• cümə axşamı, 28 mart, 18:14
  • Baku Bakı 13°C

Elçin Mirzəbəylinin Sevgi məktubları açıqlandı

08.12.14 13:39 1854
Elçin Mirzəbəylinin Sevgi məktubları açıqlandı
“Elçin Mirzəbəylinin misraları sənin ürəyini elə şəfqət və mərhəmətlə isidir, bütün vücudunu elə səmimiyyətlə sarır ki, elə bilirsən bunlar sənin sözün, sənin kəlmən, sənin qəlbinin döyüntüləridir. Ancaq bir azca kənardan, bir azca utana-utana boy göstərir, yerini nişan verir: «Mən burdayam, mən burdayam» - deyir». Tanınmış şair və publisist Elçin Mirzəbəylinin «Sevgi məktubları» kitabına ön söz kimi yazılan bu fikirlər şairliyin tanrının sevdiyi və seçdiyi insanlara lütf etdiyi istedad, vergi olduğuna oxucunu bir daha inandırır. Dekabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində şairin «Sevgi məktubları»nın təqdimatına yığışanlar bir daha bu həqiqətə inandılar.
İndiyə qədər «Bir gecənin tənhalığı», «İtirilmiş vaxtın adamı», «Poz bu sükutu» kitabları ilə oxucuları ilə görüşən və şeirləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada nəşr olunmuş ədəbi almanax, antologiya və toplularda dərc olunan şair “Sevgi məktubları”nın xeyli əvvəl çap olunduğundan və tarixçəsindən danışdı: «Sumqayıtda gənclərlə görüş zamanı onlar məndən ciblərinə yerləşə biləcək şeir kitabı çap etdirməyimi xahiş etdilər. Və bu formatda kitab yarandı...”
Yazıçı Aqil Abbas Elçinin Mirzəbəylinin yaradıcılığını həm şair, həm də publisist kimi izlədiyini bildirdi: “Bu gün şair bolluğu olsa da, indi Azərbaycanda yaxşı şeir yazan şairlər çox azdır. Elçin həmin az olan şairlərdəndir».
E.Mirzəbəylinin şeirlərini sosial şəbəkələrdən izlədiyini söyləyən “Gündəlik teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı: «Yaxşı şeir gözəl ürəkdə yaranır. Elçin də belə gözəl ürək sahibidir»- deyə qeyd etdi. Elçin Mirzəbəylinin sözləri əsasında ərsəyə gələn mahnılara da toxundu: «Musiqi səsin və sözün vəhdətindən yaranıb. Mən musiqiçi və şair olmasam da, bilirəm ki, bu, asan başa gəlmir. Bugün yaxşı mətni olan və ya yaxşı müsiqisi olan mahnılar çox azdır. Nadir hallarda mahnının sözləri musiqisi ilə üst-üstə düşür və gözəl mahnı yaranır».
“Yeni Azərbaycan” qəzetini baş redaktoru Hikmət Babaoğlu ədəbiyyatı, şeiri, musiqini ruhun qidası adlandırdı: “Bu gün şeir yazmaq və onu topluma sevdirmək çox çətindir. Şeir bizim sığındığımız məkandır. Biz həyatda çox hisslər yaşayırıq, amma həmişə yaşadığımız hissləri ifadə edə bilmirik. Bəzən belə insanlar tapılır ki, sənin hisslərini ifadə edir. Şairləri bizlərdən fərqləndirən də budur”. Baş redaktor E. Mirzəbəylinin sevgi şeirləri ilə Mikayıl Müşfiqin şeirləri arasındakı yaxınlıqan danışdı: “Elçinin sevgi ruhu mənə Mikayıl Müşfiqi xatırladır. O, mənim ən şox sevdiyim şairdir. Sevgi şeirləri yazmaq ruhun gəncliyidir. Elçinin yaradıcılığı incə bir xəttin üstündə incə hərəkət edir».
Yazıçı Yunus Oğuz E.Mirzəbəylini insanı düşündürən şeirlərin müəllifi kimi dəyərləndirdi: «O insanları düşündürən şeirlər yazır. İstənilən şeirlə insanları düşündürməyi bacarır. Bu hər şairə məxsus olmayan keyfiyyətdir».
«Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev E.Mirzəbəylinin yaradıcılığında yenilik kimi qəbul ediləcək fikirlərin olduğunu vurğuladı: «Azərbaycanda o qədər şairlər var ki, qocalıblar, amma bir şeirini xatırlamaq olmur. Bu gün ədəbi mühitimizdə çoxlu şair və yazıçıların olmasına baxmayaraq, inanıram ki, Elçin bu aləmdə öz sözünü deyəcək”.
Elçin Mirzəbəylinin şeirlərinin insanı düşünməyə məcbur etdiyini söyləyən filoloq Xalidə Vaqifqızı E.Mirzəbəylini uşaqlıqdan tanıdığını söylədi: «Elçin 47 yaşındadır. O, bu yaşına qədər çox əziyyət çəkib. Ancaq təkbaşına ayaq üstə durmağı bacarıb. Onun yaradıcılığında böyüdüyü mühit – doğulub boya-başa çatdığı Lənkəran torpağı, oradakı ədəbi mühit böyük rol oynayıb”.
Təqdimat çərçivəsində gənc ifaçı Ülvi Nurinin ifasında Elçin Mirzəbəylinin eyniadlı şerinə yazılan «Gəl sevdalım» mahnısı səsləndi.
Şairin sözlərinə bəstələnmiş mahnıların sırasında “Ürəyim yanar” (Abbas Əhməd), “Biz sənə səs veriririk” (Hikmət Mirməmmədli), “Sevda yolu”, “Səni unutmadım” (Hatəm Nəbioğlu), “Bezdim” (Mahir İbrahimov) mahnıları da var. E.Mirzəbəyli bir neçə bəstəkar tərəfindən şeirlərinə mahnılar yazılacağını bildirdi: “Yaxın vaxtlarda həmi mahnıları da eşidəcəksiniz”.
Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər