• cümə, 19 Aprel, 10:59
  • Baku Bakı 13°C

Bəşəri ideyalar üçün döyüşənlər

11.04.16 11:34 2193
Bəşəri ideyalar üçün döyüşənlər
Cəbhədən gələn xəbərlərlə sosial şəbəkədə üç-dörd kəlmə açar sözlərə çevrildi: “şəhid”, “müharibə”, “humanizm”, “pasifizm”, “vətən”...
Az keçmədi, pasifist ruhlu statuslar silindi. Sülh arzulamaq hər insanın haqqıdır. Ən çox da müharibə zamanında. Bax elə ixtisasca heykəltəraş olan, amma iki gün əvvəl şəhid olan Samir Kaçayevin özünün də əqidəsi yəqin ki, bu olub. Burada ayıb nəsə yoxdur, sülh istəmək ən insani hissdir.
Amma nə bu pasifizm, nə hansısa siyasi analizlər, nə də ümumiyyətlə, müharibənin mənasızlığı vətənini, torpağını, əzizlərini qoruyan əsgərin ölümünü mənasızlaşdıra bilməz.
Düzdür, doğrudur ki, müharibə mövzusu ölkənin, hətta ölkələrin siyasi-mədəni-sosial müstəvisində analoqu olmayan əlaqə məzmunudur. Elə bir məzmundur ki, bu məzmunla “Biz” demək olur. Bu “Biz” kəlməsi isə istənilən idarə manevrində işləkdir.
Amma nəticədən asılı olmayaraq öz torpaqlarının sərhədlərində ölən əsgərlərə, işğalçıya qarşı döyüşən əsgərə "boşuna öldü" demək olarmı? Bəlkə də deyildiyi kimi siyasi güclər üçün lazımi anda sıxılan düymədən başqa bir şey olmayan sözlər ("vətən") əsgər ölümlərilə yeni məzmun qazanır, özününküləşir, dərinləşir və nəhayət müqəddəs bildiyini qorumaqla ona yeni yanaşma rakursu da açır. Nəinki açır, bəlkə başqalarını da bu rakursdan baxmağa məcbur edir.
Yəni, bu müharibə mövzusu hansısa siyasi güclər üçün idarə etməkdə, öz maraqlarını qazanmaqda bir rıçaq ola bilər, amma nəticənin necə olmasından asılı olmayaraq bu, öz sərhədində torpağını, insanını qoruyan əsgərin mübarizəsinə kölgə sala bilməz. O, qəhrəmandı...
Qəhrəmansa danışmır, analiz etmir, o, yaşayır və ölür. O, gözlənilməyən məqamda ortaya çıxır və özünü qurban verir. Eynən “Kuraj ana və uşaqları” pyesindəki lal Katrin kimi (Katrin polkun şəhərə hücuma hazırlaşdığını eşidir və canı bahasına şəhəri xilas etməyə çalışır - hündürlüyə qalxıb, həyəcan siqnalı verir).
Və Bertold Brextin “Kuraj ana və uşaqları” sanki bu günə, kapitalist, imperialist, avtoritar siyasi güclərin bir alver müstəvisi olaraq məkanlar, situasiyalar, münaqişələr seçdiyi dövrə həsr olunub, keçmişdən bu günə göndərişdir. Kuraj ana müharibədə alver edən kiçik alverçidir, yəni, çörəyi müharibədən çıxır. O, cəbhədən-cəbhəyə keçdikcə, bayraqları dəyişir. Brext özü də pyesə məhz bu rakursdan yanaşmağı təklif edirdi: “Müharibədə böyük biznesi yalnız balaca adamlar qurmur. Müharibəyə qalib gəlmək üçün istənilən qurbanı vermək lazımdır”.
Azərbaycan kinosunda müharibəyə qalib gələn bir film var: “Fəryad” filmi. Kinomuzun dünya tamaşaçısına təqdim edə biləcəyi bir müharibə filmi. Çünki, “Fəryad” filmi tərəf kimi döyüşmür, o, faciənin dibini göstərmək istəyir, müharibə haqda fəryad edir və hiss olunmadan filmi-konflikti fəlsəfi müstəviyə gətirib qoyur. Tək Azərbaycanın, azərbaycanlı əsirin deyil, erməni hərbçisinin də faciəsini, bədbəxtliyini göstərir. Bu onun şəxsi faciəsi deyil. Nəsildən-nəslə ötürülən faciə kodlarıdır ki, Xorenin simasında əsir İsmayılın yuxusuna girib “Qarabağ-dərdim mənim” deyə bağırır. O (Xoren və Xorenlər) çətin sağalan xəstəliyə-şovinizmə yoluxub. “Fəryad” müharibənin insanı mənən yaraladığını göstərir.
İsmayılın ömründə görmədiyi erməni Xoreni yuxusunda “Qarabağ - dərdim mənim” deyə bağıran yerdə görməsi, dini mətndən sitatlar (İncil) filmin ümumi temporitmi, faciəni milli-lokal miqyasdan çıxarır.
Filmin sonunda əsir İsmayılın qaytarılması epizodu qəhrəmanlıq marşı sədaları ilə təsvir olunur. Üzündə tək özünün yox, gördüyü bütün adamların əzabı toplanmış İsmayıl qəhrəman kimi evinə dönür. Onun yeriməyə taqəti yoxdur( əsirlərə ermənilərin etdiyi bir üsul yəqin ki, ona da tətbiq olunub - damara benzin vurmaq –bu, keçmiş əsiri tədricən öldürür). O, əzablar, işgəncələr görür, amma ən ağır müharibə şərtləri içində mənəviyyatını qoruya bilir, dəhşətli qisasçılıq xəstəliyinə yoluxmur - o, bir körpəyə görə düşməni bağışlayır, yəni insanlığını öz əzabları bahasına qoruyur. Bu, düşmən üzərində qələbə deyil, bu, artıq müharibə üzərində qələbədir. Bu, öz mənəviyyatını müharibədən qorumaqdır.
“Pasifizm yox, müharibə qorxaqların ideyasıdır” - Onlarla film, onlarla sənət əsəri bunu deyir. Bizdən də “Fəryad” filmi bunu deyir.
Bu müharibə ideyasının qorxaq müəllifləri yaratdıqları ölüm maşınında təkcə insanları deyil, insani ideyaları da öldürürlər. Və nə qədər pasifist olsan belə döyüşdən qaça bilməzsən. Ən azı o bəşəri ideyalar üçün bir əsgər kimi döyüşməlisən...
Qaldı Facebookda açar olan sözlərə. Vətən... Şəhid... Qəhrəman... Pasifizm...
İsti otağımdan, təzə dəmlənmiş çay içə-içə bu sözləri işlətmək nə qədər asandı və ya buna nə qədər haqqım çatır?
Biz sözlərlə çox ehtiyatlı olmalıyıq, çünki bu sözlər insanların qanı bahasına məna qazanır. Söz sadəcə söz deyil, onlar canlıdır. Bunu bir dəfə də yazmışdım:
Bir vaxt bizdən yuxarı sinifdə oxuyan Həsrət adlı (bu adı hardan tapıb, nə ağılla uşağa qoymuşdular?) bir oğlan şəhidlərə həsr olunmuş ədəbi-bədii gecədə oğlunu itirmiş atanın dilindən bir bayatı deməliydi. Bayatının axırı belə gəlirdi: “oğul itirən ata, tökər başa kül, ağlar”. Bu son misrada müəlliməmizin tələbiylə onun pafosunu təkrarlamalı olan Həsrət iki əlilə başına qapaz salmalı və bu jestlə başına kül ələnmış atanın müsibətini daha obrazlı göstərməli idi. Bu jest oğlanda alınmır, arvadsayağı çıxır və biz gülürdük... Az keçdi. Bir-iki il təxminən. Həsrət əsgərlikdə, atəşkəs vaxtı şəhid oldu. Ölüm xəbəri cənazəsindən əvvəl gəldi. Qəribə gün idi. Kəndə o qədər qar yağmışdı ki, onun cənazəsini iki gün sonra gətirə bildilər. İşə məktəb uşaqlarını da cəlb etmişdilər. Dərsdən azad olunmusduq - qarı təmizləyib yolu açmağa başladıq. Mükafatımız tabuta yaxından baxmaq olacaqdı. Maşın asta-asta kəndə girdi. Biz kəndin ortasındakı yüksəklikdə dayanıb, aşağı, Həsrətgilin həyətinə baxırdıq. Meyiti düşürəndə onun atası məhz o bayatıdakı kimi, başına ikiəlli qapaz saldı. Bu epizoddan saçlarımın dibinə kimi sarsıldım. Biz bir vaxt Həsrətin bu jestinə gülürdük…
Aliyə Dadaşova
banner

Oxşar Xəbərlər