• cümə, 29 Mart, 11:20
  • Baku Bakı 5°C

Eviniz tikilsin...

15.11.14 10:36 1719
Eviniz tikilsin...
Azərbaycanda sosial evlər mövzusu yenidən gündəmdədir. Bir neçə gün əvvəl Qazaxıstanda verilən qərar bu məsələyə marağı artırıb. Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Nurlu yol” adlı yeni iqtisadi siyasəti elan edib. Yeni proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə iri pullar yönəldiləcək. Kiçik və orta sahibkarlığın güzəştli şərtlərlə kreditləşməsinə 552 milyon dollar (100 milyard tenqe), bank sektorunun sağlamlaşdırılmasına 1,38 milyard dollar (250 milyard tenqe), yeni investisiyaların cəlbinə 443 milyon dollar (81 milyard tenqe) və s. ayrılacaq. Proqramda əsas diqqəti cəlb edən sahələrdən biri də yaşayış fondunun gücləndirilməsinə ayrılan vəsaitdir. Belə ki, proqram çərçivəsində dövlət sosial evlər tikərək əhalinin uzun müddətli kirayəsinə verəcək. Kirayə həmin evi almaq hüququ ilə veriləcək. Yəni vətəndaş əlavə pul ödəməklə həmin evi sonda ala biləcək. Bundan başqa, ipoteka kreditlərində ilkin ödəniş ləğv ediləcək, kreditin faiz dərəcəsi əhəmiyyətli dərəcədə aşağı salınacaq. Bunun üçün 2015-2016-cı illərdə sosial kirayə evlərinin tikintisinə 1 milyard dollara qədər (180 milyard tenqe) vəsait ayrılacaq.
Azərbaycan vətəndaşının ən çox əziyyət çəkdiyi məsələlərdən biri də mənzil təminatıdır. Müşahidələrə görə, kirayədə qalan vətəndaşlar qazanclarından asılı olaraq hər ay gəlirlərinin 30-70%-ni kirayə pulunun ödəniləməsinə yönəltmək məcburiyyətində qalırlar. Elə ailələr var ki, qazancları kirayə haqlarını ödəməyə belə çatmır. Hər il 80 minə qədər yeni ailə qurulur ki, bunların ən azı yarısının evə ehtiyacı olur. Bu isə təxminən 30-40 min evsiz deməkdir. İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, dövlətin ipoteka proqramı bu tələbatın 8-10%-ni ödəyə bilir: “Ölkədə evsizlər ordusunun sayı getdikcə artır. İpoteka şərtlərinin ağırlığı bu proqramdan məhdud sayda vətəndaşın yararlanmasına imkan verir. İpoteka kreditləşməsində əsas problem ilkin ödənişin olmasıdır. Adi ipotekada ilkin ödənişin həddi 20%, güzəştli ipotekada isə 15%-dir. Bu vəsait xeyli insanı proqramdan kənarda qoyur.
Buna görə də hökumət əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün mövcud mexanizmləri təkmilləşdirməklə yanaşı, dünyada tətbiq edilən yeni mexanizmləri də işə salmalıdır. Bunun üçün nə edilməlidir? Qısaca olaraq aşağıdakıları qeyd etmək istəyirəm. Əvvəla, ipoteka kreditləşməsində ilkin ödənişin aradan qaldırılması üçün İpoteka Kreditlərinin Zəmanət Fondu təsis edilməlidir. Belə Fondun yaradılması ilə bağlı ölkə prezidentinin 2007-ci il tarixli Fərmanı var. İkincisi, “Tikinti əmanət bankları haqqında” qanun qəbul olunmalıdır. Qanun ölkədə alman modeli olan tikinti-əmanət banklarının yaradılmasını təmin edəcək. Üçüncüsü, əhalinin mənzil təminatını yaxşılaşdırmaq və onların ucuz evlərə çıxışını asanlaşdırmaq üçün “Hamı üçün ev” xüsusi dövlət proqramı (2016-2020-ci illər) işlənib hazırlanaraq qəbul edilməlidir. Mövcud mənzil qanunvericiliyi sosial evlərin tikintisini nəzərdə tutsa da, təcrübədə həllini tapmır. Bələdiyyələrin maliyyə vəziyyəti bunun reallaşdırılmasına imkan vermir. Deməli, ümid dövlətə qalıb. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılmaqla bu problemi həll etmək olar”.
Qeyd edək ki, sosial evlər təklifi bir neçə ildir ki, gündəmdədir. Bununla bağlı hətta Milli Məclisdə də dəfələrlə məsələ qaldırılıb. Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirir ki, vətəndaşların evlə təminatında ipoteka ilə yanaşı, əsas istiqamətlərdən biri də sosial evlərin tikilməsi və həmin mənzillərin ehtiyacı olan vətəndaşlara verilməsidir: “Belə ki, bu evləri dövlət və ya özəl şirkətlər tikib, vətəndaşlara xüsusi güzəştlərlə verə bilər. Bir sözlə, sosial evlər müqavilə şərtlərinə uyğun olan vətəndaşlara faizsiz verilməlidir. Dünya təcrübəsində bu cür praktikadan istifadə edilib. Ən çox gənc ailələrin bu evlərə ehtiyacı olduğu nəzərə çarpır. İpotekadan əlavə sosial evlər layihəsi olmalı, İslam Bankı kimi az faizlə kredit verən banklar fəaliyyət göstərməli və İpoteka Fondu öz fəaliyyətini genişləndirməlidir. Hesab edirəm ki, ipoteka kreditlərinin faiz dərəcəsi vətəndaşların büdcələrinə uyğun olaraq hesablanmalıdır”.
İqtisadi Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov məsələ ilə bağlı danışarkən bildirdi ki, sosial evi tikən tərəf həm mənzilləri inşa etməklə vətəndaşlara aşağı qiymətə satmalı, həm də inşa etdiyi mənzillərin bir qismini uzunmüddətli dövr üçün vətəndaşlara kirayə formasında təklif etməlidir: “Məsələn, 7-15 il müddətində təklif oluna bilər. Amma təəssüf ki, bu işi həyata keçirə biləcək Sosial Mənzil Fondunun yaradılması tamamlanmayıb. Bu gün Bakıda mövcud mənzillərin cəmi 3 faizi sosial mənzil fondudur. Onların da böyük bir qismi özəl şirkətlər tərəfindən inşa edilən sosial mənzillərdir. Mövcud qanunvericiliyə əsasən, özəl şirkətlər inşa etdikləri binalarda mənzillərin bir qismini sosial məqsədlə yerli icra hakimiyyəti orqanlarına təqdim etməlidir. Yerli icra hakimiyyət orqanları da sosial məqsədlə təqdim edilən evləri vətəndaşlara pulsuz verməlidir. Amma nəzərə alaq ki, həmin mənzillərin böyük bir qismi adətən müxtəlif sənət adamlarına, idmançılara pulsuz olaraq verilir, o baxımdan bu sosial mənzillərdən ümumi əhalinin istifadə etmək imkanları xeyli zəifdir. Eyni zamanda dövlət büdcəsindən müxtəlif kateqoriyalı insanların mənzilə olan tələbatının ödənilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılır. Amma bütövlükdə nəzərə alsaq ki, inkişaf etməkdə olan ölkələrdə sosial mənzil fondunun ümumi mənzil fondunda payı 20 faizdir, amma Azərbaycanda bu rəqəm 3-4 faizdir, deməli, sosial mənzil fonduna ayrılan vəsaitin artırılmasına ehtiyac var”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər