• cümə, 29 Mart, 01:16
  • Baku Bakı 7°C

Avropa uşaq ədəbiyyatından seçmələr

25.04.16 10:42 1705
Avropa uşaq ədəbiyyatından seçmələr
Kimin nəyi varsa
Günlərin bir günü artıq daha yaxşı mənzərəsi olan bir yerdə yaşamağa qərar vermiş ağsaqqal bütün dövlətini yığıb, özünə gözəl bir malikanə alır. Lakin onun yeni qonşusu olduqca paxıl bir kişi olur. Paxıl adam yeni qonşusunun sakit və nikbin təbiətini, hamı ilə dərhal mehriban münasibətlər qurmasını həzm edə bilmir. Durmadan yeni ev sahibinin əhvalını korlayacaq işlər tutur. Gah zibilini onun darvazası önünə atır, gah küçəyə sallanan ağaclarını qırırdı.
Bir səhər yuxudan yenə yaxşı əhval-ruhiyyə ilə oyanan ağsaqqal eyvanına bir torba iyrənc heyvan yemi atıldığını gördü. O, qonşusu ilə əsla dalaşmaq niyyətində olmadığından torbanı boşaltdı, içini tərtəmiz yudu və bağındakı almaların ən qəşənglərini dərib torbaya yığdı. Paxıl qonşu qəfildən qapısının döyüldüyünü eşitdi və yeni qonşunun əhvalını nəhayət ki, korlaya bildiyinə sevinərək, qapını açmağa getdi.
Qapıya yüyürərkən yeni qonşunun artıq davaya gəldiyini düşünərək, ona verəcəyi cavabları götür-qoy da edir. Lakin qapıda onun heç gözləmədiyi səhnə əmələ gəldi. Yeni qonşu bir torba almanı gülümsəyərək ona uzatdı və dedi: “Kimdə nə çoxdursa, onu paylaşar” – dedi.
Xoşbəxtlik bizi izləyir
Qoca it küçüyün durmadan quyruğunu tutmağa çalışdığını görüb soruşur:
- Bir dairə ətrafında dönüb, quyruğunla niyə oynayırsan?
- Mən əslində fəlsəfə ilə məşğulam, tamlığın, bütövlüyün problemini həll edirəm. Məndən əvvəl heç bir it nə bu problem, nə də onun həlli haqqında düşünməyib. Tamamlanmanın, bütövlüyün nəticəsi xoşbəxtlikdir. Hamının həyatında xoşbəxtlik əsasdır, vacibdir. Bu xoşbəxtlik isə mənim quyruğumdadır, onu tuta bilsəm, tamamlanacam və xoşbəxt olacam. Ona görə mən onu izləyirəm.
- Mənim balacam - yaşlı it başını sallayaraq dedi – sənin yaşlarında olanda mən də eyni sual ətrafında düşünürdüm. Tamlıq və bütövlüyün olması üçün quyruğumun dalınca qaçırdım. Düşünürdüm ki, xoşbəxtlik quyruğumdadır. Ona görə mən özümü xoşbəxt hiss etmirəm. Ancaq sonralar gördüm ki, mən hara getsəm, o məni izləyir. Başa düşdüm ki, xoşbəxtlik hamını izləyir, onun dalınca qaçmağa ehtiyac yoxdur.
Ruh nədir?
Günlərin bir günü nəvə babasını görməyə gəlir. Babasını hər şeyin bilicisi kimi tanıyan balaca onu çoxdan narahat edən suala cavab almağa çalışır:
-Baba, ruh nədir?
Baba maraqlı gözlərini ona zilləmiş nəvəsinə uzun illər əvvəl eşitdiyi bir hekayəti danışır:
- Deyirlər ki, insanın içində üç “MƏN” var. Onlar bütün ömrü boyu insanın yol yoldaşı olur, ona bələdçilik edir, dəstəkləyirlər. Birincisi ən soyuqqanlı olandır. Bu “MƏN”i insanın ətrafında olan hamı görə və ona toxuna bilər. İkinci “MƏN” ilıqdır, istiqanlıdır. Bu, insana ən doğma olan adamlar tərəfindən görülə bilər. Bu iki “MƏN” durmadan insanın iradəsi üzərində hakimiyyət qurmaq üçün mübarizə apararlar. İçimizdəki qürur, şübhə, paxıllıq, qorxu, hərdəmxəyallıq kimi keyfiyyətlər məhz onların get-gəli nəticəsində baş qaldırır. Onlar arasındakı qarşıdurmanı yalnız üçüncü mən sakitləşdirə, yoluna qoya bilir. Onu isə heç kim görmür. Hətta çox vaxt insan özü də onun varlığını unudur, ondan birxəbər olur. Amma o daima bizi xatırlayır.
-Bu haqda əvvəllər heç eşitməmişdim- nəvə sükutunu pozur.
Baba gülümsəyir və davam edir:
-Birinci “MƏN” ağıldır. Əgər o insanın iradəsini tamamilə ələ alsa, insan hər yerdə hesabını güdən və soyuq olur. İkinci “MƏN” ürəkdir. Əgər o qalib gəlsə, biz həyatda uduzarıq, bitməz-tükənməz uğursuzluqlar və kədər zəncirinə düşərik. Hər şeydən incinərik və mənəvi çürümə bizi məhz edər. Üçüncü “MƏN” isə sənin tanımaq istədiyin ruhdur. İnsan yalnız ruhunu dinləyərək, onun göstərdiyi, apardığı yolla gedərək, ağıl və ürək arasındakı tarazlığı qoruya bilər.

Ingilis dilindən tərcümə etdi: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər