• cümə axşamı, 25 aprel, 15:36
  • Baku Bakı 23°C

20 yaşlı xilaskar müqavilə

20.09.14 10:33 1848
20 yaşlı xilaskar müqavilə
Bu gün isə daha bir nəhəng layihənin təməli qoyulur
20 il əvvəl çoxları Azərbaycanda həyatın necə dəyişəcəyini bilmirdi. Həmin vaxt imzalanan “Əsirin müqaviləsi”nin ölkənin hər bir vətəndaşına təsir edəcəyi çoxları üçün inanılmaz idi. “Əsrin müqaviləsi” təbii idi ki, bir neçə günə hazırlana bilməzdi. Həmin vaxtlar gərgin, məsuliyyətli günlər kimi xatırlanır. Daxildə siyasi vəziyyətin gərgin, sosial durumun ağır olduğu zamanda çıxış yolu kimi yalnız Qərb şirkətlərini ölkəyə cəlb etmək, müqavilələr imzalamaqla iqtisadiyyatı və bununla da digər sahələri inkişaf etdirmək üçün qarşıya məqsəd qoyulmuşdu. Lakin yeni müstəqillik tapmış ölkənin Qərbə meyl göstərməsi qəbul edilmirdi. Rusiya, hətta Azərbaycana nota göndərmiş, etirazında qəti şəkildə bəyan etmişdi ki, Azərbaycan Xəzərin statusu müəyyən olunmadan xarici şirkətlərlə müqavilə imzalaya bilməz. O vaxt bəziləri neft kəmərlərinin İrandan keçməsini təklif edir, İran Körfəzi vasitəsilə dünyaya çıxarılmasını effektiv hesab edirdi, Rusiya isə ümumiyyətlə bütün müqavilələri tək imzalamağa və Azərbaycan neftini Bakı-Novorosiysk kəməri ilə nəql etməyə hazır idi.
Bütün bu təhdidlərə baxmayaraq, ulu öndər Heydər Əliyev öz rəyini qəti şəkildə bəyan etdi: “Xəzər dənizinin Azərbaycan sektoru konstitusiyanın yuridiksiyası altındadır, biz müstəqil olaraq öz qərarımızı veririk, üstündə də dayanırıq”. Və bu qətiyyətin nəticəsində məsələ həll olundu. Buna qədər Türkiyədə, Birləşmiş Ştatların Hyuston şəhərində kontrakt hazırlanır, gərgin danışıqlar gedirdi. Danışıqlar təkcə Azərbaycan neftinin dünya bazarına çıxarılması deyil, həm də ölkələrarası diplomatik əlaqələrin qurulmasına, hərtərəfli münasibətlərin bərpasına hesablanmışdı. Danışıqları aparan komandaya isə İlham Əliyev rəhbərlik edirdi.
Proseslər uzanırdı və müqavilənin taleyi sual altında idi. Lakin qətiyyətli siyasətçi olan dövlət başçısı artıq qərarını vermişdi: müqavilə bağlanır, həm də tezliklə. Və beləliklə 1994-cü ilin sentyabrı Azərbaycan tarixinə “Əsrin müqaviləsi”nin bağlanması ilə düşdü. Üstündən 20 il keçmiş bir müddətdə - 2014-cü il birinci yarım illiyində Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinə 105 mlrd manat vəsait daxil olub. Onun 95%-i Azəri-Çıraq-Günəşli yatağı layihəsinin payına düşür. Bu, həmin layihədir ki, Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi və neft ölkəsi kimi tanındı. Həmin yataqlar bu gün səmərəliyini qoruyub saxlayır. Lakin hazırda qaz erasıdır və Azərbaycan ikinci “Əsrin müqaviləsi”ni bağlayaraq qaz ixrac edən ölkəyə çevrilib. İndi ölkəmiz regionun və dünyanın qaz nəhəngi statusundadır. Elə əsrin neft müqaviləsinin 20 illiyi ərəfəsində əsrin qaz müqaviləsi üzrə təməlqoyma keçiriləcək. Azərbaycan qazını Avropa bazarına çıxaran Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsi üzrə işlərə məhz bu tarixdə start veriləcək. Bir neçə aydan sonra isə Türkiyədə Trans-Anadolu (TANAP) qaz kəmərinin təməli qoyulacaq.
Yeri gəlmişkən, Türkiyə mətbuatında TANAP-la bağlı səslənən tənqidedici fikirlərə Azərbaycan ekspertləri cavab veriblər. Qeyd edək ki, Türkiyə mətbuatı bu layihəni öz ölkələri üçün rentabelli saymırlar.
Onların fikrincə, Azərbaycanın təbii qaza tətbiq etdiyi qiymətlər astronomikdir. Türkiyə Böyük Millət Məclisində artıq təsdiqlənən sənədlərə görə, BOTAŞ Eskişehir çıxış nöqtəsində qəbul etdiyi qazın hər kubmetri üçün 79, Trakya çıxış nöqtəsində qəbul etdiyi qazın bir kubu üçün 102 dollar ödəyəcək. Türkiyə ekspertləri isə deyir ki, BOTAŞ öz daşıma sistemində müəyyən təkmilləşdirmələr apararaq “Şahdəniz” qazını Avropaya daşısaydı, hər kubmetrin qiyməti Türkiyə büdcəsinə cəmi 13 dollara başa gələ bilərdi. Bu fikri irəli sürənlər iddia edir ki, TANAP rentabelli olmayacaq.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, səslənən iddialar Türkiyə ilə Azərbaycanın uğurlu enerji layihələrinə zərbə vurmaq istəyən dairələrdən gəlir: “Türkiyə mediasında Azərbaycanla ortaq enerji layihələrinin Türkiyəyə ”zərbələr və ziyanlar" vurması mövzusunda ara-sıra yazılar dərc olunur. Ancaq çox zaman bu iddialar konkret faktlara dayanmayan, eyni zamanda bu projelərin əleyhinə olan dairələrin beyninin məhsulu olur. Məqsəd isə aydındır, türk dövlətlərinin irimiqyaslı layihələrini gözdən salmaq. Bakı-Tbilisi-Ceyhan layihəsinin tikintisi başlamazdan Türkiyəyə enerji layihələri çərçivəsində səfərlər edirəm, müxtəlif qrupların hansı maraqları olduğundan xəbərdaram. Onu deyə bilərəm ki, çox zaman informasiya qıtlığından belə məqalələr mediada özünə yer tapır. Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bağlı da Türkiyənin aparıcı media qurumları tənqidi tonda yazırdılar, kəmərin Türkiyəyə xeyir yox, ziyan gətirəcəyini deyirdilər. Halbuki həmin boru kəmərinin fəaliyyətə başlaması ilə əlaqədar BOTAŞ dövlət şirkəti özünün törəmə bir şirkətini - BİL-i yaratdı. BİL yalnız BTC ilə məşğul olacaqdı.
Sonradan BOTAŞ daşıma xərcləri üçün ayrılan vəsaitlərin az qala yarısını ana şirkətə götürüb bəyan etdi ki, BİL-in xərci borcunu ödəmir. Bu iddiaların cəmiyyətdə yeriməsi üçün medianın imkanlarından geniş istifadə edildi. O zaman məhz Azərbaycan tərəfinin işə qarışmasından sonra Türkiyə tərəfi üçün nəqletmə tarifləri müqavilə şərtlərində nəzərdə tutulmadığı halda artırıldı. Çünki Azərbaycan Türkiyəyə bir strateji tərəfdaş kimi baxır, onunla hələ neçə enerji layihəsi üzərində birgə çalışacağını artıq planlaşdırmışdı. Bu baxımdan indi “Hurriyet” qəzetində dərc edilmiş məqaləni sadəcə 10 sentyabrda Böyük Millət Məclisi tərəfindən TANAP layihəsinin təsdiqi zamanı səsləndirilməsi, ortaya çıxan rəqəmlərin məsələnin reallığına varmadan səthi təhlili, guya Azərbaycan-Türkiyə birgə enerji layihəsinin əslində ölkə maraqlarına zərər vurması haqda söylənən iddialar əslində reallıqdan kənardır”.
Məqalədə səslənən rəqəmlərə gəlincə, İlham Şaban deyir ki, həmin rəqəmlər reallıqdır: “BOTAŞ-ın daşıma xərcləri haqqında yazılanlar doğrudur. Ancaq astronomikdirmi? Bir məsələyə diqqət yetirmək lazımdır. 100 km məsafəyə 1000 kubmetr qazın daşınması təqribən 5 dollara başa gəlir. Bu, ilk baxışdan baha görünə bilər. Çünki Rusiya “Qazprom”u Ukrayna ərazisindən daşımalarına ötən il 3,08 dollar qiymət qoymuşdu. Bu yerdə deyim ki, rəsmi Kiyev bu tarifin artırılmasında israrlıdır. Bu aşağı tarif o boru kəmərlərinə aiddir ki, onun 100 faiz kapital xərcini boru keçən ölkə çəksin. TANAP-da isə 70 faiz xərclər boynundadır. Təbii, boruya yatırılan kapitalın geri qaytarılması məsələsi də gündəmdədir. Məqalə müəllifi anonim ekspertlərə əsaslanıb yazır ki, TANAP-ın dəyərinin 30 faizi həcmində xərclə, yəni 3,6 milyard vəsaitlə BOTAŞ öz sisteminə investisiya etsəydi, daha artıq nəql gücü əldə etmiş olardı.
Bu, tamamilə cəfəngiyyatdır. Müəllif BOTAŞ-ın magistral kəmərlərinin buraxıcılıq gücünü öyrənsəydi, ortaya belə bir iddia çıxmazdı. Heç şübhəsiz 3 milyard dollar yatırımla BOTAŞ öz sisteminin modernizasiya səviyyəsini maksimum 5-6 milyard kub metr artıra bilərdi. Ona görə ki, BOTAŞ-ın mövcud sistemi heç də yeni deyil və 2019-cu ildə “Şahdəniz-2” layihəsində çıxacaq qazı və sonradan 2021-ci ildə onun layihə gücü 16 milyard kub metrə çatmasına qədər, yəni yaxın 9 ildə (TANAP müqaviləsi 2012-ci ildə imzalanıb) getdikcə aşılanacaqdı. Çünki bu, texnikadır və onun nasos stansiyalarından tutmuş, siyirtmələri və digər xidmət obyektləri zaman keçdikcə layihə gücünü itirir, onların saz vəziyyətdə saxlanılması isə kapital xərcləri tələb edir.
Bu baxımdan da hələ 2011-ci ildə SOCAR, bp və BOTAŞ-ın birgə apardıqları texniki-iqtisadi dəyərləndirmə onu göstərdi ki, Türkiyə daxilində istifadə olunacaq 6 milyard qazın əsas hissəsi belə Türkiyənin qərbinə daşınmalıdır. BOTAŞ 12 milyard kubmetrə qədər qazı problemsiz daşıya bilərdi. Hətta onun sistemini modernize edib Avropaya qaz daşımaq mümkün idi. Ancaq bu zaman ortaya ikinci məsələ çıxırdı. Artıq 2022-ci ildə Azərbaycan yeni həcmləri Avropaya göndərməyi planlaşdırır, 2026-cı ildə isə başqa istiqamətdə daha iri həcmləri. BOTAŞ bu həcmi qəbul edib ötürməyə hazır deyildi. Yəni Türkiyə ərazisində yeni bir magistral kəmərin tikintisi qaçılmaz idi”.
İlham Şabanın fikrincə, BOTAŞ-ın TANAP kəmərini tək tikmək üçün də iqtisadi imkanları yox idi. Azərbaycan tərəfin yatırımları olmadan bu, mümkün deyildi: “Cənubi Qafqaz Kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində tikiləcək yeni magistral qaz kəməri (Səngəçal terminalı yaxınlığından Gürcüstan sərhədinədək - 400 km uzunluğunda) 3 milyard dollara başa gələcək. Onu da yerli işçi qüvvəsi tikəcək. 3,6 milyarda buraxıcılıq gücü ildə 16 milyard kubmetr olan və sonradan genişləndirilə bilən boru xətti tikmək mümkün deyil.
Müəllif bildirir ki, guya Azərbaycan qazı Türkiyədə ən bahalı qaz olacaq, çünki qiyməti 400 dollar çıvarındadır. 2019-cu il üçün isə Rusiya və İran qazının qiyməti dünya bazarında enəcək. Məqalə müəllifinin bu sahədə də savadı yetərli deyil və aydın görünür ki, o, Türkiyə Böyük Millət Məclisində ratifikasiya edilən sənədlə əslində tanış deyil. Tanış olsaydı bilərdi ki, heç bir enerji sazişində konkret rəqəm göstərilmir. Qiymətlərlə bağlı konkret formul olur və ona əsasən də qazın qiyməti hər rüblükdə dəyişir”.
Ekspert bildirir ki, TANAP layihəsi də BTC kimi uğurlu layihələrdən olacaq, bölgənin iqtisadi qüdrətinin artırılmasına xidmət edəcək.
Və beləliklə, Azərbaycan 20-ci əsrdə neft müqavilələri ilə dünyanın diqqətində idisə, 21-ci əsrdə qaz müqavilələri ilə regionun hegemon dövləti kimi dünyanın diqqət mərkəzindədir. 20 yaşlı xilaskarın doğum günündə gələcəyimizin təminatı olan daha bir körpə doğulur. Qədəmləri mübarək...
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər