20 Yanvar - əsarətin son gecəsi
Hər bir xalqın
hansı dərəcədə milli birliyə, milli iradəyə
və milli özünüdərkə malik olması məhz onun üzləşdiyi ən çətin anlarda mövcud
proseslərə və çağırışlara ümumxalq
reaksiyasında özünü göstərir. 26 il əvvəl üzləşdiyimiz belə bir məqamda
xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar iradə
nümayiş etdirməsi tariximizə yeni bir
mübarizə səhifəsi yazdı - Qanlı Yanvar səhifəsi. 20 yanvar yaxın keçmışımizdə yaşamış olduğumuz
ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq
tarixi kimi həkk olundu. Faciənin törədilməsindən keçən 26 il ərzində bu hadisəni
doğuran səbəblərin, onun hüquqi, ictimai-siyasi, psixoloji nəticələrinin araşdırılması, öyrənilməsi və öyrədilməsi
artıq ənənəyə çevrilmiş bir sualla müşaiyət olunur: 20 Yanvara gedən yol nədən
və haradanbaşlandı? Cavabında isə hadisələrin
şahidləri 20 Yanvar ərəfəsindəki son ayın, uzağı bir neçəayların hadisələrini
bir-bir xatırlayır vəonların arasında faciəyə yol açan səbəbləri və səhvləri
araşdırıb tapmağa çalışırlar.
Mübahisələr bəzən bir-birimizi qınamağa qədər, hətta
günahlandırmağa qədər uzanır. Bir ifratçılıqdan digər ifratçılığa qədərmüxtəlifləşən
mülahizələr yalnız bir fikirdə yekdil olurlar:
belə sonluğu heç kim gözləmirdi. Bəli, doğrudan da o zaman şox az adam inana
bilərdi ki, dövlət öz vətəndaşına, dinc vətəndaşına belə divan tuta bilər.Yəqin
ona görə ki, biz Xeyirlə Şərin mübarizəsinin nağıllarda olduğu kimi,həmişə
Xeyrin qələbəsi ilə bitməsinə inanmaq dərəcəsində
sadəlövhük. Amma bəzən Şər də qalib gəlir, qısa müddətə olsa da. 20 Yanvar məhz
Şərin Xeyirə qalib gəldiyi bir an idi – qısa bir an. Bu Şərin gəldiyi yol isə
bir aylıq, iki aylıq yol deyildi.Bu - çox uzaqdan gələn bir yoldu. Bu yol
1814-cü ilin "Türkmənçay”ından gəlir, bu yol 1828-ci ilin "Gülüstan”ından keçir. Nəhayət, bu yolun bizə ən yaxın döngəsi
1920-ci ilin 28 aprelindən başlamışdı. 30-cu illərin qaranlıq dolanbaclarından,
40-cı illərin ağrı-acılarından, 50-60-cı illərin ağır məhrumiyyətlərindən keçib
gəlmişdik 20 Yanvara. Bütün bunlar çox uzun və çox üzüntülü bir hekayədir
-azadlıqsevər bir məmləkətin, insanpərvər
bir millətin, məğrur bir xalqın əsarət hekayəsidir. 20 Yanvar isə bu hekayənin
son fəslidir.Bu fəsildə də qarşımıza Şər çıxmışdı. Növbəti dəfə düşmənlərimizin
hiyləsi ilə bizi təhdid edən namərd qonşularımız vətən torpaqlarımıza göz
dikmişdilər.Ölkəmizin ərazi bütövlüyünə qarşı aparılanməkrli fəaliyyətlər,
riyakar qəsdlər, SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar xalqımıza qarşı yürüdülən
düşmənçilik siyasəti xalqımıza artıq imperiya boyunduruğunda yaşamağın daha
ağır fəlakətlərə yol aça biləcəyini anlatmaqdaydı. Xüsusən, 1988-ci ilin
martında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər
Soveti tərəfindən dolayısı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən
çıxarılmasına yönəlmiş "Dağlıq Qarabağ
Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” Qərarın
qəbul edilməsi və 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin
"Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında” Fərmanıölkəmizin ərazi
bütövlüyünün pozulmasına qarşı ermənilər tərəfindən planlı şəkildə icra olunan
tədbirlərin birbaşa imperiya rəhbərliyi tərəfindən dəstəkləndiyini göstərirdi.
Bütün bunlarla
eyni zamanda Ermənistan ərazisində
yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından qovularaq çıxarılması və
buna SSRİ rəhbərliyi tərəfindən göstərilən "görməməzlik” soydaşlarımıza qarşı həyata
keçirilən etnik təmizləmə siyasətinin məhzİttifaqın"yardımı və strategiyası” iləbaş
tutmasına heç bir şübhə yeri qoymurdu. Azərbaycan SSR rəhbərliyinin isə baş verən
proseslərə sanki heç bir şey olmamış kimi,seyrçimünasibət göstərməsi, özünü
"bilməməzliyə” və "eşitməməzliyə” vurması, ümummilli maraqların müdafiəsi
yolunda heç bir əməli addımın atılmaması xalqın əsəblərini tarıma çəkmiş, onun
səbr kasasını doldurmuşdu. Mübarizə meydanında tək qaldığını görən Azərbaycan xalqının səfərbər olmaqdan
başqa çarəsi yox idi.Bütün ümidlər haqsızlığa qarşı həmişə öz etiraz səsini
ucaltmağı bacaran, öz tarixi yurdunu düşmənlərdən qanı bahasına qorumağa hər zaman hazır olan və monolit
gücünü öz milli varlığında hiss edən Azərbaycan Xalqına idi. Azərbaycanlılara
qarşı məqsədli şəkildə həyata keçirilən bu fitnəkar siyasət öz hüquqları və ərazi
bütövlüyü uğrunda meydanlara atılmış həmvətənlərimizin ürəklərində azadlıq
yanğısını daha da alovlandırmışdı. Artıq xalq mövcud olduğu bütün müddətdə sovet imperiyasının yürütdüyü
repressiv siyasəti öz tarixinə və milli mənliyinə vurulmuş bir ləkə kimi
görürdü. Azadlıq eşqi ilə yanan vətən övladları bu ləkəni öz qanları bahasına
da olsa yumağa hazır idilər.
O zaman xalqı
etiraz səsini ucaltmağa vadar edən çox sayda obyektiv səbəblər mövcud idi. Mərkəzi
hökümət tərəfindən milli mənafeyimizə zidd siyasətin yürüdülməsi, bu siyasətin
qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən heç bir tədbir görülməməsi
xalqla hakimiyyət arasında yaranmış uçurumu daha da dərinləşdirməklə kütləvi
etiraz dalğasının baş qaldırmasına rəvac vermişdi. Belə bir məqamda insanların
haqlı etirazlarını dinləmək, mövcud problemlərin siyasi yolla həll edilməsinə
yönəlmiş addımlar atmaq əvəzinə, imperiyanın öz ənənəsinə sadiq qalaraq zora əl
atması – onun anti-humanist təbiətini və ən iyrənc yollarla belə həyata keçirməyə
hər an hazır olduğu imperialist siyasətinitam aydınlığı ilə ifşa etmiş
oldu.Meydanlara öz haqq səsini ucaltmaq, milliheysiyyatını və milli mənliyini
qorumaq əzmi ilə çıxan fədakar vətən övladları bütün gözlənilməzliklərə hazır idilər. Amma hələ də
heç kim bu gözlənilməzlikləri gözləmirdi. Çünki sovet rəhbərliyinin 70
il bir dam altında yaşadığıöz vətəndaşlarına qarşı bu qədər qəddarlıq nümayiş
etdirəcəyiağlasığmaz görünürdü. Ölməz şairimiz Bəxtiyar Vahabzadənin dediyi
kimi: "Axı, heç kəsin ağlına gələ bilməzdi ki, qəlbi Vətən hissi ilə çırpınan, əli
silahsız, özü günahsız olan bu atalar, analar, balalar, özünü dost kimi, qardaş
kimi qələmə verən bir ordunun əlində qətlə yetirilsin”.Lakin inanmaq istədiyimiz
xoş sonluqlu ehtimal özünü doğrultmadı. Soyuq 20 yanvar səhəri açılmağa macal
tapmamış bəşər tarixinin insanlığa
sığmayan ən faciəvi hadisələrindən biri– Bakı küçələrində dinc nümayişçilərin
gülləbaranıbaş verdi: Azərbaycana, nəyin bahasına olurasa-olsun milli mücadiləni
boğmaq və yatırtmaq məqsədi ilə yeridilən rusqoşunları Bakıda və respublikanın
müxtəlif rayonlarında 131 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində,
iş yerlərində qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs
olundu.
O
müdhiş gecənin aydınlığa dönməsi Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə işıq
saldı.Xalq düşmən tankının tırtılları altında parçalanmış, sinələri düşmən güllələrindən
deşik-deşik olmuş övladlarınıqan gölündə tapdı. Bu - Azadlığın bərpasına gedən
yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi.
Nə
qədər hüznlü və acı olsa da, xalq öz qəhrəman övladlarını son mənzilə yola
salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq nə qədər
şərəfli idisə, düşmən silahının nişangahında Vətənin şəhidlərini layiqincə son
mənzilə yola salmaq da bir o qədər namus və şərəf məsələsi idi. Xalq
sarsılmadı, əyilmədi, qorxmadı. Qanlı faciənin qurbanları azadlığı uğrunda can
verdiyi Vətən torpağına yüzminlərin çiyinlərində daşındılar və Müqəddəs
torpaqda əbədiyyətə qovuşdular. Bu müqəddəs
torpaq hələəsrin əvvəllərində -
1918-1920-ci illərdəVətənin azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban
vermiş soydaşlarımızı öz qoynuna almışdı. Hələ o zaman xalqın istiqlalı uğrunda
şəhid olmuş azadlıq carçılarının dəfn edildiyi Şəhidlər Xiyabanı bu dəfə də
eyni amal uğrunda mübarizəyə qalxmış qəhrəman oğullarını öz bağrına basırdı. O
qəhrəman oğulları ki, ucaldıqları məbəddən əbədi və dönməz olan istiqlaliyyət
yolumuza hər zaman şəfəq saçır.O günə qədər
yəqin heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər qərənfil var! Sanki o
qərənfillər "öz ayaqları ilə” şəhidlərin qəbri üstünə sərilməyə gəlmişdilər.Şəhidlərin
məzarları üzərinə sərilmiş milyonlarla qərənfil onların 20 yanvar gecəsində Vətən
torpağına axıdılan al qanını xatırladırdı.
Həmin
günün mənzərəsi faciəvi olduğu qədər dəmöhtəşəmdir. Azadlığımızın bərpası
yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın,
milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi.Baş verən hadisələr
xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb
maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir
daha nümayiş etdirdi. Bununla, Azərbaycan
xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin
sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi və
özünün milli azadlığı uğrunda mübarizəsinin dönməz olduğuna şübhə yeri qoymadı.Qəhrəmanlıqla
dolu keçmişi, dövlətçiliklik ənənəsi olan, böyük bir coğrafiyada dövlətlər
yaratmış, zaman-zaman yadellilərə qarşı səfərbər olub
birgə mübarizə aparmış, dünya mədəniyyət xəzinəsinə öz dəst-xətti ilə dəyərli töhfələr vermiş bir millət uzun müddət əsarət
altında yaşaya bilərdimi? Öz keçmişindən sanki qan damarları ilə axıb gələn vətən sevgisi, milli özünüdərk, zülmə, ədalətsizliyə
boyun əyməmək kimi hisslərə malik olan
bir xalq öz çiyinlərində bu əsarətin ağırlığını, ağrı-acısını çoxmu çəkəcəkdi?
İyirminci əsrin əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə dayanaraq Şərqdə
ilk demokratik dövlət quran bir xalq qısa zaman kəsiyindən sonra yenidən
imperiya caynağına düşməsini uzun müddət necə qəbul edə bilərdi?! 20 yanvar
faciəsi, sözün əsl mənasında, xalqımızın milli özünüdərkində yeni bir mərhələnin
başlanğıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz –Azadlıqdır!
Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və
boğulduqca daha da azğınlaşan, 70 il özünə bayraq etdiyi kommunizm ideyalarının
iflası artıq heç kimdə şübhə doğurmayan və
dayaqları silkələnməyə başlayan Sovet imperiyası bu hadisəni törətməklə nəyə nail olmaq istəyirdi?
Tarixin səhnəsindən birdəfəlik silinmək ərəfəsində imperiyanın ucqar bir ölkəsində
əvvəlcədən qurulmuş plan əsasıında dinc nümayişçilərin gülləbaran edilməsinə qərar
verənlər nəyə ümid edirdilər? Az sonra – imperiya çökəndən sonra aydın olacaqdı
ki, bu qərarı verənlərin və bu faciəni törədənlərin özlərinin də bu suallara
cavabları yox imiş.Baş verənlər isə Azərbaycan xalqının milli mübarizə əzmini və iradəsini sındıra bilmədi.
Əksinə, 20 yanvar hadisəsi öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə
bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının yenidən daha böyük vüsətlə alovlanmasına vəSovet
İttifaqının süqutunun daha da sürətlənməsinə rəvac verdi. Bu hadisə Sovet
İmperiyası üçün "sonun başlanğıcı” oldu. Bu faciənin baş verməsinə qədər ölkədə
mövcud problemlərin, baş qaldırmış etirazların siyasi yolla həll olunacağına
ümidlər hələ də qalmaqda idi. Lakin bir nəslin yaşaya biləcəyi qədər ömür
yaşamış imperiya özü ilə həmyaşıd olan vətəndaş nəslinin böyüklü-kiçikli
hamısına atəş açmaqla bu ümidləri tamamilə al-üst etdi. O zamana qədər hələ də
Azərbaycanın müstəqilliyinə müəyyən qədər skeptik yanaşanlar da bu hadisənin
baş verməsi ilə artıq imperiya boyunduruğunda yaşamağın qeyri-mümkünlüyünü dərk
etdilər və milli azadlıq hərəkatının aktiv iştirakçılarına çevrildilər. Bu faciəvi
olayonilliklər ərzində insanlara sırınan "humanist” əsaslı kommunizm
ideologiyasının puçluğunu sübut etdi və məhz bu hadisədən sonra kommunist
partiyasından kütləvi istefalar, cəmiyyətin bütün təbəqələri tərəfindən müxtəlif
formalarda ifadə olunan etirazlar İttifaqın hər yerini bürüdü və onun
dayaqlarını sarsıtdı.Həmin ərəfədəSSRİ-nin bir çox respublikalarında
İttifaq əleyhinə etirazlarbaş qaldırmışdı.
Gürcüstan və Baltikyanı ölkələrdə də
hərbi qoşun hissələri tərəfindən dinc nümayişçilərə qarşı silah tətbiqolunmuşdu.Lakin
Azərbaycanda baş qaldıran etirazlara qarşıtörədilmiş 20 yanvar hadisəsi öz qəddarlığı,
misli görünməmiş vəhşiliyi və dağıdıcı miqyası ilə əvvəlki olaylardan çox fərqlənirdi.
Xüsusi qəddarlıqla müşayiət olunan kütləvi qətliam aktının həyata keçirildiyi
müddətdə SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər naziri Vadim
Bakatinin və digər yüksək rütbəli hərbçilərin Bakıda olması bu qanlı cinayət əməlinin
əvvəlcədən planlaşdırılmış olduğunu göstərirdi. İmperiyanın hərbi qoşun hissələrinin
fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi həm ölkə
qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə
pozulması demək idi. "Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi
haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı yalnız qanlı cinayət hadisəsi
törədildikdən sonra elan edilmişdi. Görünür, imperiya rəhbərliyinin xalqımıza
qarşıqəzəb hissi o qədər güclü və hərbi təcavüz həyata keçirmək niyyəti o qədər
qəti idi ki, törətdiyi qeyri-insanlıq aktına əvvəlcədən "hüquqi don” geyindirməyə
belə ehtiyac duymamışdı. Baş verəcək hadisələrin və faciənin miqyası barədə məlumatların
geniş xalq kütləsinə çatdırılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan
televiziyasının enerji blokunun partladılması da qanlı cinayət əməlinin əvvəlcədən
müəyyən edilmiş plan əsasında həyata keçirildiyini bir daha göstərir. Bununla
Respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün
ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı. Ancaq həmişə millətləri
qaranlıqda və məlumatsızlıqda idarə etməyə alışmış düşmənlərimiz bilmirdilər
ki, bu zaman insanların səsini bir-birinə çatdıran, o səsləri Xalqın Səsinə
çevirən yenilməz bir qüvvə vardı bu millətin canında. – Onların Azadlıq
sevgisi! Bu sevgini boğmağa isə heç bir Yumruğun gücü çatmayacaqdı!.. İmperiyanın zor gücünə
söykənmiş siyasəti ilə Azərbaycan xalqının
məğrurluğu və qırılmaz iradəsi qarşılaşarkən, hansı tərəfin məğlubiyyətə
düçar olacağı əvvəlcədən aydın idi. Sadəcə, Mixail Qorbaçov və onun ətrafındakı cinayətkarlar bunu anlaya
bilməzdilər. Yarandığı gündən etibarən, xalqımıza qarşı qərəzli siyasət yürüdən
sovet imperiyası belə bir qəddarlıq aktı ilə özünün düşmənçilik "ənənəsindən” əl çəkmədiyini bir
daha göstərdi. Qorbaçov başda olmaqla, İttifaqın bütün vəzifəli şəxslərinin
ciddi heç nə olmamış kimi davranmaları, törətdikləriqanlı cinayəti ört-basdır
etmək cəhdləri Azərbaycan xalqına qarşı olan qərəzin və nifrətin açıq təzahürü
idi. Azərbaycan SSR rəhbərliyinin qanlı olay barədə bəyanat belə verməməsi, belə
bir çətin anda xalqın dərdinə şərik çıxmaması xüsusilə təəssüf doğuran məqam
idi. "Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali
Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış
sessiyasına respublikanın bir sıra siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə
onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər
dərəcədə iştirak etdiklərini bir daha təsdiq etmişdir. Respublika rəhbərliyi hətta
şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdi” (20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanından, 16 dekabr 1999, № 228).
Bu fakt bir daha hakimiyyətlə xalq arasında o zaman dərin uçurumun yarandığını
və hakimiyyətdə təmsil olunan şəxslərin xalqın iradəsini ifadə etmək
iqtidarında olmadığını göstərirdi.
Qanlı yanvar
faciəsindən sonra bu hadisəyə verilən reaksiyalar və ya ümumiyyətlə hadisəyə
münasibət bildirilməməsi kimin kim olduğunu və kimin hansı məqsədə xidmət etdiyini tam aydınlığı ilə
göstərdi. Xalqın taleyüklü bir anında ümummilli lider Heydər Əliyevin ən faciəvi günlərindən birini yaşayan Azərbaycanın
xalqının acısına şərik çıxması – onun öz xalqına olan sonsuz məhəbbətinin ifadəsi idi.Sovet
qoşunlarının Bakıda törətdiyi qanlı hadisə ilə bağlıelə ertəsi gün Azərbaycanın
Moskvadakı nümayəndəliyinə gələrək öz xalqına başsağlığı diləyən Heydər Əliyev,
xüsusi qəddarlıqla törədilmiş cinayətin təşkilatçılarını və icraçılarını cəsarətlə
ittiham etdi və onların cəzalandırılmasını tələb etdi. Bu qanlı faciənin önlənə
bilməsi üçün bütün imkanların mövcud olduğu bir şəraitdə belə bir qeyri-insani
hadisənin törədilməsini kökündən yanlış addım kimi qiymətləndirən Heydər Əliyev
bu cür yollarla Azərbaycan xalqının iradəsini qırmağın mümkün olmadığını və
olmayacağını açıq şəkildə bəyan etdi. Bütün təhlükələrə baxmayaraq, xalqımıza
qarşı törədilmiş qanlı faciənin əsl səbəbkarlarının elə həmin gün imperiyanın mərkəzindən bütün dünyaya bəyan
edilməsi –xalqımızın üzləşdiyi ən çətin məqamlarda Heydər Əliyevin ümummilli
mövqedən çıxış etmək cəsarətini, onun təkcə xalqın qələbələrinin deyil, həm də
dərdinin önündə dayandığınıbir daha sübut etdi.
Cinayətin törədildiyi
vaxtdan keçən bir neçə illər ərzində 20 yanvar hadisələrinə lazımi siyasi-hüquqi qiymətin verilməməsi də
vacibməsələlərdən biri idi.Mövcudluğunun mahiyyətində zorakılıq və hegemonluq
daşıyan imperiyanın onun rəhbərliyi tərəfindən
verilən göstəriş əsasında baş vermiş bəşəri cinayətə hüquqi qiymət verə biləcək
qədər səmimiyyətə və iradəyə malik olmadığı əvvəlcədən məlum idi. Ona görə də 1990-cı ilin dekabrında SSRİ Baş hərbi prokurorluğunun hərbi
qulluqçuların 20 yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində cinayət
tərkibi görməyərək işə xitam verməsi heç kimi təəccübləndirməmişdi. Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən faciəli olayların
araşdırılması ilə bağlı yaradılmış İstintaq komissiyasının fəaliyyətinin heç
bir nəticə və heç bir əsas olmadan dayandırılması isə təəccüb doğurmaya bilməzdi. Bu o zamankı ölkə rəhbərliyinin
baş vermiş qanlı faciəyə siyasi-hüquqi qiymət verə bilmək iqtidarında
olmadığını nümayiş etdirirdi. Təəssüf ki, daha sonra 1992-ci ilin 19 yanvarında
qəbul edilmiş "1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar
faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan
Respublikası Ali Soveti komissiyasının işinin yekunlarına dair” Azərbaycan
Respublikası Ali Sovetinin Milli Şurasının Qərarında da ölkənin ali qanunverici
orqanının qeyd olunan komissiyanın fəaliyyətinin qənaətbəxş olması ilə kifayətlənməsi,
qanlı hadisənin sifarişçiləri və icraçılarının göstərilməməsi Azərbaycan
xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinə
ciddiyyətinə və əhəmiyyətinə görə qiymət verilmədiyini bir daha təsdiqlədi.
20
yanvar hadisələrinin təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı cinayət
olduğunu sübut etmək, faciə qurbanlarının hüquqlarının müdafiəsini təmin etmək,
axıdılmış günahsız qanların baiskarlarının cəzalandırılması üçün siyasi, hüquqi
zəmin formalaşdırmaq olduqca önəmli məsələ idi. Məhz buna görə Prezident Heydər
Əliyevin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 5 yanvar
1994-cü il tarixli Fərmanında Azərbaycan Respublikası Ali Sovetinin Milli
Şurası tərəfindən 1992-ci ildə qəbul olunmuş müvafiq Qərarda yanvar hadisələrinin
əsl səbəblərinin açıqlanmadığı və həqiqi günahkarların aşkar edilmədiyi nəzərə
çatdırıldı və Azərbaycan Respublikasının Milli Məclisinə 20 Yanvar hadisələrinə
tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə Milli Məclisin xüsusi
sessiyasının keçirilməsi tövsiyə edildi.
Beləliklə, 1994-cü ilin martında Azərbaycan
Respublikasının Milli Məclisi 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət
verilməsi haqqında xüsusi Qərar qəbul etdi. Bu Qərarın qəbul edilməsinin əhəmiyyəti
ondan ibarət idi ki, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış
silahsız adamların qəddarcasına qətlə yetirilməsihərbi təcavüz və hərbi cinayət
kimi qiymətləndirildi, qanlı faciənin sifarişçiləri və icraçıları açıq şəkildə
bəyan edildi və bu cinayətin istintaqını həyata keçirən hüquq mühafizə orqanlarının fəaliyyətinin qənaətbəxş olmadığı bildirildi.Bununla da, nəhayət ki,qanlı faciəyə dövlət səviyyəsində
münasibət bildirilməsi təmin edildi.
Faciədən 28 il keçir."Əbədi,
dönməz və sarsılmaz” müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın
20-də Şəhidlər Xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi
ehtiramla yad edirlər.Şəhidlər Xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz
azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək
onların xatirəsini əziz tuturlar.Prezident İlham Əliyevin Şəhidlər Xiyabanını
ziyarət edərkən vurğuladığı kimi: "Azərbaycan xalqı bu günü heç vaxt yaddan
çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, vətən uğrunda özlərini qurban verən
şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm
ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin,
canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç
vaxt yaddan çıxarılmamalıdır.”
Bəli, şəhidlər unudulmaz. Onlar xalqın azadlığı yolunda
canlarından da keçməyə hazır olduqlarını göstərdilər və bu yolla getdilər.Ölümə
gedən yollar onları ölməzliyə - əbədiyyətə, xalqımızı isə əbədi azadlığa
qovuşdurdu. Bu bir tarixdir.Qanlı, amma Şərəfli bir tarix. Tarix isə onu
unudanları bağışlamır.
Şəhidlərimizə əbədi rəhmət və
xalqımıza əbədi azadlıq arzusu ilə,
Cavanşir Feyziyev,
Milli Məclisin deputatı
Fəlsəfə doktoru