• çərşənbə axşamı, 16 aprel, 14:59
  • Baku Bakı 19°C

Ədəbi materiallar – qəzetdə, yoxsa saytda?

25.04.16 10:35 2322
Ədəbi materiallar – qəzetdə, yoxsa saytda?
Yeni və köhnə ədəbi nümunələrin çap mediasında – müxtəlif qəzet və jurnal səhifələrində işıq üzü görməsinə alışmışıq. İlk şeirini yazan, birinci hekayəsini qələmə alan həmişə qəzet və jurnal redaksiyasına üz tutub. Çap mediası ədəbi nümunələrə həmişə səxavətlə qucaq açıb, yazarları həvəsləndirib, oxucuya tanıdıb. Tanınan şair və yazıçılar da məhz ədəbi yaradıcılıqlarının sevilməsinə, oxunmalarına görə qəzet və jurnallara minnətdar olublar. Zaman olub ki, çap mediasında çıxan yazı yazar üçün ədəbi aləmə vizit kartı olub. Bəzən çap olunmaq üçün aylarla növbə gözləmək lazım gəlib.
Bu gün isə mənzərə xeyli dəyişib. Yazarlar ilk qələm təcrübələrini də, yenidən işıq üzü görməsini istədiyi yazılarını da çap mediası ilə bərabər, elektron mediada görmək istəyirlər. İndi informasiya agentlikləri, saytlar, portallar da yazarların ədəbi əsərlərinə geniş meydan verir. Ədəbi materialı çap və ya elektron mediadan oxumaq isə oxucunun öz seçiminə qalır. Artıq həm ədəbiyyatçılar, həm də, oxucuların hər iki medianın üstün və ya mənfi tərəfləri ilə bağlı fikirləri formalaşıb.
“Kaspi” ənənəvi “Müzakirə”sində “Ədəbi əsərləri daha çox çap, yoxsa elektron media işıqlandırır?” sualına cavab tapmağa çalışıb.
Elektron mediada qeyri-peşəkar yazılar da yer alır
Xalq şairi Sabir Rüstəmxanlının fikrincə, bu gün ədəbiyyata meyl göstərən qəzetlərin sayı azdır. Belə ki, «Ədəbiyyat» qəzeti daxil olmaqla «525-ci qəzet» və «Kaspi» ədəbiyyata öz səhifələrində geniş yer ayırır. Siyasi qəzetlərdə isə nadir hallarda ədəbi yazılara rast gəlmək mümkündür: «Elektron media isə ədəbi yazılara daha tez-tez yer ayırır. Çünki burada yazı yerləşdirmək daha asandır. Ayrı-ayrı şəxslər özləri də yazdıqlarını səhifələrdə yerləşdirə bilirlər və onlar üçün daha mətbuat orqanı axtarmağa ehtiyac qalmır. Bu cəhətdən elektron medianın imkanları daha genişdir. Düzdür, bəzən yeni ədəbiyyat və gənc ədəbiyyat adına mənasız yazılar da elektron mediada yer alır”. S.Rüstəmxanlı hesab edir ki, çap mediası ədəbi yazıları saf-çürük etmək baxımından daha əhəmiyyətlidir. Belə ki, elektron mediada qeyri-peşəkar yazılar çoxluq təşkil edir». Yazıçı düşünmür ki, nə vaxtsa çap mediası ədəbi əsərləri çap etmək ənənəsini bütünlüklə elektron mediaya verəcək: “Çap mediasından ədəbiyyat nümunələrini mütaliə etməyin zövqü tam fərqlidir. Buna alışan adamlar bəzən məcbur qalıb yazını elektron mediadan oxusalar da, həmin zövqü ala bilmirlər. Fikrimcə, qəzet və jurnallar bu gün az da olsalar, ədəbi nümunələrə geniş yer ayırırlar. Elektron media ədəbi əsərləri işıqlandırmaqda daha qabarıq görünsə də, çap mediası bu sahədə öz peşəkarlığı ilə fərqlənir”.
Həm çap, həm də elektron media
Yazıçı Elçin Hüseynbəyli elektron media ilə çap mediası arasında fərq qoymaq istəmir: «Ancaq nəzərə almaq lazımdır ki, indi insanlar daha çox yazıları elektron mediadan oxumağa üstünlük verirlər. Çünki hazırda elektron şəbəkələr çox fəaldır. Burada həm maliyyə, həm də operativlik məsələsi rol oynayır. Bu baxımdan, elektron mediada ədəbiyyat daha çox oxunur. Yəni bir var gedib köşkdən qəzet alıb həm pul, həm də zaman itirəsən, bir də var ki, həmin yazını birbaşa kompyuterin qarşısında oturub oxuyasan. Bu baxımdan, insanlar elektron mediadan oxumağa üstünlük verirlər”. Ancaq bu fikrin köhnə nəslə aid olmadığını deyən yazar hesab edir ki, yaşlı insanlar daha çox kitabdan və kağızdan oxumağa üstünlük verirlər: “Bir qism insanlar var ki, onlar ümumiyyətlə, elektron mediadan oxumağı bacarmırlar və kağızdan oxumağa vərdiş ediblər. Onlar üçün çap mediasından oxumaq daha rahatdır. Sadəcə, elektron mediada redaktə kasadlığı var. Ancaq qəzet və jurnallarda daha peşəkar redaktə mövcuddur. Həmçinin onlar hər yazını da çap eləmirlər. Elektron mediada isə kim nə yazırsa hamısı çap olunur. Hətta Feysbuk statusları da ədəbiyyat şəklində çap olunur. Ona görə bəzən adama elə gəlir ki, elektron media ədəbi aləmi daha çox işıqlandırır”. Həm çap, həm də elektron mediadan istifadə etdiyini bildirən yazıçının fikrincə, sanballılıq və peşəkarlıq baxımından çap mediası daha öndədir.

Sayt oxucusu daha çox qısa yazılar oxuyur

Yazıçı İlqar Fəhmi hesab edir ki, ədəbi mənzərə elektron mediada daha yaxşı işıqlanır: «Fərq odur ki, saytlarda qısa, informativ xarakterli yazılar olur. Böyük həcmli yazıları saytlardan oxumaq olmur. Məsələn, saytlarda qəzetin qoşa səhifəsində gedən yazılar həcmində materiallar yerləşdirmək mümkün deyil. Qəzetlərdə daha geniş, analitik yazılar çap olunur. Tanışlıq xarakteri üçün saytlarda yerləşdirilən ədəbi materiallar, amma bilgi almaq üçün qəzetlər və jurnallar yaxşıdır. Həmçinin insanın gözünün kompyuterdən oxumaq qabiliyyətinin məhdudiyyəti var. Məsələn, qəzetlərdə bəzən roman və povestlər hissə-hissə çap olunur. Amma saytlarda bu həcmdə yazıları oxumağa gözümüz öyrəşməyib. Daha çox qısa yazılar oxumaq istəyirik. Poeziya nümunələrini isə saytlarda oxumaq mümkündür. Həmin nümunələr haqqında geniş yazıları isə çap mediası daha çox verir. Mən özüm də bəzən iri yazılarımı saytlara verirəm, ancaq görürəm ki, saytda o qədər oxunmur. Sayt oxucusu daha çox qısa yazılar oxuyur”. Yazıçı çap mediasının ədəbi mənzərəni yetərincə işıqlandırmasından razılığını ifadə edir: “Düzdür, müəyyən qüsurlar var. Ancaq bunlar bir kəlmə ilə aradan qalxacaq qüsurlar deyil. Biz daim bununla bağlı müzakirələr, fikir mübadilələri aparırıq. Onlar da həmin qüsurları aradan qaldırmağa çalışırlar. Düşünürəm ki, zamanla bu qusurlar tam aradan qalxacaq».
Kağız media əl altında deyil
Tənqidçi Cavançir Yusifli isə ədəbi mənzərənin elektron mediada daha yaxşı işıqlandırıldığını bildirir: “Kağız media əl altında deyil, bu, birinci səbəbdir. İkinci, ən mühüm səbəb onun aşağı səviyyəsi ilə əlaqəlidir. Elektron mediada ədəbi proses bütün yönləri ilə görünə bilir, qüsurları və uğurlu cəhətləri ilə birgə. Ancaq burada bir başqa məsələ də var: elektron ədəbi mediada qruplaşma prosesi gedir və bu proses istedad, səriştə, sənətkarlıq məziyyətləri üzərində yox, tanışlıq, korporativ maraqlara uyğun şəkildə qurulur, yəni yönləndirilir. Niyyət, olsun ki, yaxşıdır, ancaq nəticə çox pis və acınacaqlıdır. Məktəb yaranmır, kimlərinsə istəkləri, dar umacaqları əyaniləşir. İmzalar “yetişir”, kiminsə havasına yazılar yazırlar, həmin kağız mediada bəh-bəhlə təqdim edilir. Dünən Şəhriyar haqda bir məqalə oxudum, düşündüm, bunu mən nə vaxt yazmışam, gördüm yox, bunu bir başqası qələmə alıb. Məqalələr gəlir ekrana, digər məqalələrdən sitatlar tam həcmdə təkrarlanmaqla yazılan məqalələr. Müstəqillik dövründə yazılan araşdırmalara baxmaq üçün komissiya yaradılsa, bilirsiniz necə dəhşətli faktlar ortaya çıxar? İndi elektron media yaxşı cəhətləriylə, yəni prosesə yön verən aspektləri ilə deyil, bunu öldürən keyfiyyətləriylə fəaliyyətdədir, onlar daha çox məhz bu səbəbdən sıradan çıxırlar: şəxsi qərəz, cılız komanda istəkləri, əyalətdə (stəkanda) tufan qoparmaq və sair”. Tənqidçi həmçinin yaxşı, örnək olası cəhətləri də qeyd edir: “Keçmişə ekskurs, keçmişin və ümumən dəyərlərin yaddan çıxarılmaması, keçmişlə bu günün yaxşı məziyyətlərinin qovuşmasına cəhdlər və s. Bu yöndə xüsusi buraxılışları qeyd etmək olar”.

Qəzet hamını əhatə etmir

Yazar Səxavət Sahil hesab edir ki, ədəbi gündəmi daha çox saytlar işıqlandırır. Belə ki, burada əsas məsələ müasir texnologiyaların üstünlüyə malik olmasıdır: “Deyək ki, hansısa yazıçının yeni romanı çap olunr. Və xəbər çıxan kimi saytlar bunu dərhal öz səhifəsində yerləşdirir. Artıq qəzetlərin həmin xəbəri bir gün sonra çap etməsinə ehtiyac qalmır. Və ya hansısa şair öz şeirlərini qəzetə yox, sayta göndərməyə üstünlük verir. Bu da eyni səbəblə bağlıdır. Qəzet hamını əhatə etmir. Sayta baxmaq isə ödənişsizdir və auditoriyası daha genişdir, üstəgəl sosial şəbəkələrlə saytların bir-birinə bağlılığı var. Lakin qəzetlərin rolunu yaddan çıxarmaq olmaz, amma qəzet də bu işdə maraqlı olmalıdır. Yəni çap olunmayan material çap etməklə, ədəbi diskussiyalar, müzakirələr keçirməklə və s. öz rolunu artıra bilər. Ən əsas məsələ qəzetin və ya saytın bu məsələdə marağının olması ilə bağlıdır – necə deyərlər, “könlü balıq istəyənin quyruğu suda gərək”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər