• cümə axşamı, 28 mart, 14:46
  • Baku Bakı 16°C

2013-cü il Azərbaycan üçün uğurlu olub

11.01.14 09:21 1500
2013-cü il Azərbaycan üçün uğurlu olub
«2013-cü il bütövlükdə ölkəmiz üçün uğurlu il olubdur. Azərbaycanda böyük işlər görülüb. Ölkədə böyük layihələr icra edilib, beynəlxalq nüfuzumuz artıb». Bu fikri yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda prezident İlham Əliyev səsləndirib. O qeyd edib ki, beynəlxalq aləm dövlətimizin mövqeyini müdafiə edir, dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. Beynəlxalq birlik bu amilləri nəzərə alaraq Azərbaycana dəstəyini daha da artıracaqdır. Prezident deyib ki, 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş verib. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğrayıb. Assambleyada böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmayıb, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus edib və Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçməyib. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanıb: «Bu hadisə bir də onu göstərmişdir ki, haqq-ədalət həmişə zəfər çalmalıdır. Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar».
Səmərəli işgüzar münasibətlər qurmaq istəyirik
Prezident keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində imzalanan sazişin əhəmiyyətini də vurğulayıb. Onun fikrincə, bu, Azərbaycanın Avropa İttifaqı ilə olan münasibətlərinin təzahürüdür: «Bu münasibətlər gələcəkdə də inkişaf edəcəkdir. Hazırda - təbii ki, 2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir. Mən dəfələrlə bəyan etmişəm ki, biz Avropa İttifaqı ilə və üzv olmadığımız bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmaq istəyirik. Biz buna nail ola bilmişik. Üzv olmadığımız bütün təşkilatlarla münasibətlərimizin prinsipləri açıqdır, aydındır və beynəlxalq prinsiplərdən kənarda deyildir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsipləridir. Əminəm ki, biz növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq».
Prezident onu da bildirib ki, ötən il Azərbaycanın xarici siyasətinin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olubdur. İl ərzində münaqişənin həlli işində, əfsuslar ki, heç bir irəliləyiş olmayıb. Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yenə də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçib: «Demək olar ki, il ərzində danışıqlar prosesində heç bir irəliləyiş olmamışdır, durğunluq hökm sürmüşdür. Sadəcə olaraq ilin sonunda müəyyən canlanma müşahidə edilib. Görərik, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaqdır. Sözün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləmişdir, vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmışdır».
Azərbaycan hər sadə Ermənistandan üstündür
Prezident deyib ki, əgər Ermənistanda realist yanaşmalar üstünlük təşkil edərsə, qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş nail olmaq mümkündür. Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycanın artan gücü də burada öz rolunu oynayır və oynayacaqdır: «Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial.
Hesab etmirəm ki, hansısa bir ölkə üçün ancaq xarici yardıma arxalanmaq böyük şərəf gətirir. Hər bir ölkə hər halda çalışmalıdır ki, öz müstəqilliyini qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin gələcəyi haqqında düşünsün».
İqtisadi islahatların dərinləşməsində böyük uğurlara imza atılıb
Prezident qeyd edib ki, keçən il Azərbaycan iqtisadi islahatların dərinləşməsində böyük uğurlara imza atıb. Ümumi daxili məhsul təxminən 6 faiz artıb. Qeyri-neft sektorumuzda 9,8 faiz artım qeydə alınıb. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir: «Əminəm ki, biz bu dinamikanı saxlayacağıq. Əhalinin pul gəlirləri 8 faiz artıb. İnflyasiya isə cəmi 2,4 faizdir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir. Bu, onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşır və müsbət dinamika burada da özünü göstərir.
İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub. Bu, rekord göstəricidir. Heç vaxt il ərzində bu qədər investisiya qoyulmamışdı. Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard dolları daxili sərmayədir”. Prezident bildirib ki, ötən il ölkənin valyuta ehtiyatları da rekord həddə çatıb. Son illər ərzində elə bir il olmayıb ki, valyuta ehtiyatlarımız aşağı düşsün. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıb. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir: «Keçən il işsizliklə bağlı olan problemlər öz həllini tapıb. 110 min yeni iş yeri açılıb ki, onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə düşüb. Yoxsulluğun səviyyəsi də aşağı düşüb, 5,3 faizdir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görüb».
Sosial məsələlər diqqət mərkəzində olub
Prezident keçən il sosial məsələlərin həlli ilə bağlı önəmli addımların atılıb. İlk növbədə, sovet vaxtından qalan əmanətlərin qaytarılması, daha doğrusu, kompensasiya şəkilində əhaliyə verilməsi prosesi başa çatıb. Prezidentin sözlərinə görə, MDB məkanında bu əmanətlərin kompensasiya şəklində verilməsində Azərbaycan təcrübəsi birinci yerdədir: «Biz bunu ən qısa müddətdə - iki il ərzində təmin etmişik. Biz bu vəsaiti əhaliyə ən böyük əmsalla çatdırmışıq. Baxmayaraq ki, müstəqil Azərbaycan dövləti bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımırdı – nə hüquqi, nə mənəvi məsuliyyət. Ancaq siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayandığı üçün biz bunu etdik. Böyük vəsait ayırdıq və qısa müddət ərzində bu məsələni həll edə bildik». İlham Əliyev bildirib ki, keçən il maaşlar və pensiyalar qaldırılıb. Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda heç bir sosial proqrama toxunulmayıb, əksinə, insanların rifah halının yaxşılaşması üçün əlavə tədbirlər görülüb.
Neft-qaz sektorunda tarixi sazişlər imzalanıb
Dövlət başçısı 2013-cü ilin neft-qaz sektorunda görülən işlər baxımından da tarixdə qalacağını vurğulayıb. Onun sözlərinə görə, keçən il Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanıb. 2012-ci ildə TANAP layihəsi ilə bağlı sazişin imzalanması buna gətirib çıxardı ki, 2013-cü ilin iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçilib. Ondan sonra müvafiq kontraktlar bağlanıb. Artıq Azərbaycan qazının 2018-ci ildən sonra Avropada satılması ilə bağlı bütün kontraktlar imzalanıb: «Bu da çox önəmli bir hadisə idi. Nəhayət, ilin sonunda - dekabrın 17-də Bakıda “Şahdəniz-2” investisiya Sazişi bağlanmışdır. Bu tarixi nailiyyətdir, tarixi qələbəmizdir. Bu layihə XXI əsrin layihəsidir. Bu layihə Azərbaycana böyük dividendlər gətirəcəkdir - həm iqtisadi, həm siyasi. Ölkəmizin nüfuzu, bizim iqtisadi gücümüz artacaqdır. Ölkəmizə böyük həcmdə investisiyalar gətiriləcəkdir. “Şahdəniz-2”, TANAP, TAP - yəni, bu məsələ ilə bağlı olan layihələrin icrası ancaq ilkin hesablamalara görə, 45 milyard dollar investisiyanın cəlb edilməsinə xidmət göstərəcəkdir. Nəzərə alsaq ki, artıq Azərbaycanda tikinti sektorunda, infrastruktur layihələrinin icrasında, neft-qaz əməliyyatlarının aparılmasında böyük təcrübə toplamış həm dövlət, həm özəl qurumlar, şirkətlər vardır, əlbəttə, bu şirkətlərə böyük sifarişlər veriləcəkdir. Beləliklə, bizim biznesimizdə qeyri-neft sektorumuz yeni imkanlara çatacaqdır».
İqtisadi inkişaf 2014-cü ildə də davam edəcək
Prezident onu da vurğulayıb ki, 2014-cü ildə də ölkəmizin dinamik inkişafı təmin edilməlidir. Hökumət üzvlərinə tapşırıqlarını verən prezident deyib ki, ilk növbədə bu il inflyasiyanın lazımi səviyyədə olmasına çalışmaq lazımdır. Onun fikrincə, belə olan halda insanların rifahının yaxşılaşması üçün daha da gözəl imkanlar olacaqdır.
Dövlət başçısı ekoloji vəziyyətin yaxşılaşdırılması işlərinin də diqqət mərkəzində olacağını bildirib. O qeyd edib ki, bu istiqamətdə kompleks tədbirlər görülür. Amma daha da ciddi tədbirlər görülməlidir: «Xüsusilə havanı çirkləndirən amillər bir daha təftiş edilməlidir. Əlbəttə ki, “Avro-3” standartına keçid sürətləndirilməlidir. “Avro-3” də son hədd deyildir. “Avro-4”, “Avro-5” ilə bağlı işlər daha da sürətlə getməlidir. Əlbəttə ki, bu işlərdə Azərbaycanda fəaliyyət göstərən neftayırma zavodlarının da böyük rolu vardır. Orada da yenidənqurma aparılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur. Ancaq o tikilənə qədər mövcud zavodlarda ekoloji tədbirlər görülməlidir. Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılmalıdır».
Prezident deyib ki, keçən il Azərbaycana yüz mindən çox avtomobil idxal edilib. Bu, əlbəttə ki, vətəndaşların rifah halının yaxşılaşmasını təsdiqləyən bir faktdır. Ancaq, eyni zamanda, bizim yol infrastrukturumuza nə qədər böyük yükdür: «Yüz min maşının – onların da böyük hissəsinin Bakıya gəlməsi, əlbəttə ki, tıxac problemlərini yaradır, ekoloji vəziyyəti pisləşdirir. Ona görə, vaxtilə biz ekoloji standartlara, yaxud da ki, texniki şərtlərə uyğun olmayan maşınların idxalını dayandırmışıq. Hesab edirəm ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və Nazirlər Kabineti bütövlükdə bu məsələyə bir də baxmalıdır. Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır. Sıradan çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək.
Havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalıdır. İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar belə müəssisələrin siyahısını mənə təqdim etsinlər və orada ciddi tədbirlər görülməlidir. Hesab edirəm ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına böyük təsir göstərəcəkdir. Biz milyonlarla ağac əkirik, ictimai zonalar yaradırıq, içməli su-kanalizasiya xətləri çəkirik. Ancaq havanı çirkləndirən müəssisələr bizim bütün bu işlərimizin üstündən elə bil ki, xətt çəkir. Ona görə bu, çox ciddi məsələdir. Bu, hər bir Azərbaycan vətəndaşının sağlamlığı məsələsidir. Sağlamlıq isə birinci yerdədir».
İlham QULİYEV
banner

Oxşar Xəbərlər