AZE | RUS | ENG |

2 ildir yaranan bir sahədə 3-5 il iş təcrübəsi istənilir - Araşdırma

2 ildir yaranan bir sahədə 3-5 il iş təcrübəsi istənilir - Araşdırma
Şirkətlər İT işçisi axtarırlar, bu sahənin mütəxəssisləri isə müstəqil fəaliyyətə üstünlük verirlər

"Data anailitiki tələb olunur”, "Proqramçı axtarılır”, "İT mütəxəssisinə ehtiyacımız var”, "Təcrübəli mobil proqramçı lazımdır”… İT sahəsinə aid bu kimi işçi elanlarının günü-gündən artdığının hər birimiz şahidi oluruq. Elanlardan da görünür ki, artıq hər sektorda bu sahənin mütəxəssislərinə tələbat var. Hətta bəzən bir müəssisənin uzun müddət bu sektorda işçi axtardığının da şahidi oluruq.

İnformasiya texnologiyaları bütün dünyada getdikcə genişlənir və adekvat olaraq İT sahəsinin mütəxəssislərinə ehtiyac da artır. Bu gün gənclərin daha çox maraq göstərdiyi sahə də İT-dir. Maraqlıdır, IT-yə yönələnlərin sayı bu sahədə işçi tələbini ödəmir, yoxsa burda başqa nüanslar da var?
 
Özünə dəyər verən proqramçı fərqli tələbləri olan işlərə müraciət etmir.
 
İT mütəxəssisi, İtcity.academy-nin texniki direktoru Ramin Orucov deyir ki, İT ilə bağlı işçi axtarışı elanlarının çox olmasının bir neçə səbəbi var: "İT mütəxəssislərinə tələb çoxdursa, deməli, işlər var, layihələr icra edilir. Amma təbii ki mənfi hallar da az deyil. Məsələn, şirkətlər devalvasiyalardan öncə bir neçə proqramçının etdiyi işi indi bir nəfərə gördürmək istəyirlər. Üstəlik, namizədə dair tələblərə uyğun maaş da təklif etmirlər. Şirkətlər bilməlidirlər ki, bir nəfərə nə qədər çox iş gördürsələr, bu, işin keyfiyyətinə təsir göstərəcək. Özünə dəyər verən proqramçı da fərqli tələbləri olan belə işlərə müraciət etmir. Bu zaman da şirkətlər təcrübəsi daha az olan, tələbləri yüz faiz ödəməyən kadrları cəlb etməyə məcbur qalırlar. Yaxud IT sahəsində bir yerdən başlamaq istəyən şəxslər müvəqqəti olaraq belə işlərə gedirlər. Həmin şəxslər də bir müddət çalışdıqdan sonra artıq bir istiqamətdə dərinləşməyə getmək lazım olduğunu hiss edirlər. Çünki hər şeydən yarımçıq bilmək yaxşı deyil.
 


Daha bir məqam yeni texnologiyalarla iş təcrübəsi ilə bağlıdır. Məsələn, 2 il əvvəl meydana çıxmış texnologiya sahəsində 3-5 il iş təcrübəsi istəyirlər”.
 
Yüksək səviyyəli kadra aşağı maaş

Elanlarda maaşlar 300-2500 manat arasında dəyişir. Bəzən elə elanlara rast gəlirsən ki, tələblər siyahısı çox böyük olur, amma buna adekvat əməkhaqqı təklif edilmir. R.Orucovun sözlərinə görə, İT sahəsində bazarın formalaşdırdığı əmək haqqı məbləğini verməyəndə işçi tapmaq çətin olur: "Daha yüksək səviyyədə olan kadrlara daha aşağı vəzifələrin maaşını təklif edirlər. Bir də əksər şirkətlər iş elanında maaşı gizlədirlər. Baxmayaraq ki, şirkətlərdə əvvəldən maksimum və minimum məbləğ məlum olur. Tutaq ki proqramçı bazar dəyərində özünü 2000-2500 manat dəyərində bir maaşa layiq görür. Həmin proqramçı maaş qeyd olunmamış elanda tələblərin ona uyğun olduğunu görüb müraciət edir, müsahibələrdən keçir. Sonda məlum olur ki, proqramçının gözləntisi 2200 manatdır, şirkətin təklif etdiyi 1500. Burada da bir xeyli vaxt itkisi olur. Ona görə bir çox proqramçılar belə elanlara müraciət etmirlər. Maksimum olmasa da, minimum maaşı yazsalar yaxşı olar”.

"...yaxşı kadrlar özəl sektora qaçacaq”

Daha bir məsələ İT sahəsinin adamlarının dövlət qurumlarında çalışmaq istəməmələridir. R.Orucova görə, bunun səbəbi odur ki, verilən əməkhaqqı bazarın tələblərinə uyğun olmur: "Bəzi dövlət qurumlarına müraciət edənlərin özü, ailəsi ilə bağlı yoxlamalar olur. Bəzi namizədlər sırf o yoxlamadan keçə bilmirlər. Amma bir çox dövlət qurumlarında bu məsələ yoxdur, onlarda əsas məsələ maaşın az olmasıdır. Eyni səviyyədə olan mütəxəssis özəl sektorda daha yaxşı maaş alacaq, nəinki dövlət sektorunda. Bu bir az narahatedici məsələdir. Dövlət qurumları bazara uyğun, rəqabətə davamlı maaş təklif etmədikləri təqdirdə texnologiyadan geri qalacaqlar, yaxşı kadrlar özəl sektora qaçacaq”.

Proqramçılar üçün itirilmiş vaxt
 
"Virtual Azerbaijan Company”in baş proqramçısı Vüsal Orucov deyir ki, iş elanlarının çoxalmasının əsas səbəbi İT sahəsinin surətlə inkişafıdır. O, eyni zamanda kadrların şirkətlərin tələblərinə uyğunluğu məsələsinə də toxundu: "Elanlar, adətən proqramlaşdırma dilləri, sistem inzibatçılığı və s. sahələrdə daha çox olur. Elanların çoxluğu müxtəlif platformalarda və müxtəlif proqramlaşdırma dillərində layihələrin tərtib olunması ilə əlaqədardır. Şirkətlər tərtib etdikləri layihələrə uyğun sahədə mütəxəssislər axtarırlar. Bəzən də müraciət edənlər çox olur, amma onların bilik səviyyəsinə önəm verilir. İT sahəsi elədir ki, burada təcrübə və daimi inkişaf əsas göstəricidir. Normal İT mütəxəssisi olmaq üçün ən azı 1 ildən çox təcrübəyə ehtiyac var. Bəzən müraciət edənlər hər hansı kursu bitirib gəlirlər, ancaq sərbəst işləmək üçün təcrübəyə malik olmurlar. Ona görə şirkətlər yaxşı olar ki, bir müddət namizədləri müəyyən məvaciblə təcrübə mühitində işlətsinlər”.
 


V.Orucovun sözlərinə görə, şirkətlərin işçi tapmaqda çətinlik çəkməsinin bir səbəbi də İT mütəxəssislərinin ofis işlərinə çox da meyl etməməsidir: "İT mütəxəssisləri əsasən sərbəst rejimi xoşlayırlar. Şirkətlər isə adətən, saat 9- 18 aralığı ofisdə olmağı tələb edirlər. Elə olur ki, layihələrin kritik zamanı işçilər işdən 4, hətta 5 saat gec çıxmağa məcbur olurlar. Bu da yorğunluq və layihənin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Proqramlaşdırma sahəsini nümunə verə bilərəm, bir çox proqramçı gecə işləmə mühitinə alışıblar. Bəzi proqramçılar komanda (team) şəklində işləməyi sevmirlər. Çünki komanda üzvləri layihənin bir hissəsini işlədiyi zaman başqalarına görə gözləməli olurlar. Nəticədə bu da proqramçılar üçün itirilmiş vaxt deməkdir. Sərbəst işləmənin bir üstünlüyü də odur ki, İT mütəxəssis öz inkişafına vaxt ayıra bilir. Sərbəst işləmə zamanı İT mütəxəssisi birbaşa müştəri ilə əlaqədə olur, bu da onun ətrafının genişlənməsinə və tanınmasına şərait yaradır. Həmçinin, yığdığı layihələri rahatlıqla öz portfoliosuna əlavə edə bilir”.

"Vaxtın çoxu sənəd və digər işlərə gedir”

İT mütəxəssislərinin dövlət qurumlarında çalışmaq marağında olmaması məsələsinə V.Orucov da toxundu. Bildirdi ki, əsas səbəb əməkhaqqıdır, amma burada başqa nüanslar da var: "Dövlət sektorunda İT mütəxəssislərinə kifayət qədər əmək haqqı verilmədiyini demək olar. Digər səbəblər də var, məsələn bəzən İT sahəsində işləyən mütəxəssislərin üzərinə icra ilə bağlı sənədlər yazılır və icrası tələb olunur. Rüblük görülən işlərin yazılı və sənəd formasına salınması tələb olunur. İT sahəsində işləyənlər isə, sənəd işlərini sevmirlər.

Bir də İT mütəxəssisi daima öz üzərində işləməli və yenilikləri izləməlidirlər. Dövlət qurumlarında isə buna şərait yaradan münbit şərait mövcud olmadığına görə inkişaf baxımından da geriyə qalmalı olurlar. Yəni, vaxtları sənəd və digər inzibati işlərə gedir”.

Müstəqil fəaliyyət və daha çox pul qazanmaq imkanı

Şöhrət Salmanov müstəqil çalışmağa üstünlük verən proqramçılardandır. Bunun səbəbləri ilə bağlı onun da fikirlərini öyrəndik: "Müstəqil çalışdığımız zaman hansı işi görəcəyimizi, hansı müştərilərlə işləyəcəyimizi özümüz seçirik, planlarımızı özümüz qururuq. Müstəqil fəaliyyət göstərəndə eyni zamanda bir neçə layihə götürüb işləyə bilirsən və nəticə etibarilə digər proqramçılara nəzərən daha çox pul qazanmaq imkanı olur. Həmçinin, bu zaman vaxtımızı düzgün şəkildə planlaya bilirik və daha çox biliklərə sahib olmaq imkanı da yaranır”.
 


Ş.Salmanov deyir ki, ümumi götürdükdə yerli İT şirkətləri ilə az əməkdaşlıq etməyə çalışır: "Bunun bir neçə səbəbi var. İlk səbəb budur ki, bizdə olan bir qisim şirkətlər işçilərdən faydalanmaq əvəzinə, daha çox istismar etməyi və onun üzərindən daha çox pul qazanmağı düşünürlər. Hətta bir qisim şirkətlər var ki, yüksək qiymətə layihələr götürüb və öz müştərisinə oğurluq məhsullar təqdim edirlər və son olaraq keyfiyyətsiz iş ortaya çıxır. Bütün bu səbəblərdən dolayı, şirkətdəki vakansiyaya müraciət etməmişdən öncə çevrəndəki insanlardan, sosial şəbəkələrdən məlumat toplamaqda fayda vardır”.

Proqramçı onu da əlavə etdi ki, onun üçün ən xoşagəlməz hallardan biri keyfiyyətsiz iş görməkdir: "Yeni layihə götürərkən onu hansı səviyyədə təhvil verəcəyimi fikirləşirəm. Zənnimcə, bir keyfiyyətli iş 10 yeni müştəriyə bərabərdir. Çalışıram ki, götürdüyüm işlər maraqlı olsun və ən əsası, işləyəcəyimiz insan işimizi layiqincə qiymətləndirə bilsin”.

Başlanğıc karyera üçün kifayət edən bilik və bacarıq

Bu gün İT sahəsində ali təhsil müəssisələri ilə yanaşı, tədris verən akademiyalar, kurslar da var. Onlardan biri də "Code Academy”dir. Akademiyanın rəhbəri Ülvi Aslanovla rəhbəri olduğu müəssisəni bitirən kadrların bazarın tələblərinə uyğunluğu ilə bağlı danışdıq. Ü.Aslanov bizimlə söhbətində bildirdi ki, onlar başlanğıc karyera üçün kifayət edən bilik və bacarıqları tələbələrə ötürürlər: "İT sahəsinə mütəxəssis hazırlayanlar təkcə universitet və kurslar deyil. Həm də bizim kimi ixtisaslaşmış tədris müəssisələri var. Akademiyamız həm də beynəlxalq səviyyədə "Microsoft”, "Autodesk” və "Digital Marketing Institute” kimi şirkətlərin rəsmi akademik tərəfdaşıdır. Təhsil alacağın müəssisədə müəllimlərinin instruktor sertifikatlarının olması, tədris müəssisəsinin beynəlxalq təsdiq olunmuş akademik partnyor olması, texniki infrastruktur və əlavə resurslarla təmin olunması önəmli məqamlardır. Uğurlu nəticə üçün bunların hər birinin bir yerdə təqdim olunması lazımdır. Biz düzgün planlanmış kurrikulumla və dərs cədvəli ilə 4-8 ay arasında təhsil verməklə başlanğıc karyera üçün kifayət edən bilik və bacarıqları ötürürük”.
 


Ü.Aslanov bildirdi ki, hər il iş bazarını analiz edir və şirkətlərlə maraqlanırlar. Bazarın ehtiyacları öyrənilir və ona uyğun tədris proqramları yenilənir: "Eyni zamanda məzunların mövcud vakansiya və iş yerlərinin tələblərinə cavab verməsi üçün tədris proqramlarımızdan əlavə, tələbələrimizi praktika ilə yanaşı, buraxılış layihəsi və əlavə məşğələ saatları ilə təmin edirik. Buna uyğun olaraq, biz də tədris proqramlarımızı sektorun ehtiyaclarına əsasən genişlədir və təkmilləşdiririk.

İldən-ilə bu sahəyə maraq artır. İT sahəsinə yönəlmək, insanı birbaşa qlobal bazara çıxarır. Beləliklə, dünyadakı texnologiyanın inkişafı bizə də təsir edir. Keçən ildən etibarən, İT sahəsi dedikdə, onun sadəcə proqramlaşdırma, sistem administratorlarından ibarət olmadığını, bu sahədə dizayn, 3d modelləşdirmə, digital marketinqin də olduğunu uğurlu məzun nəticələrimizlə göstərdik”.
 
Aygün Asimqızı 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9369
GEL 1 1 Gürcüstan larisi 0.6383
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2074
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7107
KWD 1 1 Küveyt dinarı 5.6057
TRY 1 1 Türkiyə lirəsi 0.3176