AZE | RUS | ENG |

“15 yaşımdan maaş almışam” - Keçmişdəki mən

“15 yaşımdan maaş almışam” - Keçmişdəki mən
Elçin Cəfərov: “Qardaşım dedi ki, bütün günü kiminsə uşağı ilə dalaşmaqdansa, idmanla məşğul ol”

Uşaqlığını, gəncliyini doya-doya keçirməyə vaxtı olmadığını deyir. Çünki altmış illik ömrünün əlli ilini idmana həsr edib. Və düşünür ki, zaman sərf etməklə yanaşı, insan işinə və özünə qarşı daim tələbkar və məsuliyyətli olmalıdır, yoxsa çəkdiyi əziyyətin heç bir mənası olmaz. Bu cür yanaşmanın nəticəsi uğurlu olub. Bu dəfə həyat yoluna nəzərə saldığımız şəxs Azərbaycan idmanının inkişafında və tərəqqisində göstərdiyi xidmətə görə "Şöhrət” ordeninə, "Tərəqqi” medalına, prezidentin fərdi təqaüdünə, əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adına layiq görülən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovdur. 
Həmsöhbətim 1959-cu ildə Ağdam rayonun Üçoğlan kəndində anadan olub. Elə uşaqlıq illərini də həmin kənddə keçirib: "Biz ailədə 8 qardaş, 1 bacı olmuşuq. Uşaq vaxtı günümün böyük hissəsi idmanla məşğul olmaqla keçirdi. Əsasən də futbol oynayırdıq. Bir yerdə dayana bilən uşaq deyildim. Valideynlərim də başa düşürdü ki, mənim üçün ən düzgün sahə idmandır. Beləcə, ailəmin razılığı ilə idmana başladım. Böyük qardaşım dedi ki, bütün günü kiminsə uşağı ilə dalaşmaqdansa, idmanla məşğul ol. Beləcə 4-cü sinifdə oxuyanda böyük qardaşım məni Bakıya gətirdi. Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinə yazıldım. Orada yunan-roma güləşi ilə məşğul olurdum”.
 
 
"Ailəm üçün darıxmağa vaxt qalmırdı”
 
Ömrünün 50 ilini idmana həsr edən müsahibimin deyir ki, ilk məşqçisi İsmayıl Çöpçiyev olub: "O, bizi «Dinamo» İdman Cəmiyyətinə məşqlərə apardı. Daha sonra isə məşqçim Fikrət Tahirov oldu. Yəni mənim uşaqlığım idmanla keçib. Uşaq olanda tətil, bayram günlərini belə, qeyd etməyə vaxtımız qalmırdı. Çünki çox vaxt belə günlər yarışlara düşürdü. Demək olar ki, bütün bayramları, ad günlərini ailəmdən uzaq keçirirdim. Təlim-məşq toplantıları, hazırlıqlar vaxtımın çoxunu alırdı. Bunun qarşılığında isə müəyyən uğurlarım və nəticələrim var idi. Valideynlərim mənimlə fəxr edirdi. Uşaqlıq illərim SSRİ dövrünə təsadüf edib. Yarışların çoxu keçmiş SSRİ ölkələrində keçirilirdi. Tez-tez Qazaxıstana, Gürcüstana, Rusiyaya gedirdik. On yaşlı uşağın ailədən ayrı qalması heç də asan deyildi. Amma mən tək də deyildim. Biz idmanla məşğul olduğumuza görə bəlli bir rejimimiz var idi. Səhərlər məşqdən sonra dərsə gedirdik. Dərsdən sonra yenidən məşq edirdik. Yəni mənim uşaqlığım təhsil və idmandan ibarət olub. O qədər də rəngarəng uşaqlıq dövrüm olmayıb. Düzdür, böyük qardaşım, dayım, əmim Bakıda yaşayırdılar, tez-tez görüşürdük. Amma yenə də bu, kifayət etmirdi. Əslində, mənim heç darıxmağa da vaxtım olmurdu”.
 
 
"Zədəyə görə idmanı buraxdım”
 
E.Cəfərov deyir ki, məktəb illərində əlaçı olmasa da, intizamlı şagird olub: "Əlaçı olmasam da, sinif yoldaşlarımdan geri qalmamağa çalışırdım. Bacardığım qədər dərslərə hazırlaşırdım. Oxumağa, öyrənməyə həvəsim var idi. Amma əsas fikrim idmanla bağlı idi. Ona görə də idmana daha çox üstünlük verirdim”.
 
Məktəbi bitirib Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olur, təhsili başa vurandan sonra hər bir gənc kimi hərbi xidmətə yollanır: "Mən Naxçıvanın sərhəd qoşunlarında hərbi xidmət keçmişəm. Hərbidə olduğum vaxtda da mənə idmanla məşğul olmağa şərait yaradırdılar. Tez-tez respublikadaxili və respublikadankənar yığma komandanın üzvü kimi iştirak edirdim. Bu mənada mənə əsgərlikdə çox kömək ediblər. Xidməti başa vurduqdan sonra isə idmançı karyeramı davam etdirdim”.
 
İş elə gətirir ki, əksər idmançılar kimi zədələnir, buna görə də çox erkən yaşda idmanı buraxmalı olur: "Zədəm yüngül deyildi, ona görə 26 yaşımda idmanı buraxmalı oldum. Belə ki, təlim-məşq toplantılarının birində ayağımdan ciddi zədə aldım. Yoxlama zamanı bəlli oldu ki, ayağım sınıb. Həkimlər dedi ki, sən mütləq əməliyyat olunmalısan, amma sonra idmanla məşğul ola bilməzsən. Əməliyyatdan sonra 7-8 ay ümumiyyətlə, məşq edə bilmədim. Bundan sonra isə əvvəlki formanı bərpa etmək demək olar ki, qeyri-mümkün idi. Beləcə, idmançı karyeram istəməsəm də sona çatdı. Bundan sonra "Dinamo” cəmiyyətində məşqçiliyə başladım. Məşqçi olmağımı mənə müəllimim Fikrət Tahirov məsləhət bildi. O dövrdə bizim nə problemimiz olurdusa, Fikrət müəllimlə məsləhətləşirdik. O, hər birimizə düzgün yol göstərirdi. Onun məsləhəti ilə məşqçiliyə başladım. Bir neçə il işlədikdən sonra Olimpiya Ehtiyat Qüvvələri məktəbində bir müddət çalışdım. Uşaq-gənclər idman məktəbinin rəhbəri oldum. Beləcə idmanla məşğul olmasam da, özümü idmanda saxladım”. 
 
Həmsöhbətim deyir ki, gənclik illərində maddiyyatla bağlı sıxıntı çəkməyib: "Əslində, ilk gəlirimi xatırlamıram. Məşqçi kimi işləməyə başlayanda 120 rubl əməkhaqqı alırdım. Amma işləməyə başlamazdan əvvəl idmançı kimi də maaş alırdım. Göstərdiyim nəticəyə uyğun olaraq bizə 80-100 rubl pul verirdilər. Get-gedə maaşım artırdı. Təqribən 15 yaşımdan başlayaraq maaş almışam. Yəni gənclərin əksəriyyəti kimi mənim maddi sıxıntılarım çox olmayıb. Amma ilk gəlirimi nəyə və necə xərcləməyim yadıma gəlmir. Çünki bunun üstündən 40 ildən çox vaxt keçib”.
 
 
"İstədiyimdən artığını qazanmışam”
Müsahibim fikirləşir ki, idmana nə qədər tez başlasan, bir o qədər yaxşıdır: "Çünki bu, həm ümumi fiziki hazırlığa, həm də zehni inkişafa müsbət təsir edir. Düzdür, üzgüçülük və bədii gimnastika daha erkən yaşlarda başlamağı tələb edir. Güləş üzrə normal yaş həddi 10-dur. Həmin yaşda uşaqlar sürətli olaraq inkişaf edir. Həmin ərəfədə idmanla məşğul olmağın onlara çox müsbət təsiri var”.
Müsahibimiz məşqçi kimi fəaliyyətindən də danışdı: "Məşqçi kimi il yarım fəaliyyət göstərdim. Rəhbər olduğum dövrlərdə də bəzi şeylərə özüm nəzarət edirdim. 2001-ci ilin sonlarından isə yunan-roma güləşi üzrə yığma komandanın baş məşqçisi oldum. 2011-ci ilə qədər bu işdə çalışdım. Həmin illər yadımda çox gözəl xatirələrlə qalıb. Hərdən mənə elə gəlir ki, bütün bunların hamısı dünən olub. Geriyə baxanda o illəri çox gözəl anlarla xatırlayıram. Düzdür, baş məşqçi olmaq o qədər də asan deyil. Yığma komandanın baş məşqçisi olmaq isə daha məsuliyyətli və daha ağır işdir. Yığma komandada təmsil olunan idmançıların hər birinin öz dili ilə danışmaq lazımdır. Rəhbərlik etdiyim dövrdə biz çox işlər gördük. Yunan-roma güləşi üzrə ilk dəfə Afinada keçirilən Yay Olimpiya Oyunları üzrə qızıl medalı Fərid Mansurov qazandı. Dünya çempionatında gümüş medal, Pekin Yay Olimpiya Oyunlarında isə iki gümüş medal qazandı. Gördüyümüz iş öz bəhrəsini verirdi. Millinin heyətində dünya və Avropa çempionları yetişirdi. Bu mənada çətin olsa da, uğurlu və şərəfli məşqçilik karyeramın olduğunu deyə bilərəm. Özüm idmançı kimi qazana bilmədiklərimi məşqçi olaraq qazandım. Hətta deyərdim ki, istədiyimdən daha artığını qazandım. Elə adam var ki, yaxşı idmançıdır, amma məşqçilik edə bilmir. Amma elə adam da var ki, yaxşı məşqçidir, amma idmançı kimi karyerası uğursuz olub. Bu mənada özümü ikinci siyahıya aid edirəm”.
 
 
 
"Bütün idmançılar uğur qazana bilmir”
Yaxşı məşqçi olmaq üçün ən böyük kriteriyanın tələbkarlıq olduğunu deyən müsahibim söylədi ki, dəmir kimi nizam-intizamı yaratmaq elə də asan deyil: "Önəmli olan gördüyün işi sevməkdir. Hər bir işin öz çətinliyi var, amma məşqçilik digər işlərdən bir az fərqlənir. Burada sən özünə yox, idmançılarına nəzarət etməlisən. Mən məşqçi olarkən idmançıların dərsə davamiyyəti, gündəlik həyat tərzi ilə maraqlanırdım. Çalışırdım ki, valideynləri  ilə tez-tez görüşüm. Çünki iki saat məşq etməklə yaxşı idmançı olmaq mümkün deyil. Elə idmançılar var ki, məşqdə qazandığını davam etdirə bilmir. Bunu hər kəs başa düşmür. Çətin tələbələrim az olmayıb. Çalışırdım ki, onlara bir neçə şans verim. Bu şansı başa düşməyib, dəyərləndirməyənlərlə isə yolumuzu ayırırdıq. Hərdən elə olur ki, onlarla küçədə, hansısa məclisdə təsadüfən rastlaşırıq. Əksəriyyəti peşman olduqlarını deyir. Amma indi peşman olmağın nə onlara, nə də mənə xeyri var. Mən onlara başa salırdım ki, məsuliyyətsizliyin axırı necə olur. Düzdür, onlar istəyirdi ki, həm yaxşı idmançı olsunlar, həm də öz gəncliklərini yaşasınlar. Amma bunların hamısını bir yerdə etmək mümkün deyil. Həyat elədir ki, insanı nəyisə nələrəsə qurban verməyə məcbur edir. Bu qurbanı verə bilən idmançılar yüksək nəticələr əldə edə bilir. Digərləri isə əli aşından da olur, vəli aşından da”.
 
 
E.Cəfərov deyir ki, idmançıların şəxsi həyatı olmur: "Bu, məndə də belə olub. İşimə görə ailə həyatımı gec – 32 yaşımda qurmuşam. Əslində, bu, bir qədər Allahın qismətidir, yəni hərədə bir cür alınır. Amma bizdə bir qədər klassik ailə modelidir. Yəni əsl azərbaycanlı ailəsiyik. Bir oğlum, bir qızım var. Oğlum da yunan-roma güləşi ilə məşğul olub. Hərdən mən toplantılara gedəndə mənimlə birgə qatılırdı. Beləcə, onun da idmana həvəsi yarandı. Amma təhsilinə görə idmanı davam etdirmədi. Əslində, mənim üçün bir sistem var - tələbkarlıq. Yəni tələbələrimə qarşı necə tələbkaramsa, övladlarıma qarşı da eləyəm. Tələbələrimin çoxu mənim övladlarım kimidir. Övladlarıma da öz tələbələrim kimi yanaşıram. Məncə, bu, elə belə də olmalıdır. Hərdən mənim haqqımda tələbələrim deyirdi ki, siz əsl diktatorsunuz, bizə zülm edirsiniz. Amma məncə, o əzab-əziyyəti keçməyən uğurlu nəticələri də əldə edə bilməzdi”.
 
Sonda həmsöhbətim gənclərə öz tövsiyəsini verdi: "Gənclərə tövsiyə edərdim ki, seçdikləri sənəti sevsinlər. Hansı sahə ilə məşğul olmaqlarına baxmayaraq, öz işlərinə canla-başla xidmət etsinlər. Onlara verilən tapşırıqlara, göstərişlərə əməl etsinlər. Çünki sonrakı peşmançılıq fayda vermir. Valideynlər gənclərə ancaq istiqamət verə bilər. Amma gərək uşağın da öz canında olsun. Gənclərin uğuru valideynlərin fəxridir. Valideyn üçün övladın hər nəticəsi əzizdir. Bunun üçün isə çalışmaq lazımdır”. 
 
Şəbnəm Mehdizadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311