2 ildir yaranan bir sahədə 3-5 il iş təcrübəsi istənilir - Araşdırma
"Data anailitiki tələb olunur”, "Proqramçı
axtarılır”, "İT mütəxəssisinə ehtiyacımız var”, "Təcrübəli mobil proqramçı
lazımdır”… İT sahəsinə aid bu kimi işçi elanlarının günü-gündən artdığının hər
birimiz şahidi oluruq. Elanlardan da görünür ki, artıq hər sektorda bu sahənin
mütəxəssislərinə tələbat var. Hətta bəzən bir müəssisənin uzun müddət bu
sektorda işçi axtardığının da şahidi oluruq.
İnformasiya texnologiyaları bütün dünyada getdikcə
genişlənir və adekvat olaraq İT sahəsinin mütəxəssislərinə ehtiyac da artır. Bu
gün gənclərin daha çox maraq göstərdiyi sahə də İT-dir. Maraqlıdır, IT-yə yönələnlərin
sayı bu sahədə işçi tələbini ödəmir, yoxsa burda başqa nüanslar da var?
Özünə
dəyər verən proqramçı fərqli tələbləri olan işlərə müraciət etmir.
İT
mütəxəssisi, İtcity.academy-nin
texniki direktoru Ramin Orucov deyir ki, İT ilə bağlı işçi axtarışı elanlarının
çox olmasının bir neçə səbəbi var: "İT mütəxəssislərinə tələb çoxdursa, deməli,
işlər var, layihələr icra edilir. Amma təbii ki mənfi hallar da az deyil. Məsələn,
şirkətlər devalvasiyalardan öncə bir neçə proqramçının etdiyi işi indi bir nəfərə
gördürmək istəyirlər. Üstəlik, namizədə dair tələblərə uyğun maaş da təklif
etmirlər. Şirkətlər bilməlidirlər ki, bir nəfərə nə qədər çox iş gördürsələr,
bu, işin keyfiyyətinə təsir göstərəcək. Özünə dəyər verən proqramçı da fərqli tələbləri
olan belə işlərə müraciət etmir. Bu zaman da şirkətlər təcrübəsi daha az olan,
tələbləri yüz faiz ödəməyən kadrları cəlb etməyə məcbur qalırlar. Yaxud IT sahəsində
bir yerdən başlamaq istəyən şəxslər müvəqqəti olaraq belə işlərə gedirlər. Həmin
şəxslər də bir müddət çalışdıqdan sonra artıq bir istiqamətdə dərinləşməyə getmək
lazım olduğunu hiss edirlər. Çünki hər şeydən yarımçıq bilmək yaxşı deyil.
Daha bir məqam yeni texnologiyalarla iş təcrübəsi
ilə bağlıdır. Məsələn, 2 il əvvəl meydana çıxmış texnologiya sahəsində 3-5 il
iş təcrübəsi istəyirlər”.
Yüksək
səviyyəli kadra aşağı maaş
Elanlarda maaşlar 300-2500 manat arasında dəyişir.
Bəzən elə elanlara rast gəlirsən ki, tələblər siyahısı çox böyük olur, amma
buna adekvat əməkhaqqı təklif edilmir. R.Orucovun sözlərinə görə, İT sahəsində
bazarın formalaşdırdığı əmək haqqı məbləğini verməyəndə işçi tapmaq çətin olur:
"Daha yüksək səviyyədə olan kadrlara daha aşağı vəzifələrin maaşını təklif
edirlər. Bir də əksər şirkətlər iş elanında maaşı gizlədirlər. Baxmayaraq ki,
şirkətlərdə əvvəldən maksimum və minimum məbləğ məlum olur. Tutaq ki proqramçı
bazar dəyərində özünü 2000-2500 manat dəyərində bir maaşa layiq görür. Həmin
proqramçı maaş qeyd olunmamış elanda tələblərin ona uyğun olduğunu görüb müraciət
edir, müsahibələrdən keçir. Sonda məlum olur ki, proqramçının gözləntisi 2200
manatdır, şirkətin təklif etdiyi 1500. Burada da bir xeyli vaxt itkisi olur.
Ona görə bir çox proqramçılar belə elanlara müraciət etmirlər. Maksimum olmasa
da, minimum maaşı yazsalar yaxşı olar”.
"...yaxşı
kadrlar özəl sektora qaçacaq”
Daha bir məsələ İT sahəsinin adamlarının dövlət
qurumlarında çalışmaq istəməmələridir. R.Orucova görə, bunun səbəbi odur ki,
verilən əməkhaqqı bazarın tələblərinə uyğun olmur: "Bəzi dövlət qurumlarına
müraciət edənlərin özü, ailəsi ilə bağlı yoxlamalar olur. Bəzi namizədlər sırf
o yoxlamadan keçə bilmirlər. Amma bir çox dövlət qurumlarında bu məsələ yoxdur,
onlarda əsas məsələ maaşın az olmasıdır. Eyni səviyyədə olan mütəxəssis özəl
sektorda daha yaxşı maaş alacaq, nəinki dövlət
sektorunda. Bu bir az narahatedici məsələdir. Dövlət qurumları bazara uyğun, rəqabətə
davamlı maaş təklif etmədikləri təqdirdə texnologiyadan geri qalacaqlar, yaxşı
kadrlar özəl sektora qaçacaq”.
Proqramçılar
üçün itirilmiş vaxt
"Virtual
Azerbaijan Company”in baş proqramçısı Vüsal Orucov deyir ki, iş elanlarının çoxalmasının əsas səbəbi
İT sahəsinin surətlə inkişafıdır. O, eyni zamanda kadrların şirkətlərin tələblərinə
uyğunluğu məsələsinə də toxundu: "Elanlar, adətən proqramlaşdırma dilləri,
sistem inzibatçılığı və s. sahələrdə daha çox olur. Elanların çoxluğu müxtəlif
platformalarda və müxtəlif proqramlaşdırma dillərində layihələrin tərtib
olunması ilə əlaqədardır. Şirkətlər tərtib etdikləri layihələrə uyğun sahədə
mütəxəssislər axtarırlar. Bəzən də müraciət edənlər çox olur, amma onların
bilik səviyyəsinə önəm verilir. İT sahəsi elədir ki, burada təcrübə və daimi
inkişaf əsas göstəricidir. Normal İT mütəxəssisi olmaq üçün ən azı 1 ildən çox
təcrübəyə ehtiyac var. Bəzən müraciət edənlər hər hansı kursu bitirib gəlirlər,
ancaq sərbəst işləmək üçün təcrübəyə malik olmurlar. Ona görə şirkətlər yaxşı
olar ki, bir müddət namizədləri müəyyən məvaciblə təcrübə mühitində işlətsinlər”.
V.Orucovun sözlərinə görə, şirkətlərin işçi
tapmaqda çətinlik çəkməsinin bir səbəbi də İT mütəxəssislərinin ofis işlərinə
çox da meyl etməməsidir: "İT mütəxəssisləri əsasən sərbəst rejimi xoşlayırlar.
Şirkətlər isə adətən, saat 9- 18 aralığı ofisdə olmağı tələb edirlər. Elə olur
ki, layihələrin kritik zamanı işçilər işdən 4, hətta 5 saat gec çıxmağa məcbur
olurlar. Bu da yorğunluq və layihənin keyfiyyətinin aşağı düşməsinə gətirib
çıxarır. Proqramlaşdırma sahəsini nümunə verə bilərəm, bir çox proqramçı gecə
işləmə mühitinə alışıblar. Bəzi proqramçılar komanda (team) şəklində işləməyi
sevmirlər. Çünki komanda üzvləri layihənin bir hissəsini işlədiyi zaman
başqalarına görə gözləməli olurlar. Nəticədə bu da proqramçılar üçün itirilmiş
vaxt deməkdir. Sərbəst işləmənin bir üstünlüyü də odur ki, İT mütəxəssis öz
inkişafına vaxt ayıra bilir. Sərbəst işləmə zamanı İT mütəxəssisi birbaşa müştəri
ilə əlaqədə olur, bu da onun ətrafının genişlənməsinə və tanınmasına şərait
yaradır. Həmçinin, yığdığı layihələri rahatlıqla öz portfoliosuna əlavə edə
bilir”.
"Vaxtın
çoxu sənəd və digər işlərə gedir”
İT mütəxəssislərinin dövlət qurumlarında çalışmaq
marağında olmaması məsələsinə V.Orucov da toxundu. Bildirdi ki, əsas səbəb əməkhaqqıdır,
amma burada başqa nüanslar da var: "Dövlət sektorunda İT mütəxəssislərinə kifayət
qədər əmək haqqı verilmədiyini demək olar. Digər səbəblər də var, məsələn bəzən
İT sahəsində işləyən mütəxəssislərin üzərinə icra ilə bağlı sənədlər yazılır və
icrası tələb olunur. Rüblük görülən işlərin yazılı və sənəd formasına salınması
tələb olunur. İT sahəsində işləyənlər isə, sənəd işlərini sevmirlər.
Bir də İT mütəxəssisi daima öz üzərində işləməli və
yenilikləri izləməlidirlər. Dövlət qurumlarında isə buna şərait yaradan münbit
şərait mövcud olmadığına görə inkişaf baxımından da geriyə qalmalı olurlar. Yəni,
vaxtları sənəd və digər inzibati işlərə gedir”.
Müstəqil
fəaliyyət və daha çox pul qazanmaq imkanı
Şöhrət
Salmanov müstəqil
çalışmağa üstünlük verən proqramçılardandır. Bunun səbəbləri ilə bağlı onun da
fikirlərini öyrəndik: "Müstəqil çalışdığımız zaman hansı işi görəcəyimizi, hansı
müştərilərlə işləyəcəyimizi özümüz seçirik, planlarımızı özümüz qururuq. Müstəqil
fəaliyyət göstərəndə eyni zamanda bir neçə layihə götürüb işləyə bilirsən və nəticə
etibarilə digər proqramçılara nəzərən daha çox pul qazanmaq imkanı olur. Həmçinin,
bu zaman vaxtımızı düzgün şəkildə planlaya bilirik və daha çox biliklərə sahib
olmaq imkanı da yaranır”.
Ş.Salmanov deyir ki, ümumi götürdükdə yerli İT şirkətləri
ilə az əməkdaşlıq etməyə çalışır: "Bunun bir neçə səbəbi var. İlk səbəb budur
ki, bizdə olan bir qisim şirkətlər işçilərdən faydalanmaq əvəzinə, daha çox
istismar etməyi və onun üzərindən daha çox pul qazanmağı düşünürlər. Hətta bir
qisim şirkətlər var ki, yüksək qiymətə layihələr götürüb və öz müştərisinə
oğurluq məhsullar təqdim edirlər və son olaraq keyfiyyətsiz iş ortaya çıxır.
Bütün bu səbəblərdən dolayı, şirkətdəki vakansiyaya müraciət etməmişdən öncə
çevrəndəki insanlardan, sosial şəbəkələrdən məlumat toplamaqda fayda vardır”.
Proqramçı onu da əlavə etdi ki, onun üçün ən xoşagəlməz
hallardan biri keyfiyyətsiz iş görməkdir: "Yeni layihə götürərkən onu hansı səviyyədə
təhvil verəcəyimi fikirləşirəm. Zənnimcə, bir keyfiyyətli iş 10 yeni müştəriyə
bərabərdir. Çalışıram ki, götürdüyüm işlər maraqlı olsun və ən əsası, işləyəcəyimiz
insan işimizi layiqincə qiymətləndirə bilsin”.
Başlanğıc
karyera üçün kifayət edən bilik və bacarıq
Bu gün İT sahəsində ali təhsil müəssisələri ilə
yanaşı, tədris verən akademiyalar, kurslar da var. Onlardan biri də "Code
Academy”dir. Akademiyanın rəhbəri Ülvi
Aslanovla rəhbəri olduğu müəssisəni bitirən kadrların bazarın tələblərinə
uyğunluğu ilə bağlı danışdıq. Ü.Aslanov bizimlə söhbətində bildirdi ki, onlar
başlanğıc karyera üçün kifayət edən bilik və bacarıqları tələbələrə ötürürlər:
"İT sahəsinə mütəxəssis hazırlayanlar təkcə universitet və kurslar deyil. Həm də
bizim kimi ixtisaslaşmış tədris müəssisələri var. Akademiyamız həm də beynəlxalq
səviyyədə "Microsoft”, "Autodesk” və "Digital Marketing Institute” kimi şirkətlərin
rəsmi akademik tərəfdaşıdır. Təhsil alacağın müəssisədə müəllimlərinin
instruktor sertifikatlarının olması, tədris müəssisəsinin beynəlxalq təsdiq
olunmuş akademik partnyor olması, texniki infrastruktur və əlavə resurslarla təmin
olunması önəmli məqamlardır. Uğurlu nəticə üçün bunların hər birinin bir yerdə
təqdim olunması lazımdır. Biz düzgün planlanmış kurrikulumla və dərs cədvəli ilə
4-8 ay arasında təhsil verməklə başlanğıc karyera üçün kifayət edən bilik və
bacarıqları ötürürük”.
Ü.Aslanov bildirdi ki, hər il iş bazarını analiz
edir və şirkətlərlə maraqlanırlar. Bazarın ehtiyacları öyrənilir və ona uyğun tədris
proqramları yenilənir: "Eyni zamanda məzunların mövcud vakansiya və iş yerlərinin
tələblərinə cavab verməsi üçün tədris proqramlarımızdan əlavə, tələbələrimizi
praktika ilə yanaşı, buraxılış layihəsi və əlavə məşğələ saatları ilə təmin
edirik. Buna uyğun olaraq, biz də tədris proqramlarımızı sektorun ehtiyaclarına
əsasən genişlədir və təkmilləşdiririk.
İldən-ilə bu sahəyə maraq artır. İT sahəsinə yönəlmək,
insanı birbaşa qlobal bazara çıxarır. Beləliklə, dünyadakı texnologiyanın
inkişafı bizə də təsir edir. Keçən ildən etibarən, İT sahəsi dedikdə, onun sadəcə
proqramlaşdırma, sistem administratorlarından ibarət olmadığını, bu sahədə
dizayn, 3d modelləşdirmə, digital marketinqin də olduğunu uğurlu məzun nəticələrimizlə
göstərdik”.
Aygün Asimqızı