• cümə, 29 Mart, 10:25
  • Baku Bakı 5°C

“Döyüşkən” teatrlarımız

11.04.16 11:28 1831
“Döyüşkən” teatrlarımız
Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Milli ordumuzun işğal altında torpaqlarımızın bir hissəsini, bir neçə yüksəkliyi düşməndən azad etməsi xəbəri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşıladı. Amma bu qələbə bizə heç də itkisiz başa gəlmədi - 31 şəhid verdik. Azərbaycanın 31 qəhrəman oğlu Vətən deyib, həyata gözlərini əbədi yumdu.
Lakin ordumuzun zəfəri xalqımıza böyük sevinc və qurur bəxş etməklə yanaşı, onun vətənpərvərlik hisslərini də coşdurub. Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, hətta əsgəri xidmətə yaşı çatmayan gəncləri, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildiriblər.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycanda, eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər oğul və qızlarımızla qürur duyduğunu bildirərək ordumuza göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə edib.
Biz də xalqımızın bayram əhval ruhiyyəsi yaşadığı bu günlərdə cəbhə xəttində olan və qaçqınlıq həyatı yaşayan bir sıra teatrlarımıza müraciət etdik. Baş verən son hadisələrlə bağlı onların da fikirlərini öyrəndik.
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov bizimlə söhbətində cəbhə xəttində baş verən hadisələri yaxından izlədiyini və hazırda da cəbhə xəttində yerləşən bölgələrdən birində olduğunu bildirdi: “İndi Ağdamdayam, Bərdəyə tərəf yol almışam. Burada yaşayan qohum-əqrəbalarımıza baş çəkməyə gəlmişik. Onların vəziyyətlərinin necə olduğun bilmək istəyirdim, çox narahat idim. Çox istəyirdim ki, cənab prezidentimiz səfərbərlik elan etsin, müharibə yolu ilə düşməndən intiqamımızı alaq, ləkələnmiş namusumuzu təmizləyək. Düşmənin bizə yetirdiyini xələli artıqlaması ilə qaytarmaq istəyirəm. Qoy, onlar bizim çəkdiyimizdən də artıq çəksinlər”.
Teatrın direktoru onu da əlavə etdi ki, yaradıcı kollektivin ən böyük arzusu Şuşada öz teatrlarında tamaşa oynamaqdır: “İnşallah, o günlər də gələcək. Biz Şuşaya qayıdacağıq. Oradakı teatrımızı bərpa edib, fəaliyyətə başlayacağıq. Şuşada mənim evim düz şəhərin girəcəyində, Qala qapısının yanında yerləşir. Əhd etmişəm ki, mən Şuşaya qayıdanda üzümü o divarlara sürtərək “Sənsiz” romansını ifa edəcəyəm(kədərlənir)”.
Qarabağ müharibəsinin döyüşçüsü olduğunu deyən Yadigar Muradov bildirdi ki, səfərbərlik elan olunsa, bir əsgər kimi döyüşməyə hazırdır: “Mənim üç oğlum var. Səfərbərlik elan olunarsa onlarla birlikdə müharibədə döyüşməyə hazırıq. Hətta yoldaşım deyir ki, o da müharibəyə getmək istəyir. Onun cəbhə xəttində nə edəcəyini soruşduqda isə xanımım deyir ki, orada əlindən gələn hər bir köməkliyi etməyə hazırdır”.
Aktyor xalqımızın bir amal uğrunda cəmləndiyini görüb sevinc hisslərini gizlətmədi: “İndi çox sevindirici haldır ki, xalqımız bir amal uğrunda cəmlənib. 90-cı illərin əvvəllərində hər kəs ən azı indiki kimi həssas idi. Az əvvəl yanımızdan əsgərlər keçdi. O uşaqları görəndə gözlərim yaşardı. Əsgərlərimiz ki, mərd-mərdanə vətən uğrunda döyüşməyə gedirlər... ürəyim dağa dönür”.
Müsahibimiz deyir ki, Ali Baş Komandan əmr verərsə, necə ki, bizim Şuşa teatrının aktyor və aktrisaları gərgin müharibə illərində döyüşüblər, indi də döyüşməyə hazırdırlar. Torpaqlarımızın azadlığı uğrunda hər bir əzab-əziyyətə hazır olduğunu deyən Y.Muradov hətta şəhid olmağı belə gözə alıb.
Hazırda cəbhə xəttində olan Yadigar Muradov deyir ki, orada insanlar mərd-mərdanə dayanıblar. Hərdən güllə səsləri eşidilsə də, heç kim qorxub geri çəkilmir: “Burada insanlarımızda yüksək əhval-ruhiyyə var. Elə fürsətdən istifadə edib, sizin vasitənizlə oxuculara bildirmək istəyirəm ki, yanlış məlumatlara aldanmasınlar. Əsas xəbərləri Müdafiə Nazirliyinin saytlarından oxusunlar çünki dəqiq məlumatı onlar verirlər. Heç kim qorxmur, geri çəkilmir. Mən özüm hər şeyin canlı şahidiyəm. Geri çəkilmək bizə yaraşmaz”.
Ağdam Teatrının direktoru Məmməd Hüseynov deyir ki, cəbhə xəttində baş verən hadisələrlə bağlı teatrın yaradıcı heyəti ilə görüş keçirilib və qəti qərar qəbul edilib: “Mən özüm ehtiyatda olan kapitanam. Döyüşlərdə də iştirak etmişəm. Əgər səfərbərlik elan olunarsa, bir vətəndaş olaraq döyüşə getməyə hazıram. Bir neçə dəfə cəbhədəki döyüşlərdə iştirak etmək üçün özüm də nazirliyə müraciət etmişəm. Bilmirəm ki, nə üçün bizdə səfərbərlik elan olunmur? Teatrımızın yaradıcı kollektivi ilə baş verən hadisələrlə bağlı keçirdiyimiz iclasda yekdil olaraq xanımlar da, kişilər də bu barədə nazirliyə müraciət etməyi qərara aldıq. Əgər icazə versələr, cəbhə xəttinə getmək, əsgərlərimiz qarşısında maraqlı proqramla çıxış etmək istəyirik”.
M.Hüseynov söhbət əsnasında Ordumuzla qürur duyduğunu qeyd etdi: “Hazırda Azərbaycan ordusu çox sürətlə, arxasında böyük imperiyanın dayandığı şərəfsizləri yerində oturtdu. Azərbaycan əsgərləri ermənilərə öz gücünü göstərdi. Az əvvəl bir şəhid dəfn etdik. Mən onun dəfn mərasimində iştirak etdim. Təsəvvür edin ki, şəhid gətirilib dəfn olunur, insanların hamısı xoş-əhval ruhiyyədədir, çünki onunla qürü duyurlar. Amma keçmiş döyüşçü kimi deyirəm ki, bizim ermənilərdən almadığımız qisasımız var, o bizim ürəyimizdə bir yara kimi qalıb. çəkiləsi haqq-hesabımız qalıb. Biz nəzərə almalıyıq ki, gənc övladlarımız da qurban gedə bilər, döyüşlərdə şəhid də verə bilərik. Əgər mümkündürsə, sülh yolunun da tərəfdarıyam. Ali Baş Komandanımız nə etdiyini yaxşı bilir. O, nəyi rəva görsə, biz də onun dəstəkçisiyik. Bir neçə gündür ki, çox yüksək əhval-ruhiyyədəyik, bir neçə yüksəkliyin alınmasını bayram kimi qeyd edirik. Baxmayaraq ki, 31 şəhid vermişik. Allah dünyasını dəyişən əsgərlərimizə rəhmət etsin. Bu dünyada hamımız qonağıq. Ancaq şəhidlər xoşbəxt insanlardır. Onlar adlarını tarixə yazdırıb getdilər”.
Cəbhə bölgəsində mərd-mərdanə fəaliyyət göstərən Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev bildirdi ki, onlar hər zaman bu hadisələrin tam mərkəzində olublar: “Bu zəfərlərdə az da olsa bizim də payımız var. Belə ki, mütəmadi olaraq cəbhələrdə çıxışlarımız olur. Bu da əsgərlərin əhval-ruhiyyəsini qaldırmaqda təsirsiz ötüşmür. Biz cəbhə xəttində fəaliyyət göstərsək də heç nədən qorxmuruq, arxa cəbhə əsgərləri olaraq daim ordumuzun yanındayıq. İnşaallah qələbə xəbəri ilə ordumuzu Füzulidən salamlayaraq”.
Teatrın direktoru deyir ki, 27 ildən artıqdır ki, sülh deyərək beynəlxalq arenalardan səsimizi eşitdiririk: “Burada axşamlar mərmi səsləri eşidilsə də, artıq o səslər bizim laylamıza çevrilib. Ermənilər bizə bir dəfə silah atırlarsa, biz tərəfdən onlara 100 dəfə silah atılır. Artıq bıçaq sümüyə dirənib. Cəbhə zonası olsa da hamı öz evində-eşiyindədir. Heç kəs yerindən tərpənmir. Biz də teatr olaraq fəaliyyətimizi davam edirik. Füzuli camaatının adından deyirəm ki, hamımız burdayıq, əsgərlərimizə dəstək veririk. Düzdür, şəhidlərimiz də oldu, dəfnlərində də iştirak etdik. Lakin bir şey də var ki, müstəqillik şəhidsiz qazanılmır. Əgər müharibəyə giririksə, şəhid də verməyə hazır olmalıyıq. Qələbə qazanmaq istəyiriksə, müharibə qaçılmazdır. Müharibə qaçılmazdırsa, şəhid də verməliyik. Biz artıq silah səslərinə öyrənmişik. Qarşı tərəfin cavab atəşinin susdurulduğunu eşidəndə qəlbimizdən tikan çıxır. Təsəvvür edin ki, biz düşmənin başına od ələdik”.
Füzulinin Lələtəpə yüksəkliyinin rayonun ən hündür yüksəkliklərindən biri olduğunu xatırladan teatrın direktoru əvvəllər o yüksəkliyi mənfur düşmənlərin tutduğunu görüb qəhərləndiyini bildirdi. Ancaq indi isə həmin təpəyə baxıb qürur hissi ilə o təpənin zirvəsində əsgərlərimizin bizi qoruduğunu deyir: “Biz buna necə sevinməyə bilərik. Bu bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycan ordusu böyük bir zəfər qazanıb. İlham Əliyevin sayəsində biz qalib gələcəyik. Düşmən qorxur, onlar öz yerlərini tərk edirlər. Buradan hər şey açıq-aydın görünür”.
Allah köməyiniz olsun. Qarabağda görüşmək ümidi ilə...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər