AZE | RUS | ENG |

BATE möcüzəsi davam edir

BATE möcüzəsi davam edir
Belarus çempionu Fransada “Lill”i məğlub etməyi bacardı


Çempionlar Liqasının srağagün keçirilən oyunlarında sürpriz hadisələr daha çox idi. İlk növbədə BATE ilə ÇFR-in uyğun olaraq "Lill"i və "Braqa"nı səfərdə məğlub etməsini vurğulamalıyıq. Əlbəttə, "Barselona" ilə MY-nin öz meydanında uyğun olaraq "Spartak"ı və "Qalatasaray"ı çətinliklə məğlub etməsi də diqqətdən yayınmadı. E qrupu Çelsi (İngiltərə) - Yuventus (İtaliya) 2:2 (2:1) Oskar, 31; 33 - Vidal, 38. Kvalyarella, 80. Roberto Di Matteo, "Çelsi"nin baş məşqçisi: "Çox yaxşı oyun oldu. Matçın son dəqiqələrində hər iki komanda qələbə qazana bilərdi. Əslində 3-cü qolu vurub nəticəni böyük ölçüdə həll etməliydik. Amma əvəzində sonda bir xalla kifayətləndik. Məncə, nəticə tam ədalətlidir. Təəssüf ki, arxa xətdə bir sıra səhvlərə yol verdik. Oskar ən yaxşı oyunçumuz idi. O, ümidlərimizi doğrultdu". Massimo Karrera, "Yuventus"un baş məşqçi köməkçisi: "İlk qolu buraxarkən Vidal meydandan kənarda idi. İkinci qol isə Oskarın ifasında incəsənət əsəri sayılmalıdır. Futbolçularımız yaxşı fiziki formada olduqlarını matçda dönüş yaratmaqla sübut etdi. Vidal bu gün komandanın ürəyi funksiyasını yerinə yetirirdi. Zədə aldığından əvəzləmək niyyətindəydik. Amma nə yaxşı ki, zədəsinin ciddi olmadığından mübarizəyə dönərək qol vurdu. Komandamız bu nəticəylə qitə kuboklarında da yüksək səviyyədə oynamağa qadir olduğunu göstərdi". Şaxtyor (Ukrayna) - Norşellan (Danimarka) 2:0 (1:0) Mxitaryan, 44; 76. Mirça Luçesku, "Şaxtyor"un baş məşqçisi: "Həm oyunumuzdan, həm də nəticədən ümumilikdə razıyam. İlk yarıda xüsusilə xoş təsir bağışladıq. Futbolçularımız təlimatlarımı lazımi qaydada yerinə yetirdi. Fasilədən sonra da meydanın mərkəzində güclü pressinqə əl atmaqla istəyimizə çatdıq. Məni yalnız çoxsaylı qol vəziyyətlərindən ikisini reallaşdırmağımız məyus edir. Amma ədalət naminə Danimarka çempionunun bizə yeri gələndə çətin anlar yaşatdığını da deməliyəm". F qrupu Lill (Fransa) - BATE (Borisov, Belarus) 1:3 (0:3) Şeççu, 60 - Volodko, 6. Rodionov, 20. Olexnoviç, 43. Rudi Qarsiya, "Lill"in baş məşqçisi: "İlk yarıda daha yaxşı oynaya bilərdik. Amma heç nə alınmırdı. Yaxşı ki, fasilədən sonra bir qədər özümüzə gəldik. Bu oyunu uduzsaq da, ikinci yarıdakı çıxışımız gələcəyə ümidlə baxmağa əsas verir. BATE fasiləyə qədər çox effektiv çıxış etdi. Onlar "çərçivə"yə dörd zərbə vurmaqla üç dəfə fərqləndi. Hər üç ciddi hücumları qolla yekunlaşdı. Bəzi oyun komponentlərində çox zəif idik. Xüsusilə də müdafiədə mövqe seçimində və topalmada çox səhv buraxdıq. ÇL-də isə belə səhvləri bağışlamırlar. Özümüzə problem yaratmağa son qoyub növbəti oyunlarda bu itkini sığortalamalıyıq". Viktor Qonçarenko, BATE-nin baş məşqçisi: "Fasiləyədək ideal oynadıq. Oyunumuz və nəticə fantastik idi. Erkən qol və ardınca yüksək templə oynamağımız "Lill"i çaşdırdı. Komandamın ÇL-də oynamaq üçün yetərincə təcrübəsi var. Hətta Fransanın aparıcı klublarından birini səfərdə yenmişik. Əlbəttə, bu, futbolumuz üçün böyük nailiyyətdir. Lakin mən artıq növbəti oyunlara baxıram və daha böyük uğurlar arzulayıram. Bu matçda qrupdan çıxmaq yolunda çox kiçik də olsa, irəliyə doğru addım atdıq". Bavariya (Münhen, Almaniya) - Valensiya (İspaniya) 2:1 (1:0) Şvaynştayger, 38. T.Kroos, 76 - N.Valdes, 90. Yupp Haynkes, "Bavariya"nın baş məşqçisi: "Ümumilikdə pis təsir bağışlamadıq. ÇL-ə qələbəylə başlamaq xoşdur. "Valensiya" əsas diqqəti müdafiəyə yönəltdiyindən, hesabı açmaq çətin idi. Top daim bizdə olsa da, hücumlarımızda sürət çatmırdı. Real qol epizodlarında isə şanslardan istifadə edə bilmirdik. İlk qoldan sonra işimiz asanlaşdı. Artıq rəqib bir qədər açılmağa məcbur idi. İkinci qola ehtiyacımız vardı və onu reallaşdırdıq. Son dəqiqələrdə konsentrasiyanı itirdiyimizdən qapımızda qol gördük. Dərhal hücuma keçib penalti qazansaq da, 3-cü qolu vura bilmədik. Riberinin əzələsi dartılmışdı. Buna görə də onu əvəzlədim". Maurisio Pelleqrino, "Valensiya"nın baş məşqçisi: "İlk yarıda belə çox geriyə çəkiləcəyimizi gözləmirdim. Amma "Bavariya" topu daim özündə saxlayıb təzyiqi artırırdı. Düzgün oynamadığımız sezilirdi. Rəqib isə arxa xətdə heç səhv buraxmırdı. Belədə ən yaxşı halda 0:0-a ümid edə bilərdik. Lakin "Bavariya"nın təzyiqi fasilə ərəfəsində nəticəsini verdi. Amma həlledici məqam ikinci qolun vurulması idi. Sonra nə qədər etsək də, geriliyi aradan qaldırmaq mümkün olmadı. Məğlubiyyət bizi üzsə də, "Valensiya"nı sındıra bilməz". G qrupu Barselona (İspaniya) - Spartak (Moskva, Rusiya) 3:2 (1:1) Telyo, 14. Messi, 72; 83 - Daniel Alveş, 29-öz qapısına. Romulo, 58. Tito Vilanova, "Barselona"nın baş məşqçisi: "Pis oynamadıq, amma buna ideal da demək olmaz. Boş zonalarda xoş təsir bağışlayırdıq. İndi özümü yaxşı hiss edirəm. Turnirə qələbəylə başlamaq önəmlidir. "Spartak"ın müdafiəsini yarmaq asan deyildi. Üstəlik, rəqib iki dəfə kəskin əks-hücumda fərqləndi. Biz xeyli sayda qol vəziyyəti əldə etdik. Rəqiblər həmişə bizə qarşı belə oynayır. Pike zədələndi. Onun yerinə əvəzedicilərdən oyunçu gətirmək lazımdı. Ümid edirəm ki, tezliklə meydana dönəcək". Unay Emeri, "Spartak"ın baş məşqçisi: "Bəxtimiz gətirmədi. Oyunumuzdan razıyam, nəticədən yox. Meydanın dərinliyindən oynamağa çalışırdıq. Rəqibə boş zona vermək istəmirdik. Müdafiəçilərimiz arxada yaxşı oynadı. Amma "Barsa" elə "Barsa"dır. Onları topu nəzarətləri altında saxlayırdı. Biz onlara mane ola bilmədik. Təəssüf ki, bu gün çox sarı vərəqə aldıq. İstənilən halda, əla oyun oldu. Bizim inkişaf üçün zamanımız var. Ümid edirəm ki, növbəti oyun "Barsa"nı udacağıq. Seltik (Şotlandiya) - Benfika (Lissabon, Portuqaliya) 0:0 Nil Lennon, "Seltik"in baş məşqçisi: "Nəticədən razıyam. Çox yaxşı komandaya qarşı çətin oyun alındı. Fikrimcə, yaxşı oynadıq. Bu oyunda sırf taktiki mübarizə getdi. Komandam turnirin gedişində "artıracaq". H qrupu Mançester Yunayted (İngiltərə) - Qalatasaray (Türkiyə) 1:0 (1:0) Karrik, 7. Aleks Ferqyuson, MY-nin baş məşqçisi: "İlk hissədə topu rəqibə rahatlıqla verirdik. Türklər əks-hücumlardan əla istifadə edirdilər. İkinci hissədəki oyunumuzdan daha çox razı qaldım. Azarkeşlər gözəl oyunun şahidi oldu. "Qalatasaray" öz şanslarından istifadə edə bilmədi. Ötən mövsümkü fiaskonu nəzərə alsaq, ilk oyunda 3 xal qazanmaq bizim üçün çox önəmli idi. Penaltiyə gəlincə, başa düşmürəm, nə üçün topa Nani yaxılaşdı? Zərbəni Van Persi vurmalı idi. Ancaq bu, mənim səhvimdir. Çünki bu problemi oyundan öncə həll etməliydim". Fatih Terim, "Qalatasaray"ın baş məşqçisi: "Məğlub olduğumuz üçün üzgünəm. Nəticəni pozitiv adlandıra bilmərəm. Oyuna yaxşı başlamadıq. Ancaq ilk yarının sonlarına qədər özümüzə gələ bildik. Bir çox qol epizodlarını boşa verdik. Rəqibin kim olduğunun fərqində idik. Aydın məsələydi ki, superliqada sərgilədiyimiz oyun burda kifayət etməyəcəkdi. Bu gün qalib gələ də bilərdik. Penalti epizoduna gəlincə, bu səviyyədəki hakimlər belə səhvlərə yol verməməlidir. Ferqyusona İstanbulda daha çox problem yaradacağıq. "Türk Telekom"da hər şey fərqli atmosferdə olacaq". Braqa (Portuqaliya) - ÇFR (Kluj, Rumıniya) 0:2 (0:2) Rafael Bastos, 19; 34. Joze Pezeyru, "Braqa"nın baş məşqçisi: "Görünür, oyuna düzgün köklənməmişdik. Belə matçlarda səbir nümayiş etdirmək çox önəmlidir. İşlər düz getməyən kimi yetirmələrim əsəbiləşməyə başladı. Onların oyununda gərginlik hiss olunurdu. Bununla belə, qapıya 30-dan artıq zərbə endirdik və üstünlük də bizim tərəfimizdə idi. Ona görə də deyə bilərəm ki, məğlubiyyətə layiq deyildik". İoane Andone, ÇFR-in baş məşqçisi: "Əla oynadıq və əks-hücumlarda 2 qol vurduq. "Braqa"nın oyunçuları öz texnikasıyla seçilir. Onlar topa əla nəzarət edir. Sadəcə, biz oyun intizamı baxımından daha yaxşı nəzərə çarpırdıq. Düşünmürəm ki, "Braqa" özündənrazılığın qurbanı oldu. Çünki onların baş məşqçisi Joze Pezeyru bizi çox gözəl tanıyır". 2 oktyabr: Yuventus - Şaxtyor, Norşellann - Çelsi, Benfika - Barselona, Spartak - Seltik, Valensiya - Lill, BATE - Bavariya, Qalatasaray - Braqa, ÇFR - MY.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916