcə auditoriyanın fəlsəfi düşüncəyə ehtiyacı yoxdurmu?
- Mənim fikrimcə teatr palitrası geniş olmalıdır. Teatrlarımızda ən çox əsəri oynanılan dramaturqlardan biri də mənəm. Teatr rəhbərlərindən şikayətim yoxdur. Ancaq teatr estetikası deyilən bir anlayış var. Hər bir teatrın rəngarəng repertuarı olmalıdır. Belə ki, repertuarlarda absurd və monodramlara da müraciət edilməlidir. Bu işdə rejissorları da qınamaq olmur. Çünki bu günün tamaşaçıları gülmək, əylənmək istəyir. Zamanın tələbinə uyğun olaraq rejissorlar da daha çox komediyaya müraciət edirlər. Hər zaman demişəm ki, ən gülməli komediyada belə tamaşaçı özünə nəsə götürmürsə ona baxmağına dəyməz. Tamaşaçı teatra gəlib, qəhqəhə çəkib, əylənib getməməlidir. Hər bir əsərin fəlsəfi qayəsi olmalıdır. Səhnələşdirilən hər bir tamaşanın tərkibində düşündürücü məqamlar mütləq şəkildə yer almalıdır. Əgər tamaşaçı teatra gəlib oradan nəsə götürmürsə mən onu heç tamaşa adlandırmıram. Düzdür, bəzən aşağı zövqlü tamaşaçılar da olur. Hansı ki, onlar maraqlı bir tamaşanı izləyib, onun zövqündə olmadığını dilə gətirirlər. Hətta həmin tamaşaçılar belə istənilən bir tamaşanı izlədikdə oradan özlərinə uyğun nəsə götürməlidirlər.
- Tamaşaçı zövqündən bəhs etmişkən, sizcə teatrlar, dramaturqlar kütlənin arxasınca getməlidirlərmi?
- Hər zaman demişəm, yenə də deyirəm ki, əsər tamaşaçını arxasınca aparmalıdır. Dramaturq heç zaman tamaşaçının istəyinə uyğunlaşmamalıdır. Əsər o qədər yüksək yazılmalıdır ki, o, istənilən tamaşaçının ürəyindən xəbər versin. Dünyanın böyük mədəniyyətini formalaşdıran məhz yazıçıların yazdıqları əsərlərdir. Avropanın indi apardığı siyasətin əsasını məhz Şekspir qoyub. Yaxşı dramaturq həm də bir xalqa məxsus ola bilməz, o, dünyanın dramaturqudur. Çünki o, dünyaya yaxşı ideyalar gətirən insandır. Əgər dramaturqun yaxşı ideyası, fikri yoxdursa deməli, tamaşa da yoxdur. Bu gün tamaşaçıya nə lazımdırsa onun hamısını cəmiyyətin içərisindən, elə gündəlik istifadə etdiyimiz küçədən, mühitdən götürmək lazımdır. Küçədə hər bir şey var. Küçə sanki bir teatrdır. Orada söhbət edən, dalaşan, öpüşən, yeriyən, gülən, ağlayan insanlara rast gəlmək mümkündür. Bir dramaturq, rejissor üçün keçədə hər şey var. Adətən mən küçəni bir səhnə kimi təsəvvür edirəm. Tamaşaçını kim formalaşdırmalıdır? Teatr. Teatrlara yaxşı şərait yaradılıb. Binalar yüksək səviyyədə təmir olunub. Məncə, şikayət üçün əsas yoxdur. Sadəcə, yaxşı tamaşalar hazırlamaq lazımdır.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər