Adil Mirseyiddən şeirlər

Adil Mirseyiddən şeirlər

18 Aprel 2016, 10:20 1106
mevlana neyi və şair taleyi

bəxtimiz gözüyumulu
keçib getdi yanımızdan hər səhər
qırmızı bir çiçək gördüm
qara baxtın yaxasında
yalnızlıq şairlərin bir yaşam biçimidir
eşq ayrılıq didərginlik və ölüm
tutulacaq budaq deyil bunu bil
sənsiz ötən günlərin axşamları
bilirsənmi nə rəngdədi xrizantem rengində
hər an ölümlə qarşılaşa biləcəyimizi düşünəndə
dalağım sancır birdən vay mənim yazıq canım
əslində meropol aynaları zatən sevmədi bizi
səsimiz olmasa da durub nəğmə oxuyuruq
təqib edilmə paranoyası gəmirir içimizi
ah allahım mən bilirəm
insan necə bir özləmlə xatırlar
gerçəkləşdirə bilmədiyi intiharı
hardan gəlib hara gedirəm hara
köksümdə qanaya qanaya axan bir yara
mövlana neyi çaldım cənnətin qapısında
dağlar yerindən oynadı dənizlər çalxalandı
iki qapılı bir evdi dünya
birindən diri girirsən
birindən ölü çıxarsan


göydələnlərin kölgəsində

şəhərin mərkəzində göydələn kölgəsində
bir yağışdan sonra islaq səkidə
yıxılıb qalıb talesiz adam
anbulans gecikir hardasa tıxacda
şəhərin üstündə qərib bir axşam
külək buludları qovub aparır
qıpqırmızı almalar dağılıbdı səkiyə
yavaşıdılmış kino kadrlarına
bənzəyirdi bu kədərli mənzərə
yağış təzəcə kəsmişdi
axşam enirdi şəhərə
adamı mindirdilər sarı rəngli taksiyə
qıpqırmızı almalar dağılmışdı səkiyə
almalardan birini götürdü qoca əyyaş
ətəyinə silib cibinə qoydu
gözlərinin çuxurunda iki damla yaş
bir qadın ayaqqabısı keçdi küçədən
yağış qoxusuna qarışdı şanel
mən gecə yarısına qədər
dolaşdım küçələri dəli divanə kimi
bir kimsə zəng eləyib soruşmadı kefimi
islaq bir bulud çıxartdım mən
yağış gölməçəsindən
külək buludumu alıb apardı

fortopiano üçün atonal musiqi

sözün şəklini çəkməyi
öyrənməyə başladığım günlərdə
gecələr haçan göy üzünə baxsam
ay gülümsəyirdi mənə
hər zaman anamı düşünəndə
o gözəl günlərə dönürəm yenə
gecələr aya baxanda
qanad yerləri göynəyir kürəyimdə
umud qızıla tutur əski xatirələri
nar çiçəkləri alışır ürəyimdə
indi gecələr ay gülümsəmir mənə
indi mənim ömrümdə hər zaman yağış yağır
xəyalımda anamın gözləri nəmli
şəklini çəkdiyim sözlər də qəmli və islaq
bir ömür yaşadım bu dünyada mən
röyalarla gerçəklər arasında
zər qanadlı bir kəpənək intihar edir gecə
röyamdakı cənnət çiçəkləri arasında
indi mənim ömrümdə nə ay var nə ulduzlar
indi mənim ömrümdə umudun və həsrətin
yağışın azadlığın qürbətin
və ölümün yeknəsəq musiqisi
eyni bir notu tutub buraxmır
gözəgörünməz bir əl
si si si si si si

istanbul bayatısı

bu gün mənim ömrümdə hər şey solğun görünür
umudlar arzular sisə bürünür
pəncərə şüşəsində soyuq yağmur damlaları
bir kənara buraxdım oxuduğum kitabı
hanı bir sonbahar axşamı istanbulda görüşəcəkdik
istanbulun orta yeri sinema demiş şair
istanbulun orta yeri sinema
yalnızlığımı tənhalığımı duydurmayın anama
istanbulun orta yerindən keçəcəkdik
göyərçinlər uçub qonacaqdı çiynimizə
bir kafedə türk qəhvəsi içəcəkdik
hanı evimiz kimiydi yerüzü
hanı qapın açıq olardı həmişə
hanı qapın qapım kimi açıq olardı
rüzgara yağmura şeirə günəşə

mən qara sevdadan sözdən sərxoşam
bir bardaq su kimi dağıldı huşum
kim deyir ölüm maskası yaraşır şair üzünə
yalandı inanma onun sözünə

umudun mərcan balıqları

fələstinli mühacir şair kimi
həyəcanlıyam bu anda
həyat eşqim qürbət vitrinlərində sərxoşdu
umud tumurcuqları damarımda axan qanda
dənizin üstündə qarca qanadlı buludlar
ürəyimdə mərcan balıqları kimi umudlar
ölümün iki addımlığındayam
allahım nə sonsuz yol nə qara tale
mən bir canlı bomba kimi həyəcanlıyam
qafamın içində metropol xaosu
qafamın içində sərsəri roknrol
bilsəniz nə umudsuz günlər yaşamışam mən
divanə könüllü qan qardaşlarım
bir bilsəniz necə qurşuna dönür
içimə axan göz yaşlarım
kabusların isterik ölüm rəqsini gördüm
voland da orda idi kabuslar arasında
üzündə gülümsəyən professor maskası
bakıda qarlı yağmurlu havada
buxara papaqlı bir aşıq ötüb keçdi yanımdan
qan qoxusu gəlirdi sazın qara köynəyindən
təhnəm boş olmasaydı bu qarlı havada
umudun mərcan balıqları boğulmasaydı içimdə
bir şeir yazardım mən
sözləri nar çiçəyindən

bohem adamın macərası

daha bir bahar keçdi dostumun ölümündən
gecələr ay doğub bədirlənəndə onu düşünürəm mən
bu dünyanın adamı deyildi o rəssam idi
barmağının ucunacan eşq idi ilham idi
bohem bir adam idi
ağaclarla yamaclarla buludlarla quşlarla
çiçəklərlə böcəklərlə küləklərlə daşlarla
mələklərlə fələklərlə mübahisə edərdi
ayağı getmədiyi yerlərə gedərdi
şübhəli meyxanələrdə şərab içib əylənərdi
uzun qış gecələrinin soyuq yalqızlığında
guya bəxti gətirmişdi xoşbəxt idi guya
ölümü umursamazdı nədənsə
şöhrət qürbət məmləkət
və uğursuz məhəbbət bir xəyalət bir röya
anıları yaşayır hələ meyxanələrdə
anıları yaşayır hələ
sevdiyi qadınların göz yaşlarında
anıları yaşayır hələ keçmişin
rəsmli divarlarında
gecələr xəyalət kimi dolaşır bəzən
şəhərin bu civarlarında
ah tanrım ruhum sıxılanda
onu xatırlayıram mən
ay işığına boyayıram gecəni
gəncliyimizi çəkib çıxardıram zamanın içindən

bodlerin şeirlərini sevən adamın macərası

əcəliylə ölməyəcək bu adam
insanca yaşamaq qisməti deyil
uçub göy üzünə qonmaq istəyir
qarşılıqsız bir məhəbbət yaşadığı bəlli
bir əli şeir yazır aynalara
arxadan xəncər vurar kürəyinə bir əli
tavandan asılmış kəndir yellənir
kəndirin ilgəyinə qonub bir ağ kəpənək
bir zamanlar bodlerin şeirlərini sevərdi bu adam
adama göz vurur bu əclaf ilgək
yağmur qoxusuyla gəlir uzun gecələr mövsümü
axıb gedən buludlar həyəcanlı
bir zamanlar yasaq eşqlər yaşayıb bu adam
bu adamın keçmişi qaranlıq gələcəyi dumanlı
bundan sonra dörd mövsüm
kabus dolu gecələr gözləyir onu
bundan sonra baxdığı aynaların içindən
ağlayan bir qadın üzü görəcək hər zaman
bu adam bir zamanlar sevib sevilərkən hələ
hələ bodlerin şeirlərini sevdiyi günlərdə
intihar etmədiyinə peşman

kaktus adamın macərası

nədir bu yay günündə dənizə göy üzünə
çəkib aparan bu qərib ruhumuzu
sən heç görmədiyin tanımadığın
bir kaktus adamın duaları qoruyur səni
içindəki çiçəyin işığı aydınladır üzünü
bir teatr səhnəsidi şəhər
kaktus adam həmişə pərdənin arxasında
sən oxumadığın kitabları oxuyar
sən getmədiyin kafelərə gedər
amma içdiyi şərab isitməz canını
əlləri röyalarda gördüyü
bir qadın kimi oxşayar qəhvə fincanını
için için qanayar sevdaları qanayar
borc ödəmə günləri gələndə
axşamlar gözlərindən əksik olmayan kədər
sən getmədiyin dumanlı kafelərə gedər
talesiz şəhərin kaktus adamı
hər gecə röyasında çiçək açar içindəki umud
hər gecə röyasında bir umudun adamı

kubist kompozisiya

hələ yapılmamış heykəlimi
ziyarət eləyirəm şəhərin mərkəzində
hə şair deyir göyərçinlər nəyin dərdini çəkirsən
bu da sənin özəl həyatın
yay yağışından çıxıb
heykəlimin ayaqları altına
bir dəstə gül qoyur
qara paltarlı bədbəxt bir qadın
yağışda üz gözü islandığından ağladığı bilinmir
hər ilğımdı hər şey röyadı
ax mən bir də bu şəhərdə
özümü yapa bilsəydim
qara paltarlı bədbəxt qadının
on səkkiz yaşındakı
gözlərini tapa bilsəydim
düşərdim pyedestaldan
mənim ömrüm bir ilğımdı
mənim ömrüm bir yay röyasıdı indi
dünya röyalar dünyasıdı indi
bəs gözümə dolan nədi
bəs gerçək olan nədi
ölüm deyincə ağlıma
leyli şeirlər gəlir
məcnun şairlər gəlir
məni öldürürlər röyalarımda
röyalarımda sevdalanmış ay
bir gözəl röyanın sonunda
göydə sevdalanmış aya könül verməyə dəyər
bəs sən nə deyirsən
nə deyirsən aynadan baxan adam
bir az da döz az qalıb
bədirlənmiş ay bir gecə
gəlib sənin də qapını döyər