• cümə axşamı, 25 aprel, 02:22
  • Baku Bakı 19°C

Böyük alimin arzusu

25.04.16 10:51 3932
Böyük alimin arzusu
Günü-gündən intellektual səviyyə o dərəcədə aşağı düşür ki, yəqin illər sonra Dostoyevsknin əsərini oxumuş adamlar bir-birini üzdən tanıyacaq. Necə ki hazırda teatra tez-tez gedən adamların əksərini üzdən tanımaq olur. Dostoyevskinin əsərlərinə ömür həsr eləmək isə müstəsnalıqdır. Bu mənada, professor, dostoyevskişünas alim Məmməd Qocayev qənimət şəxsiyyətdir, dəyərli alimdir.
Məmməd müəllimin yazıları mənə ona görə əzizdir ki, tədqiq etdiyi obyektin əsiri deyil. O, özünü Nizamidən yazıb nizamişünas kimi, Dostoyevskidən yazıb “Dostoyevsknin yiyəsi” kimi aparmır və yazılarında da belə məqamlara rast gəlinmir. Onun sadəliyi və dərinliyi örnəkdir.
Bəzən haqqında yazdıqları yazıçıların mənfi personajlarına çevrilən alimlərlə rast oluruq, Məmməd müəllim isə tədqiq etdiyi dahilərin təlqin etdiyi bəşəri idealları ilə yaşayan insandır.
Məmməd müəllim klassik tənqidçidir, yazı üslubu da, mövzuya girişib başa çatdırmağı da, ancaq bu klassik üslub heç də köhnəlik deyil, ağırlıqdı, dərinlikdi. O, Nizami Gəncəvi və Dostoyevskinin mətnlərini tədqiq edəndə əsərlərin yazılma ardıcıllığını və yaradıcılıq alqoritmini əsas götürür və olduqca yeni konsepsiya irəli sürür, ortaya fərqli fikir qoyur.
Hesab edirəm M.Qocayev bəxtəvər alim, yazı adamıdır, o baxımdan ki, “Dostoyevski ətrafında düşüncələr”, “Nizaminin insan fəlsəfəsi”, “Bədii ədəbiyyatda insan fəlsəfəsi” kimi qalıcı kitablar yazıb, Dostoyevsknin “Oxşarlar”, “Gizlindən qeydlər” “Paxla”, “Yeniyetmə”, “Şeytanlar”, “Ölülər evindən qeydlər” və s. kimi əsərlərini dilimizə çevirmək onun tərcümeyi-halına yazılıb.
Məmməd Qocayev bir baxıma da Dostoyevsknin və Nizaminin yox, mənəviyyatın araşdırmaçısıdır. O, bütün kitablarında insan mənəviyyatını, mənəvi kamilliyi tədqiq edir. Nizaminin əsərlərində sosial həyatdan peyğəmbərliyə, Dostoyevsknin yaradıcılığında reallıqdan aliliyə gedən yolu araşdırır. Adı çəkilən kitablarda rahat oxunan, canayatımlı üslubla akademik dəsti-xətti ustalıqla qovuşub və nəticədə tədqiqatlar oxucu tərəfindən rahat qavranılır, sevilir. Məmməd müəllimin sevdiyim bir cəhəti də özünü və yazdıqlarını dünya ədəbiyyatının (ədəbi tənqid, təhlil, araşdırma) bir hissəsi kimi görür və bunun cavabdehliyini anlayır.
M.Qocayevin kitablarını diqqətlə oxumuşam, o yazılardan misal çəkmək istəmirəm. Çünki o mətləblər sitat sığan deyil, kitablar konkret konsepsiya ilə yazıldığına görə bütöv oxunma tələb edir. Həmin kitablardan həm də ona görə misallar gətirmirəm ki, o kitablardakı qayəni müəllif daha aydın və rahat izah edib. Aydın yazmaq isə çətindir. Sitatçılıq, başqalarının mətləbinin başına fırfıra olmaq, oxucunu dolaşdırmaq, yalançı intellekt onun yazılarına yaddır.
Kitabların, mənbələrin, dillərin saysız-hesabsız olduğunu dərk edəndən sonra kimlər haqqında yazmaq, ömrünü kimlərə həsr etmək çox ciddi məsələdir. Məmməd Qocayev Nizamidən, Dostoyevskidən yazıb. Qələmini yaltaqlıq mürəkkəbinə batırmayıb, daim də qapısı elm öyrənmək istəyənlərə, yaxşı işlər sorağında olanlara, mətbuat adamlarına açıqdır.
7 il bundan öncə, Slavyan Universitetinin “Yaradıcılıq fakültəsində” Məmməd müəllim bizə 2 ay mühazirə oxudu. Dostoyevskni, Tolstoyu öz istəyi ilə, özünü isə qeyri-ixtiyari bizə sevdirmişdi. Fəxrlə onu müəllimim hesab edirəm, baxmayaraq ki, 2 ay, dərs almaq üçün böyük müddət deyil. Bəzən elə müəllim olur ki, sənə 4 il dərs deyir, ancaq sən ondan heç nə öyrənmirsən. Məmməd Qocayev isə bir başa insanın yaddaşına, ruhuna nüfuz edən alim və pedeqoqdur. Mənə dərs dediyinə görə onun sakit, həlim səsi qulağımdadır və bu gün də onun yazılarını oxuyanda mənə elə gəlir ki, Məmməd müəllimin yeni bir mühazirəsinə qulaq asıram.
Ədəbiyyat hamını arzusuna çatdırır. Kim mahiyyətcə necə şair, yazıçı, alim olmaq istəyirsə, bunun üçün hansı cür əmək sərf edirsə və şəxsiyyətini hansı ideala yetmək naminə qoruyursa, axırda da ona çatır. Qaldı ki, Məmməd müəllimə, hesab edirəm o da arzusuna çatıb – o, - müəllimim əvvəl gündən böyük alim, əsl ziyalı, şəxsiyyət olmaq istəyib və olub...
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər