• cümə, 19 Aprel, 06:38
  • Baku Bakı 13°C

20 Yanvar ədəbiyyatda dolğun əks olunub?

21.01.19 11:30 1514
20 Yanvar ədəbiyyatda dolğun əks olunub?
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi doqquz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində, onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Faciənin unudulmaması, yaddaşlarda yaşaması üçün elmi, siyasi təhlillər aparılmaqdadır. Bədii ədəbiyyat da öz növbəsində 20 Yanvar faciəsinin unudulmaması, tarixə dərs üçün öz səhifələrində yer ayırır.
Qanlı Yanvarın ədəbiyyatda necə işıqlandırılması haqqında "Müzakirə”mizdəki söhbətdə, mövzu ilə bağlı əsərlərə hələ çox ehtiyac olduğunu öyrəndik.
Qəhrəmanlıq tariximizi yadda saxlamalı
Şair Musa Ələkbərli 20 Yanvar faciəsi ilə bağlı çoxlu yazıların, şeirlərin yazıldığını deyir: "Məmməd Aslanın «Ağla, qərənfil, ağla» şeiri bu mövzuda yazılan ən layiqli şeirdir. «Bu qan yerdə qala bilməz» kimi şeirlər yazan şairlərimiz də var. O cümlədən, mən də daxil olmaqla, bütün şairlərimiz bu mövzuya müraciət ediblər. Bu, elə bir mövzudur ki, daim onun haqqında yazılmalıdır. Bu hadisələri yaddan çıxarmaq, öz tariximizi unutmağa bərabərdir. Biz bir qələm adamı olaraq bu mövzunu daim gündəlikdə saxlamalıyıq. Çünki Azərbaycan xalqına bir tarixi dərs idi. Hadisənin içində həm də xalqımızın qəhrəmanlığı yaşayır”. M.Ələkbərli hesab edir ki, düşmənlə üzbəüz olduğumuz üçün, torpaqlarımız 20 faizi işğal olduğundan bu mövzunu qabartmalıyıq ki, xalqımızın qəhrəmanlıq səhifələrindən hamı xəbərdar olsun: "Eyni zamanda, tankların üzərinə əliyalın gedən xalqımızın döyüşkənliyi, vətən sevgisi dünyaya əyan olsun”. Şairin fikrincə, biz 20 Yanvar faciəsinə birmənalı şəkildə müsibət kimi də baxmalı deyilik: "Sonradan siyasi dairələrdə bunu xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu təsdiq etdilər. Biz bu baxımdan qəhrəmanlıq tariximizi yadda saxlamalı, həmçinin gündəmdə qalması üçün onun təbliği ilə məşğul olmalıyıq».
Faciənin fərqli formada təqdimatı
"20 Yanvarı qəhrəmanlıq dastanı da, faciə də adlandırırlar”- deyən yazıçı-dramaturq Elçin Hüseynbəylinin fikrincə, bu hadisələrlə bağlı xeyli yazılar yazılıb: "Mən düşünürəm ki, millət faciə ilə yaşamamalı, faciəni unutmamaq üçün həmişə xatırlamalıdır. Bəlkə də bu faciəni başqa bir formada, fərqli məzmunda gəncliyə təqdim etmək lazımdır. Adətən televiziyada həmin faciə günləri hüznlü verilişlər yayımlanır. Mənə elə gəlir ki, bu, milləti ucaltmır. Milləti ucaltmaq üçün bu hadisələrin düzgün təqdimatlarını tapmaq lazımdır. Təbii ki, 20 Yanvar hadisəsi zamanı həlak olan insanlar xatırlanmalı, onlar haqqında yazılmalıdır. Hadisənin üstündən çox vaxt keçir. Mənə elə gəlir ki, bunun təqdim olunması üçün yeni yollar tapılmalı, məsələn, 20 Yanvar faciəsini başqa formada təqdim etmək lazımdır”. Belə bir təqdimatla bağlı hazır reseptinin olmadığını deyən yazıçı, bu mövzuda öz yazılarında nikbin notlar yaratmağa çalışdığını deyir: "Ona görə, bu hadisəyə qiymət vermək çox çətindir, eyni zamanda yerində saymaq da düzgün deyil. Bəli, biz belə millətik, yeri gələndə tankların üzərinə əliyalın da getmişik. Bizə qarşı bu ədalətsizliyi ediblər – bunlar hamısı aydındır. Sadəcə, bunları təqdim etməyin forması olmalıdır. Bu hadisələrin içərisində sevgi məsələsi ola bilər. Məsələn, İlhamla Fərizə kimi. Onların faciəsi üzərində bəlkə nəsə qurmaq daha məntiqli olar. Faciənin özündə də bir gözəllik var. Söhbət estetik gözəllikdən gedir. «Romeo və Cülyetta», «Leyli və Məcnun»da da belə gözəllik var. Mənə elə gəlir ki, 20 Yanvar hadisələrinin təqdimatı bir qədər geniş spektrli düşüncə tələb edir. Bu baxımdan, 20 Yanvar faciəsinin təqdimatı şəxsən məni qane etmir».

Təəssüf ki, ədəbiyyatda həllini tapmayıb
20 Yanvar faciəsini Azərbaycan xalqının həyatında ən önəmli günlərdən hesab edən yazıçı Orxan Fikrətoğlu həmçinin o günü ən sevincli gün adlandırır: "O insanlar bir günün içində bir xalqa çevrildilər – bu, əslində sevincli bir gündür”. O.Fikrətoğlu ssenarisi əsasında rejissor Gülbəniz Əzimzadənin çəkdiyi «Ümid» filmini 20 Yanvar hadisələrinin sənədli şəkildə təqdimatı kimi dəyərləndirir: "Hadisələrin Azərbaycan ədəbiyyatında yer almasına gəlincə, hesab edirəm ki, proses hələ davam edir. Heç bir azərbaycanlı üçün bu proses hələ bitməyib. İşğal olunmuş torpaqların geri qaytarılması, hər kəsin bir vətəndaş olaraq borcudur. Bu proses bitmədiyindən, Azərbaycan ədəbiyyatı da bu gerçəkliyi hələ həzm edə bilməyib. Ona görə də, 20 Yanvar faciəsi Azərbaycan ədəbiyyatında yoxdur. 20 Yanvar faciəsinin kiçik qəhrəmanlarını, ola bilsin ki, sənədli filmlərdə, publisistik yazılarda və ya digər bədii nümunələrdə kimlərsə gündəmə gətirməyə çalışıb. Ancaq rəmz olaraq ortaya qoyulası ciddi bir əsər yazılmayıb. Təəssüf ki, o dövrdə baş verən hadisələr sənədli şəkildə də gündəmə gətirilməyib. Primakovun Azərbaycana gəlməsi, ölkədə baş verən vəziyyət, sovet qoşunlarının Azərbaycana guya "rezervistlər” şəklində daxil olması, əliyalın xalqın üzərinə tank yeritmək - sovet təfəkkürlü insanların törətdiyi faciə bəlkə də dünya tarixinə düşəcək hadisələrdir. Bizim xalqın şücaəti də tarixə düşməyə layiqdir”. Həmin proseslərin iştirakçısı olduğunu deyən yazıçı, baş verən hadisələri heç vaxt unutmadığını deyir: "Mən o hadisələri şərəfli gün kimi xatırlayıram. Təəssüf ki, ədəbiyyatda o hadisələr həllini tapmayıb».

Real tarixi şəxsiyyətlərin bədii obrazlarını yaratmaq
Tənqidçi Əsəd Cahangir 20 Yanvar faciəsi ilə bağlı kifayət qədər əsərlərin yazıldığını deyir. Belə ki, bu əsərlər bir neçə mərhələdən keçib. İlk mərhələdə yalnız 20 Yanvarın dəhşəti, bu faciədən doğan ağrı təsvir olunub: "Həmin əsərlərdə emosionallıq mövcud idi. Onların bariz nümunəsi Məmməd Aslanın «Ağla, qərənfil, ağla» şeiri idi: "Ağlamalı gün gəldi, ağla, qərənfil, ağla”- deyə şair yazırdı. Zaman keçdikcə həmin emosiyalar nisbətən sakitləşir, 20 Yanvar hadisələrinin siyasi, elmi dərki prosesləri başlayır. Bu, bədii ədəbiyyatda da öz əksini tapır. Bu bədii dərkin ən bariz nümunəsi Bəxtiyar Vahabzadənin «Şəhidlər» poeması idi. Burada şəhidliyin təkcə faciəsi, ağrısı yox, həm də ümummilli təfəkkürdə oynadığı rol öz əksini tapır. Məsələn, Bəxtiyar Vahabzadə deyirdi:

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri-şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq toxumu əkdi şəhidlər.

Bu misralarda təkcə şəhidliyin faciəsi yox, gələcək azadlıq uğrunda mücadilələrdə şəhidlərin oynadığı böyük rol öz əksini tapır. Yəni bu şəhidlik boşuna verilməmişdi. Bu, təkcə faciə deyildi, həm də gələcək qələbələrin qazanılması üçün, milli-bədii təfəkkürün düşüncəsinə qoyulan mənəvi-psixoloji baza idi. Şair demək istəyir ki, torpağa əkilən toxumlar nə vaxtsa bar verdiyi kimi, torpağın bağrına verilən cəsədlər də, onların əməl və ideyaları da gələcəkdə öz bəhrəsini verəcək”. Tənqidçi bildirir ki, bizim sonrakı poeziya və nəsrimizdə, eləcə də publisistikamızda çox sayda 20 Yanvara həsr olunan əsərlər yazılıb: "Ancaq mənə elə gəlir ki, şəhidlər haqqında həmişə yazmaq lazımdır. İmam Hüseynin şəhadəti 681-ci ildə olub. Üstündən 1000 il keçəndən sonra Füzuli onun haqqında «Şühadətnamə» yazıb. Yəni bu, elə bir əbədi mövzudur ki, «Artıq bu mövzu işlənib», "Bu mövzuya nöqtə qoyulub” sözlərini heç vaxt demək olmaz. Çünki şəhidlik 20 Yanvarla başlamır və bu hadisələrlə də bitməyəcək. Şəhidlik insanın öz əqidəsi, azadlığı uğrunda ölümü könüllü surətdə qəbul etməsi və ucalması prosesidir. Bir neçə il bundan əvvəl Mübariz İbrahimovun qəhrəmancasına şəhid olması göstərdi ki, Azərbaycan xalqının şəhadət ruhu, öz əqidəsi və azadlığı uğurunda ölümü könüllü seçmək əzmi və qətiyyəti 20 Yanvar hadisəsi ilə məhdudlaşmır”.
Ə.Cahangir hesab edir ki, bu hadisələr zaman-zaman ədəbiyyatda da öz əksini tapmalıdır: "Zaman bu qəhrəmanları ədəbiyyata təqdim edib. Məsələn, elə Mübariz İbrahimovun qəhrəmanlığına nəzər salaq. İndi ədəbiyyatın borcu real tarixi şəxsiyyətlərin bədii obrazlarını yaratmaqdan ibarətdir: "Mən demirəm ki, bizim ºair və yazıçılarımız bu mövzuda yazmırlar, ədəbiyyat bu mövzuya laqeyddir. Bu, onlarla qələm sahibinin zəhmətinin üstündən xətt çəkmək demək olardı. Mənə elə gəlir ki, şəhidlik mövzusu, eləcə də 20 Yanvar şəhidlərinin bədii obrazları, onların qəhrəmanlığının fəlsəfi mahiyyəti hələ özünün dolğun bədii əksini gözləyir”. Tənqidçi hesab edir ki, gənc yazarlar da bu mövzuya diqqətlə yanaşmalıdırlar: "Bu mövzuda yazmaq üçün ilk növbədə onlarda ümummilli şüur olmalıdır. Onlar ümummilli, taleyüklü problemlərlə maraqlanmalıdırlar. Bu isə onların ailədə, uşaq bağçasında, məktəbdə aldıqları tərbiyədən, etdikləri mütaliədən, izlədikləri televiziya proqramlarından asılıdır. Ona görə, ailədən tutmuş ali məktəbə qədər, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar ki, onların içərisindən çıxan şair və yazıçılarda da bu mövzuya maraq olsun. Bilavasitə bu hadisənin şahidi olan yazarlar o dövrün hadisələrini təsirli bədii şəkildə qələmə alıb gəncliyə təqdim etməlidirlər ki, gənclər özləri o hadisələri birbaşa görməsələr də, necə olması barədə heç olmasa təsəvvürləri olsun. Və bu barədə bədii mətnlərdən məlumat əldə edə bilsinlər”. Ə.Cahangir hesab edir ki, bu mövzuda filmlər çəkilməli, gənclərin diqqətini cəlb etmək üçün ədəbiyyat müsabiqələri təşkil edilməlidir. Məsələn, 20 Yanvar mövzusunda yazılan ən yaxşı şeir, roman, publisistik yazı, məqalə, hekayə və s. janrlarda müsabiqələr təşkil etməklə gənclərin diqqətini bu mövzuya yönəltmək mümkün olar: "Gənclər o zaman istər-istəməz, oxuyacaq, baxmadıqları kitablara baxacaq, mövzunun dərinliklərini axtaracaqlar».

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər