20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Sonra 20 Yanvar
faciəsinə həsr olunmuş "Qanlı Bakı” filmi nümayiş olunub.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin
Aparat rəhbəri Ayaz Əliyev Azərbaycanın azadlıq
və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış
20 Yanvar faciəsindən danışaraq, Sovet imperiyasının 1990-cı ilin
yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız
insanların qətlə yetirildiyini xatırladıb. Qeyd edilib ki, SSRİ rəhbərliyinin
göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların vəhşicəsinə qətlə
yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra
bilməyib, əksinə xalqı daha da birləşdirib, mübarizliyini artırıb. Ayaz Əliyev
Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, həyatını
təhlükə qarşısında qoyaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti
qarşısında qəzəblə ittiham etdiyini, Azərbaycan xalqına qarşı törədilmiş
cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə yenidən qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində
tam siyasi-hüquqi qiymət verilib. Ulu Öndərimizin siyasi kursunu inamla davam
etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin
azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram
bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara
dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edir, şəhidlərimizin
xatirəsinin anılması hər il dövlət səviyyəsində geniş Tədbirlər Planı
hazırlanaraq həyata keçirilir.
Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri barədə
geniş məlumat verib, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm
də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıblar. Bir
daha qeyd edilib ki, xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi
heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından
keçmiş şəhidlərimizin əziz xatirəsi Azərbaycansevərlərin qəlbində daim
yaşayacaqdır.
Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının aktyorlarının ifasında 20 Yanvar faciəsi
ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş olunub.