• çərşənbə axşamı, 23 aprel, 14:53
  • Baku Bakı 24°C

ALANİYADA SƏNƏT BAYRAMI

25.04.16 10:31 1896
ALANİYADA SƏNƏT BAYRAMI
Aprel ayının 10-dan 20-nə kimi Türkiyənən səfalı guşələrindən sayılan Alaniya şəhərində təşkil olunan I Beynəlxalq mədəniyyət və incəsənət günləri başa çatmışdır. Alaniya bələdiyyəsinin və “Qrand Kaptan” mehmanxanalar şəbəkəsinin təşkilatçılığı ilə baş tutan bu tədbirə qatılan iyirmidən çox ölkənin tanınmış fırça ustası (Canibek Berdikiyev, Firudin İşiman, Vasili Xanianov, Sinan Yasdiman, Məhəmməd Tələt, Əhməd Özəl, Lüdviq Zoltan və s.) onu yaddaqalan sənət bayramına çevirə bilmişlər. Alaniya toplantısında Azərbaycanı istedadlı rəngkar və qrafik Vüqar Əli təmsil etmişdir. Amma o, bu tədbirə qatılan yeganə azərbaycanlı olmayıb. Belə ki, onunla birlikdə sərginin əlaqələndiricilərindən biri olan və hazırda Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan Orxan Cəbrayıloğlu (digər əlaqələndirici türkiyəli Erol Kılıc idi) və Almaniyada yaşayan tanınmış fırça ustası Əkbər Behkəlam da iştirakçılar sırasında olmuşlar. Kifayət qədər məzmunlu proqrama malik olan tədbir onun iştirakçılarına çox qısa müddətdə həm Alaniya ilə yaxından tanış olmağa, həm də müxtəlif mövzularda əsərlər yaratmağa imkan vermişdir. Vüqar Əli tədbirin şərtlərinə artıqlamasilə əməl edərək nəzərdə tutulan iki əsər əvəzinə müxtəlif mövzulara həsr olunmuş yeddi tablo (“Ozan”, “Şəms”, “Ovqat”, “Yay”,”Ritm”, “Zeynəb” və “Sevgi”) yaratmışdır. Bu yazıda azərbaycanlı rəssamın həmin sənət bayramında iştirakından və əsasən müstəqillik illərində gerçəkləşən yaradıcılıq axtarışlarından söz açılır...
Tanışlıq üçün deyək ki, ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1985-1989), sonra isə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Sənaye qrafikası” fakültəsində (1991-1997) alan Vüqar Əli hələ tələbəlik illərindən başlayaraq müxtəlif miqyaslı sərgi və müsabiqələrin iştirak etməyə başlamışdır. Vaxtaşırı müxtəlif beynəlxalq simposiumlara qatılan rəssamın əsərləri dünyanın bir çox nüfuzlu şəxsi kolleksiyalarında saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Vüqar Əli hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində çalışır.
Tələbəlik illərində onun bir-neçə əqidə dostu ilə birlikdə görkəmli alim Xudu Məmmədovun (1927-1988) gənc rəssamlar üçün təşkil etdiyi sənət dərslərində iştirakını yəqin ki, yaradıcılıq axtarışlarının istiqamətinin düzgün müəyyənləşdirilməsində önəmli saymaq olar. Xudu müəllimin kristalloqrafiyanı milli incəsənətimizlə əlaqələndirilməsini öz gələcək axtarışlrında tətbiq etməyə nail olan həmin gənclərin bu gün təsviri sənətimizdə ənənə ilə müasirliyin uğurlu qovşağını nümayiş etdirmələri də dediklərimizi təsdiqləyir. Milli mənəvi-bədii qaynaqlardan yaradıcılıqla faydalanmanı əvvəlcə çəkdiyi müxtəlif mövzulu plakatlarda nümayiş etdirən gənc rəssam, sonradan bunu müxtəlif janrlarda çəkdiyi rəngkarlıq tablolarında əyaniləşdirə bilmişdir. Qədim miniatür üslubunun daşıdığı zərif forma və lokal rəng özünəməxsusluğuna müasir tutum verən Vüqar Əli onları yaradıcı təfsirə məruz qoymaqla, son nəticədə bədii görüntünün cəlbediciliyinə və təsirliliyinə nail ola bilmişdir. Həmin bədiiləşdirilmiş mövzuların düşündürücülüyünün əldə olunması isə şübhəsiz müəllifin məlum olanlara özünəməxsus, bir qədər də fəlsəfi münasibətinin göstəricisidir. Odur ki, Vüqar Əlinin bütün janrları əhatə edən yaradıcılığında tamaşaçı üçün ipucu ola biləcək bədii məqamların həm də incə “sirr qatı”na bələndiyini duymaq mümkündür.
Müasirliyi bəzilərindən fərqli olaraq çoxdan Qərbin tarixin sənət saxlancına gömülmüş üslublarını təqliddən uzaq olmaqda görən rəssam, “Xudu Məmmədov məktəbi” ənənələrinə tapınaraq təravətinin əbədiliyini birdəfəlik təsdiqləyən milli-mənəvi qaynaqlarından faydalanmağa üstünlük vermişdir. Onun təfsirində təqdim olunan müxtəlif motivlər inandırıcılığı ilə yanaşı, həm də assosiasiya-anım yaradıcı olduqlarından tamaşaçı nəzərlərini ovsunlamaq gücündədir, desək, həqiqəti söyləmiş olarıq. Güclü stilizəyə məruz qalan və şərti-lakonik rəng tutumuna bələnən bu bədii görüntülərdə bəzən təsvir irreal görünür. Amma özünəməxsus sənətkarlıq nümayişi olan bu cür təqdimat, əslində, rəssamın reallıqla irreallıq arasında tapa bildiyi baxış nöqtəsinin ifadəsidir. Etiraf edək ki, məhz bu “nöqtə”ni tapmaq hər bir yaradıcı üçün çox çətin, bəzən də mümkünsüz olur. Bu reallıqdan mücərrədliyə uzanan nəhayətsiz yaradıcılıq axtarışlarının rəssamın iç dünyası ilə uzlaşan elə bir anıdır ki, onun bədii ifadəyə çevrilməsi həm də yaradıcının fərdi və fərqli dünyaya baxışını üzə çıxarır. Bəlkə də kimlərəsə tapılması asan görünə biləcək bu “nöqtə-dayanacağı” reallıqda müəyyənləşdirmək, doğrudan da, müşküllüyü danılmaz olan yaradıcılıq məsələsidir. Elə onun düzgün tapılmamasının nəticəsidir ki, bu gün təsviri sənət məkanında başqa “dil”də danışan və özünü rəssam kimi təqdim edənlər kifayət qədər çoxdur. Bir qədər uzun görünə biləcək bu izahatdan çıxış etməli olsaq, onda Vüqar Əlinin bu gün maraqlı axtarışlar mərhələsini yaşayan yaradıcılığının yuxarıda vurğuladığımız müsbət bədii-estetik məziyyətlərlə səsləşdiyini söyləməliyik.
Onun “Karvan”, “Səhra gəmiləri”, “Şəhərin açarı”, “Abşeron gözəli”, “Qız qalası”, “Mirvari”, “Uçan şəhər”, “Nağıl”, “Səhra nəğməsi”, “Abşeron yuxuları”, “Qış əfsanəsi”, “Natürmort” və s. əsərlərində qeyd etdiyimiz ənənə ilə müasirliyin özünəməxsus vəhdətini görmək mümkündür.
Vüqar Əlinin əsərlərinin ən önəmli bədii xüsusiyyətlərindən biri də tanış və ənəviləşən mövzu və motivlərə çox fərqli bədii görüntü verə bilməsidir. Qənaətimizcə, bu ilk növbədə məlum bədii münasibətlərdən yaradıcılıqla nəticə çıxarılmasının nəticəsi, rəssamın kətan qarşısında “təklənən” məqamda bilavasitə fərdi iç dünyasına tapınmasının nəticəsidir. Onun məşhur Qız qalasına, sərt təbiətli Abşerona və qədim İçərişəhərə həsr etdiyi tabloların bədii təqdimatında “Vüqar Əli münasibəti” aydın və yaddaqalan, bir çox hallarda isə duyğulandırıcıdır. Bütün bunları duyulası stilizə və şərti-lakonik rəng qatının birliyi ilə əldə edən rəssam, hər bir əsərində həm də düşündürücüdür. Bu heç şübhəsiz ki, yaxşı haldır. Odur ki, vurğulanan bədii məziyyətlərin onun ən müxtəlif janrlarında yaratdığı əsərləri zamansızlığa qovuşdura bilmişdir, desək, yanılmarıq. Elə bu səbəbdən də müxtəlif miqyaslı sərgilərdə “Vüqar Əli” imzası tamaşaçı tərəfindən soraqlanmaqdadır...
Ziyadxan Əliyev
banner

Oxşar Xəbərlər