• çərşənbə axşamı, 16 aprel, 22:01
  • Baku Bakı 18°C

20 Yanvar faciəsinin bədii inikası

21.01.19 13:00 4796
20 Yanvar faciəsinin bədii inikası
1990-cı illərin əvvəllərində Sovet dövrünün dəyərləri iflasa uğrayır, yeniləri isə o qədər asanlıqla təşəkkül tapmadı. 20 Yanvar faciəli mövzular ədəbiyyata şəhidlik mövzusu, şəhid obrazını gətirdi. 20 Yanvardan sonra ədəbiyyatın adi ritmi pozuldu, xalqlar, millətlə bərabər ədəbiyyatın özü də bir növ tarixi sınaq qarşısında qaldı.
1970-ci illərin senzurasında boğulan, ictimai-siyasi məcrada bəslənən dekadans ovqat nəfəs genişliyi əldə edərək ruhun nəhayətsizlik sevdasını, insanın iç dünyasının çöküşünün ifadə eləmək üçün yeni fəaliyyət sferasına bu dövrdə daxil oldu. Ötən əs­rin əv­vəllərindən başlayaraq meydana çıxmış modernist cərəyanlara əsrin sonunda ye­nidən qayıdıldı, simvolizm, sürrealizm, ekzistensializm, postmodernizm və s. tətbiq edil­di. 20 Yanvar faciəsinin ədəbiyyatda araşdırılmasına dair Tehran Əlişanoğlu, Vaqif Yusifli, Rüstəm Kamal, Almaz Ülvi Bin­nə­tova, Elnarə Akimova, Mərziyyə Nəcəfova, Nər­­­giz Cabbarlı və başqalarının müxtəlif səpkili tədqi­qat­la­rı var.
Hadisələrin başlandığı vaxtda sanballı əsərin yazılması qeyri-mümkün idi. Digər tərəfdən 1990-cı illər xaosundan ayrılmaq asan deyildi. Bu dövrün ədəbiyyatda ikili səciyyəsi – onun həm qopub ayrıldığı sovet döv­rünün rudimentlərini özündə daşıması, həm də bu qalıqlarla mübarizə apararaq yeni biçimdə özünü ifadə etməyə çalışması kimi əlamətlər onilliyin əsas göstəri­ci­si­dir.
Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Azərbaycan Yazıçılarının X qurultayında nitqində qeyd etdiyi kimi "O vaxt bizim dövlət adamları bunun əleyhinə çıxmadılar, bu barədə öz sözlərini deyə bilmədilər, üstünü örtüb basdırmağa çalışdılar. Ancaq siz – ədəbiyyat adamları və xüsusən yenə də Bəxtiyar Vahabzadə, Xəlil Rza kimi insanlar o təcavüzün qarşısına çıxdılar”.
20 Yanvar hadisələri mövzusunda ən yüksək poetik ruhlu əsərlərin müəllifi B.Va­hab­zadənin "Şəhidlər” poeması faciənin fəlsəfi-poetik dərkində öz bədii-es­te­tik siq­lətini bu günədək qoruyub saxlayır. Elnarə Akimovanın fikrincə "B.Va­habzadə poeziyasının fərqliliyi ondadır ki, heç bir quramaçılığa uymadan şeir yaz­maq, qəlbinə hakim olmuş duyğuları əzib korlamadan mətnə köçürmək idi”.
Bəxtiyar Vahabzadənin "Şəhidlər” poeması verdiyi suallarla bütün dövrün acı taleyi, tarixini proseslərini canlandırır. Vaqif Yu­sif­linin fikrincə, "B.Vahabzadənin "Şəhidlər” poemasının alternativi yoxdu”.
1990-cı illərdə qlobal hadisə və proseslərin milli düşüncəyə axını daha çox gücləndi. 1990-cı illərin ortalarına qədər poeziyaya daha çox çılğın, əsəbi notlar üzərində gəzişir, poetik pafos, hislərin çılğın ifadəsi (Qaçay Köçərlinin "Şəhidlər xiyabanı”, Zəlimxan Yaqub "Səslərin görüşü”, çağırış, fəxr və qürur Vahid Əzizin "Qırğın” ağı-poemasında, Sənan Çırağın "Haqq ədalət Kərəm kimi yalnız indi...”, düşmənə nifrət Xəzangülün "Tanrı dərgahında”, Məmməd Alimin "Sahibin axtaran qol”, ictimai kədər Məmməd Alimin "20 Yanvar küçəsi”, Piruz Dilənçinin "Şəhidlər xiyabanı”, üsyan intonasiyası, etiraz Zəngilan rayonundan Oqtay Ələkbərovun "Şəhriyar nəfəsi”, nikbinlik Xəlil Rza Ulutürkün "Sənin göz yaşların”, Ələkbər Şahidin "Şəhidlər”, Tofiq Nurəlinin "Bu meydan”, təskinlik Vidadi Babanlının "Başsağlığı”, pessimist əhval-ruhiyyə Hafiz Əlinin "Bakıda komendat saatı” adlı şeirində, Məhəmməd Aslanbəylinin "Bu il”, Fikrət Qocanın "Ağlar”, şəhid analarına təskinlik Əlirza Hikmətin "Şəhidlər xiyabanı”, baş leytenant Yusif Bağırovun "Şəhidlik”, Abbasağa Azərtürkün "Şəhidlərə” şeiri, Qaçay Köçərlinin "Bir ovuc şəhid torpağı”, Məzahir Hüseynzadənin "Şəhid anasının dedikləri” daha öndə qərarlaşırdı. 1990-cı illərin ortalarından başlayaraq bədii fikirdə, ədəbi prosesdə üst baxış, daha təmkinli şair ədası, loyal yanaşması güclənir.
Arif Abdullazadə "O gecənin ağrıları” adlı məqaləsində həmin dövr mətbuatında nəşr olunan poemaları poeziya növünün yeni nümunəsi "poema ağı” adlandırmışdı.
1990-2000-ci illər mətbuatında uşaq şəhidlərə həsr olun şeirlər yer almışdır. Bakıda 118 saylı məktəbin şagirdi Aynur Ramizqızının şəhid qız "Larisanın xatirəsinə” həsr etdiyi bayatı şəklində şeir müəllifin sarsıntılarını ifadə edir:

Qurban olum bu elə,
Bu obaya, bu elə,
Səni vuran soldatı,
Çağırıram duelə.

Musa Ələkbərlinin "Oxu, Zeynəbim, oxu” şeiri şəhid olmuş balaca Zeynəbin həyat eşqi ilə dolu kədərli aqibəti, Məmməd Namazın "Körpə şəhidlərə layla” şeirində 13 yaşlı İlqar İbrahimovaya, Larisa Məmmədovaya şəhid, ağı deməyə dili gəlməməsi, acı, iztirab şeirdə müəllif emosional duyğularında inikasını tapmışdı.
20 Yanvar mövzulu poeziyada faciənin törədənlər də əsas məsələ kimi düşündürülən problem sırasına daxildir. Roza Qarabağlının "Şəhidlər” şeirində min nisgil ilə dillərə dastan olan, ölməz əməli ilə parlayan, nakam şəhidlərin ailələrinə başsağlığı verən Qorbaçova "namərd” adlandırır.
Məmməd Alimin "Doxsanıncı iyirmi Yanvar” şeirində can çəki­şən imperiyanın 20 Yanvar törətməkdə, Qarabağ problemini qaldır­maqda məqsədi hiylədir – azərbaycanlıları məhv etmək bəhanəsidir. Hafiz Əli "Vətən şə­hid­lə­ri” şeirində 20 Yanvar hadisələrinin tarixi kökünü erməni­lə­rin Dağ­lıq Qara­bağ iddiasından əvvələ, daha çox keçmişə dayandığını qeyd etməyə ça­lı­şır. Rəfail İncə­yurdun "Yanvar ağıları” şeirinin poetikasında 20 Yanvar fa­ci­­əsinin həqi­qətlərini üzə çıxarmağa çalışır. Rafiq Yusifoğlunun "Qan gölündə bitən gümüş azadlıq” şeirində hadisənin səbəbkarlarını göstərməyə çalışması "nala-mıxa vuranları tanıdaq” deyərək o dövrün intizamsız rəhbər başçılarını gizli kodda göstərir.
20 Yanvar faciəsinə dini-fəlsəfi yanaşma Məhməmməd Ərğəvanın "Şəhidlər”, Eyvaz Qələmçəlinin "Yas saxlayır”, Suğra Abdullazadənin "Şəhidlər”, Abbas Abdullanın "Kim ağlasın bizə qardaş” şeirlərində görmək mümkündür.
1990-cı illərdən başlayaraq poeziyamızda elə imzalar oldu ki, öz poetik yaşamları ilə "geriyə qayıdış”ın ən yaxşı nümunələrini yaratmaqla bahəm, həm də gələcək şeirin inkişaf trayektoriyasının cızılmasına səbəbkar oldular. Ancaq bununla yanaşı başqa əsərlər də – Adil Şirinin "Şəhid gecəyə üç elegiya”, Tofiq Abdinin "Yanvar ağıları”, Babək Bəhrəmoğlunun "Şəhidlər” şeiri, Sabir Əhmədlinin "Qızıl güllə” hekayəsi vardı.
20 Yanvar faciəsinin ayrılmaz atributlarından biri də qərənfildir. Qərənfil klassik poeziyada qəmgin ovqat aşılayan güldür. 20 Yanvar 1990-cı ilə qədər Bakı kəndlərində satış məqsədi ilə yetişdirilən qərənfillər həmin faciədən sonra taleyi dəyişdi, matəm gülü simvoluna çevrildi.
Tofiq Mütəllibovun "Qərənfil məşəlləri” şeirində qərənfilin şəhidlər xiyabanında daşlaşmış aurasını belə tərənnüm edir:

Bu adi çiçəklər, bu qərənfillər,
Məzarlar üstündə müqəddəsləşib.

Qərənfil göz yaşı simvolu kimi Şövkətin "Qərənfil yağışı”, Ələkbər Salahzadənin "Qərənfillər” şeiri, dözümülülk rəmzi kimi Elnarə Buzov­na­lının "Vətən şəhidlərinin xatirəsinə” qəzəli, Firuzə Əsədullayevanın "Qərənfil, ay qərənfil”, şəhidlə torpaq arasında vüsal gülü kimi Kamran Mehdinin "Qara bayraqlar, qırmızı qərənfillər” şeirində simvolizə olunur.
Milli özünüdərk vahid milli ideyanın təsiri ilə narazı tə­mayül­lərin, yad, barışmaz ideyaların qlobal tendensiyaların içərisində yaranıb inkişaf edir. Bəxtiyar Vahabzadənin milli özünüdərk psixologiyasının əsasında özünü kənardan baxıb qiymət vermək, milli amili dəyərləndirmək durur. Onun "Təzədən yaratsın yaradan bizi” adlı şeirində şairi ən çox düşün­dürən xalqının illər boyu məruz qaldığı haqsızlıqların ölçü miqyası, eyni hüquqları daşıyan, amma millətlər içərisində ona qarşı qərəzli, ədalətsiz, ayrı-seçkili münasibətdir:
Anlaya bilmirik astar nə, üz nə
İndi baxammırıq düzün gözünə.

B.Vahabzadənin sovet siyasi rejiminin ən sərt dönəmində qələmə aldığı "Səbr elədik” milli istiqlal problemi ilə bağlı qənaətləri müstəqim şəkildə əks olun­­muşdur. Şübhəsiz ki, sovet dönəmində, 1979-cu ildə yazılmış bu şeir kon­yunk­turanın təsirindən nəşri mümkün deyildi. Ümumiyyətlə B.Vahabzadənin poeziya­sın­da milli özünüdərkin bütün komponentlərini – milli mənlik şüur, milli fikir, milli bəşəri şüur, milli yaddaş, milli ruh, milli istiqlal arzusunu görmək mümkündür.
Sovet ideologiyasının məhvi ilə çox şey öz başqa stixiyasına dönmüşdü. "Ölü”, "məzar”, "tabut” tipajları funksionallıq kəsb etməsi insanı döyüşə yox, tənhalığa çə­kirdi. Sabir Əhmədovun "Yanvar hekayələri” silsiləsindən olan "Dənizdən gələn səda” hekayəsində rusların hücumu ilə neftdaşıyan gəmidə həlak olaraq Dər­bənd sahilinin suları üzərində qalan 5 bacının qardaşının yanğılı, düşmənə qarşı nifrət dolu, nis­gilli, ancaq anasına təsəlli verən məktubudur. Məzarı dəniz olan oğul cəsədinin səs­siz-səmirsiz anasına ünvanladığı sözlər 20 Yanvar hadisələrində itkin düşənlərin söz­ləridir. Hekayənin bədii publisistik üslubunda bədiilik qəhrəmanı özündən asılı deyil. Həmin saydakı "Cəza” hekayəsi şəhid ata və anaların emosionallığı, publisistik harayı, düşmənə mənfur münasibəti gücləndirir. Ancaq bu hekayədə konkretlik və ünvanlılıq zəifdir, obrazların naməlumluğu, süjet zəif alınmasına gətirib çıxarmışdı.
Şamil Cahanın "Qan izləri” hekayəsində dərin hüznlü psixologizm hökm sürür, acı fəryadlı kədər, sevinclə nifrət qarşıdurması, qətllər üzərində vəzifə iddiası süjetin konfliktini dərinləşdirən elementlərdir. Əsərdə psixoloji paradokslar, şəhidlik, parça-parça olunmuş, ömrünü Sovet hərbinin bütövlüyü üçün çalışan Cahidlə, Azərbaycanın nemətlərini yeyib, 20 Yanvar faciəsi törətdiyinə görə milyonların qanının içən rus generalları Pisayevlə Zaxarov vəzifə naminə yerə-göyə sığmayan sevincləri süjetin təzadlığını artırır.
Dostu Məmmədqızının "Qan cığırı” "20 Yanvar” qəzetinin baş redaktoru Səlim Həqqiyə ithaf olunmuşdur. Kiçik hekayənin süjet xəttinin mərkəzində şəhidlər xiyabanı dayanır. Ümumi süjet xəttinə tabe olan qəzet müxbiri Zərifə və 20 Yanvar yaralısı döyüşdə dünyasını dəyişən Gülər, Zərifə və oğlu şəhid olmuş, nəqliyyatda istifadə edəndə vəsiqəsi olmayan şəhid anası, nəhayət, qəzetin baş redaktoru Şahidin və həyat yoldaşı Sənubərin ölümü kimi süjet xətləri hekayədə psixologizmi dərinləşdirən faktlardır. Ən çox sarsıntı keçirən də Zərifədir. Çünki Şəhidlər xiyabanından yazmaq, böyük vətəndaşlıq mövqeyi göstərərək şəhid ailəsinə diqqət göstərməyə çalışması diqqəti cəlb edir.
1990-cı illərdə dövrün mürəkkəb şəraitindən irəli gələrək təcrübə üçün gərəkli olan fasilə bədii ədəbiyyata qiymət verən və onu izləyən ədəbi tənqiddə də durğunluq yaratmışdı. Dövrün epoxal gerçəkliklərinə nüfuz, cərəyan edən hadisələrin bütün kəskin və anlaşılmaz, fəci və dramatik tərəfləri ilə birgə təcəssümü baxımından bu əsərlər ədəbi mühitdə, müasir təkamül prosesinə ciddi mənada bir təsir göstərə bilməmişdi. Tənqidçi Tehran Əlişanoğlu məhz bu faktı nəzərdə tutaraq yazırdı: "Müharibə mövzusunun dərkində uzun bir yol keçmiş ədəbiyyatdan bunu gözləmək olardı”.
20 Yanvar mövzulu bədii nümunələri təhlil edərkən onların bir sıra ümumi və xarakterik xüsusiyyətləri aşkarlanır; baş verənlərə operativ reaksiyanı əks etdirdiyi üçün bəzən poetik səviyyə tələskənliyə qurban verilir. Bu nümunələrdə ifadə olunan əsas fikir, əsas ideya xətti gözlənilməzlik, qəfil zərbə, hazırlıqsız yaxalanma kimi hisslərin ifadəsidir.
Soyqırımı tariximizin ayrılmaz hissəsi olan 20 Yanvar faciəsi mövzusunda bədii nümunələrin yazılması müasir dövrdə aktuallıq kəsb edir və xalqımızın başına gətirilən həqiqətlərin üzə çıxarmaq üçün araşdırılması böyük əhəmiyyət daşıyır.

Aynurə Paşayeva
banner

Oxşar Xəbərlər