• şənbə, 20 Aprel, 03:10
  • Baku Bakı 15°C

Şəbəkə ədəbiyyatı, yoxsa çap dəzgahının sonu?

03.05.14 13:03 2208
Şəbəkə ədəbiyyatı, yoxsa çap dəzgahının sonu?
İnternet ədəbiyyatının get-gedə genişlənməsi, hekayə və şeirlərin, hətta böyük həcmli əsərlərin əvvəlcə əlyazmada, daha sonra çap şəklində deyil, məhz internet şəbəkələrində yer alması, daha dəqiq desək, internetin sürətlə ədəbiyyatın yaşayış yerinə çevrilməsi oxucuları bir sıra ziddiyyətli məqamlarla üz-üzə qoyub: Tendensiya gücləndikcə, ədəbiyyat kağızdan tamamilə virtual aləmə köçəcəkmi? Doğrudanmı, çap dəzgahının sonu gəlib çatıb? Əvvəllər hər çapı hadisəyə çevrilən, əlimizin, gözümüzün, ruhumuzun alışdığı kitabları virtual aləm sıradan çıxaracaqmı? İnternet ədəbiyyatının xeyirli, yoxsa daha çox zərərli təsiri var?
“Kaspi” bu kimi suallara cavab axtararkən maraqlı nüanslarla qarşılaşdı.
Köhnə vərdişlər
Xalq şairi Sabir Rüstəmxanlı
internet ədəbiyyatını həyatın gedişatı adlandırır. Onun fikrincə, bütün yeniliklərin yaxşı tərəfləri olduğu kimi, pis tərəfləri də var: “Köhnə ənənələrdən qopmaq, vərdişlərdən uzaqlaşmaq olmur. Amma bütün hallarda elektron kitablar və kitabxanalar qaçılmazdır. Qalın-qalın kitabların kiçik elektron daşıyıcılara yüklənməsi zəngin milli sərvətlərin qorunub-saxlanması baxımından çox əhəmiyyətlidir. Bilirsiniz ki, bu gün bütün kitabxanaların elektron versiyasının yaranma prosesi gedir. Bu ədəbi sərvətlərə bir açardır”. Yazıçının fikrincə, elektronlaşma əslində, dünyanın müxtəlif qütbləri arasındakı sərhədləri götürür və nəsillər üçün elmin inkişafı baxımından bir çox çətinlikləri aradan qaldırır: “Bu, inqilabi dəyişiklikdir. Bunu dəyərləndirmək lazımdır. Gözü kompyuterə alışan yeni nəsil üçün kitab və kitabxana deyiləndə elə ekran yada düşəcək. Bu proses bu cür də davam edəcək. Bizim isə gözümüz zəngin kitab rəflərinə alışıb. Ona görə də bizim üçün kitab heç vaxt əhəmiyyətini itirməyəcək. Mən “kitab” deyiləndə onu ilk növbədə səhifələrdə təsəvvür edirəm. Təzə kitablarım kompyüterdə yığılır, özüm redaktə edirəm, səhifələyirəm, fəsillərə ayırıram. Son variantını kağızda görməyənə qədər onu kitab şəklində təsəvvür edə bilmirəm. Bu da bizim köhnə vərdişlərimizdir”.
S.Rüstəmxanlının fikrincə, əslində heç bir yenilik köhnə olanı qiymətdən salmır: “Vaxtilə dünyada daş kitabələr, papirusda, gil lövhələrdə yazılar vardı. Bunlar hamısı bir-birini idarə edib, amma heç biri əvvəlkini qiymətdən salmayıb. Və yaxud əlyazmalar köhnə daş kitabələri gözdən salmır. Əgər bu gün elektron ədəbiyyat yaranırsa, on minlərlə nüsxə kitablar da çap olunur. Yazının yeni növləri və yayılma üsulları meydana çıxır və bu, köhnəni qətiyyən sıradan çıxarmır. Olsun ki, bu gün yeniliklərdən əlavə, gələcəkdə daha ayrı variantlar meydana çıxacaq. Biz uşaq olanda kənddə yeni bir film göstəriləndə çox sevinirdik. Amma indi kompyuterin qabağında oturub istədiyin filmə baxa və ya 500 min filmin içindən birini axtarıb tapa bilirsən. Doğurdan da qısa zaman içində böyük bir yol keçdik. Ona görə mənim üçün həm kitab qiymətlidir, həm də yeni yaranan imkanları yüksək qiymətləndirirəm”. Yazıçı internet ədəbiyyatının kitabların satışına təsir etdiyini istisna etmir: «Şübhəsiz ki, əsərlər internetdə yer alırsa, bu, satışa təsir edir. Amma yazıçı üçün önəmli olan onun sözünün yayılmasıdır. Fərqi yoxdur, bu, kağızda yayılsın, yoxsa internetdə. Dəyərli olan sözdür. Söz oxucuya hansı şəkildə tez çatırsa, ondan da istifadə etmək lazımdır. Hərdən fikirləşirəm ki, nə üçün bu qədər kitab var, amma onların hamısını internetdə yerləşdirmirlər ki, oxucuya daha tez çatsın. Amma mənim üçün kağızdan oxuduğum mətnin ləzzətini heç nə verə bilməz. Mənim üçün başımın üstündəki dolabda və əlimin altında həmişə kitab olmalıdır. Hərdən qulaqcığı taxıb internetdə kitabların mətnlərinə qulaq asıram, ancaq o ləzzəti ala bilmirəm və 10-15 dəqiqədən sonra yoruluram. Amma oxumaqdan yorulmuram».
Azərbaycan yazıçısının bədbəxtçiliyi
«Ədəbiyyat» qəzetinin baş redaktoru Elçin Hüseynbəylinin
fikrincə, internet və sosial şəbəkə ədəbiyyatının müsbət tərəfi insanlarda yazı vərdişlərini təkmilləşdirmək, düşünmək imkanlarını artırmaq və insanlar arasında ünsiyyəti formalaşdırmaqdırsa, mənfi tərəfi ədəbiyyatın kütləviləşməsi və sözün də dəyərdən düşməsidir. Belə ki, hekayə və ya şeir yazan adam onu internetlə öz dostlarına göndərir, onlar da onun xətrinə dəyməmək üçün «like» edirlər: “Nəticədə həmin şair və ya yazıçı formalaşa bilmir. Onlar uzun ədəbi mərhələ və proses keçmirlər. Ona görə də bizdə internetdə yazılan ədəbiyyat nümunələri həm dil, həm stilistika, həm də düşüncə baxımından çox qüsurludur. Hətta, mən bəzən fikir verirəm ki, aparıcı saytlarda gedən köşə yazıları facebook səhifəsindən götürülür”. Baş redaktorun sözlərinə görə, özünə hörmət edən yazıçı və ciddi ədəbiyyat bütün dövrlərdə olub. Belə ki, vaxtilə kompyuterin, çap dəzgahının olmadığı vaxtlarda cild-cild əsərlər yazılıb: “Düşünürəm ki, texnikanın inkişaf etdiyi belə bir dövrdə də ədəbiyyata ciddi yanaşan adamlar olacaq. Sadəcə, olaraq onlar az olacaq. Cavanların çoxu fikirlərini, sözlərini sosial şəbəkələrə xərcləyirlər. Bir də gözlərini açıb görəcəklər ki, ortaya dəyərli heç nə qoya bilməyiblər. Amma bu bir faktdır ki, sosial şəbəkə ədəbiyyatı yaranır». İnternet ədəbiyyatının kitab çapına və yayımına təsirinə gəlincə, E.Hüseynbəylinin fikrincə, internet paylayıcıları ilə müəlliflər arasında müqavilə imzalanmalıdır ki, onların elektron ədəbiyyat nümunələrindən istifadə edərkən heç olmasa 5-3 qəpik qazana bilsinlər: “Azərbaycan yazıçısının bədbəxtçiliyi ondadır ki, onların əsərləri elektron kitabxanalara yerləşdirilir və bu proses getdikcə davam edəcək. Get-gedə çap məhsullarına tələbat azalacaq. Ona görə də yazıçılar quru əllə qalacaq, yəni qazancları olmayacaq. Hələ indi çap məhsulları davam edir, ancaq gələcəkdə bunun azalma, hətta, yoxa çıxma ehtimalı da var».
Ənənələrin qırılması
“Oxucuların hamısının internetdən başı çıxmır. Hələlik o səviyyəyə çatılmayıb ki, hamı internetdən istifadə etsin. Elə mən özüm də kompyuteri təzə öyrənmişəm və çox az istifadə edirəm”- deyən tənqidçi Vaqif Yusifli hesab edir ki, oxucularla canlı görüşlərin daha yaxşı effekti var: “Bu görüşlərdə hər şey – tərif də, tənqid də üzə deyilir. Çap ədəbiyyatının yaşarı ənənələri var. Bu ədəbiyyatla oxucular arasındakı münasibətlərin də öz ənənələri var. Bu ənənələrin hardasa qırılması ədəbiyyatın xeyrinə deyil”. Tənqidçinin fikrincə, əgər internetdə yaxşı əsərlər – oxumadığımız, tanış olmadığımız ədəbiyyat nümunələri yer alacaqsa, bu mənada internet ədəbiyyatının xeyri var və ədəbiyyata təsirsiz qalmayacaq: “Amma hələ ki, kitab mədəniyyətimizi yüksək səviyyəyə çatdırmaq lazımdır. Elə etməliyik ki, oxucu potensialı daha çox internetə yox, kitaba müraciət etsin”. V.Yusifli hesab edir ki, internet ədəbiyyatının genişlənməsinin kitab satışına və yayımına mənfi mənada təsiri var: “Elə adamlar var ki, onlar həmişə kitab mağazalarına müraciət edirdilər. Həmin mağazalarda gözəl kitablar var, ancaq alıcıları yoxdur, satılmır. Yəqin ki, bu kitabların bəziləri internetdə çap olunur. Ona görə alıcıların sayı azalır».
Kulis.az-ın baş redaktoru Qan Turalı “internet ədəbiyyatın inkişafına zərbə vurur”- deyə düşünənlərdən fərqli olaraq hesab edir ki, internet kitab oxunuşuna müsbət təsir göstərir: “İnsan nəsə öyrənmək, zövq almaq üçün kitab oxuya bilər. Sovet dövründə insanlar kitabı başqa bir iş tapa bilmədiklərinə, hər hansı bir əyləncə olmadığına görə oxuyublar. Tutaq ki, o dövrdə facebook olsaydı, Süleyman Rəhimovun, Əbülhəsənin, Mirzə İbrahimovun qalın romanlarını da yəqin ki, heç kim və ya bu qədər adam oxumayacaqdı. Düşünmürəm ki, internet kitab oxunuşuna təsir göstərir. Sadəcə, indiki dövrdə «Qurdlar Vadisi» və ya digər kriminal seriallar olduğu yerdə insanlar bədii ədəbiyyatdan get-gedə uzaqlaşırlar”. Baş redaktorun fikrincə, ölkədə bir milyondan çox üzvü olan facebook sosial şəbəkəsi əslində böyük bir auditoriyadır və kitabın həm reklamı, həm təbliği ilə bağlı böyük bir arealdır: “Mən bunu kitabın tanıtımına əlavə dəstək kimi başa düşürəm. Əgər biz “internet kitabı yeyir” deyiriksə, bu proses dünyanın hər yerindədir: “Belə çıxır ki, kitablar elektron çap olunmalıdır. Sonra kim istəyirsə, onu internetdən götürüb kağız variantda çap edə bilər. Bu faktın özü sübut edir ki, elektron kitab həqiqi mənada çap kitabının yerini alır. Bu, kitab ideyasının ayrı-ayrı formalarda davamıdır. Bütövlükdə götürəndə isə bəşəriyyətin bütün dövrlərində kitab olacaq. Ola bilsin ki, gələcək dövrlərdə başqa formatda olsun, amma kitab ideyası həqiqətən ölməzdir». Qan Turalı hesab edir ki, internetdə müəlliflə oxucular bir-birinə yaxınlaşır və ədəbiyyatla təmas yaranır: “Sovet dövründə yazıçılar deyirdilər ki, əsərimdən sonra filan qədər məktub gəldi. İndi də məktublar internet vasitəsilə gəlir. Şərt deyil ki, kağız məktub olsun, bu ünsiyyətin daha sadələşmiş formasıdır».
Qan Turalının internet ədəbiyyatının kitab çapına və satışına təsir ilə bağlı fikirləri də fərqlidir: “İnternet ədəbiyyatı kitab satışına ciddi təsir etmir. Belə ki, kitab oxuma zövqü və vərdişi olan adam üçün elektron kitab həm fiziki, həm də psixoloji baxımdan çap kitabının yerini verə bilməz: “Kitabı istənilən yerdə vərəqləyir və istədiyin yerdə oxuya bilirsən. Mənim 3 kitabım çap olunub, 4-cü də bu günlərdə çıxacaq. Onların heç biri internetdə deyil. Özüm də bunu məqsədyönlü şəkildə edirəm. Türkiyədə o kitablar internetdə yerləşdirilir ki, onların çapından bir neçə il keçir. Sadəcə bu, müasir dövrün tələbidir, dünya virtuallaşır”. Bununla belə, Q.Turalı oxucunun Lev Tolstoyun «Hərb və sülh», Marsel Prustun «İtmiş zamanın sorağında» adlı 7 cildlik əsərinin və ya «Don Kixot» kimi böyük ideya tutumlu romanların texniki baxımdan internetdə oxuması və zövq almasına şübhə ilə yanaşır: İnanmıram ki, bu qalın əsərləri oxuyan oxucu orada o zövqü alsın”.
Ana dilinin qənimi
«Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəsə
görə, internet resursları yazıçının tribunalarından biridir: «Biz təkcə yazı yazmaqla kifayətlənə bilmərik, həm də müasir texnologiyaların köməyi ilə onun piarı ilə məşğul olmalıyıq”. Baş redaktor internetdə formalaşan qrup ədəbiyyatının əleyhinədirr: “İnternetdə bir qrup yaranır, onlar öz yazılarını yerləşdirir və o çərçivədən kənara çıxmaq, kitaba meyl etmək istəmirlər. Onlar çağdaş Azərbaycan ədəbiyyatı, klassik ədəbiyyatı və dünya ədəbiyyatını internet portallardan axtarırlar. Bu, müəyyən qrup ədəbiyyatının yaranmasına gətirib çıxarır. Bəzən 300-500 və ya minlərlə adam toplaşaraq öz dairələrini yaradırlar. Onlara elə gəlir ki, “ədəbiyyat camiyəsi” deyiləndə, yalnız özləridir”. Qulu Ağsəsin fikrincə, belələri Azərbaycan dilinə də böyük zərbə vururlar. Belə ki, heç kim internetdə oturub baş sındırmır, cümlə quruluşu, sintaksis və ya morfologiya ilə maraqlanmır: “Onlar Azərbaycan dilinin ən ibtidai şərtlərini pozmaqla məşğuldurlar. Bu adamlar yazılı mətbuata da belə çıxırlar. Nəticədə dilə böyük sayğısızlıq yaranır. Sanki Azərbaycan dilinin bazasında yeni internet əlifbası meydana gəlir. Süni bir əlifba gerçək dil qanunlarının hamısını ötüb keçir. Digər tərəfdən, sosial şəbəkələrdə yazısını paylaşan və «bəyənmək» işarəsi qazanmaq istəyən adam heç bir inkişafa can atmır». Baş redaktor tendensiyanın kütləviləşmək qorxusunu istisna etmir: “Virtual aləmin senzoru, redaktəsi, korrektoru yoxdur. Orada kim nə istəyir yaza və bölüşə bilir. Təəssüflər olsun ki, bu, idarəolunmaz vəziyyətə gəlib çıxır. Demokratiyanın bolluğu, internet resursların azadlığı, Azərbaycan ədəbiyyatının müflis olmasına, kasıblaşmasına gətirib çıxarır”. Q.Ağsəs hesab edir ki, sosial şəbəkə ədəbiyyatının genişlənməsi kitab çapına mane olur: «Kitabın satışı həm də ona görə aşağı düşüb ki, adamlar artıq kompyuterdən istədiklərini oxuyur, gedib kitab almırlar».
Zamanın bizi köhnə vərdişimizdən – kitabı əlimizdə vərəqləyə-vərəqləyə, iyini duya-duya oxumaqdan ayırmaq məsələsi sual altında qaldı. Amma təhlükə daha çoxdur - həm də ədəbiyyatın ziyanına...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər