150 cildlik iş

150 cildlik iş

Təfsilat
03 Aprel 2013, 15:04 1568
Milli mədəniyyətlər həm də dünya ədəbiyyatından qidalanaraq zənginləşir. Bu səbəbdən dünya ədəbiyyatından tərcümə edilən əsərlər milli ədəbiyyatımızın zənginləşməsində və mədəniyyətin formalaşmasında mühüm rol oynayır. Bütün bunları nəzərə alaraq prezident İlham Əliyevin 24 avqust 2007-ci il sərəncamına əsasən “150 cildlik dünya ədəbiyyat kitabxanası” çap edilməyə başladı. Bəs görəsən dünya klassiklərinin əsərlərini tərcümə etmək üçün bizim kifayət qədər potensialımız varmı?

Məşhur alman yazıçısı Haynrix Hayne belə bir fikir söyləyib ki, orijinalın hərfini, hətta dəqiq fikrini qrammatikanı öyrənib söz ehtiyatına malik olan hər kəs tərcümə edə bilər. Lakin əsərin ruhunu tərcümə etmək hər adamın işi deyil.

Mükəmməl iş yoxdur

150 cildlik “Dünya Ədəbiyyat Kitabxanası” seriyasını çap edən Bakı Slavyan Universitetinin nəşriyyatının direktoru, şair Salam Sarvan bizimlə söhbətində bildirdi ki, tərcümə edilən əsərlərin keyfiyyəti və əsərin ruhu onu tam qane edir: “Biz nəşriyyat olaraq ədəbiyyat sahəsində Azərbaycanda ilk belə ciddi və genişmiqyaslı layihə həyata keçiririk. Bakı Slavyan Universitetində 150 cildlik ədəbiyyat seriyası işə başlayanda, düzü, mənim özümdə də belə bir tərəddüd var idi ki, bu iş yaxşı alınmayacaq. İşin miqyasına, ciddiliyinə uyğun tərcüməçi-redaktor potensialımızın olmasına işə başlamazdan əvvəl şübhə ilə yanaşdım. Lakin tərcümə prosesində məlum oldu ki, bizim dünya ədəbiyyatı kitabxanasından olan əsərləri keyfiyyətli tərcümə etmək potensialımız var. Mükəmməl heç nə olmadığına görə, bütövlükdə biz də iddia etmirik ki, bu layihə tam qüsursuz başa çatacaq. Ola bilər ki, müəyyən qüsurlar olsun. Ancaq ümumilikdə iş prosesində bizim tərcümə potensialımız məni qane etdi və belə ciddi layihənin öhdəsindən gəlmək zənnimcə, mümkün oldu”. Hər kəsə məlumdur ki, hər bir əsər orijinaldan tərcümə olunarsa daha effektli və keyfiyyətli alınar. Əsərin üçüncü dildən tərcümə olunması onun mahiyyətini saxlasa da, ruhunu oxucuya kifayət qədər çatdıra bilmir.

Əsərlər orijinaldan tərcümə olunur

Nəşriyyat direktorunun sözlərinə görə, klassiklərin əsərləri ana dilimizə əsasən orijinaldan tərcümə olunur: “Biz bu məsələyə xüsusilə diqqət edirik və nəticədə tərcümə edilən əsərlərin 80 faizi dilimizə orijinaldan tərcümə olunur. Yalnız 20 faiz əsərlər üçüncü dildən tərcümə edilərək çap olunur. Belə əsərlər əsasən rus dilindən tərcümə olunur”.

Tərcüməçiliyin özünün bir istedad olduğunu vurğulayan S.Sarvan əsər tərcümə edən tərcüməçinin bədii təxəyyülünün inkişaf etməsinin vacib olduğunu bildirdi: “Mən hesab edirəm ki, hər tərcüməçi bədii əsər tərcümə edə bilməz. Hər hansı bir əsəri tərcümə etmək üçün tərcüməçinin ilk növbədə ruhu olmalıdır. İkincisi də o, tərcümə edəcəyi hər iki dilin bədii qanunlarını və qrammatikasını yüksək səviyyədə bilməlidir. Bəzən olur ki, tərcüməçi əsərin orijinalını da, öz ana dilini də mükəmməl bilir, lakin əsər yaxşı alınmır. Bunun üçün hesab edirəm ki, sadəcə, dil bilməklə əsər tərcümə etmək olmaz”.

Sonda S.Sarvan son vaxtlar dünya ədəbiyyatı silsiləsindən tərcümə olunan əsərlər haqqında məlumat verdi. Onun sözlərinə görə, George Bernars Şounun qeydləri, Con Miltonun, Nəcib Məhfuzun, Fransuaza Saqanın, Oskar Uayldın, Ernest Seton- Tompsonun, Alber Kamyunun, Tomas Vulfun və Stiven Kinqin seçilmiş əsərləri ana dilimizə tərcümə olunub.

Qeyd edək ki, 150 cildlik dünya ədəbiyyatı kitabxanası layihəsinin elmi-yaradıcılıq işləri - kitabların elmi-ədəbi tərtibatı, əsərlərin tərcüməsi, redaktəsi, korrektəsi və digər texniki işlərlə Bakı Slavyan Universiteti, kitabların bədii tərtibatıyla “Tutu” nəşriyyatı, çapı ilə “Şərq-Qərb” nəşriyyatı məşğuldur.

Bu silsiləyə daxil olan kitablar əsasən dörd bölümdə nəşr edilir: 38 yazarı əhatə edən 45 kitab klassik dünya ədəbiyyatından, 40 kitab Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərlərindən, 40 kitab müasir dünya ədəbiyyatından, 25 kitab isə üzrə antologiyalardan ibarət olacaq.

Keyfiyyətli tərcümə əsərləri

“Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bizimlə söhbətində bildirdi ki, tərcümə olunan kitablar arasında yüksək keyfiyyətə malik olanları çoxdur. Keyfiyyətsiz olanlar isə əsasən yeni tərcüməçilik fəaliyyətinə başlayan tərcüməçilərin işləridir: “Biz “Qanun” nəşriyyatı olaraq son illər təqribən 200-dən çox tərcümə kitabı nəşr etmişik və bu kitabların çoxu yüksək tərcüməçilik keyfiyyətinə malik olduğu üçün heç kim irad bildirməz”. Ş.Xuduoğlunun sözlərinə görə, son zamanların ən keyfiyyətli tərcümə əsərləri Tereriya, Dino Buzattinin “Tatar çölü”, Orxan Pamukun «Məsumiyyət muzeyi», E.L.Ceymsin “Buzun əlli çaları”, Haruki Murakaminin “Norveç meşəsi”, Nolika, Dosteyevskidən olan tərcümələr, Jane Autsenin “Qürur və qərəz”, Ekonun “Qızılgülün adı” kitablarıdır.

Xarici müəlliflər daha çox oxunur

Kitaba ən gözəl qiyməti oxucunun verdiyini bildirən Ş.Xuduoğlu Azərbaycanda yerli müəlliflərin kitablarından çox xarici müəlliflərdən olan tərcümələrin daha çox satıldığını bildirdi: “Alınan kitablar da onu göstərir ki, oxucular milli kitablardan çox dünya ədəbiyyatından olan tərcümələri alırlar. Biz artıq iki ildir ki, ən çox satılan 20 kitabın siyahısını veririk və bu 20-likdə yalnız xarici müəlliflərin kitabları çoxluq təşkil edir, nadir hallarda burada yerli müəlliflərin kitablarına rast gəlmək olur. Bu da o deməkdir ki, Azərbaycan oxucusu əsasən xarici müəlliflərin kitablarını oxuyur”. Onun sözlərinə görə, ən çox oxunan xarici müəlliflər Paulo Koelyo, Den Braun, David Nikols, Orxan Pamuk və Elif Şafakdır.

Sonda Ş.Xuduoğlu vurğuladı ki, oxucuların tələbatını ödəmək üçün tərcümədən şikayətlənməkdənsə, tərcümə bolluğu yaratmaq lazımdır: “Biz nəşriyyat olaraq günə bir kitab nəşr edirik. Əhali sayı ilə nisbətdə götürsək, bu, çox az rəqəmdir. Daha çox tərcümələr etmək, bu sahədə mütəxəssislər yetişdirmək lazımdır. Keyfiyyətsiz tərcümələrin qarşısını almaq üçün yaxşı olar ki, dövlətin maliyyə dəstəyi ilə tərcüməçilər hansı dildən tərcümə edirsə, o ölkədə bu sahədə təcrübə keçsin. Zənnimcə, bu zaman tərcüməçilərə və kitablara heç bir irad və tənqid olmayacaq.

Aygün Cəfərli