“Daha neçə il ömrüm qalıb, bilmirəm...”

“Daha neçə il ömrüm qalıb, bilmirəm...”

Mədəniyyət
12 Oktyabr 2012, 17:00 1662
Azərbaycanda Əlibaba Məmmədovun adını eşitməyən, onun ifasında heç olmasa bir dəfə muğam dinləməyən kimsə varmı? Əlibabanın səsi millətimizin qızıl xəzinəsi, mədəni irsimizin böyük dəyəridir, muğam sənətinin zirvəsidir.
Müsahibədən sonra məşhur xanəndəmizi maşınadək ötürürəm. İki nəfər gənc yaxınlaşıb ustadla xatirə şəkli çəkdirmək arzusunu bildirirlər. Ustad tövrünü pozmadan çəkdirir. İki yaşlı kişi də yaxınlaşıb hal-əhval tuturlar. Beynəlxalq Muğam Mərkəzindəki Azərbaycan Milli Konservatoriyasının ildönümü tədbirlərində gənc xanəndələrin Əlibaba Məmmədovun başına yığışdıqlarını, böyük şövqlə konservatoriyanın Fəxri professoru adına layiq görülməsini təbrik etmələrini xatırlayıb birdən öz-özümə deyirəm: elin hörmətini qazanmaq asan deyil, amma o, bunu bacardı.

Əsl xanəndələr heç də çox olmur

- Ustad, sizi həm öz adımdan, həm də böyük istedadınızın bütün pərəstişkarlarının adından bu təltif münasibətilə təbrik edir, sizə yaradıcılıq və ilhamla dolu uzun ömür arzulayıram! Uzun illərdir tükənməz şövqünüz, muğama sevginizlə hamımızı fərəhləndirirsiniz. Elə sizin xidmətinizdir ki, bu gün Azərbaycan muğamı dirçəliş, intibah dövrünü yaşayır, xalqımızın mədəni həyatında layiqli yer tutur.

- Çox sağ olun. Xalqa xidmət etməyimin yüksək qiymət aldığına sevinirəm. Qəlbim yerindən oynayıb yenə də sevimli “Rast” muğamını oxuyur. Bu gün Azərbaycan muğamının dirçəlişdə olduğunu tez-tez deyirlər, amma düz deyil. Muğamın sönüb yenidən dirçəlməsi boş söhbətdir. Bizim milli muğamımız bir dəfə yaranıb, indi də daha çox genişlənmə dövrünü yaşayır. Humay quşu təkin xilqətin sonsuzluğunda dəyişir, dəyişir... Hər muğam insan həyatının yalnız bir şaxəsidir, həyat isə çoxşaxəlidir. Yalnız bütün şaxələrin cəmində dövrə tamamlanır, dövrələrin vahid birliyi isə elə həyatın nəhayətsizliyidir, əbədiliyidir. Bu gün qəmginsən, “Zabul Segah” oxuyursan, sonra ovqatın dəyişəndə “Şur” oxuyursan, ardınca da “Bayatı Şiraz” gəlir, “Rast” gəlir... Ovqatın dəyişdikcə hava da dəyişir, amma muğam səndə qalır, həyatının muğamını oxuyursan və bu, sənin tək və yeganə muğamındır. Sənin muğamın ömrünün fəlsəfəsidir, amma dünyada insanlar çoxdur və hərəsinin də xilqət muğamı başqadır, bu muğam bir böyük vəhdət içində səslənərək dünyanın tərzini müəyyənləşdirir. Ona görə də muğamı düzgün, məharətlə, ürəklə, ahəngi pozmadan oxumaq vacibdir. Muğamı öyrənmək lazımdır, özü də ömür boyu. Hər kəs xanəndə ola bilməz, çünki təkcə səsin olması bunun üçün kifayət deyil. Bunun üçün böyük istedad, ilahi vergi olmalıdır. Odur ki, muğam sənəti uca sənət hesab olunur.
- Bəs siz bu sənətə necə başladınız? İlk addımları necə atdınız?
- Lap erkən yaşımdan anamın oxuduğunu eşidirdim. Çox gözəl səsi vardı. Özünün musiqi təhsili almasına o vaxtkı adətlər əl vermirdi, amma musiqi sevgisini mənim içimə saldı. Həmçinin əmim Güləhməd Məmmədov da xanəndə kimi Bakıda məşhur olub, evlərinə Cabbar Qaryağdıoğlu, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov gələrdilər. Mən də onların söhbətlərinə saatlarla qulaq asardım, mənə söz deyən olmazdı. Yeddi yaşımda nağara çalmağı öyrənmişdim, halbuki mənə bunu heç kim öyrətməmişdi. Sonra da tar, klarnet, piano – hamısını özüm öyrənmişəm. Arabir oxuyurdum, amma bu, muğam oxumaqdan daha çox başqalarının təqlidi idi. Yəni o vaxt əmimə oxşamağa çox çalışırdım. Böyüyüb neftçi olmaq üçün təhsil almağa başladım, o vaxt hörmətli, nüfuzlu peşə idi, həm də neftçilər yaxşı məvacib alırdılar. Sabunçudakı neft texnikumunda iki il oxuduqdan sonra Türkmənistana təyinat aldım, o vaxtlar orada neft yataqlarını işlətməyə başlamışdılar. Altı ay keçmiş yeddinci dərəcəli qazmaçı oldum, özümə yuxarıların diqqətini çəkdim. Yaxşı yadımdadır, Seçavoy soyadlı bir rəis vardı, əvvəlcə məni növbə ustası təyin etdi, sonra hətta mühəndis olmaq üçün təhsilimi davam etdirməyi məsləhət gördü. Yaxşı maaş alırdım və razılıq verdim, hətta müvafiq sənəd də imzaladım. Di gəl 1948-ci il Aşqabad zəlzələsi baş verdi, nə gizlədim, o saat doğma yerlər üçün darıxmağa başladım. Xoşbəxtlikdən bizim rəis bakılı idi, imzaladığım ərizəyə baxmayaraq mənə icazə verdi.
- Bakıya neftçi işləməyə qayıtdınız, yoxsa başqa fikriniz vardı?
- Sadəcə evə dönmüşdüm, elə bir planlarım yoxdu. O vaxt Aşqabad zəlzələsindən sonrakı ab-havanı siz indi çətin ki, təsəvvürə gətirəsiniz. Hər halda görünür, tanrı özü məni sonrakı hadisələrə hazırlaşdırırmış. 19 yaşım vardı. Bir gün 26 Bakı komissarı adına mədəniyyət sarayının yanından keçirdim ki, Gənc İstedadlar müsabiqəsinin elanı gözümə dəydi. Müsabiqədə münsiflərin sədri də Zülfü Adıgözəlovdur. Bir “Rast” muğamı oxuyub müsabiqənin mükafatçısı oldum. Üstəlik də məni Azərbaycan Dövlət Filarmoniyasına təsərrüfat hesabı əsasında dəvət etdilər, yəni səhnəyə hər çıxışım üçün pul verirdilər. Tezliklə xəstələnmiş xanəndəni əvəz etməli oldum. Cəmi doqquz dəqiqə səhnədə qalsam da, Şövkət Ələkbərovanın xoş sözlərinə layiq oldum. Bundan sonra Filarmoniyanın ştatına salındım, burada Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Zülfü Adıgözəlov, Fatma Mehrəliyeva, Rübabə Muradova, Əbülfət Əliyev kimi şöhrətli xanəndələrlə bir yerdə çıxış etmək asan deyildi, amma böyük ustalıq məktəbi idi. Seyid Şuşinski də indiyədək mənim üçün bənzərsiz inşad (dini mahnıların ifaçısı) olaraq qalır, onun ifasındakı muğam bütün zamanların sənət incisidir. Əsl xanəndələr heç də çox olmur.

Musiqimizin şah əsəri

- Uzun illərdir dərs deyir, gənc xanəndələrlə çalışıb onların səsini, ustalığını təkmilləşdirirsiniz. Bu işdən xoşunuz gəlirmi?

- Mən özüm 1963-cü ildə Asəf Zeynallı adına məktəbin ilk məzunlarından olmuşam. Oradakı müəllimlərim Seyid Şuşinski, Əhməd Bakıxanov, Adil Gəray olmasa, müasir muğam məktəbi də olmazdı. Onlara çox şey borcluyuq. Bu gün Azərbaycan xalqı yenidən muğam öyrənir, biz muğamı yenidən kəşf edirik. Uzun illər unudulan, sənətdən qıraqda qalan muğam bu gün dirçəlir, bütün dünya Azərbaycan muğamı ilə tanış olur. Muğam Azərbaycan musiqisinin şah əsəridir, onunla heç bir şey müqayisəyə gəlmir. Bu gün YUNESCO da muğamı bizim köklü sənətimiz olaraq tanıdığı bir vaxtda ifa səviyyəsini aşağı salmağa mənəvi haqqımız yoxdur. 50 ildən çoxdur dərs deyirəm - əvvəlcə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və eyni zamanda təqribən 22 il ərzində Bülbül adına Bakı Musiqi Məktəbində, indi də ahıl yaşıma baxmayaraq Azərbaycan Milli Konservatoriyasında gənc nəsilə muğam sənətini öyrətməyə davam edirəm. Müəllimlik şərəfli və eyni zamanda məsuliyyətli peşədir. Müəllim öyrədir və eyni zamanda öyrənir. Mən öz xalqımdan çox şey öyrənmişəm, öz biliklərimi də xalqıma vermək istəyirəm.
- İndiki gənc xanəndələrdən kimlərin adını çəkərdiniz?
- İstedadlı gənclərimiz var. Onların püxtələşməsindən Azərbaycan muğam sənətinin gələcəyi asılıdır. Bunlar Təyyar Bayramov, Bəyimxanım Mirzəyeva, Vəfa Orucova, Nişanə Baxışova, İlkin Əhmədov, Ehtiram Hüseynov, Güllü Muradova, Babək Niftəliyevdir. Ustadlarımız Ağaxan Abdullayev, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova, mən bəndəniz onların inkişafı üçün çalışır, ustalığın sirlərini onlara öyrədir, təcrübəmizi, vərdişlərimizi, muğam təsəvvürlərimizi aşılayırıq. Azərbaycan Milli Konservatoriyasında gənclərə təlim keçərək nəsillərin ardıcıllığını qoruyub saxlayırıq.

İnsan ruhunun mənəvi halı

- Bütün ömrünüzü muğam sənətinə həsr etdiniz. Bütün dünyada muğamsevərlər sizə böyük hörmət və ehtiram bəsləyirlər. Xatirələrinizdən ən yaddaqalanını bizimlə bölüşərsinizmi?

- Xatirələrimi dinləməyə vaxtınız varmı? (gülümsəyir) Əvvəlcə əsas məsələ barədə. Muğam bizə Allah tərəfindən bəxş edilib və mən ona xidmət etməkdən əsla usanmaram. 82 yaşım var. Bütün ömrüm muğamla bağlıdır. Bu xalq sənətinin dirçəlişinə sevinməyə bilmirəm. Muğamı bizə Allah bəxş edib. Dağkeçisi üçün təşti-duz nədirsə, mənim üçün də muğam odur. Muğamı qəlbimizdən çıxarmaq olmaz, o, bizim qanımızdadır. O, bizim içimizdə olub, var və olacaq. Muğamımız elə “Qurani Kərimi”, ayələri avazla oxumaqdan əmələ gəlib. Muğamda mənanın qırx faizi musiqinin, altmış faizi isə sözlərin payına düşür. Muğam sənəti müxtəlif formalarda hər yerdə var, amma bizim Azərbaycan muğamı qədər safı, güclüsü, qüdrətlisi heç yerdə yoxdur. Muğamda not yoxdur. Hətta ən qüdrətli bəstəkarımız olan Üzeyir bəy Hacıbəyli də muğamın bircə bəndini də yaza bilməmişdi. Muğamat mətnə əsaslanan sırf improvizədir. Burada dinləyiciyə nə demək istəməyin mühümdür. Yeddi əsas muğam olan “Humayun”, “Rast”, “Şur”, “Çahargah”, “Segah Zəbul”, “Şüştər”, “Bayatı Şiraz” və muğam şöbələri xalqımızın misilsiz sərvətidir, zəngin irsidir. Muğamla biz ən dərin duyğularımızı, məhrəm hisslərimizi, ovqatımızın ən incə məqamlarını, fəlsəfi fikirlərimizi ifadə edə bilirik. Nizami, Füzuli, Vaqif, Seyid Əzim Şirvani, Əliağa Vahid kimi nəhənglərin əsərləri, qəzəlləri bizə ilham verir. Muğamı söz doğurub! Amma qəzəlləri dillərə əzbər olan böyük şairlər dünyaya az-az gəlir, yüz ildən bir gəlir, bir belə şair on sıravi şairdən üstündür. Vaxtilə toya yaxşı səsə malik, mikrofonsuz oxuyan müğənni dəvət etmək hünər sayılırdı. O vaxtlar toya təkcə rəqs etmək üçün yox, həm də muğam dinləmək üçün gələrdilər. Bizim oxuduğumuz məclislərdə isə iynə atsan yerə düşməzdi, qonaqlar bizi saatlarla dinlərdilər. Mənim yaratdığım “Humayun” ansamblı 30 ildən çox fəaliyyət göstərdi. Çingiz Sadıqovun toyunda məni görən böyük ifaçımız Bülbül “bu uşaqdan yaxşı muğam oxuyan görməmişəm, sözləri yemir” - deyə söyləmişdi. Bir dəfə Moskva qastrolunda bizim üçlük P.Çaykovski adına konsert salonunun qarderobuna gəlmişik, əynimizdə smokinq, boynumuzda kəpənək qalstuk. Bizi görən bəstəkarımız Tofiq Quliyev şən halda “gör nə mədəni, sivil muğamatçılarımız varmış” dedi. Yanında əyləşən Rəşid Behbudov da güclə sezilən qüssə ilə “bilirsiniz, muğamı nə qədər dinləyirəmsə, doya bilmirəm” dedi. “Humayun”la biz az qala bütün müttəfiq respublikaları gəzib dolaşmış və hər yerdə də mehribanlıqla qəbul olunmuşduq.
- Muğam ifaçılığında bir tondan başqasına keçmək, ahəng məsələsi, həmçinin müxtəlif incə üsullar, o cümlədən, zəngulə da çox mühümdür. Başlıca məqsəd bunları bilməkdir, yoxsa başqa nəsə olmalıdır?
- Muğam oxumağı öyrətmək mümkün deyil. Bununla doğulmalısan, yəni Allah vergisidir. Bəli, Azərbaycanda gözəl səsli müğənnilər çoxdur, amma muğamın böyüklüyünü, qüdrətini dərk edənlər tək-tükdürlər. Son illər mən yüz xanəndə hazırlamışam, bunlar içərisində əsl xanəndələr beş nəfərdən çox deyil. Muğam olduqca mürəkkəb sənətdir! Yadıma bir əhvalat gəlir. Bir dəfə Moskva qastrolu zamanı qrim otağımıza bir nəfər yaşlı, haradasa mənim indiki yaşımda kişi gəldi. Zahirən mədəni, ziyalı təəssüratı yaradan həmin adam bizim hörmətli xanəndələrin birinə belə sual verdi: “Yaxşı, siz oxuyanda boğazınızda nə olur?” Biz əvvəlcə sualı başa düşmədik. Sən demə, bu kişi məşhur Böyük Teatrın həkimi imiş. Ən mahir müğənnilərin boğazını saf-çürük edir və adi insan boğazının bu cür səsi necə çıxardığını başa düşə bilmirdi. Beləliklə, hətta ən peşəkar həkim və təbiblər üçün adi səslə muğam ifa etmək məsələsi bir müəmmadır. Halbuki muğam əvvəla insan ruhunun mənəvi halı, “məqam”ıdır. Ta gözünü açdığı andan muğamın ovsunlayıcı təsirinə düşən körpə böyük mənəvi dünyaya qədəm basır. Muğamda hisslər, duyğular, xülyalar, gözəlliklər, sevgilər aləmini kəşf edir. Qəlbinin genişlənməsi elə muğamın gözəlliyidir. Muğamın sirri elə onun intəhasız saflığında, həqiqiliyində, azadlığa çıxmaq həzzindədir. Muğam oxuyanda mən hər şeyi unuduram, bu dünya mənim üçün artıq yoxdur, tamamilə başqa zamana və məkana keçirəm, sanki nəhayətsizliyə qərq oluram. Yəni xanəndə öz üzərində, daxili təbəddülatı üzərində, mənəvi zənginliyi üzərində mütləq çalışmalıdır. İnsanın ruhu, daxili aləmi elə onun muğamıdır. Süniliyi isə elə ilk notlardan sezirəm və qulağım cırmanır. Bizim “Qurani Kərim” qədər muğamımız da saf, təmiz olmalıdır. Süniliyi, saxtakarlığı götürmür muğam.

Görün necə səslər, yazılar yox olub...

- Siz həm məşhur xanəndə, həm də bəstəkarsınız, bir çox sevilən mahnıların musiqi, yaxud da söz müəllifisiniz. Sizdə bəstəkarlıq əsasdır, yoxsa xanəndəlik?

- Otuz ildən artıq toylarda oxumuşam. Həmin toylara gəlmək üçün iki-üç ay əvvəldən yazılırdılar. Xanəndə üçün toy həm yaxşı həyat məktəbi, həm də güclü yaradıcılıq təkanıdır. O vaxtlar daha asanlıqla mahnı yazırdım, mahnılarımın bir çoxu həmin dövrdəndir. Bir müəllif kimi mahnılarımın hələ də dinləndiyinə, oxunduğuna sevinirəm, onların hələ uzun illər yaşayacağına ümid edirəm. Amma mən heç vaxt özümü bəstəkar və ya şair hesab etməmişəm. Peşəkar bəstəkarlar mahnıların notunu və ya sözlərini yazdırmaq üçün mənə müraciət edirdilər. Bəstəkar Nəriman Məmmədov müəyyən iş görüb və buna görə ona minnətdaram! Bir vaxtlar Dövlət Teleradio Komitəsinin sədri mərhum Elşad Quliyev studiyada yazdırıb nota köçürmək üçün hər mahnıya görə mənə pul ödəməyi təklif edirdi. Bu işin bir hissəsi görüldü, sonra isə necə oldu, haraya getdi bilmirəm. Bizim fonddakılardan xeyli hissəsi itib, yaxud xarab olub gedib. Bu haqda danışmaq çox çətindir, çünki görün necə səslər, yazılar həmişəlik yox olub. Axı bütün bunlar milli mədəni mirasımızdır...
- Artıq zaman dəyişib. Azərbaycan muğamı beynəlxalq miqyasda tanınıb, milli muğam məktəbimizin də inkişafı üçün xeyli işlər görülür. Ömrünün xeyli hissəsini bu sənətə həsr etmiş, xalq mahnılarının ifaçısı kimi də şöhrət qazanmış, Xalq artisti adına və Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinizə görə “İstiqlal” ordeninə də layiq görülmüş nüfuzlu xanəndəmiz kimi sizi narahat edən nədir? Ürəyinizdə hansı arzular var?
- Daha neçə il ömrüm qalıb bilmirəm... bunu heç kəs bilmir. Amma bu gün ürəyim sevinir, bəlkə də hamıdan çox. Bir vaxtlar atam məni ilk müsabiqəmə buraxmırdı, bir ata kimi gələcəyimdən nigarandı. Onu başa düşdüm və özüm yolumu seçdim. Uzun illər sonra ümummilli liderimiz Heydər Əliyev bir gün soruşdu: “Bəs sizin “Humayun” ansamblı necə oldu? Çoxdandır səsini eşitmirəm”. Bu sözlərdən heyrətə gəldim. Yəni o boyda kişi, bu qədər iş-güç içində artıq mövcud olmayan ansamblı unutmayıbmış. Ölkə prezidentinin dilindən bu sualı eşidir və öz-özünə inanmırsan. Gör hər şeyi necə də yadda saxlayır! Onun fərmanı ilə indi dərs dediyim Azərbaycan Milli Konservatoriyası təsis edilmişdi. Bizim o vaxtlarda bütün bunları təsəvvürə gətirə bilərdimmi? Bizim respublikada opera da, musiqili komediya teatrı da, dram teatrlar da, filarmoniya da, Yaşıl Teatr da – hər şey vardı, bircə muğam üçün səhnədən başqa. İndi isə Muğam Mərkəzi var. Burada bizim “Muğam dünyası” festivalları, muğam sənətilə bağlı müxtəlif təntənəli tədbirlər keçirilir. Mehriban xanım Əliyeva muğamımızı dünyada tanıtmaq, YUNESCO tərəfindən Azərbaycan muğamını dünya şifahi və qeyri-maddi mədəni sərvətlər siyahısına saldırmaq üçün çox çalışır. Mehriban xanım muğamın təsir dairəsini genişləndirmək, dünya ictimaiyyətinin diqqətini Azərbaycan muğamını gözəlliyinə cəlb etmək üçün böyük işlər görür.
Nəfis tərtibatda çap olunan “Qarabağ xanəndələri” albomu, müntəzəm işıq üzü görən “Muğam” dərgisi, Muğam Ensiklopediyası, səkkiz diskdən ibarət “Azərbaycan muğamı” toplusu, habelə keçirilən müxtəlif tədbirlər, müsabiqələr, “Muğam dünyası” festivalları, beynəlxalq simpozium və seminarlar, elmi konfranslar böyük əhəmiyyət kəsb edir. Milli muğam ifaçılığı dövlətin ciddi və hərtərəfli dəstəyinə arxalanır. Bunlara çox sevinirəm, Mehriban xanım Əliyevaya milli muğam sənətinin həm xalqımız, həm də bütün dünya üçün təhqiqinə, tanıdılmasına, zənginləşdirilməsinə hərtərəfli qayğısına və diqqətinə görə sonsuz minnətdaram!
Budur, Milli Konservatoriyanın binası tikilir, burada tədris binası, milli musiqi sənəti muzeyi, bizim emalatxanalar olacaq. Kaş konservatoriya tezliklə tikilib qurtaraydı! Bu, mənim ən böyük arzumdur. Heç olmasa bir-iki il, Allah kərimdir, həmin binada əyləşib gənc xanəndələrə dərs demək istərdim! Elə bircə bu imkanı mənə yaradardılar, buna görə hamıdan çox sevinərəm, məndən artıq heç kəs sevinə bilməyəcək...

Nelli Atəşgah