• cümə axşamı, 25 aprel, 19:38
  • Baku Bakı 21°C

Müsəlman dövlətlərində hökmdar qadınlar

01.05.14 08:54 1273
Müsəlman dövlətlərində hökmdar qadınlar
(Beşinci yazı)
Xronoloji ardıcıllığa görə, Müsəlman dövlətlərində hökmdar qadınların dördüncüsü Əbəş xatundur. Ancaq Padışah xatundan danışarkən beşinci sıraya keçməsinin səbəbini söyləmişdik. Həqiqətən də Əbəş xatun 1263-1286 cı illərdə fars bölgəsində Salqürlü dövlətində rəsmən hökmdar olmuş bir türk qadınıdır. Əbəş xatunun hansı şəraitdə hökmdar olduğunu aydınlaşdırmaq üçün bu dövlətin quruluş tarixini araşdırarkən yenə də əvvəlki yazılarda olduğu kimi eyni mənzərənin şahidi olduq. Bu səbəbdən də sizin vaxtınızı almaq istəmədim. Hökmdarlıq taxtı uğrunda çəkişmələr, xəyanətlər, savaşlar, üsyanlar, talanlar, eləcə də rəvayətlər, bəzən də bir-birinə uyğun gəlməyən məlumatlar yoruculuq yaratmasın deyə elə bir başa Əbəş xatundan söz açmağa üstünlük verdim.
Kirmandakı Qutluq dövləti ilə qohum olan Salqürlülər idarə etdikləri ölkələrin taleyilə də bir-birlərinə çox bənzəyirdilər. Tez-tez hücumlara məruz qalır, taxt-tac əldən-ələ keçirdi. Yenə belə bir təhlükə Salqür dövlətinin başının üstünü kəsdirdi. Səlcuq şahın üsyanı Fars Atabəyliyinin aqibətini həll etdi. Salqürlü nəslindən artıq kişi varis qalmadığından Əbəş xatun Hülakünün hökmü ilə hökmdar təyin edildi. Adı cümə xütbələrində oxundu, adına pullar kəsildi.
Atabəyliyə keçən Əbəş xatun çox gənc idi. Bir il Farsda hökmdarlıq etdikdən sonra nənəsi Yaqut Türkan onu İlhanın yanına aparıb. Hülakünün oğlu Mənkü Timur ilə evləndirilib. Beləliklə, Əbəş xatun bir müddət ərinin yanında qalmalı olub. Monqol xanları oğlanlarını özlərinə tabe olan hökmdarların qızları ilə evləndirməyi və gələcəkdə bu dövlətlərin vərəsəsi olmağı qarşılarına məqsəd qoymuşdular. Hülakünün Bağdad fatehi olaraq başladığı İslam dünyasının böyük ərazilərini idarəsi altına almaq siyasəti, İranın mühüm bir hissəsi olan Farsın qohumluq yolu ilə monqolların əlinə keçməsi ilə ən yüksək nöqtəsinə çatmış oldu.
Tarixi mənbələrə görə, Əbəş xatun taxta keçdiyi vaxt çox kiçik olduğuna görə, dövlöt işlərinə qarışmamış, ancaq yetkin dövrünə çatdıqda Farsın idarə işlərinə başlaması Monqol xanları tərəfindən qərara alınmışdır. Buna görə də Əbəş xatun əri Mənkü Timurun qərargahında uzun zaman səbrlə yaşadı. Bu uzun illərdə əvvəlcə Hülakünün, sonra da Abaka xanın əmrilə Fars divanının naibliyinə Anqiyano təyin edilmişdi. Nəhayət vaxt yetişdi, Əbəş xatun böyük bir dəbdəbə ilə baba və atasının taxtına əyləşmək üçün Şiraza gəldi. Xalq Əbəş xatunu çox sevdiyi üçün bayram sevinci ilə küçələri bəzəyib onu qarşılamağa hazırlaşdı.
Tarixçilərin yazdığına əsasən şirazlılar Əbəşin Farsa dönməsinə çox sevindilər. Şirazda bir ay bayram etdilər. Mərasimlər təşkil olundu. Hakimlər və varlı təbəqələrin nümayəndələri onu qarşılamaq üçün sərhəddə qədər getmişdilər. Atabəy Əbəş ölkəsinə və xalqına ürəkdən gələn bir məhəbbət seli ilə qovuşdu. Bəlkədə xalq Əbəşi belə ehtiram və məhəbbətlə qarşılamaqda monqol hakimlərinə öz etirazlarını bildirirdilər. Çünki monqollar cehiz adı ilə Farsın torpaqlarını ələ keçirmiş və üstəlik də yüksək məbləgdə vergi toplayırdılar.
Əbəş xatun Şiraza gələn kimi Divana yeni vəzirliyə Xoca Nizaməddini seçdi. Fars bölgəsinin belə bir bilikli adam tərəfindən idarə edilməsi çox yerində oldu. Başqa vəzifə sahiblərinə toxunmadı. Beləliklə, bu dövrdə xalq rahatlığa və rifaha qovuşdu.
1283-ildə Əhməd Təküdarı müharibədə məğlub etmiş olan Seyyid İmadəddin Əbü Yala Əhmədin rəqibi Arqun xan tərəfindən Fars hökümətinə naib göndərildi. Fərmana görə Əbəş xatun heç bir işə qarışmamalı idi. İmadəddin Şiraza gələn kimi bütün işləri əlinə aldı. Əbəş xatunu heç saymadı, hətta onu heç ziyarət də etmədi. Bu hadisə həm Əbəşin, həm də Fars dövlət adamlarının narazılığına səbəb oldu. Əbəşin adamları onu öldürməyi qərara aldılar və fürsət gözlədilər. Sonda Atabəyliyin kölələri onu Şiraza gəlməyindən bir ay sonra bazarda öldürdülər, evini də qarət etdilər.
Seyyid İmadəddinin hələ həddi buluğa çatmamış oğlu və bəzi nökərləri Buka Çinksankın yanına qaçaraq ondan yardım istədilər. Hadisələrdən qəzəblənən Buka qisas almağı planlaşdırdı. Əvvəlcə Arqun xana Əbəşin üsyan etdiyini və Şiraza göndərilən Seyyid İmadəddini öldürdüyünü yazdı. Bu xəbər Arqunu son dərəcədə hiddətləndirdi. Şiraza bir-birinin dalınca elçilər yolladı.
İlhanın elçiləri bir tərəfdən hadisələri araşdırıb, digər tərəfdən də Əbəş xatun və onun tərəfdarlarını Təbrizə aparıblar. Onlar Seyid İmadəddinin oğlu və kölələrinin qarşısında mühakimə olundular. Yalnız Əbəş xatun Hülakü xanın gəlini olduğu üçün mühakimə və cəzadan qurtardı. Qohumlarının bir çoxuna müxtəlif cəzalar verildi.
Atabəy Əbəşin Farsda hökmdarlıq etdiyi dövrdə meydana çıxan bu hadisələr İlhanlı hökmdarı Arqun xanın və digər monqol əmirlərinin xoşuna gəlməmişdi. Əbəş həm səltənətin son varisi, həm də Hülakü xanın gəlini idi. Onun ölməsi ilə Fars dövləti İlhanlı imperatorluğuna birləşdiriləcəkdi. İndi İlhanlı hökmdarlarının zəifliyindın istifadə edərək Farsın birləşdirilməsinə mane olan yeni olayın yaranmasının qarşısını almaq lazım idi.
Arqun xan Farsda meydana gələn qarmaqarışıqların səbəbkarı hesab etdiyi Əbəş xatunu yanında saxladı. Əbəş xatun Təbrizə gəlməsindən bir il sonra ehtimal ki, bu hadisələrin həyəcanı nəticəsində xəstələnərək 1287-ci ildə vəfat etdi. Onun 22-23 il davam edən hökmdarlıq həyatı Cərəndab adlı yaylaq qərargahında sona yetdi. Onu Təbrizə məxsus Cərəndab yaylağında monqol adətlərinə görə, qızıl, gümüş və şərab ilə dəfn etdilər. Lakin onun məzarı uzun müddət burada qalmadı. Qızı Kürdiçin anasının nəşini Şiraza apararaq nənəsi Türkan xatunun tikdirdiyi Aüdiyyə məscidində -doğma torpağına əmanət edib. Əbəş xatun sanki qəflətən ölə biləcəyini nəzərə alaraq vəsiyyətini də yazmışdı. Hüləkü tərəfindən ona verilən və vərəsəlik yolu ilə əldə edilən 100.000 dinarlıq gəlirini, eləcə də əmlakını dörd yerə bölmələrini vəsiyyət etmişdi. Bunlardan iki hissəsini qızları şanzadə Kürdiçin və Alqançiyə, üçüncü hissəsini kölələri və azad qullarına, dördüncü hissəsi isə Mənkü Timurun baçqa arvaddan olan oğlu Taycüya ayırmışdı.
Bir sıra mənbələrdən bəlli olur ki, Əbəş xatunun hökmdarlıq etdiyi dövrdə Fars əhalisi öz həyatlarından cox məmnun olublar. Amma bir sıra siyasi anlaşmamazlıqlar və Monqol xanlarının belə kiçik dövlətlərə sərbəstlik verməmələri Farsda İlhanlılara qatılmaq və Monqol Baskakları tərəfindən bir əyalət kimi idarə edilmək talesizliyinə məruz qoymuşdur. Bütün dünyada tanınmış olan məşhur İran şairi Sədi Şirazi ölkəsinin xoşbəxtliyi üçün çalışan bu cazibəli və zabitəli qadın hökmdar haqqında necə dərin məhəbbətlə yazmışdır:
Fələyin bu qədər vüqar və təmkini,
Ayın və günəşin bu qədər parıltısı ola bilməz.
Səhər küləyi sənin ayağının torpağı üstündən keçsə,
Onun ətəkləri gözəl ətirlə dolarsa, təəccüblü deyil.
Sənin səltənət tacının incilərindən biri belə
Ülkər ulduzunun mənzuməsində tapılmaz.
Bu xanədanın səltənəti daimi olsun,
Çünki bu daimi olduqca dinə bir zərər toxunulmaz.
Sənin hökmündən üz çevirən insan qədər,
Dünyada talehsiz və misgin kimsə yoxdur.
Sənin düşməninin qəlbi
Bir fil ayağının altinda qalmış kimi
Əzilmişdir.
Sən onu vur ki,
Belə bir Xosrov dünyada yoxdur.
Əgər olsa, bunun kimi şirin deyildir.
Yarəbbi, sən onun düşmanının canını elə al ki,
Onun başı ucunda bir dostu olmasın!..
Əbəş xatunun taxt-tacdan uzaqlaşdırılması, sonra da ölümü Salqürlü dövlətinin müstəqilliyinə son qoydu. Əhali əvvəlki firavan yaşayışını itirdi. Əldən ələ keçən taxt-taca gah yerli əmirlər, gah da monqol valiləri sahib dursalar da müstəqillik əfsanəyə çevrilmişdi. Nəhayət 1340-cı ildə Fars yenə müstəqil oldu.
Hələlik sizə beş hökmdar qadın haqqında məlumat vermişik. Bir-birinə həm bənzəyən, həm də bənzəməyən bu xanımların taleyi nə qədər oxşardır. Eyni qədəri yaşamış kimidirlər. Ürəkləri geniş, xalqsevər, mərhəmətli, bacarıqlı, uzaqgörən, düşüncəli, amma taxt-tac döyüşündə amansız, zalım olublar. Ya qətlə yetiriblər, ya da taxtdan çəkilən də xiffətdən azarlayaraq dünyalarını dəyişiblər.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər