• şənbə, 20 Aprel, 01:17
  • Baku Bakı 15°C

Rusiyadan miqrantlara qarşı daha bir sərt addım

20.09.13 09:14 1434
Rusiyadan miqrantlara qarşı daha bir sərt addım
Miqrantlara qarşı tədbirləri sərtləşdirən Rusiya hökuməti getdikcə bu məsələni özünün milli təhlükəsizliyi üçün ciddi problem kimi nəzərdən keçirməyə başlayır. Əvvəlcə miqrantlar üçün xüsusi şəhərciklər təşkil edən hökumət bu dəfə onların ölkəyə gəlməsini məhdudlaşdırmaq qərarı verməyə hazırlaşır.
Bəlli olub ki, Rusiya Əmək Nazirliyi 2014-cü ildə əcnəbi işçilərin ölkədə işləməsi üçün kvota müəyyən edib. Bütövlükdə icazə ilə işləyəcək əcnəbi işçilərin kvotasının 6,5 faiz azaldılması nəzərdə tutulub. Ən çox ixtisar peşələri olmayanları əhatə edəcək. Bu isə o deməkdir ki, Rusiyaya gələnlərin sayı xeyli azalmış olacaq. Çünki, peşəkar, ixtisaslı işçilər çox az miqdarda başqa yerlərə gedirlər. Ümumiyyətlə, Federal Miqrasiya Xidmətinin bu addımı inzibati bir addım kimi qəbul edilir. Həm də miqrantlar üçün vergilərin iki dəfə artırılması da nəzərdə tutulub. Moskva şəhər Dumasının atdığı başqa bir addım isə daha sərtdir - il ərzində iki inzibati xətaya yol verən miqrant ölkə ərazisindən qovulacaq. Buna səbəb kimi, Ermənistan vətəndaşı olan miqrantın iyulda 18 nəfərin ölümünə gətirib çıxarmış qəzası göstərilir. Həmçinin Moskva meri Sergey Sobyanin Rusiya sürücülük sənədi olmayanların iki il müddətinə beynəlxalq sürücülük vəsiqəsindən məhrum edilməsini də təklif edib. Qanun layihəsi məmurlara hətta küçəni nəzərdə tutulmayan yerdən iki dəfə keçməyə görə də miqrantları ölkədən çıxarmağa imkan verir. Özü də bu təklifi hələ iyul ayında Moskvanın indiki meri Sergey Sobyanin tərəfindən erməni sürücünün törətdiyi qəzadan sonra irəli sürülmüşdü.
Moskvada qeyri-rəsmi taksi sürücülüyü ilə məşğul olan miqrantlar da deportasiya ediləcək.
Maraqlı bir statistika isə miqrantların ölkədən maliyyə çıxarması ilə bağlıdır. Belə ki, Rusiyada çalışan miqrantların son bir il ərzində ölkələrinə 19 milyard dollar pul göndərdikləri bildirilib. Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bu rəqəmin çox da qorxuducu olmadığını deyib. Rusiyadakı əmək gücünün böyük bir hissəsinin miqrantlardan ibarət olduğunu qeyd edən rus nazir xüsusilə inşaat sektorunda bunun aşkar olduğunu deyib.
Yeri gəlmişkən, Rusiyada miqrantların müvəqqəti saxlanılması üçün yeni-yeni mərkəzlər də müəyyən olunur. Moskvada 2 min əcnəbinin saxlanılması üçün nəzərdə tutulan mərkəzin hazırlanması məqsədi ilə yer axtarılır. Həmçinin paytaxtdakı Dmitrov yolunun üstündəki müvəqqəti saxlama mərkəzində yerlərin sayı iki dəfə artırılacaq. 800 yerlik mərkəzin genişləndirilməsi nəzərdə tutulur. Federal Miqrasiya Xidmətindən isə bildiriblər ki, müvəqqəti saxlama mərkəzlərində müxtəlif dini inanclı insanlar üçün ayrıca yerlər də ayrılacaq. Hazırda Moskvada polis tərəfindən saxlanılan əcnəbilər arasında müsəlmanlar, buddistlər və s. inanclı adamlar var ki, FMX hər qrup dini inanclı insanlar üçün ayrıca mərkəzlər yaradacaq. Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanlarının apardığı reydlər nəticəsində Moskva bazarlarında işləyən minlərlə əcnəbi saxlanılıb. Əcnəbilər əvvəlcə uşaq yay düşərgəsində saxlanılsa da, düşərgənin yararsız vəziyyətə düşməsi FMX-ni hərəkətə keçirib. Rusiya hökumətinin məlum qərarlarından ən çox ziyan çəkənlər isə şübhəsiz ki, Mərkəzi Asiya və Ermənistan miqrantları olacaq. Görünür, elə ermənilərin və Mərkəzi Asiya respublikalarının Avrasiya Birliyi və Gömrük İttifaqına üz tutmalarının səbəbi də budur. Miqrasiya ümumiyyətlə adi bir haldır. Bu gün beynəlxalq miqrantlar dünya əhalisinin 3 faizini təşkil edir. “Lakin bu hal Ermənistan üçün istisnadır” - deyə Erməni Sosioloqlar Assosiasiyasının rəhbəri Gevork Poqosyan bəyan edib. Onun sözlərinə görə, miqrantlar dünya əhalisinin 3 faizini təşkil etdiyi halda, Ermənistanda bu rəqəm 30 faizdir. Bunu artıq miqrasiya adlandırmaq düzgün olmazdı. Söhbət burada “depopulyasiya”dan (əhalinin kəskin azalması, doğumun aşağı düşməsi və s.) gedir. Ölkədə doğumun səviyyəsi xeyli azalıb. Hazırda Avropa Birliyi Ermənistandan miqrasiyanın qarşısını almaq üçün 9,71 mln avroluq 7 layihə həyata keçirir. Ermənilərin həmin düşərgələrdə yerləşdirilməsi ilə bağlı artıq faktlar daxil olub. Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyi Federal Miqrasiya Xidmətinə rəsmi sorğu ilə də müraciət göndərsə də, hələ də buna cavab almayıb. Həm Ermənistan XİN, həm də Ermənistan Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan istisna etmirlər ki, ermənilərə həmin düşərgələrdə rast gəlinsin. Demoqraf Ruben Yeqanyan bu kimi halların erməni miqrantların ölkəyə axınını yaşadacağını istisna etməyib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər