19-cu əsr Bakının ecazkar görüntüləri Reims şəhərində sərgilənib
Bakının 19-cu əsrdə çəkilmiş
bəzi unikal və bu günə qədər nümayiş olunmamış fotoşəkilləri Fransanın Reims şəhərində
"Musée-Hôtel Le Vergeur” otelində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa
ofisinin təşəbbüsü ilə sərgilənib. Sərgirdə Azərbaycanın Fransadakı səfiri Rəhman
Mustafayev, Gürcüstanın Fransadakı səfiri xanım Ekaterina Siradze-Delaunay və Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini
Paskal Labell də daxil olmaqla 60-a yaxın qonaq iştirak edib.
Qeyd edək ki, fotoşəkillər
səyyah, fotoqraf, xeyriyyəçi və "Musée-Hôtel
Le Vergeur” otelinin keçmiş sakini olmuş Hugues Krafft
(1853–1935) tərəfindən çəkilmişdir. O, 1896 və 1898-ci illərdə Rus çarı II
Nikolayın xeyir-duası ilə Cənubi Qafqaza səyahət etmişdir. Onun Paris Coğrafiya
Cəmiyyətinin qızıl medal və Fransa Akademiyasının Monthyon mükafatını qazanmış
bəzi fotoşəkilləri 1902-ci ildə "Haçette” nəşriyyatı tərəfindən "Rus Türkistanından keçərkən” (Á travers le Turkestan russe) kitabında dərc edilmişdir. Demək lazımdır ki, bu vaxta kimi bəzi fotoşəkillər heç bir yerdə sərgilənməyib.
Hugues Krafft Azərbaycan
da daxil olmaqla Cənubi Qafqazın mindən artıq görüntülərini lentə alıb. Onların
547-si "Musée-Hôtel Le Vergeur” otelinin arxivində
saxlanılır. Bu fotoşəkillər demək olar ki, yoxa çıxmış məkanı və zamanı özündə
təcəssüm etdirir. Bəzilərində insanlar gündəlik həyatda öz fəaliyyətləri ilə məşğul
olarkən, bəzilərində isə onların ilk fotoçəkiliş təcrübəsi olan hadisə üçün
xüsusilə seçilmiş ən yaxşı paltarlarında cilvələnərkən əks olunublar. Ümumilikdə,
Cənubi Qafqazda çəkilmiş şəkillərdən 26-sı 1898-ci ildə Bakıda çəkilmişdir.
Fransada yaşayan gürcü
tarixçisi Ana Çeişvilinin rəhbərliyi altında və TEAS Fransa ofisindən Ülkər
Muller tərəfindən koordinasiya edilən bu maraqlı sərgi həm sosioloji, həm də
etnoqrafik cəhətdən çox dəyərlidir.
Krafft tərəfindən təsis
edilmiş Köhnə Reims Dostları Cəmiyyətinin sədri Jan-Fransua Kornü tədbir
iştirakçıları qarşısında çıxış edərkən deyib: "Krafftın lentə aldığı fotoşəkilləri
füsünkar mənzərə və abidələri, yerli xalqların geyim və mərasimlərini unikal və
əvəzedilməz ifadələrə çevirdi...
Krafft rus imperiyasına səfər
etdikdə Bakı bir əyalət şəhəri idi. Lakin, o, şəhərin türk, fars və rus irsi ilə
dolu olan memarlığına heyran qaldı. Krafft böyük səyyah, tarixçi, yazıçı,
fotoqraf və etnoqraf idi. Əminəm ki, bu sərginin sayəsində iştirakçılar müasir
Bakını ziyarət etmək istəyəcəklər.”
TEAS Fransa ofisinin
direktoru Marie-Laetitia Gourdin: "Fransadakı şəxsi
kolleksiyalarda və arxivlərdə saxlanılan fotoşəkillərə baxarkən, biz Hugues
Krafftın Qafqazdakı səyahətlərinə aid fotoşəkillərin mövcudluğunu aşkar etdik və
əmin olduq ki, onun Bakıda səfərini əks
etdirən fotoşəkilləri dərc edilməmişdir. Bu sərginin nəticəsi olaraq TEAS Press
Nəşriyyatı tərəfindən eyniadlı kataloq dərc edilib.”
Azərbaycanın Fransadaki
səfiri Rəhman Mustafayev sərginin təşkili təşəbbüsünü yüksək qiymətləndirərkən
billdirib ki, bu cür sərgilər bizə Bakının qədim tarixini anlamağa və həmin
dövrdə dünyadakı mövqeyini nəzərə almağa imkan verir. 19-cu əsrdən 20-ci əsrin əvvəllərinə
qədər Rusiya İmperiyasının bir hissəsi olmağına və 1920-ci ildən sonra Sovet
İttifaqının boyunduruğuna düşməsinə baxmayaraq, Bakı özünəməxsusluğunu qoruyub
saxlamışdır.
Gürcüstanın Fransadaki səfiri
xanım Ekaterina Siradze-Delaunay, Fransada Cənubi Qafqaz ölkələrinin mədəniyyəti
və tarixinin təbliğində bu cür layihələrin vacibliyini və simvolik əhəmiyyətə
malik olduğunu vurğulayıb.
Reims şəhər merinin mədəniyyət məsələləri üzrə
müavini Paskal Labell tarixin şahidi və mirasın qeydçisi kimi fotoqrafiyanın əhəmiyyətini
və rolunu vurğulayaraq bu fotoşəkillərin Reims
və Bakı arasında tarixi əlaqələrin göstəricisi
kimi dəyərləndirib.