• cümə, 19 Aprel, 21:30
  • Baku Bakı 24°C

Ən gözəl əsəri şəhidlər yazdı…

11.04.16 11:11 2535
Ən gözəl əsəri şəhidlər yazdı…
“Müharibə xalqın iradəsini, birlik əzmini ortaya çıxardı. Azərbaycan xalqının birliyi, ordumuzun qüdrəti düşmən üzərində qalib gələcəyimizə inamımızı artırdı”. Dörd gün davam edən müharibədən sonra ən çox səslənən fikirlər bu oldu. Hamı birmənalı şəkildə çəkici bir nöqtəyə vurmağı – qüvvəsini, qəzəb və nifrətini düşmən üzərinə yönəltməyi bacardı. Ölkənin Ali Baş Komandanından tutmuş sıravi vətəndaşına qədər hamı birlik nümayiş etdirdi.
“Müzakirə”mizdə “Müharibə gedən şəraitdə yazıçı və şairlərin mövqeyi necə olmalıdır?”, “Ədəbiyyat adamları vəzifələrini hadisəyə yaradıcılıqları ilə reaksiya verməklə bitmiş hesab etməlidirlərmi?” kimi suallara cavab axtardıq.

İndi mənə roman lazım deyil
Yazıçı Seyran Səxavət hesab edir ki, yazıçı da müharibə şəraitində ölkənin ordusu, Ali Baş Komandan və xalqla bir yerdə olmalıdır: «Əslində yazıçının mövqeyi həmişə onlarla bir yerdədir. Sadəcə, müharibə şəraitində bu mövqe daha da fəal olmalıdır. Lazım gələrsə, yazıçı əsgərə dönməli, lazım gələrsə, əsgərlərə qulluq etməlidir. Müharibə vaxtı Vətən, dövlət söhbəti gedirsə, yazıçı lazım gələndə yazıçılığını hər dəqiqə yadından da çıxarmalıdır». S.Səxavət hesab edir ki, müharibə gedən dövrdə yazarlar tərəfindən şeirlər, hekayələr, publisistik yazılar yazıla bilər, ancaq fundamental nəsr əsərinin yazılması, bədii filmin çəkilməsi bir qədər vaxt tələb edir: «Mən 55 ildir yazı-pozu ilə məşğulam. Son günlər cəbhədə baş verənləri, ordumuzun uğurlarını eşidincə sevincimin həddi-hüdudu yoxdur. Mən fərəhimdən hönkür-hönkür ağladım. Əvvəllər – atəşkəs dövründə ara-sıra şəhidlər olurdu. Ancaq bu dəfə ordumuz hücuma keçəndən sonra bütün xalq ayağa qalxdı – onlara dəstək oldu. Əhval-ruhiyyə çox gözəl idi. Xalq görəndə ki, ortada qələbə faktı var, o da ruhlanır. Balaca uşaqlar da «Biz də orduya gedə bilərikmi?» - deyə maraqlanırdılar. Demək, bizim 70 illik vətənpərvərlik ehtiyatımız var”. Realist olduğunu deyən yazar hesab edir ki, qələbə romanla, poeziya ilə qazanılan iş deyil: “Mən son 4-5 ildə həmişə deyirdim ki, bu romanı ilk növbədə Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz və xalqımız yazmalıdır. Açığı, indi mənə roman lazım deyil. Mənə torpaq, Qarabağ lazımdır. Dədələrimin, babalarımın qəbirlərini ziyarət etmək lazımdır. Bu, reallıqdır. Son günlərin hadisələrindən doğanlar indi mənim içimdəki qığılcım şəklindədir. İnşallah, Qarabağı alandan sonra o qığılcım alovlanacaq. Bədii əsər də belə yaranır. İndi əsas mövqeyimiz ordumuzla, xalqımızla bir yerdə olmaqdır. Necə ki, əl-ələ verib o murdarları torpaqlarımızdan bir qədər geri qovduq... İnşallah onları tezliklə torpaqlarımızdan təmizləyəcəyik».
İnsanların ruhunun ölməməsi üçün
Yazıçı Aqil Abbas hesab edir ki, müharibə dövründə yazıçı yalnız vətəndaşlıq mövqeyi sərgiləməlidir. Belə ki, onun başqa mövqeyi ola bilməz: «Yazıçı da Vətəninin bir əsgəri olmalıdır. Öz ordusu, xalqı ilə həmrəylik göstərməlidir». Bir neçə əsərinin Qarabağ hadisələrinə həsr olunduğunu bildirən yazıçı müharibə ilə bağlı bir çox əsərlərin meydana gəldiyini bildirir: «Müşahidə edib görürəm ki, yazarlar müharibə, Qarabağ mövzusuna qarşı çox həssasdırlar. Xüsusən gənclər arasında bu marağı sezirəm. Bir sıra əsərlərim Qarabağ mövzusuna həsr olunub. Burada baş verən hadisələrin hər biri bizim üçün mövzudur”.
Yazıçı bildirir ki, Böyük Vətən müharibəsi illərində insanların ruhunu saxlamaq, onları gələcəyə səsləmək üçün hətta zəif əsərlər yazır, film çəkirdilər. Belə ki, indi də müharibə ilə bağlı əsərlər yazıla bilər: “Hazırda atəşkəs pozulur və bütün yaralılar, şəhidlər haqqında məlumatlar var. İnsanların ruhunun ölməməsi üçün əsərlər yazmaq lazımdır”. A.Abbas hesab edir ki, müharibə mövzusu yazıçı üçün maraq kəsb edib-etməməyindən asılı olmayaraq, yazılmalıdır: «Mən bu mövzuda əsərləri özüm üçün maraq kəsb etdiyindən yazmamışam. Burada bir vətəndaş mövqeyi var. Bu hiss mənə yazdırıb. Yoxsa detektiv əsər yazaram. Çünki insanlar bu gün daha çox o mövzunu oxuyur». A.Abbas hesab edir ki, hazırda bizim üçün əsas olan torpaqlarımızın düşməndən azad edilməsidir. Belə ki, bu gün ölkənin yazıçısı da, hərbçisi də, fəhləsi də, vəzifəlisi də bu barədə düşünməli və birlik nümayiş etdirməlidir.
Ordu nə qədər irəliləyəcəksə...
«Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəsin fikrincə, ölkəsində müharibə gedən yazıçı birbaşa vətəndaş mövqeyi nümayiş etdirməlidir. Belə ki, öz ordusunun, dövlətinin, ölkəsinin və Ali Baş Komandanının mövqeyi nə tələb edirsə, yazıçı həmin mövqeyi sərgiləməlidir: «Biz yazı yaza bilərik, onu hansısa metafora ilə, təxəyyülümüzlə bəzəyə bilərik, ancaq mövqeyə gəlincə, bizim vətəndaş mövqeyimiz olmalıdır. Müharibə şəraitində musiqiçinin musiqiçi, pinəçinin pinəçi və s. mövqeyi ola bilməz. Eləcə də yazıçının. Bu məsələdə hansısa pafoslu çıxışlar, humanizm, insanpərvərlik – hamısı başqa sferaya keçir. Onları qatlayıb başqa bir qata qoymaq lazımdır. Elə bil ki, müharibə başlayırsa, qış gəlib, yəni yaz paltarları yığışılmalıdır. Humanistlik o zaman ola bilər ki, dinc əhaliyə, əliyalın adamlara, əsirlərə heç bir divan tutulmasın”. Sosial şəbəkələrdə bəzi istifadəçilərin humanizmlə bağlı paylaşımlarına etirazını bildirən yazar: “Çox istərdim ki, sosial şəbəkələrdə ermənilərin Xocalıda elədiklərini fəxrlə başımıza qaxmaqlarına baxsınlar. Çox istərdim ki, humanizmdən dəm vuranlar düşmən ölkənin bizim haqqımızda paylaşımlarına diqqət etsinlər”- deyə bildirir. Belə ki, ermənilər tərəfindən «Sülh», «Barış», «Azərbaycan ölkədir», «Azərbaycanlı millətdir» - deyə hər hansı paylaşıma rast gəlinmir: “Onlar adımızı, dövlətimizin, ölkəmizin adını təhqir edirlər”. Özünü hazırda Qarabağın işğaldan azad olunması kimi hiss etdiyini deyən şair: «Elə bilirəm ki, torpaqlarımızı azad etmişik» - deyə sevincini ifadə edir: “Azərbaycan xalqı bütünlüklə birləşdi. Mən son illər xalqımızı heç vaxt belə həmrəy görməmişdim. Hər bir itki – ata, baba, ana itkisi zamanla soyuyur. Mən aprelin 2-5-də elə hiss elədim ki, Şuşanı dünən alıblar. Bu yara soyumadı. Bütün yaralar soyudu, ancaq məlum olur ki, torpaq yarası soyumur”. Həmçinin döyüşlər gedən zaman Azərbaycan qadınını yenidən kəşf etdiyini deyən Q.Ağsəs sosial şəbəkələrdə “Özünü Azərbaycan qadınına sevdirmək üçün gərək onun üçün Vətən olasan” deyə yazıb: “Təkcə bu qadınların istəyi, arzusu və duası ilə biz nəinki sərhəddəki bir-iki mövqeni, hətta bütün torpaqlarımızı qısa vaxtda düşməndən azad edə bilərik. Son hadisələrdən sonra özümü rahat hiss edirəm. İstənilən ordunu məğlub etmək olar. Bunu hərb tarixində sözünü demiş böyük sərkərdələr, ölkə rəhbərləri də deyiblər. Yəni məğlubolunmaz ordu yoxdur. Ancaq istənilən halda heç bir xalqı bugünə qədər heç bir hökmdar məğlub edə bilməyib. Bu hadisələrdə döyüşən, səngərə axışan tək ordu deyildi, bütün xalq idi. Bir daha əmin oldum ki, heç bir ordu və işğalçı xalqı sındırıb məğlub edə bilməz». Müharibə zamanı yazıçının sərgiləməli olduğu mövqeyindən danışan yazar redaktor bildirir ki, müharibədə yazıçının kənar mövqeyi olmur. Belə ki, müharibə edən xalqın yazıçısı onun bir vətəndaşıdır: “Yazıçının dövləti, komandanı nəyi əmr edirsə, biz də onları yerinə yetirməliyik. Mövqeyimiz yalnız bu ola bilər». Yazar rəhbərlik etdiyi «Ulduz» jurnalında aprel ayı üçün Qarabağla bağlı “Esse müsabiqəsi” elan etmək istədiyini planlaşdırır: “Son günlər cəbhədə baş verənlər Qarabağ hadisələri mövzusunu xeyli aktuallaşdırıb. Həmçinin Qarabağla bağlı şeirin əsasında yazılan bir mahnı üzərində də işləyirik. Mahnının musiqisi Xanım İsmayılqızına məxsusdur». Baş redaktor hesab edir ki, son illərdəki atəşkəs Qarabağla bağlı mövzularda da durğunluq yaradıb. Ancaq son hadisələr sanki ədəbiyyatın ocağına odun atıb: “Elə bil ədəbiyyatın Qarabağ ocağı öləzimişdi. İndi hamımız Qarabağdan yazmaq istəyirik. Düzdür, Qarabağ haqqında ən gözəl əsəri bizim şəhidlər yazdı. Ən gözəl şeiri ordumuz yazdı. Bu hələ ön sözdür. Biz zəfəri gözləyirik. Bu, zəfərin ön sözüdür. Balaca bir irəliləyiş bütün ölkəni qabağa aparır. Əsas odur ki, biz natamamlıq kompleksindən çıxdıq. Mən özümü bir neçə kilometr ərazini geri almış ölkənin adamı kimi yox, ölkəsini işğaldan qurtarmış vətəndaş kimi hiss edirəm. Mən bu hadisələrdə Azərbaycan xalqını qəhrəman gördüm. Mən o gündən özümü Şuşada, Laçında, Kəlbəcərdə hiss edirəm. Elə bilirəm ki, ora qədər irəliləmişik”. Yazar hesab edir ki, ordu nə qədər irəli gedəcəksə, ədəbiyyat da o qədər qabağa gedəcək: “Biz əsgərlərimizdən qabağa keçə bilmərik. Onlar nə qədər irəliləyəcəklərsə, biz də o qədər onların ardınca gedəcəyik».
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər