• cümə, 29 Mart, 09:50
  • Baku Bakı 5°C

Mayın 16-da Musiqili Teatrda premyera olacaq

15.05.15 06:04 1309
Mayın 16-da Musiqili Teatrda premyera olacaq
16 may 2015-ci il tarixində saat 12.00-da Azərbaycan Dövlət Musiqili Teatrında mövsümün növbəti premyerası olacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət yeni uşaq tamaşası olan "Dəcəl çəpişlər"dən gedir. Tamaşa Azərbaycan ədəbiyyatının böyük simalarından biri olan Mikayıl Müşfiqin məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm" əsərinin motivləri əsasında hazırlanıb. Yeni səhnə əsərinin musiqisi uşaqların sevimli bəstəkarı, xalq artisti Oktay Zülfüqarov, liberottosu Ramiz Heydərə məxsusdur. Tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyevdir. Söhbət zamanı quruluşçu-rejissor tamaşaya bir sıra yeni obrazlar və yetərincə müasir elementlər əlavə edildiyini vurğulayıb. "Yaradıcı heyətimiz, əsasən, gənclərdən ibarətdir. Bizlərə göstərilən bu etimad görə teatrımızın direktoru Əliqismət Lalayevə təşəkkürümüzü bildiririk. Bu, bir daha sübut edir ki, Musiqili Teatrda gənclər üçün kifayət qədər yüksək yaradıcı şərait yaradılıb", - deyə Əhəd Hacıyev tamaşayla bağlı fikirlərini bölüşərkən bildirib.
"Dəcəl çəpişlər" 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Musiqili Teatrın gözəl bir hədiyyəsi olacaq. Premyeraya uşaq evlərindən balaca tamaşaçılar, imkansız ailələrin övladları və fiziki qüsurlu uşaqlar da dəvət olunacaq.
Qeyd edək ki, tamaşanın rejissor-assisenti Elməddin Dadaşov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları aktyorlar Şaban Cəvərov, Güldanə Əzimova, Elçin İmanov, Gülçöhrə və Gülnarə Abdullayevalar, Ağaxan Şərifov, Mehriban Zalıyeva, Əlif Cahangirov, Gülnarə Əzizova, Nərmin Əliyeva , Fərid Rzayev, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Elxan İsmayılov ifa edirlər.
Bundan başqa Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı İlqar Fəhminin “2015-ci kvartal” əsəri əsasında yeni tamaşa hazırlanır. Tamaşaya quruluşu rejissorlar Anar Sadıqov və Əlif Cahangirli verir. Bu, gənc rejissorların debütüdür. Əsərin quruluşçu rəssamı Elgün Vəliyev, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşanın bədii rəhbər Xalq artisti, rejissor Azərpaşa Nemətovdurdir.
Səhnə əsərində Xalq artisti Ramiz Məmmədov, Əməkdar artist Şövqi Hüseynov, Nadir Xasıyev, eləcə də Gültac Əlili, Əliməmməd Novruzov, Emil Heydərov, Səmədzadə Xasıyev və digər gənc aktyorlar iştirak edir.
Əsər insanların mənəvi aşınmasından, cəmiyyətdəki təmiz və köməksiz insanların iç dünyasından, köhnə Bakı haqqında nostalji hisslərdən və yeni Bakı haqqında düşüncələrdən bəhs edir.
Qusar səhnəsində “Yeni zavmaq” hazırlanır
Qusar Dövlət Ləzgi Dram Teatrında yerli yazar Mirzəli Rüstəmovun əsəri əsasında “Yeni zavmaq” adlı tamaşa hazırlanır. Komediya janrında olan tamaşa üçün yerli rəssamlar və dekorçular tərəfindən xüsusi dekorasiya qurulub. Teatrın baş rejissoru Bağır Əhmədovun quruluş verdiyi tamaşa tamahkar kəndli ailəsinin həyatından bəhs edir, ibrətamiz məqamlarla zəngindir.
Teatrın direktoru Faiq Qardaşovun sözlərinə görə, yeni tamaşanın premyerası mayın 26-da Qusar şəhər Mədəniyyət evində keçiriləcək. Premyeradan sonra teatrın kollektivi yeni tamaşanı kənd klublarında da təqdim edəcək.
İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Lətifələr“ deyiləcək
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqləri aparılır. Xəqani Əliyevin quruluş verdiyi tamaşa məzhəkə janrında hazırlanır. Molla Nəsrəddin lətifələri əsasında səhnələşdirilən nümunədə əsas rolu - Molla Nəsrəddin obrazını Elçin Hacıyev ifa edəcək. Digər rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Rövşən Cəfərov, Ruhiyyə Paşayeva, Ceyhun Əliyev və başqaları oynayacaqlar.
“Xortdanın cəhənnəm məktubları” Kalmıkiyalı rejissorun yozumunda...
Xəbər verdiyimiz kimi Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında eyniadlı tamaşaya quruluş vermək üçün artıq Bakıdadır.
İki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən yeni səhnə əsərinin hazırlıq prosesinə bu gün start verilib. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.
Azərbaycan teatr məkanında ilk dəfə müraciət olunan səhnə əsərində rolları Əməkdar Artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa edəcəklər.
Məlumat üçün bildirək ki, qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Kalmıkiya Respublikasına ezam olunaraq yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.
Tamaşanın cari ilin iyun ayının 9-10-da nümayiş etdirilməsi nəzərdə tutulur.
Kuklaçılar “Çəkməli pişik”i səhnələşdirir
Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqlərinə start verilib. Uşaqların sevimli məkanında bu dəfə dünya ədəbiyyatına müraciət olunub. Belə ki, balacaların sevimli nağıl qəhrəmanı “Çəkməli pişik” tam fərqli yozum və səhnələşdirmə ilə teatrsevərlərin ixtiyarına veriləcək.
Dünya uşaq ədəbiyyatında ən tanınmış və ən sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi Şarl Perronun bu məşhur əsərinə yeni səhnə həyatı verən teatrın rejissoru Anar Məmmədov tamaşaya əlavə olunan yeni obrazlar və mətnlərlə nümunəni müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim etmək istədiklərini dedi: “Yeni obrazlar tamaşanı daha çox açmağa xidmət edəcək. Çünki əsərdə bir neçə mövzu var və bütün bu mövzuların fonunda yaxşılıq naminə yalan danışmaq əsas yer tutur. Müəllifin əsərində bunu əsas götürməklə yalanın əslində pis vərdiş olduğunu və sadəcə zaman-zaman yaxşılığa xidmət etdiyini göstərməyə çalışmışıq. Sonda, təbii ki, qəhrəmanların dilindən yalanın yaxşı vərdiş olmadığı, yaxşılıq xatirənə olsa belə adətə çevrilməməyi təlqin olunur”. Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilindən tənqid olunduğu birhissəli kukla tamaşası mövsümün sonunda balacaların ixtiyarına veriləcək. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur. Səhnə işində əsas rolları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatzadə, Rəhim Rəhimov, Cavid Telman və başqaları ifa edəcək.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər