“Neftçi” “altılıq”da

“Neftçi” “altılıq”da

İdman
08 Oktyabr 2012, 17:28 1095
Oktyabrın 8-də Topaz Premyer Liqasında VIII tura yekun vurulub. Bütün milli çempionatlarımızın iştirakçısı olan “Neftçi” ilə “Turan”ın növbəti oyunu da birincilərin qələbəsi ilə yekunlaşıb. Bununla, bakılılar Tovuz təmsilçisi ilə çempionatlardakı matçda ardıcıl 4-cü qələbəsini qazanıb.
“Turan” isə dalbadal 10-cu oyundur rəqibinə qalib gələ bilmir. “Neftçi” “Turan”la çempionatdakı oyunlarda yubiley – 25-ci qələbəsini qazanmaqla, turnir cədvəlində vəziyyətini yaxşılaşdırıb.
Belə ki, rəqibini arxada qoyan çempion 11-ci yerdən 6-cı pilləyə yüksəlib. Bakılılar xalları bərabər olduğu “Qəbələ”ni şəxsi oyunda üstələdiyinə görə ondan öndədir.
“Bütövlükdə pis oynamadıq. Futbolçularda Avropa Liqasında “İnter”lə oyundan sonra bir qədər yorğunluq var idi”. Bu sözləri oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
O, Topaz Premyer Liqasının VIII turunun “Turan”la oyunu haqda fikirlərini açıqlayıb: “2 cəbhədə mübarizə aparmaq çətindir. Amma bu gün meydanda yalnız 1 komanda var idi – “Neftçi”. “Turan”ın son oyunlardakı nəticələri bizi diqqətli olmağa məcbur edirdi. Onlar bu görüşdə də döyüşdülər. Lakin biz istədiyimizi ala bildik”.
"Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev isə komandasının tapşırıqları yerinə yetirə bilmədiyini vurğulayıb: "Uşaqlar mənim istədiyim kimi oynaya bilmədilər. “Neftçi” kimi komanda ilə oyunda bu qədər qol vəziyyəti yaradıb, onlardan yararlana bilmədik".
Ə.Abdullayev "Neftçi"nin komandasının buraxdığı səhvləri bağışlamadığını bildirib: "Söz tapa bilmirəm. Böyük klublar az səhv buraxırlar. Eyni zamanda rəqibin buraxdığı səhvləri də bağışlamırlar. Biz də bu gün səhv etdik və “Neftçi” onları bağışlamadı".
Qeyd edək ki, milli komandamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya yığması ilə oyunu ilə əlaqədar Premyer Liqamızda növbəti həftəsonuna kimi fasilə olacaq.

8 oktyabr

“Neftçi” - “Turan” - 2:1
QOLLAR: Rəşad Sadiqov, 11-pen, Erik Ramos, 37 - Qoqa Pipiya, 90+3
Baş hakim: Anar Salmanov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu