• cümə axşamı, 25 aprel, 10:44
  • Baku Bakı 14°C

ETİRAF POEZİYASI

11.04.16 11:18 2004
ETİRAF POEZİYASI
Rəşad Məcid ədəbi-ictimai həyatda yaxşı tanınan simalardan biridir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru kimi geniş fəaliyyət imkanlarına malikdir. Onun bədii sözün keşiyində dayanmaq məsuliyyəti, ədəbi aləmdə öz sözü ilə fərqlənmək keyfiyyəti ilə səciyyələnən şairliyi də var.
Rəşad Məcid günümüzün şairidir. O, birmənalı şəkildə gördüyü, müşahidə etdiyi, təsəvvüründə canlandırdığı hadisələri poeziyaya gətirir. Öz şeirlərində tez-tez rastlaşdığı, həmsöhbət olduğu, dərd-sərini bölüşdüyü insanların obrazını yaradır. Rəşad Məcidin şeirləri saxta duyğuların, yarımçıq fikirlərin, ötəri münasibətin meydanı deyil. Onun poeziyası oxucu ilə danışmağı, oxucunu özünə cəlb etməyi, oxucunu öz ardıca aparmağı bacaran poeziyadır.
Rəşad Məcidin “Bayrağım” şeirində sevgi ilə qüdrət bir-biri ilə qovuşur. Bu sevginin nəticəsidir ki, şair bayrağı ürəyinə sarıyır, onu mahnının, nəğmənin sədaları altında gizlədir. Həmin qüdrətin nəticəsidir ki, şair bayrağı həmişə uca tutur, əyilməyə qoymur, lazım gələrsə, dişiylə belə saxlamağa hazır olduğunu etiraf edir və oxucunu bu inama yönəldir:
Sənə təşnəyəm, acam -
əlim-qolum yorulsa,
dişimlə saxlayacam.
Gücü çatmaz
Daha nəsə tərpədə,
kimsə əyə...
Dalğalan,
əs,
açıl yelkən kimi
gedək gələcəyə.

R.Məcid “Bilsəydim, yazmazdım bu şeirləri” söyləyir, amma əslinə qalsa, şeirə könül verməyinin, şeir yazmağının sirrini açır. Şairin hər təzə misrası ağrılı-acılı duyğularının ifadəsidir. Şair öz ilhamının səmtini sanki bilə-bilə daşlı-kəsəkli yollara döndərib. Təzadlı cəhət odur ki, ürəkdən gələn misralar müəllifin köhnə dərdlərini unutdurmaq əvəzinə yaralarının qaysağını qoparıb. Hətta bir şeirində səmimi etiraf kimi “Üzürəm içində neçə dərd-sərin” misrası var. Şair qələmini işlətməyəndə, yazmayanda özünü narahat hiss edir, onun həyatı, yaşayışı əlinə qələm götürüb yazmağındadır.
R.Məcid “Yaza-yaza” şeirində özünün şeirlə münasibətlərini aydınlaşdırır. O, əzabın, sitəmin içində azmağından, daxili savaşlarından, əliylə daşıdığı baş daşlarından danışır. Bunları yaşamaq da, bunlardan yazmaq da çətindir. Amma yazmamaq daha məşəqqətlidir və həyatı acıya, zəhərə döndərmək deməkdir. Bəlkə, hamı belə düşünür, amma Rəşad Məciddə bu, poetik qanunauyğunluğa çevrilir.
Rəşad Məcidin şeir yazmaq kompleksi yoxdur. Misralarının birində “hər mühiti, şəhəri” ifadəsi var. Yəni başqa şair üçün “mühit” sözü poetik dildə ağırlıq yaradan bir ifadə təsəvvürü yarada bilər. Əslində onu dəyişib “hər kəndi, hər şəhəri” formasında da öz yerinə qoymaq olar. Hətta R.Məcidin özü bundan daha yaxşısını, daha əlasını da tapmaq qüdrətindədir. Amma bütün bunlara baxmayaraq, “mühit” sözünü redaktə edib dəyişdirmir. Əvvəlcə necədirsə, necə yazılıbsa, elə o cür də qoruyub saxlayır.
Yaxud “Dizin-dizin” şeirindəki “Səthində qalmışam dibsiz dənizin” misrasını “Üzündə qalmışam dibsiz dənizin” formasında da düşünmək olar. Amma həmin misranı da R.Məcid beyninə necə gəlibsə, eləcə də reallaşdırıb. R.Məcidin poetik prinsipi belədir ki, şeir düşüncəyə necə axıb gəlirsə, elə o cür də kağıza köçürülməlidir.
Müasir dövrün yeni terminologiyası onun şeirlərində bol-bol işlənir. “Test”, “bilgisayar”, “nootbuk”, “format” “meqabayt”, “mesaj”, “SMS” kimi sözlər son dərəcə rahat şəkildə misralara və bəndlərə daxil olur. Hətta belə demək olar ki, harada “hüceyrə” sözünün işləndiyi bir şeir eşitsəniz, bilin ki, o, Rəşad Məcidin şeiridir.
Bəlkə, xatırlatdığım sözlər bəziləri üçün poeziya sözü deyil və həmin şairlər onu qorxa- qorxa yalnız qaralamalarında işlədirlər. Amma R.Məcid tərəddüd etmədən onları bu gün çoxlarının beynində və dilində dolaşan ifadələr kimi şeirə gətirir və “şeirə gətirir” azdır, şeirin hüceyrəsinə çevirir. Məncə, üslub baxımdan tanınanmağın və seçilməyin yollarından biri də budur.
Bütövlükdə isə hansı sözü, hansı ifadəni işlətməsindən asılı olmayaraq, R.Məcid poeziyasının mayası təmizdir, nəfəsi istidir, işığı gurdur:
Sahil ona görə gözəldir ki,
Sən varsan...
Sən varsan deyə
Dəniz belə həzindi...
Bakı ona görə belə doğmadır ki,
Sən varsan...
Sən varsan deyə
Dünya belə şirindi.

Rəşad Məcidin şeirləri bəzən silsilə təşkil edir, onun yaradıcılığında bir şeirin içərisindən başqa bir şeirin doğuluşu poetik vərdişə çevrilib. Rəşad Məcid bunları bilə-bilə yaratmayıb. Bir şeirdən digərinin doğulması bədii düşüncənin, həyatın bütün tərəflərini görməyin, yaradılan poetik obrazın əhatəsini tamamlamaq istəyinin, bir məsələ barəsində ötəri deyil, ardıcıl düşünməyin, yaşamağın nəticəsidir. Bu keyfiyyət yaradıcılıq psixologiyasının məhsuludur.
R.Məcidin lirik qəhrəmanı bəzən iki hissin, iki düşüncənin arasında qalır. Bu aralıq məkan onun üçün o qədər doğmadır ki, bəzən də o olmayanda lirik qəhrəman darıxmağa başlayır: “Mənim boğazıma çıxan dənizin, Ən dayaz yerində üzə bilərsən?” misralarında bir-birindən fərqli iki düşüncə sahibinin baxışı öz əksini tapmışdır. Birinin yuxusuna gələn başına gəlib, ona Tanrıdan işıq və nur bağışlanıb, Tanrı ona təzə, cənnət qoxulu həyat yaşadıb. O birinin çəkdikləri isə dözülməzdir, onun yaddaşında “cızdağı” çıxan xatirələr var. Məntiqi olaraq su birinin boğazına qədər çıxıb, digərinin isə heç dizinə də çatmır. Bəs bunlardan hansını yazmaq daha çətindir, daha müşküldür?
R.Məcidin lirik qəhrəmanı sevgini, məhəbbəti bütün varlığı ilə yaşayır. Sanki özünü də, ətrafını da unudur. Elə bil sevdiyindən başqa dünya yoxdur. Lirik qəhrəmanın “qurban olum” ifadəsi də böyüyün kiçiyə, bacının qardaşa, ananın balaya dediyi söz kimi yox, sevənin sevdiyinə dediyi ifadə kimi yaddaşa köçür. Hər hansı söz, ifadə ayrılıqda bir cürdür, mövzudan asılı olaraq poetik misralar içində isə tamamilə ayrı təsir bağışlayır. Bədii sözün və ifadənin mövzudan asılılığının dərki Rəşad Məcid poeziyasını müasirlərinin yaradıcılığından fərqləndirən əsas xüsusiyyətdir.
Rəşad Məcidin sevgisi patetikadan çox uzaqdır. Onun lirik qəhrəmanı birbaşa “səni sevirəm”, “səndən ötrü ölürəm” demir. Sevgiyə bağlı duyğuların incəliyi misraların ahəngi, həzinliyi ilə müşayiət olunur. Bu ahəng, bu həzinlik “Ruhum ruhuna sarmaşıq” formasında reallaşır və sevilənin ruhunu da oxşayır. Lirik qəhrəman istəyinə elə o dəm cavab gəlməsinin də tərəfdarı deyil. İnanır ki, sevdiyi qız onu insanlar arasında olarkən yox, təyyarə yüksəkliyində olanda daha yaxşı başa düşəcək, daha yaxşı anlayacaq. Təyyarə yüksəkliyi Rəşad Məcidin poetik fantaziyası, poetik tapıntısıdır.
Başqa bir şeirdə də (“Yanaşı getmək”) lirik qəhrəman göyün onuncu qatında dua etmək arzusundadır. Şair Mələyi də lap yüksəklikdə görür, hətta ona işıq sürətini yaraşdırır.
R.Məcidin silsilə yaradan həm “Bəsdi”, həm də “Bəsdi nədir?” şeiri var. “Bəsdi” şeirində hər şey sona yetir, amma bu sonluğun içərisində sevgi də var: “Sevgidi, maraqdı, həvəsdi – bəsdi!” İkincisi - “Bəsdi nədir?” poetik nümunəsi isə sanki həmin şeirin əksinə yazılıb, “Bəsdi” şeirinə cavab kimi düşünülüb. Eşq sona yetməz, eşq qəfəs bilməz, eşqin əzabı da şirindir. Nəhayət, eşqə, sevgiyə “bəsdir” demək olmaz. Lirik qəhrəman sevgi imtahanından da üzüağ çıxır (“Çıxmışam”). R.Məcidin yaradıcılığında sevginin ucalığı təyyarə yüksəkliyidirsə, sevgi təlatümlərinin ölçüsü astronomik vahiddir - on ballıq zəlzələdir. Bu konkretliyin özü isə insani təsəvvürlərin aydınlaşmasına yönələn gedişlərdi, ölçülərdi. Bu aydınlaşma içərisində isə lirik qəhrəmanın sevgiyə xəyanəti yalnız yuxularda ola bilər : “Yuxuda xəyanət elədim sənə, Tutdum bir gözəlin ağ əllərindən”. Sevginin ucalığına inamın bundan optimal sübutunu tapmaq çox çətindir.
R.Məcid poetik düşüncəsi vüsalla yanaşı ayrılığın da obrazını yarada bilir. Bu obraz sevilə-sevilə yaranır, ən doğma, ən əziz hislərin nəticəsi olur. Təbiidir ki, o doğma hislərin içərisində bitib-tükənməyən təəssüf də var: “O ilk bahar bitdi daha, Bir də geri gəlməyəcək”. Bu ayrılıq abidəsi o qədər dalğındır ki, “ağlı başdan almaq” gücünü də itirib. R.Məcid poeziyasında ayrılığın sevilməsi, təəssüfü qalsın bir yana fəlakəti də insanın qəlbinə hakim kəsilir. Bu fikir “Heç nə qalmayacaq” şeirinin sonuncu bəndi ilə tam təsdiq olunur:
Coşmayacaq damarda qan,
Bitəcək bu hiss – həyəcan,
Sən qurduğun bu qaladan
Heyf, heç nə qalmayacaq.

“Nə fərqi” şeiri isə ayrılığın əvvəli, axırı deyil, elə ayrılıq anının özüdür.
R.Məcidin şeirlərində ayrılıq sevənin iztirab və kədəridir. “Bir günəş eylə” şeirində kədər və iztirabın əzəməti aydınca görünür. Şeirin əvvəlində sadə bir istək ifadə olunub və lirik qəhrəman sevgilisindən umacağını açıq bildirir və müəllifə qoşulub sevginin güc, qüvvət mənbəyi olduğunu fəxarətlə etiraf edir:
Tanrının yerdəki əziz bəndəsi,
Məni də mülkündə kirəkeş eylə,
Artır qüvvətimi, çoxalt gücümü,
Sıfırı bir eylə, biri beş eylə.

Lirik qəhrəman folklordan bizə tanış gələn obrazlar kimi bütün sınaqlara hazırdır. O, təpədən dırnağadək sevgi üçün köklənib və bu bütövlük lirik qəhrəmanın sədaqət və inamının bədii təzahürüdür. Amma sevdiyinin uzaqlığı onu üşüdür və elə isinməyin də əlacı sevdiyindədir:
Qolla fərmanımı,
Əmrimi qolla,
Çıxaram sınaqdan – testini yolla.
Üşüyən qəlbimə istini yolla,
Odlu baxışını gur atəş eylə.

Lirik qəhrəman sevdiyinə yaxınlığını quru sözlərlə nümayiş etdirmir. O, nə olursa-olsun sevgilisinin yanında qalmağı özünə şərəf bilir:
Durulan gölünəm, daşan selinəm,
Kölən, cangüdənin, qulun, dəlinəm.
Ovcunda yumyumşaq plastilinəm.
Yay məni yenidən bir günəş eylə.

Lirik qəhrəman özünü sevdiyinin köləsi və qulu hesab edirsə, özünü onun yanında cangüdən kimi görürsə, bu heç də lirik qəhrəmanın özünü aşağılaması demək deyil. O həm də özünün sevdiyinin dəlisi olduğunu bildirir. Bunların hamısı bir ideyaya xidmət göstərir və sonda lirik qəhrəmanın sevgilisinin əli ilə Günəş olmaq arzusu ilə bitir. “Bir günəş eylə” şeiri Rəşad Məcidin həyatdakı və ədəbiyyatdakı arzularının vəhdətidir.
Rəşad Məcid üçün təqdim etdiyi hadisənin və yaxud da hiss və duyğunun keçmişi maraqlı deyil. Onun üçün ən gözəl tarix, ən gözəl zaman bu gündür. Rəşad Məcid xatirələri sevmir: “Bu ağrıya, bu əzaba dur dedim, Dönüb başdan başlamadım yaxşı ki”. Hətta “Dəyiş” şeirində şairin xatirəyə birbaşa açıq münasibət də var:
Yaddaşını didən, oyan,
Qəm püskürən, əzab yayan.
Eyni sözü təkrarlayan,
Bu yarımcan valı dəyiş
.
“Bu yarımcan valı dəyiş” misrası tənqidçi üçün danışmağa yer qoymayan misradır. Xatirə ilə bağlı keçmişin yaşadığımız bu günün duyğu və düşüncələri qarşısında əriyib yox olması deməkdir.
“Çevrilirsən” şeirində sevilənin yadlaşması, unudulması və nəhayət, keçmişə çevrilməsi yenə şairin keçmişə marağının olmaması ilə bağlıdır. Rəşad Məcid öz qəhrəmanını keçmişə aparmaqla, xatirələrin qoynuna atmaqla, əslində, onu öz maraq dairəsindən çıxarır və silir. Bəzən də “Yat” şeirindəki “keçmiş olsun yaşananlar, olanlar” misrası ilə mövqeyini açıq şəkildə ifadə edir.
R.Məcidin “Yaxın gəlmərəm” şeirində də keçmiş və xatirə şairin yaradıcılığına xas olan formasını qoruyub-saxlayır. Şeirdə lirik qəhrəman ötən günlərlə bu günü müqayisə edir. Lirik qəhrəman ötən günlərin ləzzətini – sevgi titrəyişini, caduya bürünən öpüşü, odlu dodaqların hərarətini, gül qoxuyan isti nəfəsi, ipək tellərdə gəzən hərarətli barmaqları doyunca yaşayıb. Bunlar onun yaddaşının, xatirəsinin əks-sədasıdır. Amma deyilənlər nə qədər şirin, nə qədər ləzzətli olsa da, lirik qəhrəman yaddaşın – keçmişin üzərindən tərəddüd etmədən xətt çəkir:
Atdım yaddaşımı nimdaş çarıqtək,
Soyundum sevgimi boz arxalıqtək,
Çırpınıb əlindən çıxdım balıqtək
Bir də qarmağına yaxın gəlmərəm.

Rəşad Məcid poeziyasında “bir yarımcan valı” məntiqi olaraq “nimdaş çarıq” əvəz edir. Rəşad Məcidin poetik düşüncəsi yaddaşda qalan xatirəyə, keçmişə münasibətdə öz sabitliyini qoruyub -axlayır.
R.Məcidin “Bu gün” şeirində keçmişə atılan sevginin taleyi qələmə alınıb. Lirik qəhrəman o zaman rahatlıq tapmağa başlayır ki, daha sevə bilmədiyi insanın şəklini, gəlişini və gedişini, təbəssümünü və gülüşünü beynindən silib atır. Keçmişin hər bir xatirəsi silinib atıldıqca lirik qəhrəman yavaş-yavaş, qismən yüngülləşir. Nəhayət, bildirir ki, “Sənə aid sonuncu xatirəni siləndə yeni doğulmuş uşaq olacağam”.
Lirik qəhrəman bəzən o qədər qəzəblənir ki, keçmişi bütünlüklə yaddan çıxarır:
Uzaqda bir adam var –
Varlığı – yoxluğu bilinmir,
Nə üzü tanış gəlir,
Nə saçları
Gözlərinə min il baxsam
Heç nə yadıma gəlməz.

Lirik qəhrəmanın əbədi zamanı yenə də bu gündür və “İndi” şeiri zamanı əks etdirmək baxımından çox səciyyəvidir. Belə düşünmək olar ki, indiyə fəlsəfi baxımdan yanaşılır, yaxud da bu günün fəlsəfəsi inikası etdirilir. Bu gün dünənlə sabahın arasındadır, ona görə də bu zaman canlı zamandır. Canlı olan bu aralıq məkan poetik sözün içində “balıq kimi sürüşkən” görünür. Deməli, bu gün həm canlıdır, həm də onun “beş dəqiqəlik canı yoxdur”. Əslində, yalan da, doğru da elə bu zamanın içindədir. Şeirdə vaxtın, zamanın qədərini bilmək, həyatı mənalı yaşamaq, keçmişə təəssüflənməmək, gələcəyə tələsmək çağırışı var. Bu çağırış artıq Rəşad Məcidin öz çağırışıdır və ustalıqla lirik qəhrəmana transformasiya edilib.
Bir tərəfdə səlis, aydın ifadələr, o biri tərəfdə publisistik-texniki terminlər; bir tərəfdə sevginin ülviliyi, o biri tərəfdə ayrılığın acısı; bir tərəfdə doğruya alqış, o biri tərəfdə yalana nifrət; bir tərəfdə bu günün canlı həyatı, o biri tərəfdə keçmişə-xatirəyə tuşlanan atəş – bütün bunlar Rəşad Məcid poeziyasının təzadları deyil. Bunları lirik qəhrəmanın ziddiyyətli baxışları da hesab etmək olmaz. Bu zəngin polifonik mənzərəni yaşadan Rəşad Məcid şeirləri yeni texnika və texnologiyaya dayanan əsrimizin dəyişənsürətli hərəkəti ilə həmahəng olan bir poeziyadır.
KAMRAN ƏLİYEV,
Əməkdar elm xadimi
banner

Oxşar Xəbərlər