• cümə, 19 Aprel, 11:33
  • Baku Bakı 13°C

18 illik "tilsim"i qıran azərbaycanlı - Portret

05.07.16 11:48 3511
18 illik "tilsim"i qıran azərbaycanlı - Portret
Bayraqdarımız olmağa əsas namizədi tanıyaq -
Planetin ən böyük idman yarışı olan Olimpiadada ölkəsini təmsil etmək hər bir idmançı üçün şərəfdir. Bu turnirdə ölkənin bayrağını qaldırıb, himnini səsləndirməyin fəxrini isə sözlə ifadə etmək mümkün deyil. Əslində, bütün Olimpiadalardan öncə işlənən bir ifadə var - əsas iştirakdır. Çünki hər bir idmançı medal qazanmasa belə, Olimpiadada iştirak etməklə, öz ölkəsinin adını dünya miqyasında tanıdır.
Turnirdən öncə çempionluq
Heç şübhəsiz, hər Olimpiadada idman həvəskarlarının səbirsizliklə gözlədiyi an olimpiya oyunlarının açılış mərasimidir. Dünyada idmanla maraqlanan və maraqlanmayan insanların böyük əksəriyyəti doğma ölkəsinin nümayəndələrinin tribunalar önündən keçəcəyi anı səbirsizliklə gözləyirlər. Burda isə əsas diqqət sıranın önündə gedən bayraqdara yönəlir. Bu şərəfli vəzifə hər idmançıya həvalə edilmir. Olimpiadanın açılış mərasimində bayrağı daşımaq vəzifəsi bir qayda olaraq, həmin ölkənin məşhur, titullu və nümunəvi davranışı ilə sevilən idmançısına həvalə edilir. Olimpiadanın açılışında bayraqdar olmaq, turnir başlamadan çempion olmaq kimidir desək, yəqin ki, yanılmarıq. Axı açılışdan sonra idmançılara öz bayraqlarını dalğalandırmaq yalnız medal qazandıqları zaman nəsib olur...
Bu il Azərbaycan 6-cı dəfə dünyanın ən nəhəng idman yarışı olan Olimpiadada iştirak edəcək. Rio-de-Janeyrodakı Olimpiadada ölkəmiz bu nəhəng yarışda iştirakının 20-ci ilini qeyd edəcək. 20 il öncə ABŞ-ın Atlanta şəhərində təşkil edilən olimpiya oyunlarında ölkəmizin nümayəndə heyəti Azərbaycan bayrağı altında yarışlara qatıldı. İlk bayraqdarımız isə 1992-ci ildə Barselonada baş tutmuş Olimpiadada qızıl medal qazanaraq, ölkəmizin bayrağını dalğalandırıb, himnini səsləndirən cüdoçu Nazim Hüseynov (Nazim Barselona Olimpiadasında MDB adından yarışıb) oldu.
Bayraqdar olmağa əsas namizəd
Rioda isə bu şərəfli vəzifəni London Olimpiadasında ölkəmizə bürünc medal qazandıran boksçumuz Teymur Məmmədov yerinə yetirə bilər. Bu barədə bir müddət öncə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məlumat verdi. Ancaq nazir bu barədə açıqlama verəndə Teymur hələ ki Olimpiadaya lisenziyanı təmin etməmişdi:
"Teymur Məmmədovun Rio-2016-ya lisenziya qazanacağına ümid edirik. Biz çox istərdik ki, Olimpiadada bayraqdarımız Teymur olsun. Amma son qərarı Milli Olimpiya Komitəsinin prezidenti verəcək. Bizim təklifimiz Teymur olacaq".
Artıq 23 yaşlı boksçu paytaxtımızda keçirilən boks üzrə dünya təsnifat turnirini çempion kimi başa vuraraq, olimpiya oyunlarına lisenziyanı qazanıb. Qalır onun olimpiya millimizin bayraqdarı kimi təsdiq olunması.

Potensial bayraqdarın ürəkaçan nəticələri
Əvvəlcə gəlin potensial bayraqdarımızı yaxından tanıyaq. Teymur Məmmədov Füzuli oğlu 1993-cü il, yanvar ayının 11-də Rusiyanın Tomsk şəhərində dünyaya gəlib. Məhz başqa ölkədə doğulması və sarışın olmasına görə bir çoxları onu legioner zənn edir. Ancaq Teymurun atası azərbaycanlı, anası isə qazaxıstanlıdır.
Teymur 13 yaşından boksla məşğul olmağa başlayıb. Onun ilk məşqçisi Nəriman Abdullayev olub. İlk beynəlxalq yarışı 2008-ci ildə baş tutub. O, Bolqarıstanda təşkil edilən yeniyetmələr arasında Avropa çempionatını qızıl medalla başa vurub.
Çox çəkmir ki, Teymur yeniyetmələr arasında olan uğurlarını böyüklərin yarışında da təkrarlayır. Böyüklər arasında mötəbər turnirlərdəki ilk qələbəsini isə 2011-ci ildə Türkiyədə keçirilən Avropa çempionatında əldə edir. Paytaxt Ankarada keçirilən Avropa çempionatında iştirak edən Teymur, turniri qızıl medalla başa vurur. 91 kq çəki dərəcəsində yarışan 19 yaşlı boksçu həlledici döyüşdə bolqar rəqibi Tervel Pulevə qalib gələrək, böyüklər arasında ilk "qızıl"ını qazanır. Teymur bu uğurla 18 illik həsrətə son qoyur. Belə ki, 1993-cü ildə Rövşən Hüseynovun Avropa çempionluğundan sonra ilk dəfə Azərbaycan təmsilçisi boks yarışında fəxri kürsünün birinci pilləsinə qalxdı. 18 illik fasilədən sonra ilk dəfə Azərbaycan himni Avropa çempionatında səsləndirildi.
Teymur elə həmin ildə daha bir uğura imza atdı. Bakıda təşkil edilən boks üzrə dünya çempionatında iştirak edən boksçumuz doğma azarkeşlər önündə finaladək irəliləsə də, burda ukraynalı Aleksandr Usikə uduzaraq, ikinciliklə kifayətləndi. Ancaq vətəndə qazanılan "gümüş" Teymura London Olimpiadasına vəsiqə qazandırdı.

Hakim haqsızlığı və əldən çıxan "gümüş"
Teymurun London Olimpiadasındakı çıxışı da uğurlu olur. Əvvəllər yalnız boksla yaxından maraqlananlar Teymur Məmmədovu tanıyırdısa, Britaniya paytaxtındakı Olimpiadada uğurlu çıxış onu bütün Azərbaycana tanıtdı.
Ancaq bu uğur ona heç də asan başa gəlmədi. Öncə 1/8 finalda avstraliyalı Jay Opetayayla qarşılaşan Teymur bu döyüşdən minimal hesablı qələbəylə ayrılır - 12:11. 1/4 final mərhələsində isə Teymuru daha çətin qarşılaşma gözləyirdi. Belarus Sergey Karneyeuyla döyüş gərgin mübarizə şəraitində keçir. Döyüşdən sonra isə hakimlərin boksçulara verdiyi xala əsasən, qarşılaşmanın 19:19 hesablı bərabərliklə nəticələndiyi məlum olur. Ancaq döyüş ərzində daha fəal olan boksçumuz yarımfinala vəsiqə qazanır.
Yarımfinalda italiyalı Klemente Russoya qarşı döyüşü isə yəqin ki, Teymur heç vaxt unutmayacaq. Bu mərhələyə kimi irəliləyən Teymurun finala vəsiqə qazanaraq ilkə imza atacağı, ən azı gümüş medal əldə edəcəyi, olimpiya oyunlarının boks yarışlarında ən yüksək nəticəmizə sahib olacağına inam böyük idi. Rəqib isə Teymurdan bir xeyli təcrübəli idi. Buna baxmayaraq, təmsilçimiz italiyalı rəqibiylə döyüşdə fəal təsir bağışladı. Xüsusilə 3-cü raundda rəqibi çətin vəziyyətə salan Teymurun qələbə qazanacağına heç kimdə şübhə qalmamışdı. Ancaq hakimlər fərqli fikirdə idi. Belə ki, döyüş başa çatdıqdan sonra hakim Teymurun yox, məhz Russonun əlini havaya qaldırdı. Teymur qatıldığı ilk Olimpiadada "bürünc"lə kifayətlənməli oldu. Finalı arzulayan boksçumuz bu nəticədən hər nə qədər məyus olsa da, onun ilk olimpiadası olduğunu və cəmi 19 yaşının olmasını nəzərə alanda, "bürünc"ü Teymur üçün uğur adlandırmaq olar.
Onu prezident özü şəxsən təltif etdi
Gənc boksçunun London Olimpiadasındakı çıxışına ən böyük qiyməti isə ölkə prezidenti İlham Əliyev verdi. Prezidentin sərəncamına əsasən, Teymur Məmmədov "Tərəqqi" medalı ilə təltif edildi.
Olimpiadada "bürünc"lə kifayətlənən Məmmədov növbəti yarışlardakı nəticələriylə daha artığına layiq olduğunu sübut etdi. 2013-cü ildə Avropa çempionatında gümüş, dünya çempionatında isə bürünc medal qazanan boksçumuz qızıl medal üçün daha 2 il gözləməli oldu.
Ötən il Bakıda təşkil edilən birinci Avropa Oyunlarında Teymur Məmmədov 4 illik "qızıl" həsrətinə son qoydu. O, Bakıdakı yarışda ilk dəfə 81 kq çəki dərəcəsində çıxış etdi. Növbəylə britaniyalı, polşalı, hollandiyalı və rusiyalı rəqiblərini sıradan çıxaran Teymur, finala vəsiqə qazandı. Finalda isə Teymuru italiyalı Valentino Manfredoni gözləyirdi. 3 il öncə başqa italyan boksçuya qarşı döyüşdə haqsızlıqla üzləşən Teymur bu dəfə qalib gəlməyi bacardı. 3:0 hesabıyla qalib gələn Teymur Məmmədov ilk Avropa Oyunlarının qızıl medalına sahib çıxdı. Teymuru ölkə prezidenti İlham Əliyev şəxsən özü mükafatlandırdı.
Ölkə prezidenti gənc boksçunun uğuruna daha bir qiymət verdi. Belə ki, prezident Avropa oyunlarında dərhal sonra Teymur Məmmədovu "Şöhrət" ordeniylə təltif etdi.
Gənc idmançı peşəkar boksda da özünü sınayıb. O, bir müddət "Rabitə" və "Baku Fires"in heyətində peşəkar boksda - WSB liqasında çıxış etdi.
Qarşıdan Rio Olimpiadası gəlir. Və bu Olimpiadada gənc Teymur Məmmədovun olimpiya yığmamızın bayraqdarı olmaq ehtimalı çoxdur. Olimpiadanın açılışında bayraqdar olmaq həm də böyük məsuliyyət tələb edir. Belə ki, həmin idmançı yığmanın kapitanı kimi Olimpiadada öz çıxışıyla da fərqlənməlidir. Bəlkə də məhz bu psixoloji təzyiqin nəticəsində bu günə kimi olimpiya oyunlarında bayraqdarımız olmuş idmançıların demək olar ki, hamısı (Sidney-2000-dəki bayraqdarımız Namiq Abdullayevi çıxmaq şərtilə) zəif çıxışla yadda qalıblar. İndi Məmmədov bu mənfi tendensiyaya son qoymalıdır. O, artıq bir dəfə - 2011-ci ildə boks yığmamızın 18 illik "qızıl" həsrətinə son qoymaqla mənfi seriyalardan birini qırıb. İndi növbədə olimpiya oyunlarıdır.

banner

Oxşar Xəbərlər