• cümə axşamı, 25 aprel, 20:35
  • Baku Bakı 21°C

2014-cü il QHT-lər üçün şəffaflıq ili olub

24.01.15 09:20 912
2014-cü il QHT-lər üçün şəffaflıq ili olub
QHT-lərə Dövlət Dəstəyi Şurasının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransda çıxışı zamanı bildirib ki, bəzi kənar maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanda QHT sektorunun fəaliyyəti bəlkə də dünyada ən nümunəvidir.
Əli Həsənovun sözlərinə görə, QHT-lərə Dövlət Dəstək Şurası ötən 7 ildə kifayət qədər səmərəli və müsbət fəaliyyət göstərib: “Şuranın xətti ilə 2008-2014-cü illərdə 2 mindən çox layihə maliyyələşdirilib. Bu layihələrin maliyyələşməsinə 20 milyon manata yaxın vəsait sərf olunub. Bu ildən QHT-lərin fəaliyyətinin vahid koordinasiyasının, xüsusilə də qrant fəaliyyətinin həyata keçirilməsinin koordinasiyasının aparılması dövlət başçısının sərəncamı ilə QHT-lərə Dövlət Dəstək Şurasına həvalə olunub”. Ə.Həsənov qeyd edib ki, müstəqillik dövründə Azərbaycanda QHT-lərdən ibarət III sektor formalaşıb:” Azərbaycanda hazırda 3 minə yaxın QHT qeydiyyatdan keçib”.
Biz də QHT-lərin 2014-cü ildə olan fəaliyyəti və 2015-ci il üçün perspektivləri haqqında vətəndaş cəmiyyətinin nümayəndələrinin münasibətlərini öyrəndik.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, 2014-cü il QHT-lərin fəaliyyətində şəffaflıq ili kimi qeyd olunmalıdır: ”Azərbaycan prezidenti İlham Əliyev QHT-lərin fəaliyyətinə hər zaman diqqət yetirib və onlara hər cür şəraitin yaradılması üçün vacib olan qərarlar, sərəncamlar, konvensiyalar qəbul edib, maliyyə dəstəyi ayırıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının QHT-lərə ayırdığı vəsait, dövlətin vətəndaş cəmiyyəti institutlarına olan münasibətini göstərir. Azərbaycanda fəaliyyət göstərən QHT-lər nazirliklər, komitələr tərəfindən də maliyyələşir”.
Ə.Nuriyevin sözlərinə görə, Azərbaycanda bəzi QHT-lər dövlətin yaratdığı bu şəraitdən sui-istifadə edir və dövlətə qarşı fəaliyyət göstərməyə başlayır: “Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər beynəlxalq donorlardan aldıqları vəsaitin hesabına, ölkəmizin maraqlarına zidd fəaliyyət göstəriblər. Vətəndaş cəmiyyəti Azərbaycan xalqının rifahı üçün çalışmalı şəffaflıq və hesabatlığı daha da artırmalıdır.
QHT-lər Azərbaycan dövlətinin prioritetlərini hər zaman diqqətə almalı, dövlətimizə qarşı olan hücumlara adekvat cavab verməli və dövlətimizə dəstək olmalıdır”.
Ə.Nuriyev qeyd edib ki, 2015-ci ildə də dövlətimiz QHT-lərin fəaliyyətini dəstəkləyəcək: ”QHT-lərə Dövlət Dəstəyi Şurasının hesabat konfransında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bu istiqamətdə fikirlərini səsləndirdi. Təsadüfi deyil ki, artıq “İctimai iştirakçılıq haqqında” qanunun tətbiqinə başlanılıb. Müxtəlif rayonlarda da bu istiqamətdə geniş seminarlar aparılır. Bu il Azərbaycanda Avropa Oyunları keçiriləcək. Bu prosesə də vətəndaş cəmiyyəti də öz töhfəsini verməlidir. Beynəlxalq təşkilatlarla daha geniş əlaqələr yaradılmalı, Azərbaycan ərazisinin işğalı ilə bağlı həqiqətlər dünya birliyinə çatdırılmalıdır. İnsan hüquqları və azadlıqları ilə bağlı Azərbaycanın ünvanına yönəlmiş əsassız hesabatların qarşısını almaq üçün vətəndaş cəmiyyəti öz səylərini daha da artırmalı, beynəlxalq tədbirlərdə bu istiqamətdə fəaliyyət göstərilməlidir”.
Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, 2014-ci il bizim üçün çox uğurlu olub: “ QHT-lərə Dövlət Dəstəyi Şurasından aldığımız vəsaitə çox işlər görmüşük. Mən QHT-lərə Dövlət Dəstəyi Şurasının nəşr etdirdiyi kitaba da baxmışam. Bu, çox müsbət addımdır. Lakin QHT-lərlə bağlı qanunlara dəyişiklik ediləndən sonra vəziyyətimiz bir az çətinləşib. Ümid edirəm ki, yanvar ayından sonra hər şey daha da yaxşı olacaq”.
Novella Cəfəroğlu qeyd edib ki, QHT qanunvericiliyinə bəzi dəyişiklik edilsə, QHT-lər daha səmərəli fəaliyyət göstərə bilər:” Beynəlxalq təşkilatlardan aldığımız qrantlar hesabına biz regionlarda bir çox layihələr həyata keçirmişik. Lakin hazırda bu istiqamətdə problemlər var. QHT-lərə Dövlət Dəstəyi Şurası regionlarda olan layihələrin hamısına maliyyə ayıra bilməz. Ona görə də, bizə beynəlxalq təşkilatlardan bu istiqamətdə qrant almağa icazə verilsə, daha yaxşı fəaliyyət göstərə bilərik”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər