• cümə axşamı, 28 mart, 19:09
  • Baku Bakı 13°C

“19 illik sənət həyatımda ilk dəfədir ki...” - Fotolar

08.11.17 09:30 2791
“19 illik sənət həyatımda ilk dəfədir ki...” - Fotolar
Hər insanın daxilində bir uşaq yaşayır. Yetər ki, o uşağı əzizləyib, ülviliyinə, saflığına toxunmayasınız. İçimizdəki uşaqlığımızın baş qaldırdığı ən ideal məkanın hara olduğunu soruşsalar, düşünmədən deyərəm ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrı. Çünki bu teatrda uşaqların daxili dünyalarını əks etdirən bir-birindən maraqlı tamaşalar hazırlanır. Bu tamaşalar nəinki uşaqların, hətta orta və yaşlı nəslin də diqqətini çəkir. Hər birimizin də uşaqlığı xalq nağılımız olan "Şəngülüm, Məngülüm və Şüngülüm”ü dinləyərək keçib.Bu yaxınlarda Kukla Teatrının həmin tamaşanı yeni formatda hazırlayacağı xəbərini aldıq. Elə yerindəcə xalq nağılının yeni üslubda hazırlanması prosesinə şahidlik etdik. Bu dəfə uşaqlar səhnədə sevimli personajları olan Şüngülümü görməyəcəklər. Tamaşanı Ülviyyə Əliyeva mono şəkildə ifa edəcək. Bir əldə ancaq iki kukla oynatmaq mümkün olduğu üçün istedadlı aktrisa uşaqların qarşısına Şüngülümsüz çıxacaq. Tamaşanın məşq prosesindən sonra aktrisa "Kaspi”nin suallarını cavablandırdı. Bildirdi ki, sənətə gəldiyi bu 19 ildə ilk dəfə səhnədə mono tamaşa ilə çıxış edəcək.
- Ülviyyə xanım, sizi Kukla Teatrının səhnəsində xoş gördük.
- Təşəkkür edirəm. Kukla Teatrının səhnəsi deyəndə, elə bura bizim öz səhnəmizdir. Bu səhnə mənim üçün çox doğma və əzizdir. Çünki bu səhnədə bir neçə dəfə aparıcı kimi çıxışlarım olub. Bu dəfə isə özümü aktrisa kimi sınayacağam.
- Musiqili Teatrın səhnəsindən sonra bu səhnə sizə necə görünür?
- Əslində çox həyəcanlıyam. Bilirsiniz ki, mono tamaşa üzərində məşqlərimiz gedir. Bu həddindən artıq çox məsuliyyətli bir işdir. Baxmayaraq ki 19 ildir teatrda aktrisa kimi fəaliyyət göstərirəm, amma ilk dəfədir ki, kuklalarla birlikdə bir səhnədə çıxış edəcəm. İlk dəfə olaraq həm özümün, həm də kuklaların yerinə oynayacam. Maraqlı olduğu qədər də çətindir.
- Necə oldu ki, Kukla Teatrının səhnəsində məhz belə bir tamaşa hazırlamaq qərarına gəldiniz?
- Tamaşanın ideyası əslində məndən gəldi. Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə yaxınlaşaraq bildirdim ki, belə bir tamaşada rol almaq istəyirəm. Bilirsiniz ki, Kukla Teatrı xeyriyyə tədbirlərində çox iştirak edir. Mütəmadi olaraq mən də bəzən onlarla həmin tədbirlərə gedirəm. Bu tədbirlərdə hər zaman aparıcı kimi çıxış edirdim. İndi isə xeyriyyə tədbirlərində aktrisa kimi çıxış etmək istəyirəm. Görürəm ki, uşaqlar tamaşaya çox maraqla baxır. İstəyirəm ki, bu tamaşa ilə uşaq evlərinə gedək. Müğənni deyiləm ki, mahnı oxuyum, uşaqların könlünə xitab edim. Ona görə də istədim ki, uşaqlarla belə yaxından ünsiyyətdə olum.
- Sizi hər zaman Musiqili Teatrın səhnəsində görmüşük. İndi isə Kukla Teatrında kuklalara can verəcəksiniz. Sizin üçün çətin olmayacaqmı?
- Əslində çətin olacaq. Onu bilirəm ki, etibarlı əllərdəyəm. Rejissorumuz Anar Məmmədov bu sənətin bütün incəliklərini mənə öyrədir. Musiqili Teatrda bir çox uşaq tamaşalarında rol almışam. Uşaqların psixologiyasına çox yaxşı bələdəm. Kukla Teatrında səhnədə tək olacam. Necə deyərlər, mən tək kantrabasda (gülürük). 19 illik sənət həyatımda ilk dəfədir ki, mono tamaşa oynayacam.
- Bu tamaşada həm kuklaları oynadıb, həm də onların səsi ilə çıxış edəcəksiniz. Bu iki böyük məsuliyyətin öhdəsindən necə gələcəksiniz?
- Üçüncü məsuliyyət ondan ibarətdir ki, ilk dəfə olaraq Kukla Teatrının səhnəsinə aktrisa kimi çıxacam (gülürük). Bu günə qədər Kukla Teatrı və teatrın nəzdində fəaliyyət göstərən "Oyuq” teatr studiyası ilə bir çox tədbirlərdə aparıcı kimi çıxış etmişəm. Bu gün "Oyuq” teatr studiyasının uşaqları o qədər peşəkardır ki, artıq onlara aparıcı lazım deyil. Son dövrlər onların keçirdiyi konsertlərə nəzər yetirsəniz, görərsiniz ki, bu konsertlərdə özləri oxuyur, özləri oynayır, özləri də aparıcılıq edirlər. Maşallah olsun, çox peşəkardırlar. Sağ olsun Rəşad müəllim ki, mənə etibar etdi və belə bir tamaşada rol almağıma razılıq verdi. Bu məsələdə Səidə xanıma da təşəkkür düşür. Bu tamaşa vasitəsilə uşaqlar sevdiyi nağılı tamam başqa ampluada görəcəklər. Tamaşaçılar Ülviyyə Əliyevanı görmədiyi şəkildə görəcək. Aktrisanın siması tanınandan sonra, şəxsən özümdən götürürəm, məsuliyyət artır. Aktrisa düşünür ki, tamaşaçı məni bu ampluada sevir. İkinci bir obrazı sevməsə, tamaşaçının gözündən düşə bilərəm. O sevgini qazanmaq çox çətindir. Qazandığın sevgini qoruyub saxlamaq isə daha çox çətindir. Ona görə çox həyəcanlıyam. İlk dəfədir ki, kuklanı əlimə alacağam. Onu da qeyd edim ki, bu kuklalar çox ağır imiş.
- Həm aparıcılıq etmək, həm Musiqili Teatrda biri-birindən maraqlı obrazlar canlandırmaq, bütün bu işlərlə bərabər, Kukla Teatrında belə çətin bir tamaşanın öhdəsindən gəlmək sizin üçün çətin olmaz ki?
- Maşallah deyin (gülürük). Mən zəhmətkeş aktrisayam və işləməyi çox sevirəm. Vaxtımı boş yerə itirməyi xoşlamıram. Haradasa yaradıcılıqla bağlı nəsə yenilik görəndə sevinə-sevinə bu işi görürəm. Bildiyiniz kimi, Space televiziyasında iki verilişin aparıcısıyam. Musiqili Teatrda yeni tamaşada rolum var. İnşallah ki, bu işi də çatdıracağam. Musiqili Teatrla Kukla Teatrının arasındakı məsafə mənim addımlarımla 5 dəqiqəlik yoldur.
- Sadaladıqlarınızın arasında nə film, nə də serialların adlarını eşitdik. Niyə yeni seriallarda sizi görə bilmirik?
- Açığı, son vaxtlar seriallara çəkilmirəm. Yəqin mənə uyğun bir rol yoxdur, ona görə. Əslində özüm də istəmirəm. Çünki artıq rejissorlar mənə öyrəşdiyim rolları təklif edirlər. Ərə getmək istəyən, evdə qalmış qız, kişi axtaran qadın rolları təklifi alıram. İstəyərdim ki, yeni bir rol olsun. İndi Kukla Teatrında yeni bir janrda və indiyə qədər özümü sınamadığım bir ampluada olduğu kimi. Aktyor öz üzərində dayanmadan çalışanda, yeniliklər edəndə püxtələşir.
- Məsələn, necə bir rola çəkilmək istəyərsiniz?
- Onu mən deyə bilmərəm. Bunu rejissorlar deməlidir. O qədər komediyada oynayıram ki... Çox istəyərdim bir dramatik serialda, ya da filmdə xarakterik bir rol alım. Düzdür, bir rejissor söz verib ki, dramatik əsərdə mənə rol verəcək. Hələ ki səsi çıxmır. Mən özüm dram əsərlərində də oynamışam. Çox istərdim ki, özmü yenidən sınayım. Dram əsərində oynayanda, 29 yaşım vardı, indi 36 yaşım var. Görün, aradan nə qədər zaman keçib.
- Bəs, "Əntiqə Rəfiqələr” serialını nə üçün sonlandırdınız?
- Bu serial cəmi 15 seriya çəkilib, 3 ildir Space televiziyasında gedir (gülürük). Hamı da ondan danışır. Hələ mən belə şey görməmişdim. Ona görə çəkilişləri dayandırdıq ki, mənim əsas tərəf müqabilim Tünzalə xanım analıq məzuniyyətinə çıxdı. Bu səbəbdən serialı davam etdirə bilmədik. İndi uşaqla da çatdırmaq olmur. Bilirdik ki, bu serial seviləcək, amma bu qədərini gözləmirdik.
- Son olaraq sizi Səidə Haqverdiyevanın rejissorluğu ilə çəkilən "Ər quyusu” filmində gördük.
- Düzdür, sonuncu dəfə "Ər quyusu” filminə çəkilmişəm. Bu film ARB telekanalında da göstərilib. Kanalda bu film reytinqlərdə birinci oldu.
- Bu filmdə də siz ər axtaran, evdə qalmış qız rolunu canlandırırsınız. Nəyə görə rejissorlar həmişə sizə belə rollar verirlər?
- Onu rejissorlardan soruşmaq lazımdır. Bu filmin həqiqətən çox maraqlı bir tarixçəsi var. Film cəmi 5 günə çəkildi. Səidə xanım elə bir komanda yığmışdı ki, biri orda demədi ki, "biz yorulduq, çəkilişi saxlayaq” və yaxud da başqa bəhanə. Filmin ssenarisi də çox gözəldir. Artıq bir ildir ki, film nümayiş olunub, ancaq hamı ondan danışır. İnsan filmə baxdıqca, baxmaq istəyir. Filmdə sağlam gülüş, Azərbaycan koloriti, milli mentalitet mükəmməl şəkildə göstərilib. "Ər quyusu” filmində şit, bayağı gülüş yoxdur. Film mənim bəzənmə səhnəm ilə başlayır. 90-cı illərdə xanımlarımızın bir bəzənmə metodu var idi. İlk səhnədə onlar yer alır. Bu səhnə mənə çox xoş təsir bağışlayır. Hər kəs o filmə baxanda deyir ki, mən də o vaxtlar bunu etmişəm. Hamımızın yaşadığı, etdiyi şeylərdir. Mən orda ilk dəfə gördüm ki, kipriyi bıçaqla qatlayırlar. Çox da gözəl effekt verirmiş (gülürük).
- Sizin çox gözəl səs imkanlarınız var. Ancaq özünüzü müğənni kimi tanıtmaqdan çəkinirsiniz.
- Müğənni olmaq üçün yaxşı pul lazımdır. Mən aktrisayam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr aktyoru” fakültəsində vokalı bitirmişəm. Bir aktava yarıma qədər səsim var. Müğənnilərin içində ən yaxşı aktrisa, aktrisaların içərisindən ən yaxşı müğənni olum, bu mənim bəsimdir. Aktrisanın peşəsi budur. Aktrisa həm gözəl rəqs etməyi bacarmalıdır, həm danışıq qabiliyyəti, həm də səsi yerində olmalıdır. Aktyor istənilən halda oxumağı bacarmalıdır. Elə tamaşalar ola bilər ki, musiqisiz belə aktrisa oxumağa məcbur ola bilər. Necə ki, "Ər quyusu” filmində mənə muğam oxutdurdular. Səidə xanıma dedim ki, mən vokalistəm, muğam oxuya bilmərəm. Ortalığa keyfiyyətsiz bir şey çıxarmaq istəmirəm. Hətta rica etdim ki, kimsə mənim yerimə gəlib oxusun. Səidə xanım da inad etdi və bildirdi ki, sən bunu oxumalısan. Mən istənilən operanı bir dəfə dinləyib onu ifa edə bilirəm. Ancaq muğamın musiqisi heç cür mənim yadımda qalmır. Nəysə ki, oxumalı oldum. Rəhilə Bərdəliyeva və bir çox xanəndələrimiz bunu oxuyub mənə Whatsapp-la yollayırdılar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər