• cümə, 29 Mart, 12:16
  • Baku Bakı 14°C

16 sentyabr - Beynəlxalq Ozon Qatının Qorunması Günüdür

16.09.18 13:45 631
16 sentyabr - Beynəlxalq Ozon Qatının Qorunması Günüdür
Sentyabrın 16-sı Beynəlxalq Ozon Qatının Qorunması Günüdür.
Bu günün keçirilməsində məqsəd Yer kürəsindəki bütün canlı aləm üçün mühüm əhəmiyyət kəsb edən Ozon qatının təhlükə qarşısında olmasını dünya ictimaiyyətinin nəzərinə çatdırmaq və onun qorunmasına diqqət yönəltməkdir.
Bu gün Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi qətnaməyə əsasən təsis edilib. Planetimizdə bütün canlı həyat ozon qatı ilə qorunur. Yer səthindən 10-16 kilometr hündürlükdə yerləşən Ozon qatı günəşdən yayılan təhlükəli ultrabənövşəyi şüaları filtrasiya edir. 400 milyon ildən artıq mövcud olan bu qat son 100 ildə sənayenin inkişafı ilə əlaqədar külli miqdarda zərərli kimyəvi maddələrin atmosferə buraxılması nəticəsində dağılmaq təhlükəsi ilə üzləşib. Bu ekoloji problemin qarşısının alınması məqsədilə 1985-ci ildə BMT tərəfindən "Ozon qatının qorunmasına dair Vyana Konvensiyası” qəbul edilib. Hazırda 200-ə yaxın ölkə tərəfindən bu Konvensiyanın tələblərinin yerinə yetirilməsi məqsədilə öhdəliklər götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, Azərbaycan "Ozon qatının qorunması haqqında Vyana konvensiyası”na, "Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair Sazişə 1996-cı ildən qoşulub. Ölkəmiz də bu beynəlxalq müqavilələrə qoşulmaqla qlobal ekoloji problem olan ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb. Götürülmüş öhdəlik sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondisionerlərin ODM olmayan daha müasir texnologiyalarla əvəzlənməsindən, yaşıl iqtisadiyyata mərhələli keçidin təmin edilməsindən, ODM-li cihaz və avadanlıqların ölkəyə idxalının ildən-ilə azaldılmasına, son nəticədə isə tamamilə qadağan edilməsinə nail olunmasından ibarətdir.
Tərkibində freon, flüor, xlor, brom, hallonun çoxluq təşkil etdiyi qazlar əsas ozondağıdıcı maddələr hesab olunur və onlardan istifadənin azaldılması Ozon qatının qorunmasında mühüm rol oynayır. Azərbaycanda müxtəlif layihələr çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq azalmağa doğru gedir. Sənaye müəssisələrinin modernizasiyası, texnoloji yeniliklərə əsaslanan müasir soyuducu və kondisionerlərin ölkəyə idxalının artırılması bu məqsədə xidmət edir. Hazırda Azərbaycan həmin Konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır.
banner

Oxşar Xəbərlər