• cümə, 19 Aprel, 22:12
  • Baku Bakı 24°C

18 yaşdan sonra gəncləri kim maliyyələşdirməlidir: özləri, ya valideynləri? - Polemika

02.07.16 16:35 3631
18 yaşdan sonra gəncləri kim maliyyələşdirməlidir: özləri, ya valideynləri? - Polemika
Hər bir xalqın özünəməxsus adət-ənənəsi, qayda-qanunu var. Bu qaydalar uzun zaman keçsə belə, toxunulmaz olaraq qalır. Bunlardan ən vacib olanlardan biri də valideyn-övlad münasibətləridir. Belə ki, hər bir valideynin özünəməxsus tərbiyə üsulu olsa da, ümumilikdə götürsək, görərik ki, bizdə valideynlərin övlad üzərindən basqısı daha çoxdur. Avropa ölkələrində valideynlər 18 yaşdan sonra övladını müstəqil vətəndaş kimi öz ixtiyarına buraxır. Beləcə, uşaq həyatın çətinliklərini erkən yaşdan öyrənmiş olur. Bizdə isə bu məsələyə yanaşma tərzi bir qədər fərqlidir. Valideynlərimiz üçün fərqi yoxdur, hətta 30 yaşına gəlsək belə, yenə onlar üçün uşaq olaraq qalırıq. Körpə yaşlarımızda olduğumuz kimi, qayğımıza qalır, bütün maddi ehtiyaclarımızı ödəyirlər. Bəs gənclər bu haqda nə fikirləşir? Yetkinlik yaşına çatan şəxsə valideynin maddi dəstək göstərməsi düzgündürmü?
Balans qorunmalıdır…
Günay Pirizadə, aktrisa

Günay deyir ki, bu mövzuda daha çox valideynlər diqqətli olmalıdır: "Əlbəttə ki, gənclərin öz ayaqları üzərində durması üçün bəlli bir yaş həddindən sonra işləyib pul qazanmaları, qazandıqları pulu necə və hara xərcləməyi bilmələri çox vacibdir. Çünki həddən çox valideyn qayğısı ilə böyüyən uşaqlar uşaqlığında ərköyün olduğu kimi, böyüdükdən sonra da bu ərköyünlüklərini davam etdirirlər. Onlar böyüdükdən sonra da hər şeyin əvvəlki qaydada, yəni hazır şəkildə, başqaları tərəfindən olmasını istəyirlər. Bu isə onlarda sonradan bacarıqsızlıq, gücsüzlük formalaşdırır. Həmin gənclər təkbaşına heç bir işin öhdəsindən gələ bilmirlər. Onlar nə pul qazanmağı, nə cəmiyyətdə öz yerlərini tuta bilməyi bacarırlar. Bu, sonradan onların qurduğu ailədə də öz mənfi təsirlərini büruzə verir. Həmin uşaqlar müstəqil şəkildə öz ailələrini dolandırmağı da bacarmır. Hesab edirəm ki, bu kimi mövzularda valideynlər özləri həssaslıq nümayiş etdirməlidirlər”.
Müsahibimiz deyir ki, elə incə məqamlar var ki, valideynlər övladlarını diqqətdə saxlamağı bacarmalıdırlar: "Əlbəttə, bəzi məqamlarda övladı tam özbaşına buraxmaq düzgün deyil. Məsələn, bizim cəmiyyətdə 18 yaşından sonra qızların ailəsindən ayrı yaşaması hamı tərəfindən birmənalı qarşılanmır. Amma bu yaşlarda qızlara valideyn elə münaisbət göstərməlidir ki, o heç özü bunu istəməməlidir. Bununla yanaşı, övlad dərk etməlidir ki, işləməli, cəmiyyətdə özünə yer tutmalı və iş-güc sahibi olmalıdır. Ailə mədəniyyətlərinə gəlincə, Avropa ilə özümüzü müqayisə etməyimiz qətiyyən düzgün deyil. Valideyn övladını nə tam özbaşına buraxmalı, nə də həddən çox qayğı göstərməlidir. Uğurlu gələcəyi naminə bəzən övlada dəstək olmaq olar. Amma hər şeyin həddən artığı ziyandır. Bütün bunları nəzərə alıb balans saxlanarsa, hər şey yaxşı olar”.

Problemin kökünü həll etməliyik…

Pərviz Kərimli, İT mütəxəssisi


Pərviz bu məsələyə bir qədər fərqli aspektdən yanaşır. O deyir ki, uşağı 18 yaşdan sonra öz ixtiyarına buraxmaq o halda düzgün olar ki, buna normal şərait olsun: "Tez-tez özümüzü, adət-ənənələrimizi Avropa ilə müqayisə edirik. Lakin bəzi məqamlara diqqət yetirmək lazımdır. Bizimlə müqayisə etdiyimiz ölkələr, məsələn, ABŞ arasında yerlə göy qədər fərq var. Bizdə də oradakı düşüncə olsaydı, bunu tətbiq etmək olardı. Məsələn, onlarda uşaqlar 18-21 yaşdan sonra valideyn hesabına yaşamağı özlərinə ayıb bilirlər. Bizdə isə valideynlər uşaqlarını özlərindən kənar buraxmaq istəmirlər. Onların fikrincə, övladları cəmiyyətdə baş çıxara bilməyəcək və zərərli vərdişlər qazanacaq. Əslində bu özü də tam olaraq düzgün fikir deyil. Əgər insan 18 yaşına gəlib çatıbsa, deməli, o, öz məsuliyyətlərini dərk etməlidir. Lakin bizdə 18 yaşına çatan şəxslər yenə də uşaq kimi davranırlar. Universitet, geyim, gündəlik xərclərini yenə də evdən almağa davam edirlər. Bizdə belə təzadlı məqamlar olur”.
Həmsöhbətimiz deyir ki, buna təkcə insanların özləri günahkar deyil. Ümumi həyat səviyyəsi də bəzi problemlər yaradır: "Bizdə uşaqların evdən rahatca çıxıb getmələri alınmır. Necə deyərlər, xaricdə gənclər evi tərk edir, iş tapır, şirkət yaradır, karyera sahibi olurlarsa, biz evi tərk edəndə,acından ölürük. Məncə, biz məhz problemin kökünü həll etməliyik. Valideynlərin övladlarını neçə yaşa kimi mailyyələşdirmələri problem deyil. Əslində bu, müəyyən mənada şəxsi məsələdir. Yuxarıdakı iki problem - azadlıq və iş problemləri həll olunarsa, məncə, sözügedən problem də zamanla öz yoluna düşə bilər. Yoxsa sərbəst maliyyə imkanlarına sahib olmağı kim istəməz ki?”

"Valideynlərimiz hər zaman yanımızda olmaya bilər”
Aysel Əlihüseyin, tələbə

Aysel deyir ki, 18 yaşından sonra valideyn uşağa maddi yardım etməməlidir: "Ancaq reallıqla danışsaq, bizim cəmiyyətdə bu, demək olar, mümkünsüzdür. Çünki buradakı gənclərin əksəriyyəti ilə xaricdəkilərin psixologiyasında fərqlər var. Məsələn, burdakı ailələr daha mühafizəkardır və valideynlər övladlarının azad böyüməsinə mane olurlar. Valideyn övladını daima dəstəkləyir, istər mənəvi, istər maddi baxımdan. Övladı haqlı və ya haqsız olsa belə, bütün problemləri valideyn həll edir. Gəncdə də elə təsəvvür yaranır ki, bu, həmişə belə davam edəcək. Yardım olmayanda çıxış yolu tapa bilmir, çətin vəziyyətdə qalır. Bir də işsizlik məsələsi var. Tələbələr özlərinə uyğun iş tapmaqda çətinlik çəkir. Onlar adətən iki seçim qarşısında qalır. Ya ailənin maddi dəstəyi ilə təhsil almaq, ya da oxumayıb birbaşa iş həyatına atılmaq. Beləcə, 18 yaşından sonra da ailənin maddi dəstəyinə ehtiyac yaranır”.
Həmsöhbətimiz deyir ki, insan nə qədər sərbəst olarsa, bir o qədər yaxşıdır: "İnsan 18 yaşdan sonra sərbəst şəkildə özünü dolandırmağı bacarmalıdır. Düzdür, yuxarıda qeyd etdiyim bəzi problemlər var. Amma çalışıb bunların öhdəsindən təkbaşına, valideyn dəstəyi olmadan gəlmək lazmıdr. Əks halda, insan çətinliyin dadını bilməz. Həyat mübarizədir. Valideynlərimiz hər zaman yanımızda olmaya bilər. Odur ki, gənc yaşlarımızdan öz problemlərimizi özümüz çözməliyik”.
Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər