Dünya uşaq ədəbiyyatı

Dünya uşaq ədəbiyyatı

11 Aprel 2016, 10:02 1575
Lusi Klifford
Günəşə aparan yolda

Uzun yol qət etmişdi və olduqca yorğun idi. Yıxılıb qaldığı tarladakı dərin yuxudan oyanıb, ayağa duranda ətrafa göz gəzdirdi, qarşıdakı hasarın üzərindən boylandı – bağlar, çiçəklər, hər şeylə oynayacaq qədər həvəsi olan uşaqlar ona xəyal kimi görünürdü. Arxasında qoyduğu uzun yola baxdı, qaranlıq meşələrə, çılpaq təpələrə. Bu onun aid olduğu dünya idi. Sonra isə qarşısındakı bağa baxdı, o nəhəng evə, açıq terrasına, yumşaq çəmənliklərə doğru uzanan pilləkənlərinə... Bu isə orada oynayan uşaqlara aid olan dünya idi, onlar üçün yaradılmışdı.
- Yazıq oğlan – uşaqlardan nisbətən böyük olanı dedi – Sənə yeməyə nəsə gətirim.
- Bəs, o axı haradan gəlib? – bağban soruşdu.
- Biz onun haradan gəldiyini bilmirik – deyə, uşaq cavab verdi – Amma, görünür ki, o acdır və ana deyir ki, ona bir az yemək vermək lazımdır.
- Mən ona bir az süd gətirərəm – uşaqlardan balaca olanı dilləndi. Onun bir əlində süd gətirəcəyi kuzə (parç, saxsı qab) var idi, digər əli ilə isə qulpu bir tərəfdən qırılmış balaca səbətini yelləyirdi.
- Bəs, onun adı nədir? – bağban soruşdu.
Balaca uşaq cavabladı:
- Biz onun adını bilmirik. Amma o çox susuzlayıb və taqətsiz görünür, ona görə də ana dedi ki, ona bir az süd versək, yaxşıdır.
- O, haraya gedir? – bağban sorğu-sualı davam etdirdi.
- Biz bilmirik – uşaqlar dedi – Amma o çox yorğundur.
Oğlan yaxşıca dincəldikdən sonra ayağa qalxdı və dedi:
- Mən burda daha çox qala bilmərəm, getməliyəm. - Və dönüb öz yoluna düzəldi.
- Sən axı nə etməlisən ki? – uşaqlar maraqla soruşdular.
- Mən dünyanı hərəkət etməyinə, fırlanmağına kömək edən böyük bir dəstənin üzvüyəm - – deyə, yolçu cavab verdi.
- Bəs, biz niyə sənə kömək etməyək ki?
- Çünki siz bu nəhəng gəminin sərnişinlərisiniz.
- Sən hələ nə qədər yol getməlisən? – onlar soruşdu.
- Ahhh, hələ çox uzun yol” – o cavab verdi – Hardasa, Günəşə toxuna bilənə kimi getməliyəm.
- Sən, doğurdan da, ona toxunacaqsan? – uşaqlar dəhşətdən böyümüş gözlərini onun getdiyi yoldan ayırmadan soruşdular.
- Mənə elə gəlir ki, ora çatana kimi mən çox yorğun olacağam – o məyus-məyus cavab verdi – Bəlkə də, oraya necə çatdığımdan və ya çatıb-çatmadığımdan xəbərim olmayacaq, bəlkə də mən ona sadəcə yuxumda toxunacağam. Lakin onun son sözləri güclə eşidilirdi, çünki uşaqlardan xeyli uzaqlaşmışdı. Siz, axı niyə onunla danışdınız – bağban şikayətli səslə dedi – O sadə fəhlə oğlandır.
- Biz heç nə etmədik! Yaxşı ki o bizə rast gəldi – uşaqlar təvazökarlıqla dilləndilər.
- Yaxşı! – bağban ümidsizcə dedi. - Bəs, sizinlə onun arasındakı ən böyük fərq nədir?
- Aramızda sadəcə bir əngəl var, o da ki bu divar – uşaqlar dedi. - Bu divarı kim tikib? – maraqla soruşdular.
- Fəhlələr, əlbəttə ki. Bu divarı insanlar hörüb, qaldırıblar.
- Bəs, bunu kim sökəcək, uçurdacaq?
- Bu divarı heç kim uçura bilməz – bağban hiyləgərcəsinə dedi – Bunu ancaq zaman həll edə bilər. Zaman keçər və siz özünü o divarı aşarsınız”.
Uşaqlar yarım qalmış oyunlarına davam etdilər. Lakin gözləri az müddətə qonaqları olmuş oğlanın getdiyi tərəfdə işıq axtarırdı: Bəlkə, bir gün biz də günəşə çatarıq.


Ata sevgisi
Hind əfsanəsindən


Betal Vikramın qarşısına başqa bir tapmaca qoydu.

Lelavati adında bir qadın bir oğru ilə evlənir. Evləndikdən sonra kişi yeni bir həyata başlamaq üçün oğruluqdan əl çəkməyə qərar verir. Heç bir işdə qərar tuta bilmədiyindən, qadın ağır şəraitdə işləməli olur. Lakin, bu vəziyyət çox davam etmir. Tezliklə onların bir oğlu dünyaya gəlir və kişi ailəsinə baxa bilmədiyini anlayır, işləmək və az pul qazanmaq ona çətin gəldiyindən, yenidən oğurluq etməyə başlayır. Onun ölümündən sonra Lelavati bir tacirlə evlənir.
Tacir Lelavati ilə qurduğu bu ailəni çox sevir, uşağa çox yaxşı baxır, ehtiyaclarını qarşılayır. Oğlan böyüyüb, bütün işlərin başına keçəndə valideynləri dünyasını dəyişir.
Oğlan valideynləri üçün su kənarında son dini ritualı yerinə yetirmək üçün əyləşir. Bu zaman suyun altından üç əl göyə doğru uzanır. Oğlan onun üçün dua edən əllərin və səsin sahibini dərhal tanıyır – bu onun anasıdır. Amma digər iki əldən hansının öz atasının əli olduğunu təyin edə bilmir. Bir zamanlar anasının əsl atanın kim olduğu ilə bağlı dediyi sözləri xatırladı və onun kim olduğunu tapdı.
Betal hekayənin bu yerində dayandı və Vikramdan onun əsl atasının kim olduğunu soruşdu. Vikram cavab verdi:
- Əlbəttə ki, onun əsl atası tacirdir. Çünki o bütün sevgisini, xeyirxah və mərhəmətli duyğularını, ən saf cəhətlərini o oğlana aşılayıb, onun yaxşı insan olması üçün heç nəyi əsirgəməyib. Oğru isə ona sadəcə fiziki həyat verib. Betal Vikramı doğru yoldan döndərə bilməyəcəyini anladı.

İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı