• cümə, 29 Mart, 05:57
  • Baku Bakı 7°C

Bestseller yazmağın yolları

11.04.16 11:00 1564
Bestseller yazmağın yolları
Çağdaş dünyanın yazarlarında Dostoyevski, Cek London, Kafka, Heminquey olmaq kimi dərin və vaxtaparan ideallar yoxdur. İndi hamı hər şeyi zamanın sürətinə uyğunlaşdırmağa çalışır – buraya incəsənət hansısa sahəsi ilə məşğul olanların qısa müddətdə məşhurlaşmaq iddiası da daxildir. Ədəbi mühitdə də bu işə yeni girişənlərin ən yaxşı redaktor, ən yaxşı agent, ən yaxşı illustrator, ən yaxşı nəşriyyatla işləməyə cəhd etmələri bir qədər də bununla bağlıdır. Lakin bestseller əsərlərin işıq sürətilə bir-birini əvəz etməsi onu göstərir ki, bu yarışa girişən hamı qaydaları bilir. Hamı eyni qaydalardan yararlanaraq yazdığı üçün bestsellerlər mühitində rəqabətə uzun müddət davam gətirmək müşkül məsələyə çevrilir.
Lakin qeyri-bədii ədəbiyyat nümunələri üçün şərtlər və qaydalar bir qədər fərqlidir. Bunu da bir əsərin bəzən aylarla bestseller siyahısına liderlik etməsi ilə əsaslandıra bilərik. Dünyanın artıq daha çox memuar və avtobioqrafiyaya meylləndiyi zamanda nədənsə bu bazarda rəqabət zəifdir. Hər əsər bestseller ola bilmir. Qeyri-bədii ədəbi nümunələr bazarını araşdıran “HuffingtonPost” müəllifi Eymi Morin bununla bağlı “Bestseller olacaq qeyri-bədii ədəbiyyat nümunəsi yazmağın yolları” adlı məqalə qələmə alıb. Morin məqalənin əvvəlində bildirir ki, onu belə bir məqaləni qələmə almağa iki səbəb vadar edib: birincisi qeyri-bədii ədəbiyyat sektorunda rəqabətin zəif olmasının səbəbləri, ikincisi isə bundan əvvəlki “İnsanları istənilən sahədə ruhi cəhətdən möhkəmləndirən davranışlar” məqaləsi ilə ədəbi məsləhətçilərin diqqətini çəkmiş olması. Adıçəkilən məqalə ilə böyük maraq toplayan müəllif nəşriyyat sektorunun da yaxşı araşdırılmasının vacibliyi qənaətindədir. Qeyri-bədii ədəbiyyat nümunəsi ilə nəşriyyatların marağını çəkməyin daha da çətin olduğunu iddia edən müəllif bestsellerliyə iddialı əsərlər yazmağın yollarını bölüşür:
1. Təzə ideya – hansı sahəyə girişirsinizsə, girişin, ənənələrdən fərqləndirən bir ideya olmasa, fərqlənə bilməyəcəksiniz. Qeyri-adi uğur isə fərqlənə bilənlər üçün var.
2. Maraqlı auditoriya – şərt o deyil ki, möhtəşəm bir ideyanız olsun. Bu ideya ilə maraqlanacaq bir auditoriya da olmalıdır. Nəticədə siz bunu müəyyən auditoriya üçün yazırsınız.
3. Ekspertiza – kitabınızın mövzunu uzun illərdir araşdırırsınız? Özünüzü bu mövzu üzrə etibarlı ekspert hesab edirsinizmi? Niyə məhz bu mövzuda ən yaxşı yaza biləcək biri olduğunuzu və bu mövzunu, həqiqətən, bütün dərinlikləri izah edəcək ekspert olduğunuzu sübut etməyə hazırlıqlı olun.
4. Həvəsləndirici agent – siz işin yazmaq hissəsi ilə məşğulsunuz. Naşirlərlə bir-bir görüşüb, nəyin nə olduğunu izah etməyə həvəsiniz olmaya bilər. Bunu işinin peşəkarı olan və qarşısındakında maraq oyada bilən ədəbi agentə tapşırın.
5. Cəzbedici təklif – naşirlər əlyazmaları qəbul edərkən təkliflərə də xüsusi diqqət yetirirlər. Əgər onlara qeyri-bədii ədəbiyyat nümunəsi təklif edirsinizsə, əlyazmanı tamamilə verməyə ehtiyac yoxdur. Mövzunu əyani göstərən bir tablo, mövzu, süjetin qısa tezisi kifayətdir. Buraya kitabın kimlərə və necə satıla biləcəyi ilə bağlı biznes plan da daxil edə bilsəniz. 10 addım irəli düşərsiniz.
6. Uğurlu marketinq strategiyası – Xatırlamıram, bir dəfə kimsə mənə demişdi ki, “bunun adı bestsellerlər siyahısıdır, ən yaxşı yazarlar siyahısı deyil”. Bəli, məncə, bu açar cümlədir. Kitabın yaxşı satılması heç də müəllifin yaxşı, peşəkar olması demək deyil. Bunu daha çox uğurlu marketinq strategiyası müəyyənləşdirir. Kitabın çox satılmasını təmin edə bilmək yaxşı bir kitab yazmaqdan daha çətindir. Çünki ikincisi birmərhələli yaradıcı işdir, ikincisi, kompleks hərəkət forması.
7. Aydın iş və hərəkət planı – deyək ki, siz çox şanslı oldunuz və kitab sifarişi aldınız. Sevinin, amma bu müddəti uzatmayın. Çünki sizin araşdırma, yazma, düzəliş aparma kimi uzun vaxt tələb edən işləriniz var. Özünüzə mütləq və mütləq kəskin aralarla fərqlənən iş planı hazırlayın. Hansı mərhələni nə qədər müddətə tamamlayacağınızı dəqiqləşdirin və plana uyğun hərəkət edin. Cədvəl və qrafik tərtib edin. Yalnız və yalnız əlyazmanı vaxtında və arzuolunan formada təhvil verməyə köklənin.
banner

Oxşar Xəbərlər