• çərşənbə, 24 Aprel, 08:26
  • Baku Bakı 13°C

18 avqust - Milli Şuranın iflas günü

20.08.13 08:25 1330
18 avqust - Milli Şuranın iflas günü
Yaşadığımız zaman, dövr insanlara ən dəyərli, müqabilli qiymət verən faktordur. Xüsusilə ölkəmizin siyasi həyatında, ab-havasında zamanın obyektiv qiymətindən, eləcə də haqlı ittihamlarından kənara çıxmaq olmur. Bu gün Milli Şura adlı qurumun və orada cəmləşən şəxslərin də zaman, cəmiyyət ittihamlarından kənara qaçmaları, rüsvayçılıqlarından yaxa qurtarmaları mümkün görünmür. Çünki ənənəvi müxalifət tarixin arxivinə gömülən İctimai Palatanı dəfn etdikdən sonra iddia olunurdu ki, onların Milli Şura adlı növbəti tamaşası da digər oyunlarından fərqlənməyəcək. Səsləndirdikləri bəyanatlardan, iddia etdikləri “pozitiv” və “perspektivli” planlardan dəm vuranlar bunu avqustun 18-də keçirdikləri mitinqlərində sübut edə bilmədilər.
Avqustun 12-də demək olar ki, baş tutmayan sessiyalarında ümumi rəyə gələ bilmədiklərinə görə (xatırladaq ki, həmin sessiyada beş məsələ gündəliyə çıxarılsa da onların heç biri qəbul olunmamış qalıb və bu biabırçılığı pərdələmək üçün mitinq qərarı verilib) mitinq keçirəcəklərini bəyan edən liderlər bu vədlərini də reallaşdıra bilmədilər. Nəhayət, avqustun 18-də 20-ci sahəyə 20 min adamı çıxaracağına söz verən müxalifət liderləri heç bu rəqəmin kökaltısına belə əməl edə bilməməklə həmin “pozitivliklərinin” və həmin “potensiallarının” nə qədər yarasız olduğunu bir daha təsdiq etmiş oldular. Və əslində bu da başadüşüləndir, çünki insan bir yalanı daha çox danışdıqca artıq özü də bu yalanlara inanmağa başlayır. Mitinqin uzağı min nəfərlik seyrək görüntülərindən tutmuş müxalifətçi funksionerlərin çıxış və şüarlarına qədər hamısı gülməli, istehzadoğurucu idi.
Aksiya iştirakçıları Rüstəm İbrahimbəyovun Rusiyadan göndərdiyi pullar hesabına əvvəlcə 20-ci sahədə kafedə oturub yaxşıca piyvələdilər, sonra da özləri ilə daha bir neçə şüşə pivəni götürərək, getdilər mitinqə. Sonra da hərəsi bir əlində iki bayraq tutaraq, kənardan aksiyanın “izadihamını” göstərməyə çalışdı. Hətta bir müxalifətçinin istehzalı şəkildə “bu ki, bayraq aksiyasına dönüşdü” tipli ifadəsi ətrafdakıların razılaşmış gülüşləri ilə müşahidə olundu.
Maraqlısı da budur ki, müxalifətçilər və onların liderləri hər zaman olduğu kimi, bu dəfə də özlərindən sonra meydanda zibil buraxdılar. Arxalarınca zibil buraxmaları isə onların köhnə şakərləridir. Ənənəvi müxalifət hətta 20 il əvvəl hakimiyyətdən qaçdığı zaman da müxtəlif siyasi zibillər qoyaraq hərəsi bir tərəfə dağılışmışdı. Daha sonra beş-beş, on-on sürücülük məktəbinin həyətinə yürüş elədilər. Meydanda insan sifətində xırda bir xal kimi görəsən müxalifətçiləri mitinqin aparıcı İbrahim İbrahimli də bir tərəfdən biabır elədi.
O, əvvəlcə Tofiq Yaqublunun qızı Nərgizi çıxış üçün təqdim edərkən ona Nigar dedi. Bundan bir neçə dəqiqə əvvəl də Liberal Partiyaya “Liberal-Demokrat” demişdi, ta mitinq başa çatana qədər Əvəz Temirxanın hədələyici baxışları İ. İbrahimlinin üzündən əskik olmadı. Mitinqin “yaxşı” yerində İ. İbrahimli daha bir səhvə yol verib. “Tural Abbaslı həbsdən çıxıb və hamınıza salam deyir.” Bax, məsələ də bundadır ki, öz içlərində baş verənləri belə dərk etməyən qaragüruhçu müxalifət naməyəndələri bu gün aparıcı qüvvə kimi təqdim edilirlər.
Növbə KXCP sədrinə çatanda o, Mirmahmud Mirəlioğlunu da “Mirmahmud Fəttayev” kimi təqdim elədi. M. Mirəlioğlu da etirazsız ötüşmədi, dərhal etirazını bildirdi, hətta tribunada ona acıqlı nəsə pıçıldadı. İ.İbrahimlinin bütün bu səhvləri başa düşüləndir. Ümumiyyətlə, İbrahimlinin simasında müxalifətin, Milli Şuranın vəziyyəti kifayət qədər nümayiş olundu.
Mitinqdə Rüstəm İbrahimbəyovun şəkli əks olunmuş plakatın altında “Hər kəsin haqqı özünə qaytarılacaq” yazılmışdı. VHP funksioneri Samir Əsəd mitinq iştirakçılarına müraciət edərək deyib: “Partiyalarla durun ki, sonra monitorinq aparacağıq”. Mitinq haqqının əvvəlcədən partiyalara verilməməsi və sonraya saxlanması “soğan olsun, nağd olsun” prinsipi ilə işləyən müxalifətin kefinə əməllicə soğan doğrayıb.
Məhz bu səbəbdən də azsaylı müxalifət elektoratının mitinqə olan inamı elə oradaca itdi. Az adam gəldi, Rauf Arifoğlu demişkən, özü də “lap az.” 20 ildir populist fikirlərlə hər kəsi aldada bilməsələr də ancaq hələ də icra başçısı olmaq arzusu ilə yaşayanları aldadıb arxalarınca sürüyə bilirlər.
Tədbirdə mitinqin təşkilat komitəsinin müraciətində əks olunmamış və BŞİH-lə razılaşdırılmamış şüarlar səsləndirib. Bəzi çıxışçılar isə küçə ifadələri işlətməklə “Milli Şura”nın səviyyəsizliyini, orada əxlaqsız, tərbiyəsiz insanların cəmləşdiyini açıq nümayiş etdirdilər. Onlar tərbiyəsiz şüarlarla hüquq-mühafizə orqanlarını təxribata çəkmək, mitinqin baş tutmamasının məsuliyyətini hakimiyyətin üzərinə yıxmağa cəhd göstərdilər.
Hər halda hər şey ortada oldu, Milli Şuranın mitinqi iflasla nəticələndi, yarım saat orda gözləməyən müxalifətçilər asta girdikləri qapıdan qaçaraq çıxdılar. Çünki onlar da öz liderləri kimi biabır olmaq istəmirdilər. Necə deyərlər, siyasi göstəri alınmadı. Milli Şuranın ilk teatr tamaşası anşlaqsız keçdi.
Rövşən
banner

Oxşar Xəbərlər