AZE | RUS | ENG |

«20-ci əsrin taunu» ilə mübarizədə yeniliklər

«20-ci əsrin taunu» ilə mübarizədə yeniliklər
Dünya alimləri ABŞ-ın Merilend ştatında yığışaraq aparılan tədqiqatların nəticələrini müzakirə ediblər


İnsanda qazanılmış immun çatışmazlığı virusu əleyhinə vaksinlərinin tapılması üzərində dünya alimləri uzun illərdir baş sındırır. Heç şübhəsiz, belə bir vaksinin tapılması Nobel mükafatı ilə nəticələnə biləcək bir hadisə olacaq. Amma bunun nə zaman baş verəcəyini hələlik nə aparılan tədqiqatlar, nə də keçirilən beynəlxalq konfranslar müəyyən edə bilir. Bununla belə, dünya alimləri yığışaraq aparılan tədqiqatların nəticələrini müzakirə edirlər. Elə bu yaxınlarda ABŞ-ın Merilend ştatında görkəmli alim Robert Qallonun rəhbərliyi ilə Virusologiya İnstitutunun alimlərinin keçirdiyi beynəlxalq konfransda da HİV/AİDS epidemiyasının müalicəsi və hazırlanan dərmanlar müzakirə mövzusu olub. Bəşəriyyəti risk altında saxlayan xəstəliklə mübarizədə proqnozlar o qədər də narahatedici olmayıb. Baxmayaraq ki, epidemiyanın yayılma sürəti həyəcan siqnalını çalmaqdadır, alimlər bu gün dünyada HİV terapiyasında çox uğurların əldə edildiyini bildiriblər.

«20-ci əsrin taunu»

R.Qallo bildirib ki, hazırda Amerikada antietrovirusların öyrənilməsi ilə ciddi məşğuldurlar. Alimin sözlərinə görə, hazırda onun laboratoriyasında «20-ci əsrin taunu» adlanan xəstəliyin mübarizəsi və profilaktikası məqsədilə davamlı işlər görülür. “Əlbəttə, təkcə bu institutun alimləri deyil, dünyanın hər yerində bu dəhşətli infeksiyanın zərərsizləşdirməkdən ötrü - vaksinlərin yaradılması üzərində iş gedir. Xüsusən yeni vaksinlərin daha effektli olması üçün onu orqanizmin hansı hissələrinə yeridilməsi məsələsi ətrafında müzakirələr var. Vəziyyət onunla mürəkkəbləşir ki, virus orqanizmin müdafiə mexanizmindən qaçaraq çox tez çoxalır”. Alimin sözlərinə görə, bir neçə xəstənin qanının analizindən məlum olub ki, yeni zülallar – “qatillər” HİV-in infeksiyalarını öldürməyə qadirdirlər.
Alimlərin qarşısında həlli asan olmayan məsələ durur: insanı HİV-ə yoluxduran məqamları müəyyənləşdirmək və infeksiyaları müstəqil surətdə uzaqlaşdırmaq. Konfransa yığışan alimlər belə bir rəyə gəliblər: İnfeksiya ilə uğurlu mübarizə üçün yoluxmanın mexanizmi haqqında kifayət qədər geniş informasiya əldə etmək lazımdır. Bu isə fundamental elmin səlahiyyətinə daxildir.
Bir müddət əvvəl Amerika tədqiqatçısı Corc Şou sübut edib ki, baxmayaraq ki, orqanizmin müxtəlif infeksiyalara yoluxması mümkündür, HİV onlardan ən çox yayılanıdır. Əsas isə həmin hissəni tapmaq və mübarizəni ona qarşı yönəltməkdir. Alim bildirib ki, bu mexanizm təxminən bütün yoluxmalar, o cümlədən, Hepatit “C “kimi təhlükəli virus üçün də xarakterikdir. Təəssüf ki, hələ dünyada virusla yoluxan fərdi hissələrin analizlərini üzə çıxaran metodlar tapılmayıb. Hələ bilinmir ki, bu viruslar nədən yaranır, onlar başqalarından nə ilə fərqlənirlər və s. Əlbəttə, tədqiqatçılar HİV-in insan orqanizminə necə təsir etdiyini bilirlər, sadəcə, onunla mübarizənin nədən ibarət olduğunu sonadək tədqiq edə bilmirlər.

Yeni preparata ehtiyac

Alman alimi Yoxim Denner bildirib ki, o, HİV-də çox da böyük olmayan zülal aşkarlayıb. Bununla belə bu az miqdarda zülal immun sistemin hüceyrələrini yoluxdurmağa qadirdir. Bunun ən yaxşı müalicəsi alimlərin QİÇS-in müalicəsi üçün yeni preparatı yaratması ola bilər.
Açığı, belə dərmanlar kifayət qədər yaradılıb və antiretrovirus terapiyası məqsədilə sınaqdan keçirilib. Yoluxan bəzi xəstələrdə virus hətta tamamilə təmizlənib. Amma həkimlər başqa problemlə üzləşiblər. Bu cür pasiyentlərdə zamanla başqa xəstəliklər yaranmağa başlayıb. Məsələn, onlar daha çox ateroskleroz və orqanizmin vaxtından əvvəl qocalması ilə üzləşirlər. İtaliyalı alim Koruzo bunun səbəbini belə izah edib: «Görünür, HİV zülallarından biri əzələlərin vəziyyətinə təsir edir». Ümumiyyətlə, alimlər bunda heç bir qəribəlik görmürlər. Axı, insan orqanizmi özünü bir sistemdə ifadə edir və çox xəstəliklər oxşar qanunlarla inkişaf edir.

Fərziyyə?

Moskva şəhər AİDS-lə Mübarizə və Profilaktika Mərkəzinin rəhbəri Aleksey Mazus bildirib ki, Rusiya Milli Allergiya və İnfeksiya Xəstəlikləri İnstitutu müasir antiretrovirus dərmanları üçün dövlət büdcəsindən pul alır. Təşkilatın bu kateqoriya xəstələri təkcə Rusiyanın paytaxtında deyil, həmçinin ölkənin bütün regionlarında dərmanlarla təmin etməyində problem yoxdur. “Ona görə də Rusiyada xəstəliyin erkən mərhələsində müraciət edəndə immun çatışmazlığının inkişafına qədər xəstəliklə mübarizə aparmaq mümkündür. Bu da öz növbəsində xəstəliyin müasir profilaktikası və müalicə proqramlarını tələb edir ki, xəstənin həyatının keyfiyyətini və davamlılığının saxlanmasına kömək edir. Dünyanın tədqiqat kollektivləri HİV əleyhinə vaksinin yaranması üzərində işləyərkən, başqa alimlər ölümcül virusa yoluxan xəstələrin aşkarlanması, hətta onların ətrafa epidemiyasının qarşısının alınması üçün yollar axtarırlar.
Konfransda sensasion açıqlama da verilib: Sən demə, HİV infeksiyasının fasiləsiz müalicəsi və xəstəliyə yoluxmaya xəbərdarlığı üçün bu gün ən effektli metod var. Belə ki, Şimali Karolina Universitetinin alimləri bu nəticəyə gəliblər ki, erkən mərhələdə müalicə virusların miqdarını azaldır, virusun epidemiya təhlükəsini 92 faiz aşağı salır. Başqa sözlə, əgər insan həkimin yazdığı dərmanları qəbul edirsə, o, tamamilə ətrafdakı insanlar üçün təhlükəsiz olur. Bununla da özündəki xəstəliyin inkişafının qarşısını alır. Eyni zamanda, son illər bir çox alimlər qeyd edirlər ki, HİV-ə yoluxanlar müalicəni yalnız immun çatışmazlığı inkişaf etməyə başlayanda etməlidirlər. Doktor Koenin bu açıqlamasından sonra həmin fərziyyə xeyli aktuallaşıb. Konfransın nəticələri HİV infeksiyasının müalicə və profilaktikasında müsbət irəliləyişlərin olmasından xəbər verir. İlk dəfə olaraq dünya ictimaiyyətində əhali arasında xəstəliyin azaldılması, o cümlədən bir sıra mübahisəli məsələlərin - məsələn, gənclərin prezervativlərdən, narkotik istifadəçilərinin birdəfəlik şpristlərdən istifadəsi zamanı yoluxması ilə bağlı əsaslanmadan fərqli olaraq effektiv və elmi əsaslanmış proqram təqdim olunub. Həm də təkcə HİV infeksiyası deyil, bütün infeksion xəstəliklərin ilkin mərhələdə müalicəsinin ümumi xəstəliklərin azalmasına və effektli müalicəsinə gətirib çıxaracağı qənaətinə gəlinib.
Mütəxəssislər həmçinin hesab edirlər ki, epidemiya ilə mübarizədə ən vacib komponentlərindən biri virus əleyhinə preparatların qiymətinin aşağı salınmasıdır.

Ən aktual problem

Bəs hazırda İİV/QİÇS infeksiyasının müalicəsi və profilaktikası ilə bağlı səhiyyə xidməti hansı işləri görür? Əslində bütün dünya səhiyyəsinin qarşısında duran məsələ bizdə öz həllini necə tapır?
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Esmira Alməmmədova hesab edir ki, bu cür konfranslar hər il keçirilir və qlobal yeniliklər yoxdur: “Əsasən yeni dərman preparatları qrupu təqdim olunur və yeni vaksin axtarışları haqqında müzakirələr gedir. Əsaslı bir yenilik isə yoxdur. Yenilik yalnız “antiretroviruslar” barədədir”.
E.Alməmmədovanın sözlərinə görə, HİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemi kimi qalmaqdadır: Belə ki, Azərbaycanda da HİV-infeksiyası/QİÇS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir: “Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb, lakin son illər cinsi yolla yoluxanların sayı artıb”. Mərkəz rəhbərinin sözlərinə görə, Azərbaycanda təkcə bu ilin 6 ayı ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 47,8%-i inyeksion narkotik istifadəsi, 42,2%-i isə cinsi yolla yoluxma nəticəsində baş verib. Ümumilikdə yarım il ərzində Azərbaycanda HİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 251 nəfər olub. Bu dövr ərzində HİV infeksiyasından 24 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib.

E.Alməmmədovanın sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. Belə ki, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyi ilə antiretrovirus terapiyaya hazırda 126 HİV-lə yaşayan insan cəlb olunub, onlardan 185 nəfərə müalicə başlanılıb.

Bizdə problemin həlli

Göründüyü kimi, problem dəyişməz olaraq qalır. Bu tip beynəlxalq konfransların məsafəsi bizdən xeyli uzaq olsa da, ölkə daxilində aparılan tədbirlər heç bir effekt vermir. Dünya alimləri epidemiya ilə mübarizədə yeniliklərin baş verməsindən və xoş proqnozlardan danışdıqları halda bizdə hələlik “qlobal yenilik yoxdur” deyə söylənir. Bizdə hələlik ümidlər Mərkəzin əməkdaşlarının əhali arasında “apardıqları” maarifləndirmə tədbirlərinə, ölkədə HİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlığına qalıb.

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.3703
TRY 1 Türk lirəsi 0.4144
KWD 1 Küveyt dinarı 5.6584
SEK 1 İsveç kronu 0.1997
EUR 1 Avro 2.0763
CHF 1 İsveçrə frankı 1.7381
USD 1 ABŞ dolları 1.7000