• çərşənbə axşamı, 19 mart, 07:34
  • Baku Bakı 8°C

“20 Yanvar-qəhrəmanlıq və şərəf günü” mövzusunda konfrans keçirilib

19.01.18 18:57 390
“20 Yanvar-qəhrəmanlıq və şərəf günü” mövzusunda konfrans keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ şöbəsi və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə "20 Yanvar-qəhrəmanlıq və şərəf günü” mövzusunda konfrans keçirilib.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov universitetdə 20 Yanvarla bağlı silsilə tədbirlərin keçirildiyini söyləyib. O, qeyd edib ki, bu tip tədbirlərin tələbələrdə vətənpərvərlik hissinin formalaşmasında mühüm rolu var, ona görə də, bundan sonra da bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. S.Hüseynov daha sonra mövzu ilə bağlı məruzələri dinləmək üçün sözü tələbələrə verib.
Universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 250-ci qrup tələbəsi Şahin Sərdarlı "Qanlı Yanvar faciəsinin başlıca səbəbləri” mövzusunda çıxış edərək qanlı faciənin baş vermə səbəbləri və gerçəkliklər barədə ətraflı məlumat verib. O, hadisənin milli, dini və coğrafi mövqe amilləri ilə yanaşı, mərkəzin sovet imperiyasını qoruyub saxlamaq, milli respublikalarda hakimiyyəti möhkəmlətmək xətti, hakimiyyətin Azərbaycan xalqı barəsində qərəzli siyasəti, Azərbaycanın ərazi bütövlüyünü pozmaq, erməni separatizmi və Azərbaycan rəhbərlərinin xəyanətkar fəaliyyəti kimi amillər, ayağa qalxmış xalqa rəhbərliyi öz əllərinə alanların naşılığı və siyasətbazlığının nəticəsində baş verdiyini bildirib.
Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 248-ci qrup tələbəsi Güllü Səfərova "Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin qanlı Yanvar faciəsinə münasibəti” mövzusunda məruzə ilə çıxış edib. O, faciənin ertəsi günü ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaltdığını, Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pislədiyini, faciənin təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdiyini qeyd edib. G.Səfərova bildirib ki, Prezident İlham Əliyev qanlı hadisəni Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə yazdığı parlaq səhifə kimi qiymətləndirib.
Tədbirdə Filologiya və jurnalistika fakültəsinin 341a qrup tələbəsi Elnarə Ağaməmmədova 20 Yanvarla bağlı yazdığı şeirini, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 155-ci qrup tələbəsi Bədiyyə Sadıqova isə "Bayraq” şeirini səsləndiriblər.
ADU-nun tələbəsi olmuş şəhid Ülvi Bünyadzadənin bacısı, professor Könül Bünyadzadə 20 Yanvar gecəsi sovet imperiyasının öz taleyini həll etmək istəyən Azərbaycan xalqının mübarizə əzmini sındırmaq istədiyini bildirib. K.Bünyadzadənin sözlərinə görə, sovet hakimiyyəti həmin gecə öz vətəndaşı olan günahsız insanların üzərinə ağır hərbi texnika yeridib və qadın, uşaq, yaşlı demədən qarşısına çıxan hər kəsi məhv edib. Hadisəyə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xatırladan K.Bünyadzadə ulu öndərin bu addımının xalqımızda təpər yaratdığını vurğulayıb. O, sonda tədbirin təşkil edilməsinə görə universitet rəhbərliyinə ailəsi və öz adından dərin təşəkkürünü bildirib.
Sonda çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla hər hansı bir hadisəyə adekvat qiymət vermək üçün onun kontekstini düzgün bilməyin vacib olduğunu vurğulayıb. O, əlavə edib ki, bu mənada 20 Yanvar faciəsinin də siyasi, iqtisadi, mənəvi, ideoloji səbəbləri var ki, bu səbəblər SSRİ deyilən böyük və güclü dövlətin qısa zaman ərzində yox olub getməsinə gətirib çıxardı. 20 Yanvar hadisəsi faktiki olaraq SSRİ-nin süqutunun başlanğıcı oldu.
"20 Yanvara bir necə rakursdan baxmaq olar”-deyən rektor Azərbaycan xalqının törədilmiş olaya baxışını ancaq faciə kimi deyil, bir qəhrəmanlıq məqamı, müstəqilliyə doğru gedən yolda möhtəşəm bir addım kimi xarakterizə edib. O, bildirib ki, ulu öndər Heydər Əliyevin gərgin zəhməti sayəsində bu müstəqillik əldə edildi, Prezident İlham Əliyevin fədakar əməyi və düzgün siyasəti nəticəsində bu gün Azərbaycan dünyada müstəqil, güclü bir ölkə kimi tanınır.
20 Yanvar hadisəsini qəhrəmanlıq aktı kimi qiymətləndirən K.Abdulla şəhid olanların dünya, vətən, xalq və millət qarşısında öz borclarını yerinə yetirdiklərini sözlərinə əlavə edib. Universitetin tələbəsi olmuş Ülvi Bünyadzadənin də hadisə nəticəsində şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdıran akademik onun timsalında bütün şəhidlərimizə rəhmət diləyib.
banner

Oxşar Xəbərlər