• cümə, 29 Mart, 03:16
  • Baku Bakı 7°C

2014-cü ilin büdcəsində yeniliklər var

09.10.13 09:08 1835
2014-cü ilin büdcəsində yeniliklər var
2014-cü il üçün Azərbaycan dövlət büdcəsinə dair sənədlər müzakirə üçün Milli Məclisə təqdim edilib. Gələn ilin icmal büdcəsinin göstəricilərində gəlirlər 21 milyard 985,9 mln. manat nəzərdə tutulub. Bu, 2013- cü ilin proqnozuna nisbətən 6,1 faiz çox gəlir deməkdir. Xərclərin isə 24 milyard 444 mln. manat olacağı gözlənilir. 2013-cü ilin proqnozuna nisbətən büdcənin xərclər hissəsi bu il 56 mln. manat və ya 0,2 faiz az olacaq. Büdcə kəsirinin gələn il 2 milyon 458,1 min manat, dövlət büdcəsinin gəlirlərinin 18 mln 384 min manat, dövlət büdcəsinin xərclərinin isə 20 milyon 63 min manat nəzərdə tutulub.
Layihəyə əsasən, gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun (ÜDM) 31,4 faizini, xərcləri isə ÜDM-nin 34,3 faizini təşkil edəcək.
Səhiyyə xərclərində 56 milyon manatlıq artım
Gələn il dövlət büdcəsinin layihəsinə əsasən, səhiyyə xərclərinə 725,6 milyon manat ayrılması nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 56,3 milyon manat, yaxud 8,4 faiz çoxdur. Səhiyyənin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin xüsusi çəkisi 2013-cü illə müqayisədə 0,2 faiz artaraq 3,6 faiz olacaq. Ayrılan vəsaitin 50,6 faizi xəstəxanaların payına düşəcək. 106,1 milyon manatı poliklinikaların və ambulatoriyaların saxlanılmasına, 240,6 milyon manatı səhiyyə sahəsində digər xidmətlərə, 11,7 milyon manatı səhiyyə sahəsində tədqiqatlara yönəldiləcək.
Sosial yönümlü sahələrə xərclər artırılıb
Gələn ilin dövlət büdcəsində sosial yönümlü xərclərə 5 milyard 337,3 milyon manat ayrılacaq ki, bu da ümumi büdcənin 26,6 faizi deməkdir. Ayrılan vəsait 2013-cü illə müqayisədə 298,9 milyon manat və ya 5,9 faiz çoxdur. Gələn ilin büdcə layihəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4909,5 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2013-cü illə müqayisədə 475,9 milyon manat və ya 10,7 faiz çoxdur. Ümumilikdə sözügedən sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 24,5 faiz təşkil edəcək. Bu da 2013-cü illə müqayisədə 2,2 faiz çoxdur. 2014-cü ildə ayrılıqda elm xərclərinə 146,8 milyon manat və ya 2013-cü illə müqayisədə 16,3 milyon manat çox vəsait ayrılıb. Növbəti ildə təhsil xərcləri üçün 1653,4 milyon manat, 2013-cü illə müqayisədə 123 milyon manat çox vəsait ayrılması nəzərdə tutulub.
Gələn ilin dövlət büdcəsində müdafiə xərclərində də artım var. Belə ki, 2014-cü ildə müdafiə xərcləri bu ilkindən 7,1 faiz çox olacaq. Gələn il müdafiəyə 1 637 362,4 milyon manatın ayrılması proqnozlaşdırılır. 2014-cü ildə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün ayrılan xərclərin 1 240 298.0 milyon manat təşkil edəcəyi gözlənilir. Bu isə builki xərclərdən 11,3 faiz çoxdur. Müdafiə xərcləri 2014-cü ildə dövlət büdcəsi xərclərinin 14,7 faizini təşkil edəcək.
5 rayon və şəhər özləri özlərini maliyyələşdirəcək
Büdcə layihəsində yeniliklər də var. Belə ki, ölkənin 3 iri şəhəri və 2 rayonu artıq gələn ildən etibarən dövlət büdcəsindən dotasiya almayacaq. Bunun üçün Sumqayıt, Şirvan və Mingəçevir şəhərləri, eyni zamanda Abşeron və İmişli rayonlarından Maliyyə Nazirliyinə müraciət daxil olub. Nazirlik müraciətə müsbət cavab verib və bununla da 2014-cü ildə dövlət büdcəsindən rayonlara ayrılan maliyyə yardımı 2013-cü illə müqayisədə 1,8 faiz azalaraq 52,1 faiz təşkil edəcək.
Büdcə layihəsində müvafiq dövlət proqramlarının və ünvanlı tədbirlərin maliyyələşdirilməsi üçün 97,7 mln. manat nəzərdə tutulur. Azərbaycan həqiqətlərinin «ATV İnternational» (ATV İNT) beynəlxalq televiziya kanalı vasitəsilə xarici dillərdə dünya ictimaiyyətinə təqdim edilməsi üçün 0,6 milyon manat və digər mədəniyyət tədbirlərinin həyata keçirilməsi üçün vəsait proqnozlaşdırılıb.
2014-cü ildə Azərbaycanın xarici ölkələrlə apardığı ticarət əməliyyatları 42,2 milyard dollar məbləğində proqnozlaşdırılır. Təqdim olunan layihədə 2014-cü ildə 30,7 milyard dollar həcmində mal ixracı proqnozlaşdırılır. Proqnozlara əsasən, ümumi ixracın 90,9%-ni hazırda olduğu kimi neft və qaz sektoru təşkil edəcək.
2014-cü ildə 11,5 milyard dollar həcmində mal idxalı proqnozlaşdırılır ki, bunun da 9,8 milyard dollar və ya 85,4%-i qeyri-neft sektorunun payına düşür.
Gələn il sahibkarlara 200 mln. dollar güzəştli kredit veriləcək
Dövlət büdcəsinin layihəsində Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 150,0 mln. manat (təxminən 200 mln. dollar) və yaxud 2013-cü ilin analoji proqnozuna uyğun həcmdə vəsaitin ayrılması nəzərdə tutulub. Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən (2014-cü il nəzərə alınmaqla) dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına Fondda üst-üstə 1 488,0 mln. manat vəsait ehtiyatı yaranacaq.
Bunun 831,0 mln. manatı dövlət büdcəsi hesabına, 657,0 mln. manatı isə verilmiş kreditlərin qaytarılmasından daxil olan vəsaitlər hesabına həyata keçiriləcək.
Ümumilikdə hökumətin hazırladığı büdcə layihəsi yaxın vaxtlarda parlamentin komitələrinin müzakirəsinə çıxarılacaq. Mövcud təcrübəyə əsasən hökumətin təklifləri komitələrdə hökumət üzvlərinin iştirakı ilə müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacaq. Burada da deputatların təkliflərini dinləyən hökumət layihəyə yenidən nəzər yetirəcək, irad və təklifləri nəzərə aldıqdan sonra layihəni deputatların səsverməsinə çıxarılacaq.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər