• cümə axşamı, 25 aprel, 18:52
  • Baku Bakı 21°C

«Vətənin müdafiəsinə hazıram!»

09.12.14 19:46 1516
«Vətənin müdafiəsinə hazıram!»
Dekabrın 9-da Xaçmaz rayonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran, Xızı Rayon İcra hakimiyyətlərinin birgə təşkil etdikləri “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir keçirilib.
Xaçmaz rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Xidmətin Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Quba rayon şöbə və bölmələrinin şəxsi heyəti, rayon icra hakimiyyətlərinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəblilər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ilk dəfə olaraq “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbirin Xaçmazda baş tutmasına şərait yaratdığı üçün Xidmətin rəisi, general-leytenant Arzu Rəhimova təşəkkür edib.
Bu cür tədbirlərin regionlarda keçirilməsinin vacibliyindən danışan icra başçısı qeyd edib ki, müharibə şəraitində olan Azərbaycan dövlətinin gənclərinin vətənpərvər ruhda yetişməsi vacibdir. “Vətənpərvərlik ruhunun gənclərə aşılanması ilə bağlı ilk tədbirin Xaçmazda, ölkənin şimal bölgəsində keçirilməsinin də öz səbəbi var. Bura sərhəd bölgəsidir. Bu regionun hər bir gənci, vətəndaşı vətənin müdafiəsinə hazır olmalıdır. Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan respublikası əmin əllərdədir”- deyə çıxışında Şəmsəddin Xanbabayev bildirib.
Tədbirin davamında Xidmət rəisinin birinci müavini polkovnik Zaur Abdullayev çıxış edib.
Gənclərin maarifləndirilməsi, vətənpərvər ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin davamlı olaraq regionlarda keçirilməsinin vacibliyini diqqətə çatdıran Zaur Abdullayev deyib ki, bu gün müstəqilliyin qorunub saxlanılması, ölkədə hökm sürən sabitlik və dinamik inkişaf hər kəsi mütəşəkkil olmağa, daha sıx birləşməyə sövq edir.
Z.Abdullayev prezident İlham Əliyev tərəfindən Xidmət qarşısında hərbi vətənpərvərlik təbliğatı sahəsində qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini söyləyib: “Hər bir insan Vətən qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyət vətənimizin müdafiəsi, xalqımızın, millətimizin milli dəyərləri, milli maraqlarını qorumaq və öz vətəndaş borcunu dərk etməkdən ibarətdir. Mən fəxr hissi ilə qeyd edirəm ki, vətənimizin digər regionları kimi Şimal regionu da Azərbaycanın müstəqillik mübarizəsinə öz adını yazdırmış igid övladlarıyla seçilir. Səfərbərlik xidməti yaradıldığı gündən Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşısında qoyulan bir nömrəli vəzifə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsidir. Xidmət bu mühüm tapşırığı uğurla yerinə yetirməkdədir”.
Daha sonra polkovnik Zaur Abdullayev tədbirin təşkilatçılığında göstərdiyi dəstəyə görə icra başçısı Şəmsəddin Xanbabayevə Xidmət adından xatirə plaketi təqdim edib. Z.Abdullaev həmçinin Quba, Siyəzən, Şabran, Xızı rayon icra hakimiyyətlərinə də təşkilatçılıqda göstərdikləri dəstəyə görə xatirə plaketləri təqdim edib.
Tədbirdə iştirak edən Şabran rayonundan şəhid atası Sədulla Qasımov, Xızı rayonundan Qarabağ müharibəsi veteranı İnqilab İsgəndərov, Qusar rayonundan şəhid atası Dövlətxan Həsrətov, Siyəzən rayonundan şəhid atası Əzizbala Əsəsdov, Quba rayonundan şəhid anası Rəna Cəfərova, Xaçmaz rayonundan Milli Qəhrəman atası Əlibala Şahbazov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatı ilə təltif ediliblər.
Tədbirin gedişatında “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində səmərəli fəaliyyəti ilə fərqlənən hərbi rəhbərlər mükafatlandırılıblar.
Tədbirdə məktəblilər adından Xaçmaz rayonundan Novruz Musayev çıxış edib. Məktəblilərdən bir neçəsi “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyətlərinə görə” mükafatı ilə təltif ediliblər.
Böyük maraqla qarşılanan tədbirin bədii hissəsində əzəmətli səs sahibi Şəmistan Əlizamanlı çıxış edib.
Şəmistan Əlizamanlı ifa etdiyi “İgid əsgər”, “Cənab leytenant”, “Can Azərbaycan” və “Bil oğlum” mahnıları iştirakçılarda böyük ruh yüksəkliyi yaradıb.
Fuad
banner

Oxşar Xəbərlər